İlhan Aşkın:- Bizim xaricdə olan potensialımız ermənilərdən heç də zəif deyil

0
178

İlhan bəy, ilk olaraq sizi medonline.az saytının Redaksiya Şurasının üzvləri və əməkdaşları adından salamlayıram. Qismətinə Vətəndən  uzaqda yaşamaq yazılmasına baxmayaraq, ürəyi hər zaman  Azərbaycanla döyünən, 1965- ci ildə  Iğdırda anadan olan İlhan Aşkını yaxından  tanımaq və  yolunun  Hollandiyaya necə düşdüyünün  hekayəsini bizimlə və oxucularımızla  bölüşməyini istəyərdik.

Mən də öz növbəmdə Sizə məndən müsahibə almaq üçün dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm, medonline.az saytının bütün kollektivinə işlərində uğurlar arzu edirəm.

 Hollandiyada yaşamağıma gəlincə isə 1987-ci ildə ailə birləşməsi yolu ilə Haaqa şəhərinə köçməli oldum. Həyat yoldaşım isə hələ 4 yaşında olarkən ailəsiylə birlikdə Hollandiyaya köçmüşdü və orada yaşayırdı. Beləliklə o zamankı bir çox gənclər kimi mənim də qürbət həyatım başlamış oldu. Bəlkə də bunu qismət və yaxud da talenin hökmü kimi də qiymətləndirmək olar.

  • Hazırda Hollandiyada ən böyük Azərbaycan diaspor təşkilatı olan Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbərisiniz və Azərbaycanla bağlı aktiv işlər görürsünüz. Çıxışlarınızın birində qeyd edirsiniz ki –“Gəlin,  gələcəyə yatırım bizim birliyimiz olsun!” Bəs  Avropada yaşayan soydaşlarımızdan  lazımi  maddi və mənəvi birliyi görürsünüzmü? Xahiş edirik, Azərbaycan diasporunun fəaliyyətindən və uğurlarından danışasınız.

Diaspora fəaliyyətinə başlamağımız heç də asan olmadı. Mən o zaman Hollandiyaya gələrkən işlər hələ pərakəndə formada idi. Bu işlə məşğul olan dostlarımız kiçik qruplar halında müxtəlif türk dərnəklərinin tərkibində fəaliyyət göstərirdi. Bu qrupları birləşdirmək üçün əvvəlcə öz evlərimizdə toplaşmağa başladıq. Hər dəfə birimiz ailə üzvlərimizi bir neçə saatlığa başqa qohumların və ya  dostların evinə göndərirdik. Özümüz isə toplanaraq təşkilatçılıq işləri ilə məşğul olur, gələcək planlarımızı həyata keçirməyin yollarını axtarırdıq. Dərnək üçün binanın olmaması, maliyyə çətinlikləri bizə işlərimizdə çox mane olurdu. Hətta düşünün ki, başlanğıcda dostlarımızın bəziləri şəxsi həyatında ailələri ilə bağlı çox problemlər yaşadılar. Amma düşünürəm ki, hər bir insan görmək istədiyi işdə qətiyyətli olarsa, o işə canı, qanı ilə bağlı olarsa bütün çətinliklərin öhdəsindən gələrək sonda istəyinə nail olur və bu mənada biz də başarılı olmağı bacardıq.

Sizin sualınızın mənim dediyim sözlərlə bağlı hissəsinə gəlincə isə onu deyə bilərəm ki, atalarımız demişkən tək əldən səs çıxmaz. Diaspora fəaliyyətinin birinci şərti, mən deyərdim ki, açarı təşkilatlanmağı bacarmaq, lazım gələndə bir yumruq kimi birləşib bir nöqtəyə vurmağı bacarmaqdır. Hər bir insanın  təbii ki, müxtəlif dünya görüşü, siyasi baxışları, şəxsi maraqları vardır. Amma  məsələ Azərbaycan  məsələsi olarsa onların hamısı ikinci, üçüncü dərəcəli olmalıdır.

Soydaşlarımızın bizə maddi və mənəvi dəstəyə gəlincə, dediyim kimi insanlar müxtəlifdir. Bu işlərə bir az soyuq yanaşanlar da var, yardımçı olmaga çalışanlar da. Biz isə dərnək olaraq heç bir fərq qoymadan hər zaman imkanımız daxilində  bütün insanlarımızın, soydaşlarımızın yanında olmağa çalışırıq.

