​Mirşahin Ağayevin Dövlətin Ali qanunlarına ZƏRBƏ VURAN FƏALİYYƏTİ

0
19

Hamımızın tanıdığı Mirşahin Ağayev mediada mövqeyinə, fikrlərinə görə ən çox tənqid olunan, cəmiyyət tərəfindən qınanan jurnalistlərdən biri, hətta birincisidir.

Amma onu tənqid edənlər belə peşəkar olduğunu etiraf edir. Vaxtı ilə ANS TV-də hazırladığı reportajlar, müsahibələr, verilişlər yəqin ki, hər birimizin yadındadır. Qısacası, onun jurnalist olaraq gördüyü işlər həmkarlarından fərqləndirirdi – səlist nitq, qulağı yormayan səs, kəskin suallar, operativlik və s. Hazırda mediada olanların bir çoxu zamanında (mən daxil) onu heyranlıqla izləyib, onun kimi jurnalist olmaq xəyalları qurub…

Bəs hər kəsin sevimlisi, bir çoxlarının məktəbi, müəllimi olan Mirşahin Ağayev necə birdən-birə insanların, izləyicilərinin – bir sözlə, sevənlərinin nifrətini qazandı?

Qayıdaq bir neçə il əvvələ – ANS TV-nin bağlanmasına. ANS-in bağlanma səbəbini demək olar ki, hamı bilir və buna görə də bu haqda uzun-uzadı danışmağa ehtiyac yoxdur. Təbii ki, sevimli kanalın bağlanması o zaman bizi çox üzmüşdü. Hətta ümidlə ANS-in açılacağını və yenidən Mirşahin Ağayevi efirlərdə görəcəyimizi gözləyirdik…
Bir neçə ilə sonra gözləntimizin yarısı reallaşdı – ANS açılmasa da, Mirşahin Ağayev “REAL” adlı televiziya açaraq efirə qayıtdı.
Onu sevənlər darıxdıqları Mirşahin Ağayevi görmək üçün “REAL”ı izləməyə başladı.

Amma zamanla efirə qayıdanın xatirələrində sevə-sevə qoruyub saxladıqları Mirşahin Ağayev olmadığını gördülər – sima eyni qalsa da, bu Mirşahin, o Mirşahin deyildi. Çünki o, artıq xalqın, vətəndaşın yox, hakimiyyətin, məmurların “səs”i olmuşdu. Halbuki hakimiyyətin ona nə o vaxtı ehtiyacı var idi, nə də indi…

Təkcə biz yox, həmçinin bütün dünya gördü ki, ölkə başçısı İlham Əliyev nəinki Azərbaycanın ən peşəkar jurnalstlərindən, hətta dünyanın nüfuzlu media orqanlarından daha çox biliyə sahibdir. Bunun sübutu olaraq 44 günlük Vətən müharibəsində İlham Əliyevin xarici jurnalistlərə müsahibələri zamanı Azərbaycanın haqq səsini ustalıqla dünyaya çatmırmasını göstərmək olar…

İndi siz deyin, bütövlükdə ölkənin təbliğatını aparma gücünə sahib olan bir Prezidentin cəmiyyətdə heç bir nüfuzu qalmayan Mirşahin Ağayevə və ya onun tərifinə ehtiyacı varmı?
Əminliklə deyə bilərəm ki, yox! Çünki M. Ağayevin hakimiyyəti, İlham Əliyev iqtidarını tərifləməsi cəmiyyətdə qıcıq yaradır. Bunu görmək üçün xüsusi bacarığa ehtiyac yoxdur – hörmətli Ağayevlə bağlı sosial şəbəkələrdə yazılanlara, ictimaiyyət arasında danışılanlara baxsaq, kifayətdir.

Əslində onun “fəaliyyətini” izləyəndə açıq şəkildə görünür ki, o, hazırkı iqtidarın imicinə məqsədli şəkildə zərbə vurur.
Amma o, təkcə iqtidarın imicinə ləkə gətirməklə dayanır? Yox!

