​TƏBİB rəsmisi: Bu qədər iş gördüm, təşəkkür belə edən olmadı

0
23

Pandemiya başlayan dövrdən etibarən bu müharibənin ən ön cəbhəsində savaşmışam. İlk günlərdə infeksion işçi qrupunun üzvləri və TƏBİB sədri ilə birlikdə gecə-gündüz çalışaraq Protokolu tərtib etmişik. Protokolda virusla mübarizə üçün yol xəritəsini ölkəmizə uyğun şəkildə yazmışıq.

Medonline.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. O, xalqın maarifləndirilməsi üçün gördüyü işləri xatırladıb:

“Bəzi cahil insanların əsassız komentlərinə baxmayaraq, doğru bildiyimiz işi yarıda buraxmadıq. Yadımdadır, 2020-ci ilin mart ayında ilk dəfə Yeni Klinika açılan zaman sadəcə boş otaqlardan ibarət xəstəxana var idi. Nə bir həkim heyəti, nə də oturuşmuş bir sistem var idi. O zaman COVID-lə mübarizə təcrübəsi də yox idi. Belə bir zamanda o xəstəxanaya həkim kollektivi cəlb etmək və onları təlimatlandırmaq lazım idi. Bacardıq. 100-dən çox həkimlə çiyin-çiyinə təcrübələrimi bölüşərək, usanmadan, hər çətin anlarında arxasında duraraq bir həkim kimi yetişmələrinə köməklik etdim. Minlərlə insan bu kollektivin hesabına xəstəlikdən qurtuldu”.

Düz 1 il əvvəl Respublikanın Əməkdar artisti Bəhram Bağırzadə terapevtik klinikada ağırlaşdığına görə, Gömrük hospitalına köçürdülər. Azərbaycanda ilk dəfə COVID xəstəsi EKMO cihazına qoşuldu. O zaman TƏBİB-dən xəstənin infeksion kontrolunu mənim nəzarət etməyimi istədilər. Heç kimin inanmadığını xəstəxana kollektivi ilə birlikdə reallaşdırdıq. 

“Remdesivir” və “Actemra” ölkəyə gətirildikdən sonra Bakıda və regionlarda bu dərmanı heç eşitməyib, istifadə qaydalarını bilməyən həkimlərə nəzarəti kim etdi bəs? Bəli, mən etdim”. 

Pandemiya ilə mübarizə çərçivəsində “COVID”in stasionarda müalicə prinsiplərini “Zoom” vasitəsilə paytaxtda və regionlarda COVID-lə işləyən həkimlərlə bölüşdük. Əslində, saymaqla bitməz”.

Həkim-infeksionist bütün səylərinə baxmayaraq səhiyyə qurumlarının diqqətindən kənarda qaldığını bildirib:

“Bu qədər içimdəkiləri paylaşmama “səbəb nədir” deyə soruşsanız cavabını deyirəm –  diqqətsizlik. Bir ildən çox bu qədər işi görən bir həkim kimi Azərbaycanda bütün səhiyyə qurumlarının diqqətindən kənar qalmaq, quru təşəkkür belə almamaq. TƏBİB, İcbari Tiibi Sığorta, Səhiyyə Nazirliyi pandemiya dönəmində keçdiyimiz tibb bayramlarında bütün bu görülən işlərə baxmayaraq, bir dəfə də olsun təşəkkür belə etmədi.

Mənim kimi çox həkimlər var. Layiq olmadığı halda orden və medal alan həkimlərimiz də az olmadı. Bunun səbəbi çoxdur – diqqətsizlik, hörmətsizlik, dəyər verməmək və ya iş bilməzlik. Səbəb nə olursa olsun, nəticə heç bir halda dəyişmir. Nə maddi, nə mənəvi bir qarşılıq gördük. Amma hər bir halda adi bir təşəkkür edərək öz həkimlərinə dəyər verməklə onları motivə etmək belə bir zamanda çox önəmli idi. Əslində çox asan görülsə də, bunu bacarmadılar”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code