  • Hörmətli İlhan bəy, bilirik ki,  Hollandiyada Avropanın parıltısına aldanıb  nəticədə məhbus  həyatı yaşayanlar çoxdur.  Niderland nə qədər arzular  şəhəri olsa da,   çox vaxt qaçqın düşərgələrində  saxlanılan insanları görəndə , sözün əsl mənasında  “arzuların puç olduğu şəhər” də deyə bilərik bura. Avropaya, əsasən də  Niderlanda yeni həyat  arxasınca gələn insanların əksər hallarda bu düşüncələri məyusluqla nəticələnir. Anlaşıldığı üzrə soruşmaq istəyirəm ki,  Hollandiya kimi başqa millətlərdən olan insanların qəbul edilməsi və  yaşanılması  çətin olan  bir ölkədə  bir mərkəz qurmaq, diaspor fəalı kimi  aktiv  fəaliyyətdə olmaq, Xocalı soyqırımı həqiqətlərini qəbul etdirmək, Azərbaycanın  haqq səsini duyurmağa çalışmaq, hansı ki, erməni lobbiçiliyinin aktiv və  geniş vüsət aldığı bir ölkədə nə kimi  çətinliklər yaradır Sizin  üçün?

Qeyd etdiyiniz problem çox böyük problemdir. Amma qısaca olaraq fikrimi ifadə etməyə calışacağam. “Aldadılmış”insanlar probleminə,  buraya yaşamaq istəyi ilə gələn bütün  digər millətlərin nümayəndələri arasında da rast gəlinir, yəni ümumi bir problemdir. İnsanlarımızın bir hissəsi xaricdə yaşamaq qərarı alarkən gedəcəyi ölkə və oradakı qanun-qayda haqda az məlumatlı olur. Bu işi müxtəlif səbəblərdən gizli saxlamağa çalışdıqları üçün və onlara maddi vəsait müqabilində yardım etməyə çalışan yalnış insanların yalnış məsləhətləri sonda böyük xəyal qırıqlığına gətirib çıxarır. Belə çətin duruma düşən insanlar bəzən bizə də müraciət edirlər. Düzünü deyim ki, imkanlarımız məhdud olduğu üçün onların bütün problemlərini həll etmək iqtidarında deyilik. Ancaq onu deyə bilərəm ki, bizə müraciət edənlərin demək olar ki, hamısına az ya çox yardım etmişik və edəcəyik, bunu da özümüzə bir vətəndaş olaraq borc bilirik. Bəzən insanların bizdən gözləntiləri bizim imkanlarımızdan daha çox olur, bəlkə də ürəyində inciklik yarananı da olur. Təbii ki,insanlara istərdik daha çox kömək etmək imkanımız olsun, çox təəssüf ki, məsələni həmişə istədiyimiz kimi həll edə bilmirik. İnsanların daha yaxşı gələcək və yaşayış üçün xarici ölkədə yaşamaq istəyinə normal baxıram. Amma bu seçim kor təbii yox, düşünülmüş, ölçülüb-biçilmiş bir addım olmalıdır. Belə bir addım atmaq istəyən insanlarımıza onu demək istərdim ki, məlumat üçün təsadüfi insanların dediklərinə yox rəsmi mənbələrə müraciət etsinlər, ölkəni tərk etməkdən qabaq bütün lazım olan sənədləşmə işlərini həll etdikdən sonra belə bir addım atsınlar.

  Xocalı soyqırımı məsələsi dərnəyimizin fəaliyyətində həmişə gündəmdə olan məsələlərdəndir və gələcəkdə də belə olacaq. Bu soyqırım təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsidir.Çalışırıq ki, bu soyqırımın Hollandiyanın rəsmi dairələri tərəfindən qəbul edilməsinə nail olaq. Burada məqsəd soyqırımı törədən canilərin beynəlxalq məhkəmə qarşısında cavab vermələrinə və gələcəkdə belə faciələrin dünyanın heç bir yerində təkrarlanmaması üçün beynəlxalq miqyasda lazım olan bütün tədbirlərin görülməsinə nail olmaqdır. Bu baxımdan düşünürəm ki, Hollandiya Azərbaycan parlamentlərarası dostluq qrupunun fəliyyətini gücləndirmək, idman, mədəniyyət sahəsində, həmçinin ictimai təşkilatlar və müxtəlif dövlət qurumları səviyyəsində əlaqələri gücləndirmək çox faydalı olardı.

