Azərbaycanda qadın zorakılığı niyə artıb… – Deputat səbəblərdən DANIŞIR

0
29

Son günlər Azərbaycanda ailədaxili münaqişələrin və məişət zorakılığı hallarının artması müşahidə olunur. Və bu hallardan daha çox qadınlar, qızlar əziyyət çəkir.

Milli Məclisin üzvü Tamam Cəfərova da açıqlamasında Azərbaycanda ailə-məişət zəminində baş verən cinayətlərin sayında sürətli artım baş verdiyini təsdiqləyibr. Onun sözlərinə görə, xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması daha çox narahatlıq doğurur.


Deputat bildirib ki, demək olar ki, hər həftə mətbuatda öz həyat yoldaşını öldürən kişilər haqqında xəbərlərlə rastlaşırıq:


“Demək olar ki, hər gün KİV-də ailədaxili münaqişələr, yaxud məişət zorakılığı ilə bağlı qətl  hadisələri, intiharlar barədə həyəcan doğuran məlumatlar yayılır. Ailə-məişət zorakılığı ilə bağlı məlumatlar diqqət çəkən kriminal xəbərlərin əksəriyyətini təşkil edir. Əlbəttə ki bu, cəmiyyətimizdə  haqlı narahatlıq yaradır.

Bununla yanaşı, kişilərin qadınlar tərəfindən öldürülməsi halları da artır. Və bütün bunların  məişət zəminində baş verməsi o deməkdir ki, ailələrdə ciddi problemlər var. Əgər ailədaxili problemlər vaxtında həll olunsaydı, bu şiddət, qətl, yaxud intihar səviyyəsinə çatmazdı. Ümumiyyətlə, ailə-məişət zəminində qətl və ya intihar hadisələri hər zaman olub. Sadəcə, indiki dövrdə bu hadisələr mətbuatda və sosial şəbəkələrdə daha çox işıqlandırılır və insanlar bu barədə daha çox məlumatlandırılır”.


T.Cəfərova vurğulayıb ki, pandemiya dövründə məişət zorakılığı dünyada 30% artıb:

“Pandemiya dövründə yaranmış iqtisadi-sosial çətinliklər cəmiyyətdə bir çox problemlərin baş qaldırmasına səbəb olub. Bunlardan ən önəmlisi odur ki, karantin şəraitində  insanlar arasında sosiallaşma səviyyəsi olduca aşağıdır. Təəssüf ki, insanların üzləşdiyi psixoloji gərginlik bəzi hallarda zorakılıq hallarının artmasına gətirib çıxarır. Belə ki, karantin elan ediləndən dünyada, eləcə də Avropa ölkələrində zorakılıq hallarının 30% artdığı müəyyən edilib. Təəssüf ki, bu məsələ ilə əlaqədar Azərbaycanda rəsmi statistika olmadığından real vəziyyəti qiymətləndirmək çətindir. Ailədaxili zorakılığın artmasına həmçinin özündə zorakılığı əks etdirən filmlərin göstərilməsi, sosial şəbəkələrdə və mətbuatda zorakılıq hadisələri, o cümlədəm qətl, intiharla bağlı tam təfərrüatı ilə məlumat verilməsi də öz təsirini göstərir. Və nəticədə qətli törədənlər filmlərdəki kimi öz əməllərini “namus məsələsi” adlandırmaqla, özlərinə haqq qazandırmağa çalışırlar”.



Deputat qeyd edib ki, ölkəmizdə qadınlara qarşı zorakılıqla mübarizə sahəsində beynəlxalq standartlara cavab verən qanunverici baza yaradılmışdır.


“Lakin, bu, məişət zorakılığının qarşısını almağa kifayət etmir. Zorakılıqla mübarizə təkcə dövlət qurumları tərəfindən deyil, bütün cəmiyyət tərəfindən aparılmalıdır”.


Ailələrə kömək məqsədilə sosial iş aparılmasının vacibliyini vurğulayan Tamam Cəfərova qeyd edib ki, bu sahədə mərkəzlər fəaliyyət göstərir, icra hakimiyyətlərində müvafiq komissiyalar yaradılıb.


“Lakin mahiyyət etibarı ilə nəsə dəyişməyib. Problemli ailələrdə davamlı olaraq monitorinqlər aparılmır, qabaqlayıcı tədbirlər zəifdir. Hadisələr təkrarlanır, qətllər bir qədər də qəddarlaşır. Təəssüf ki, qadın qətlləri artıq cəmiyyətimizdə dəhşətli hadisə kimi deyil, gündəlik qarşılaşdığımız adi informasiyaya çevrilir. Bu gün gündəmdə olan hadisələrin qarşısını almaq üçün ən yaxşı vasitə sosial iş institunun daha da genişləndirilməsidir. Təəssüf ki, bələdiyyələr də bu məsələlərdə aktiv deyil”.


Deputatın fikrincə, qətl hadisələrinin artmasının səbəblərindən biri zorakılıqdan şikayət edən qadınlara qarşı mənfi ictimai qınağın olmasıdır:


“Yəni, zorakılığa məruz qalan qadın hüquq-mühafizə orqanlarına müraciət etmək istədikdə çox ciddi qınaqla qarşılaşır. Təəssüf ki, bu gün Azərbaycan cəmiyyətində zorakılığa məruz qalan tərəf şikayət edəndə qınanıldığı halda, zorakılıq edən, şiddət törədən tərəf qınanılmır. Və bəzi hallarda hüquq-mühafizə orqanları da bu məsələlərdə yetərincə həssaslıq göstərmir. Yaxşı olardı ki, belə hallarda qadınların müraciətinə qadın polislər baxsın. Bunun üçün qadın polislərin sayının artması çox vacibdir.

Zorakılığa qarşı  maarifləndirmə işlərinin aparılması lazımdır. Qızların öz hüquqlarını daha yaxşı bilmələri, zorakılıqla mübarizədə özlərini daha düzgün müdafiə etmələri üçün ilk növbədə qızların təhsil almaları, hər hansı sənət əldə etmələri çox vacibdir. Bu, həm də qadınların gələcəkdə iqtisadi müstəqilliklərini təmin edir. Maarifləndirmə işində müvafiq dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları da fəaliyyətlərini daha da gücləndirməlidirlər və maarifləndirmə işi ümümmilli səviyyədə aparılmalı, cəmiyyətin bütün təbəqələrini, xüsusilə risk qruplarını əhatə etməlidir”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code