Avropa İttifaqı sülhməramlıların Qarabağdan çıxmasını İSTƏYİR

0
9

“Avropa İttifaqı Ermənistanla Azərbaycanın sülh müqaviləsi imzalamasının, rus sülhməramlıların bölgədən çıxmasının marağındadır”

Modern.az xəbər verir ki, bu sözləri siyasi ekspert, Azərbaycan Yüksəliş Partiyasının rəhbəri Anar Əsədli deyib.

 

Onun sözlərinə görə, Aİ prezidentinin səfərindən öncə Rusiyaya səfər edən, Moskvaya saxta strateji müttəfiqliklə bağlı vədlər verən Nikol Paşinyan NATO, Avropa İttifaqı və Qərbin başqa təsisatları ilə əməkdaşlığı daha da genişləndirir:

“ Ermənistana səfəri zamanı Avropa İttifaqı Komissiyası Şurasının Prezidenti Şarl Mişel Ermənistana 2,6 milyard avroluq yardım paketinin ayrılacağını təsdiqləyib. Bu o deməkdir ki, Avropa İttifaqı Ermənistana “Marşall” planını tətbiq edir və faktiki olaraq Ermənistanı ələ alır. Bununla da Paşinyan Rusiya üçün arzuolunmaz ssenarinin reallaşdırılmasına yardım edir. Nəzərə almaq lazımdır ki, Şarl Mişel fransalıdır, Fransa Prezidenti Emmanuel Makronla eyni ideoloji platformadan çıxış edən siyasətçidir”.

 

Anar Əsədli bildirib ki, Şarl Mişel iyulun 17-də İrəvandakı çıxışında Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmaqla Makronla eyni düşüncəni paylaşdığını gizlətmədi:

 “Halbuki iyulun 8-də Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Bakıya səfərinin yekunlarından bəhs edərkən, Azərbaycanla tərəfdaşlıq əlaqələrinə yeni təkan verildiyini bildirdi.

Bildiyimiz kimi, Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü 2009-cu ilin may ayında Praqada keçilən seminarda Polşa və İsveç tərəfindən irəli sürülüb. ŞT təşəbbüsü Avropa Qonşuluq Siyasəti çərçivəsində “şərq tərəfdaşları” kimi istinad edilən Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanın Aİ ölkələri ilə mövcud əməkdaşlığının  çoxtərəfli formatda davam etdirilməsini ehtiva edir. “Şərq tərəfdaşlığı” proqramı yaxın illərdə assosiativ saziş imzalanmasını və bu ölkələrin Avropa İttifaqına inteqrasiyası meyillərini dəstəkləməyi təklif edir. ŞT çərçivəsində dərin və hərtərəfli azad ticarət sahəsində yeni əməkdaşlıq sazişləri, Aİ-nin maliyyələşdirdiyi proqramlar, vizasız səyahət, Aİ-nin əmək bazarına giriş, Aİ qanunvericiliyinə və standartlarına uyğunlaşma, insanlar arasında əlaqələr sahələrində əməkdaşlıq nəzərdə tutulur.

Lakin bu prioritetlərin pərdəarxası nüansları da var”.

 

Həm ABŞ, həm Aİ 2-ci Qarabağ müharibəsindən sonra regionda yeni geosiyasi reallığın yarandığını anlayır: 

“Ona görə də yeni reallıqdan faydalanmağa çalışır. Yəni Qərb öz mövqeyini regionda gücləndirməyin yollarını axtarır.

Bölgədə maraqları toqquşan bir neçə aktor var: Çin, Rusiya, Aİ, ABŞ, Türkiyə və İran. Aİ-nin Şərq tərəfdaşlığı məsələsində maraqları daha çox Türkiyə ilə üst-üstə düşür. Hər ikisi həm Ukrayna, həm Moldova, həm Belarus, həm Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq etməyə çalışır.

Ermənistan hələ ki, ipə-sapa yatmasa da, tez bir zamanda bu əməkdaşlığın onlara böyük avantaj təmin edəcəyini anlayacaq.

 Aİ-ın məqsədi Cənubi Qafqazda möhkəmlənməkdir. Qonşuluq siyasətində əsas problem Ermənistandır.  Ermənistan özünə siyasi güvən qazandıra bilməyib, üstəlik, inkişaf perspektivlərinin də zəif olması bu ölkəyə marağın digərlərinə görə daha az olmasına səbəb olub.