 

  • 2014 -cü ildə çıxışınızda qeyd etdiyiniz – “Qarabağ ermənilərə məzar olacaq!” İfadəsi Hollandiyada haqqınızda məhkəmə açılmasına səbəb olmuşdur. İllər sonra II Vətən müharibəsində  bu  ifadənizin  həqiqət olduğunu həm bizlər, həm də haqqınızda məhkəməyə şikayət  edən erməni lobbisi gördü. Bir daha öz dilinizdən dinləmək istəyərdik. Haqqınızda məhkəmə açılmasına səbəb olan  bu ifadəni, çıxışınız zamanı, o zamanlar milli kimliyin verdiyi həssas (yoğun) duyğularlamı söylədiniz, yoxsa,  illərdir siyasi dinamikanı izləyən biri olaraqmı öncədən görürdünüz bunları?

 

Bu sualınıza ətraflı cavab vermək üçün istərdim bir tarixi məqamı qeyd edəm. Bizim ulu babalarımız, nənələrimiz İrəvan xanlığı ərazısındə yaşamışlar. 1828- ci il Türkmənçay müqaviləsindən sonra oralarada yaşayan insanlarımızın əsil faciəsi başlayir. Ermənilər rusların köməyi ilə kəndləri, obaları yandırmağa, insanları öldürməyə başlayır. Çox insanlarımız öz yurdundan yuvasından didərgin düşür, başqa-başqa  yerlərə köçmək məcburiyyətində qalır. Hələ uşaq olarkən ermənilərin törətdikləri vəhşiliklər haqda, azərbaycan türklərinə verdikləri ağlagəlməz işgəncələr haqda babalarımızdan, nənələrimizdən çox eşitmişəm. Mənim doğulub- böyüdüyüm Kacerdoğmanşalı köyündə ermənilər 1906- cı ildə məscidi yandırırlar və  yalnız 45 ildən sonra o məscidi bərpa etmək mümkün olur. 1920- ci ildə Türkiyə ilə Sovetlər birliyi arasında sərhədlər çəkilərkən ailəmizin sağ qalanların bir hissəsi sərhəddin bir tərəfində, o biri hissəsi isə o biri tərəfində qaldıq. Parçalanmış ailə 1991- ci ilə qədər bir – birinin həsrəti ilə yaşayır.

Belə taleni təkcə bizim ailə yox , on minlərcə ailələr yaşamışdır. Bizlər bu acılı tarixi heç vaxt unutmadıq və unuta da bilmərik. Ötən əsrin əvvəlindəki Qarabağ hadisələri bütün Azərbaycan kimi bizi də sarsıtdı. Haaqa şəhərində dərnəyimizin yaranmasına da bu hadisələr çox təkan verdi və 1991- ci ilin qanlı 20  yanvar hadisələri dərnəyimizin rəsmi fəaliyyətinin  başlanğıc tarixi oldu.Əcdadları belə bir keçmiş yaşamış olan bizlərin Qarabağ hadisələrindən emosiyasız danışması mümkün deyil. Mən 2014- cü ildə o sözləri söyləyərkən təbii ki, çıxışımda emosiya da vardı. Başqa tərəfdən  əgər ermənilər torpaqlarımızdan çıxmasa müharibənin qaçılmaz olacağını da istisna etmirdim. Biz hər zaman sülhün, barışın, xalqlar, dövlətlər arasında dostluğun tərəfdarıyıq. Amma hər bir müstəqil dövlət kimi Azərbaycanın da öz ərazi bütövlüyünü qorumaq və təmin etmək hüququ var. Hadisələrin gedişi də bizim haqlı olduğumuzu göstərdi.Azərbaycan dövləti tam beynəlxalq hüquq və qanunlar çərçivəsində hərəkət edərək ərazi bütövlüyünü təmin edir. Mübarizəmiz də torpaqlarımızın tam azad olmasına qədər davam edəcəkdir. Əvvəllər Qarabağda yaşamış ermənilərin Azərbaycan vətəndaşı kimi qalıb yaşamalarına isə heç bir etirazımız yoxdur.

