Xalq artisti qazi ilə reklam tutanları “topa tutdu”: Utanmırsınız?!”

0
11
Xalq artisti  Flora Kərimova  müğənnilərə irad bildirib. O, deyib ki bəzi ifaçılar qazilərin, şəhid ailələrinin xoş günlərinə təmənnasız gedib, onu reklam edirlər.
Sənətkarın açıqlamasına Nüşabə Musayevadan cavab gecikməyib. Son zamanlar qazi toylarına təmənnasız gedən ifaçı İnstaqram prifilində bunları yazıb:
“Flora xanım deyirsiniz ki, utanmırsınız? Nədən və niyə utanım? Bunun reklam olduğunu düşünürsünüzsə, fikrinizə hörmətlə yanaşıram. Lakin pismi reklamdır? Siz də zamanında  bu işləri görüb təbliğ etsəydiniz, indi bütün ifaçılar mənə qoşulardı”.
 
Medonline.az  xəbər verir ki, F.Kərimova N.Musayevanın sözlərinə münasibət bildirib:
 
“Nüşabə xanım, salam, tanış olmağıma məmnunam. Nə İnstaqramda izləyicinizəm, nə də sizinlə şəxsi tanışlığım olub. Sayğınıza görə, çox sağ olun.
Sadaladığınız şəxslərə( Aparıcı Zümrüd Bədəlova və prodüser Tarix Əliyevi nəzərdə tutur,-red) acığınız varsa, mənim buna nə aidiyyatım?! Ünvanladığınız suala cavab verirəm. Etiraflarınıza  bənzər, nəticə çıxarmayan insanlara çox illər öncə iradımı bildirdim. Təəssüf ki, indiki halda təkrarlanan əməllərə görə, kimdəsə nöqsan tutmağa nə səbrim, nə zamanım var. “Qazi ilə reklam” məsələsinə gəlincə… Sizə ünvanlamadığım irada niyə sahiblənirsiniz?  Sizi düşünsəydim, nömrənizi tapıb zəng edərdim. Əmin olun ki, adınızı efirdə hallandırmaqdan belə çəkinməzdim. Ümid edirəm, fikrimi yetərincə aydın çatdırdım. Ümumiyyətlə,  fikirlərimdə özünüzü görərək nəticə çıxardır və səhvinizi düzəltməyə cəhd edirsinizsə, bu artıq qazancınızdır”.
 
Sənətkar həmçinin onun haqlı olmadığını düşünən bloqer Elçin Lənbəranskidən də söz açıb:
 
“Yaşımın ikidə birini hələ yaşamamısız. Bu çağımda belə etdiyim səhvə görə özümdən iki dəfə kiçik birisindən üzr istəyəcək qədər təkəbbürdən uzağam. Yetər ki haqlı olsun. Qazi toyuna getmək, təmənnasız  iştirak etmək alqışa layiq əməldir. Amma borclu olduğu halda bunu minnətə çevirib öz kiçik mənafeyinə uyğun qazilərə  qaxınc etmək, millətə özünü yaxşı sırımaq xatirinə gündəmə çevirmək insanın cılızlığı, mədəniyyətinin əskikliyidir. Bunu başa düşməyəcək qədər sizi düşüncəsiz hesab etmirəm. Lakin bu şəraitdə sizin xətrinizə nə dəydi və məni “düzgün demir” deyərək nədə günahlandırdığınızı anlamadım. Mövzuya olan iradımdan başqa bir problemə keçid edərək özünüzü daha da haqlı göstərməyiniz haqsızlığınızın sübutudur. “Sənin məmləkətin” deyə xitab etdiyiniz məmləkətdə tək mən yaşamıram. Mövqeyim heç bir zaman  dəyişmədi! Hətta düşmənlərim tərəfindən başıma qaxınc ediləndə belə yaşadığım mühitin qəddarlığına baş əymədim! Haqlı olduğum yolu çoxunun getdiyi cığırlara dəyişmədim. Vaxtın dəbinə qurban vermədim! İndi düşünün haqqınız varmı mənə bir söz deməyə? Amma mənə sənətkar olduğuma görə, deyə bilmədiyiniz  bir sözünüz, sualınız olsa, nömrəm sizdə var. Zənginizi açmasam, bağ evimin də yerini tanıyırsınız. Təkrar qonağım olarsız, “nə var burada?!” dediyinizdə nə olduğunu sizə xırdalayaram”.
 
F.Kərimova sonda ona irad bildirənlərdən də danışıb:
 
“İllər öncə 11 min şəhidi, 50 min qazisi, 4000-dən çox itkini olan məğlub bir ölkənin xalq artisti idim. Təəssüf ki, bu faciəni indi çoxları unudub. Mənim isə yaddaşım hələ də qan ağlayır. Nə “Xocalı”nı unutmuşam, nə də əsirlikdə olan qız-gəlinlərimizi. İndi isə qalib bir dövlətin sənətkarıyam. Sizdən fərqim ondadır ki, o yaranı 27 il ürəyimdə daşımışam. Bu gün əməllərimə görə sizdən daha çox qürrələnməyə haqqım çatır. Bununla belə şadlana bilmirəm. O illərdə populizmdən uzaq nə indiki kimi şəhidlər dəfn olunurdu, nə də qazilər yada düşürdü. Qazi qazidir, fərqi varmı ya indi, ya 25 il öncə? Bu illər ərzində bir qazi, bir şəhid övladı deyə bilməz ki, Floranı  məclisə çağırdım, gəlmədi. O zaman nə İnstaqram var idi, nə alternativ vasitələr. Efir qadağası 25 il davam edən biri idim. Bunudamı unutdunuz?  Məndə o “əzmkarlıq” yox idi ki, bu əməllərimi dilə gətirim, gündəm edim. Çox şükür edirəm ki, yaradan həmin xisləti mənə rəva bilmədi. “Sən niyə toylara getmirsən?” sualını ünvanlayanlar, məndən nəsə tələb edənin ən azı yaşımın yarısı qədər yaşı olub, yaşadığımın yüzdə birini yaşamalı və bu torpaq üçün etdiyimin birini edən olmalıdır. Səksən yaşımda hər nəfəs alanda tanrının lütfü ilə nə vaxtsa, tapşırılacağım torpağımda yaşadığım hər saniyəmə şükür edirəm. Ən zalımınız qanı qanımdan, canı canımdan olan vətəndaşımdır. Sizi daha xoşbəxt görmək ümidilə tanrıya ismarlayıram”.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code