Ağdam şəhərinin infrastrukturu tamamilə bərpa olunacaq

0
36

Bütün dünya ictimaiyyətinə məlumdur ki, Dağlıq Qarabağ münaqişənin həllində sülh və diplomatik üsullara sadiq qalan Azərbaycan ona qarşı 30 il ərzində tətbiq olunan ikili standartlar siyasəti ilə qarşılaşırdı. Azərbaycan münaqişənin sülh və diplomatik üsullarla həll olunması üçün bütün lazımi addımları atmışdır. Azərbaycan çalışırdı ki, münaqişəni sülh yolu ilə həll etsin. Ölkəmizin vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır. Rəsmi İrəvan 30 ilə yaxın bir müddət ərzində yalnız təxribatlarla məşğul olub. Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Bütün danışıqlar dövrü – 2003-cü ildən son hadisələrə qədər Azərbaycan xalqı bütün proseslərin şahidi olub. Azərbaycanın mövqeyi bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki biz aqressoruq, sanki biz işğalçıyıq. Ona görə də biz hər zaman deyirdik ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi.

         Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir. Baş plan əsasında işğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaq. Ağdam şəhərinin Baş Planı təsdiq ediləcək və onun əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır. Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olacaq və onların təklifləri də nəzərə alınacaqdır. Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin təməli qoyuldu. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq – 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq.

       Azad etdiyimiz bütün ərazilərdə erməni vandalizminin izləri qalıb. Ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü.

       Böyük Qələbə sayəsində bütün dünya ölkəmizin gücünə şahidlik etdi. Uğurlarımızın əsasında güclü dövlət və müstəqil siyasət dayanır. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü və müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Artıq bütün dünya Azərbaycanın gücünü gördü. 44 günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı. Azərbaycan güclü bir dövlət olaraq, müharibə dövründə də özünü məsuliyyətli ölkə kimi apardı. Biz müharibə dövründə də özümüzü ləyaqətlə aparmışıq və müharibənin bütün qaydalarına riayət etmişik. Məhz buna görə Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı mübarizə aparmışıq, müharibə aparmışıq. Dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq. Ermənilərdən fərqli olaraq, soyqırımı törətməmişik və digər hərbi cinayətlər törətməmişik.  Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Bizim müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz faşizm əleyhinə müharibədir. Ermənistan məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə Ağdam deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, ermənilərin aqibətinə bənzər olacaq. Rəsmi İrəvanın işğalçı siyasəti Ermənistanın “dalan” dövlətinə çevrilməsinin əsas səbəbidir. 30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi – əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar – indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir.

         Azərbaycan Ordusunun tətbiq etdiyi hərbi strategiyalar sayəsində qələbəmiz daha inamlı oldu. Azərbaycan Ordusu hücuma Ağdamdan başlasa idi böyük səhv olardı. Burada ermənilər çox mürəkkəb istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz böyük yanlışlıq olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Müharibə dövründə birinci Cəbrayıl rayonu işğaldan azad olunmuşdur. Ondan sonra Füzuli, ondan sonra Hadrut, ondan sonra Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı. 10 noyabrda Ermənistan kapitulyasiya aktını imzaladı. Özü də nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, Paşinyan hansı formada imzaladı. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi. İndi hər kəs bunu belə qəbul edir. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir. 44 günlük müharibə şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan.

         Bütün təxribatlara bundan sonra da tərəfimizdən adekvat cavab veriləcəkdir. Əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Əgər xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə olarsa, dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı da.

         Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamını möhtərəm Prezidentimiz cənab İlham Əliyev şanlı ordumuzun 44 günlük Zəfər yürüşü sayəsində işğal altında olan Qarabağda və ətraf ərazilərdə Azərbaycanın tarixi qələbəsini təmin etməklə həyata keçirdi. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində nizami ordumuz tərəfindən faşist və terrorist Ermənistanın demək olar ki, əksər cinayətkar silahlı quldur dəstələri darmadağın oldu, düşmənin texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun rəşadəti, xalq-iqtidar birliyi məğlubedilməz erməni mifini darmadağın edərək Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. Ağır məğlubiyyətə uğrayan Ermənistan rəzil və miskincəsinə təslim oldu, 10 noyabr bəyanatına imza atmaqla, öz məğlubiyyətini etiraf etdi.

         Ölkəmizin hər yerində olduğu kimi, təmsil olunduğum bölgədə də müzəffər Ordumuzun şanlı qələbəsi və azad olunmuş tarixi torpağlarımızda üçrəngli müqəddəs bayrağımızın dalğalanması böyük sevinc hissi ilə qarşılanır, qeyd olunur, hər evdə, hər ailədə bayram əhval-ruhiyyəsi hökm sürür. İnsanların sevinci hədsiz-hüdudsuzdur.  Ali Baş Komandanın “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, “Şuşasız Azərbaycan, Azərbaycansız Şuşa yoxdur”, “Əgər erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpaqlarından” və digər tarixi ifadələri dillər əzbərinə çevrilərək xalqımızın dilindən düşmür.

         Əminliklə bildirirəm ki, Müzəffər Ordumuz tərəfindən döyüş meydanlarında reallaşdırılan bu əzəmətli Qələbədən, xalq-iqtidar birliyindən, gənc nəslin vətənpərvərliyə köklənmiş ruh yüksəkliyi və könüllü səfərbərlik əzmindən, şəhidlərimizin və qazilərimizin valideynlərinin məğrur və vüqarlı davranışlarından yüz illər boyu böyük coşqu ilə bəhs ediləcək, qəhrəman əsgərlərimizin fədakar döyüş əzminə neçə-neçə dastanlar, musiqi əsərləri yazılaraq, gələcək nəsillərə çatdırılacaqdır!!!…

        Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!…

 

 

 

 

 

                                                                                                                                                       Hörmətlə, Müşfiq Əliyev

 

                                                                                                                                         Azərbaycan Respublikası

                                                                                              Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,

                                                                           Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi

                                                                      Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi.

 

                                                                                           BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code