  • Son olaraq soruşmaq istərdim ki, II Vətən müharibəsində əsgərlərimizin qanı bahasına  qazandığımız parlaq  qələbəmizdən sonra Türkiyə – Azərbaycan Mədəniyyət  Dərnəyi  başçısı  və Hollandiyada yaşayan diaspora fəalı olaraq illərdir  Xocalı soyqırımı haqqında həqiqətləri, Azərbaycanın haqq səsini duyurmağa çalışan  biri olaraq demək olar ki, arzu və istəklərinizə çatdınız. Bəs indi necə,  bu sahədə  hələ də  fəaliyyətinizi davam etdirməyi düşünürsünüzmü? Düşünürsünüzsə, gələcək  fəaliyyət istiqamətlərinizdə nələr olacaqdır?  Bunları bilmək istəyərdik.

2- ci Qarabağ müharibəsində Azərbaycan əsgəri şanlı tarix yazdı, erməni işğalçılarına öz layiqli yerini göstərdi. Sübut etdik ki, ermənilərin “Böyük ermənistan” xəyalı elə xəyal olaraq da qalacaq. Amma müharibə bitsə də mübarizəmiz bitmədi, davam edir və davam edəcəkdir. Planlarımız, arzularımız çoxdur. Burada yaşayan insanlarımızın holland cəmiyyətinə inteqrasiyası, dil probleminin həlli, sosial problemlərdən tutmuş, Xocalı soyqırımının tanınması, Azərbaycanın haqq səsinin daha yüksək tribunalardan səsləndirilməsi, diaspora əlaqələrimizin gücləndirilməsi , daha geniş insan kütləsinin bu işlərə cəlb olunmasına qədər hər sahədə fəaliyyətimizi gücləndirməyi planlaşdırırıq. Bəzən deyirlər erməni diasporası çox güclüdür. Bu sözdə müəyyən qədər həqiqət olsada həm də çox şişirdilmiş bir sözdür. Xarici ölkələrdəki bəzi siyasi və dini dairələrin istəkləri  ermənilərin istəkləri ilə üst-üstə düşdüyü zaman onlar ermənilərin tərəfini saxlamaqla  onlardan öz məqsədləri üçün çox məharəhlə istifadə edirlər. Bu da onların diaspora fəaliyyətinin gücü kimi qələmə verilir. Bizim xaricdə olan potensialımız ermənilərdən heç də zəif deyil. Hollandiyanın ictimai, siyasi, iqtisadi həyatının demək olar ki, hər bir sahəsində çalışan insanlarımız var. Əgər bir olsaq, düzgün təşkilatlandırma aparsaq, ölkənin həyatına daha yaxşı inteqrasiya olsaq, mövcud potensialdan düzgün istifadə etsək həm hollan dövlətinə daha faydalı olarıq, həm də diaspora olaraq ermənilərdən qat-qat güclü olmağı bacararıq.

  • Sonda İlhan bəy,  gərgin iş qrafikinizdə  bizimlə müsahibəyə  zaman ayırdığınız üçün təşəkkürümü bildirirəm.

 Minnətdaram. Mənimlə müsahibəyə zaman ayırdığınız üçün bir daha mən də Sizə öz təşəkkürümü bildirirəm.

Fürsətdən istifadə edərək Qarabağ müharibəsi şəhidlərinə allah rəhmət eləsin deyirəm, qazilərimizin hamısına can sağlığı arzulayıram.

Onu da deyim ki, hazırda Qarabağ əlillərinə yardım kampaniyasına başlamışıq və kampaniyamız müvəffəqiyyətlə davam edir. Belə ki, bu ilin oktyabr ayının sonuna qədər təxminən 90-100 müharibə əlilini pulsuz elektrikli araba ilə təmin etməyi planlaşdırırıq. Şəhid ailələrinə və qazilərimizə həmişə qayğı göstərmək hər bizimizin insanlıq və vətəndaşlıq borcudur.

 

Hazırladı:  Şamil Sabiroğlu,

                  Günel İbrahimli

                   medonline.az

                   07.06.2021

     

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code