Təəssüflə qeyd etmək istəyirəm ki, Mirşahin Ağayev artıq dövlətin Ali qanunlarını da öz “Real”ında heçə sayır…
Necə?
Keçək əsas məsələyə:

Bir neçə gün əvvəl Şəmkir rayonunda karantin qaydalarını pozan Tural Zeynalov adlı vətəndaş polis tərəfindən saxlanılıb. Dünən isə T. Zeynalovun saxlanılarkən Daxili İşlər Nazirliyinin əməkdaşlarına müqavimət göstərərək, əl-qol hərəkətləri atdığı ilə bağlı görüntülər yayılıb.
REAL TV də həmin hadisə ilə bağlı “8 qat antikarantin “çempionu” başlığı ilə süjet yayımlayıb.
Bu başlığı görüb, bir vətəndaş olaraq məyus oldum. Axı, qanun pozsa belə hər bir şəxsin ailəsi, qohumları, doğmaları var. Misal üçün, həmin vətəndaşın oğlu o sözü görəndə nə hiss keçirib? Necə utandığını təsəvvür edə bilirsiniz? Sabah məhlədə, məktəbdə “Real”ın atası haqqında hazırladığı sujetinə verdiyi “ad”la bağlı zarafat etsələr, o uşağın keçirəcəyi hisləri, aldığı sarsıntını düşünün… Mən düşündüm və gecə səhərə qədər yatmayıb, düşündüklərimi yazdım…
Əgər bu yazını Mirşahin Ağayev oxuyacaqsa, ona bir vətəndaş olaraq sual verirəm: Hansı haqla vətəndaşı təhqir edib, ələ salırsınız?

Hər bir vətəndaş cinayət törədə, qanun poza bilər. Bu, dünyanın hər yerində baş verir. Bundan kimsə sığortalanmayıb. Amma ən qatı cinayətkarların belə hüquqları var və media daxil, heç kimin şəxsin şərəf-ləyaqətini alçaltmağa ixtiyarı yoxdur.
Əgər vətəndaş qanun pozub və ya hər hansı cinayət törədibsə, hüquq və ləyaqəti qorunmaqla Dövlətin Ali qanunları ilə cəzalandırılır. Qanun pozan, cinayət törədən vətəndaşı əla-salmaq cəza vasitəsi olsaydı, o zaman Dövlət niyə bu qədər cinayət məcəlləsi təyin edirdi?
Həmçinin, ələ-salmaq cəza üsulu olsaydı, qanun pozan, cinayət törədən vətəndaşı Dövlət cəmiyətin, medianın qarşısına çıxarardı – hüququn, qanunun olmadığı dövrlərdə olduğu kimi daş-qalaq edilərdilər…
Amma indi 21-ci əsrdir, hörmətli Mirşahin müəllim… Və biz hüquqi dövlətdə yaşayırıq. Dövlətimizin ən ağır cinayət hadisəsində belə vətəndaşını düşünən, onun ləyaqətini, hüquqlarını qoruyan Ali və Ədalətli qanunları var.
Təbii ki, hörmətli Mirşahin Ağayev bu qanunları bilməmiş deyil. Çünki öz adını verdiyi “Mirşahin Vaxtı” verilişində onunla eyni düşüncədə, mövqeydə olmayanları “vətən xaini” çıxararaq, onlara dövlət və dövlətçilik, qayda-qanun dərsi keçir… Amma öz dediklərinə, özü əməl etmir – qalxan etdiyi Dövlətin qanunlarını heçə sayır!

Maraqlıdır, bu cəsarəti kimdən alır? Təbii ki, heç nə sirr qalmadığı kimi bunun da gec-tez üstü açılacaq.

Lakin Mirşahin Ağayev və onun düşüncəsində olanlar bilsin ki, bu dövlət, bu vətən ən qatı cinayətkarından tutmuş, beşikdəki körpəyə qədər hər kəsindir. Bir insan Dövlətinə, Millətinə xəyanət etmədiyi halda bu ölkənin əziz vətəndaşıdır və heç kimin onu təhqir edib, ələ-salmağa haqqı yoxdur.
Yuxarıda qeyd etdiyim kimi – hər hansı şəxslə bağlı ortada cinayət faktı varsa, Dövlət lazımı səviyyədə cəzasın verəcəkdir!

Sonda qeyd etmək istəyirəm ki, adı real, özü reallıqdan uzaq olan Mirşahin Ağayevin televiziyasında gedən bu başlıq medianın adına, fəaliyyət prinsiplərinə ziddir (ləkədir). Ümid edirik ki, MTRŞ vətəndaşa qarşı etdiyi bu hörmətsizliyə görə adıçəkilən televizya ilə bağlı lazımı tədbir görəcəkdir.

Mahir Xəttab

Sözügedən başlıq:

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code