 

Ancaq istənilən halda bölgəyə nəzarət baxımından Ermənistanın əldə saxlanılması əhəmiyyətlidir. Təsadüfi deyil ki, Avropa İttifaqının Şərq tərəfdaşlığı üzrə Ermənistana ayırdığı irihəcmli maliyyə vəsaiti birbaşa bu ölkənin Rusiyanın təsir dairəsindən çıxmasına hesablanıb. Qərbin kadrı olan Paşinyanın yenidən hakimiyyətə gəlməsindən sonrakı planlar Rusiya şirkətlərinin bölgədən çıxarılması, borcların minimuma endirilməsi və Rusiyanın nüfuzunu tamamilə azaltmaqdan ibarətdir.

Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşı olmaqla, hazırda Aİ-nin neft tələbatının 5%-ni ödəyir. həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır. Bəzən Rusiyanın Aİ-ni qaz təminatıyla bağlı təhdid etməsi faktorunu da nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan da daxil olmaqla Xəzəryanı ölkələrin karbohidrogen yataqlarının işlənməsi Aİ Şərq Tərəfdaşlığının əsas prioritetləri sırasındadır. Məhz bu səbəbdən Azərbaycan etibarlı enerji təminatçısı sayılır.

Gürcüstana gəldikdə, burada Rusiyanın dayaqları mövcud olmasa da, ərazisinin Rusiya tərəfindən faktiki işğal edilməsi ölkənin ərazi bütövlüyünün təmin edilməsi və nəticədə Qara dənizdə özlərinin hərbi dəniz qüvvələrini yaratmasını labüd edir. Bu məqsədlər uğrunda həm Aİ, həm ABŞ mübarizə aparır. Çünki özlərinə güclü rəqib hesab etdikləri Çin Cənubi Qafqaz regionuna daxil olarsa, Mərkəzi Asiyada olduğu kimi, burada da külli miqdarda maliyyə yatırımları edərək, dövlətləri borclandırıb, özündən aslı vəziyyətə salacaq. Azərbaycan üçün bu ehtimal təbii ki, zəifdi. Çünki Azərbaycan artıq öz infrasrtukturunu müəyyən qədər qurub, dəmiryolu xətlərini inşa edib. Neft-qaz satışını icra edir. Bu minvalla Çinin təsir imkanlarının güclü ola biləcəyi ölkələr Gürcüstan və Ermənistandır.

 

Şərq tərəfdaşlığı proqramının əhatə etdiyi dövlətlərdən biri Moldovada Dnestryanı bölgəsindən Rusiya qüvvələrinin çıxarılması, Ukraynanın şərqinin rus separatçılardan təmizlənməsi, Belarusda Lukaşenkonun Rusiyameyilli diktatura rejiminin ləğv edilməsi və Qərbin  dəstəklədiyi müxalifətin əsas fiquru olan Tixanovskayanın hakimiyyətə gətirilməsi, Rusiya hərbi bazasının buradan çıxarılması hədəflər sırasındadır.

Bütün hədəflər göstərir ki, Aİ-nin Şərq tərəfdaşlığı proqramı həm də ABŞ-ın maraqları ilə uzlaşdırılıb.  Həm Azərbaycana, həm Ermənistana olan maraq kontekstində isə hesab edirəm ki, Aİ Qarabağ məsələsinin də tam həll olunmasında maraqlıdı.

 

Şarl Mişelin bölgəyə səfəri – həm Paşinyanla, həm İlham Əliyevlə görüşdə səsləndirilən bəyanatlar da bu qurumun regionda stabillik tərəfdarı olduğunu göstərir. Aİ marağındadır ki, Ermənistan və Azərbaycan arasında sərhədlər açılsın, kommunikasiya əlaqələri bərpa edilsin, sülh müqaviləsi imzalansın və rus sülhməramlılarının bölgədə varlığına ehtiyac qalmasın. Bütün bu hədəflər Azərbaycanın xeyrinə olsa da, Şarl Mişelin İrəvanda səsləndirdiyi Qarabağın statusu ifadəsi heç bir şəkildə maraqlarımıza uyğun deyil və suverenliyimizə birbaşa təhdiddir.

 

Ona görə də,  tərəflər arasında sülh və inteqrasiya meyillərinin yaranması istənilirsə, mütləq şəkildə Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, suverenliyinə təhdid olacaq heç bir bəyanat səsləndirilməməlidir.

Əks halda, münaqişənin birdəfəlik həlli üçün Azərbaycan ordusu hərb yolunu işə sala bilər”.

 

 

Aysel Məhərrəm,

modern.az

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code