Aqil Məmmədov: II Vətən savaşının tarixi qələbəmizlə başa çatmasında “Xocalı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin də böyük zəhməti olub!

0
436

– Dəyərli Aqil həkim, xoş gördük. Siz, əslən Xocalı rayonunun Kosalar kəndindənsiz. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü  haqda kifayət qədər məlumatlısız. Bu barədə nələri qeyd edə bilərsiniz?

-Mən, Məmmədov Aqil Kamran oğlu 1973-cü il aprel ayının 10-da  Xocalı rayonunun Kosalar kəndində anadan olmuşam. 1980-ci ildə Kosalar kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşam. 1990-cı ildə tam orta məktəbi  bitirərək , Azərbaycan Tibb Universitetinin Stomotologiya fakültəsinə daxil olmuşam. Tələbəlik illəri I Qarabağ Müharibəsinin başlandığı vaxtlara düşdü.  Mən, könüllü olaraq I Qarabağ müharibəsində iştirak etmişəm. 1988-ci il fevral ayının 14-də Xankəndi, o zamanlar Stepanakert adlanan şəhərdə ermənilər  “Ermənistana birləşək!” devizi altında fasiləsiz mitinq və küçə yürüşlərinə başladılar. O gündən etibarən, Qarabağda ermənilərin siyasi fəallığı artdı. Çox təəssüflər olsun ki, həmin dövrdə Azərbaycanda hakimiyyət başında olanların çoxunun ermənilərlə olan münasibətləri və siyasi savadsızlıqları ucbatından getdikcə bu, milli münaqişə və faciəyə çevrildi. 1989-cu ildə Xankəndində yaşayan azərbaycanlıların evlərindən qovulması prosesləri başlandı. Bunlar hamısı Sovet hakimiyyətinin Azərbaycanın o vaxtki  başı boş rəhbərlərinin başı üzərindən yeritdikləri siyasət idi ki, məhz onların nəticəsində I Qarabağ Müharibəsində,  1993-ü ilə qədər Azərbaycanın dilbər guşəsi olan Dağlıq Qarabağ və onun ətrafında olan 7  rayon erməni işğalçıları və rus hərbi birləşmələri tərəfindən işğal edildi. 1milyona yaxın qaçqın və köçkün öz yurd-yuvasından didərgin salındı. Biz də, Xocalı rayon Kosalar kəndi olaraq,  Özünümüdafiə Taborunu təşkil edərək 1992-ci ilin may ayının 10-na qədər Xankəndi, Ballıca və digər ermənilər yaşayan ətraf kəndlərə qarşı müqavimətimizi gücləndirdik, döyüşdük. Biz, məğlub olmayaraq ermənilərə lazimi cavabı versək də, təəssüflər olsun ki, qüvvələr nisbəti qeyri-bərabər idi. 1992-ci ilin fevral ayının 26-da Xocalı düşmən tərəfindən işğala məruz qalıb, soyqırım törədildikdən sonra, həmin ilin may ayının 8-də hakimiyyətsizlik ucbatından,  o dövrdə Qarabağda fəaliyyət göstərən Milli Ordu və hərbi birləşmələr arasında olan çaxnaşma nəticəsində, may ayının 8-də Şuşa  düşmən tərəfindən işğal edildi. Həmin dövrdəki xəyanətlər nəticəsində Şuşa şəhəri işğal edildikdən sonra, artıq Kosalar kəndinin yolu qalmayaraq 10 mayda Kosalar igidləri erməni daşnaqları üzərindəki qələbəsini qeyd etməli olduğu vaxtda, artıq məlum oldu ki, Şuşa şəhəri işğal olunub. Buna görə də biz , əhali,  uşaq , qadın və qızlar düşmən əlinə keçməsin deyə Kosalar kəndini tərk etmək məcburiyyətində qaldıq.

– Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatı zamanı Siz, rəhbərlik etdiyiniz Şəfa Ocağının kollektivi ilə birlikdə yaralanan və ağır xəstələnən hərbi qulluqçulara dəstək olmusunuz. 44 günlük savaşda ən çox yadınızda qalan bir neçə faktı söyləsəniz, yaxşı olar.

         -Bəli,  2020-ci il 27 sentyabrda erməni və rus hərbi birləşmələrinə qarşı Azərbaycan ordusunun əks hücumu nəticəsində artıq  44 günlük Vətən müharibəsi başladı. Müharibə başlayan zaman biz də “Xocalı rayon Məkəzi Xəstəxanası” publik hüquqi şəxsi olaraq müharibənin içində olduq. Biz, cəbhə bölgəsində məskunlaşmışıq. Belə deyərdim ki, hələ müharibə başlamamışdan bir müddət əvvəl,  Xocalı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi olaraq Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmışdıq. Hansı ki, bizlə ermənilərin olduğu mövqelər arasında 150-200 metr məsafəmiz vardı. Mən hər zaman fikirləşirdim ki, istər müharibə, istərsə də anti-terror əməliyyatı ilə biz torpaqlarımızı geri almalıyıq. Sağ olsun mənə dəstək olan insanlar ki, biz xəstəxananın zirzəmisini insanların saxlanılması üçün sığınacaq vəziyyətinə saldıq. 550 kvadrat metrlik zirzəmini 2019-cu ilin avqust ayından başlayaraq 2020-ci ilin avqust ayına qədər tamamilə təmir edib, hazır vəziyyətə gətirmişdim. Hər zaman düşünürdüm ki, bu, bizə nə zamansa lazım olacaq. Onunla bərabər sanki mən hiss etmişdim ki, bu müharibəni edəcəyik. Çünki aprel döyüşlərindən sonra bizdə bir ümid var idi ki, hansı yolla olursa-olsun, torpaqlarımzı işğaldan azad edəcəyik. Ona görə də zirzəmidən sonra qarşımda duran ikinci məsələ su və işıq ehtiyatlarının həll edilməsi idi ki, sağ olsun bizim kollektivimiz şəxsi vəsaitlərimiz hesabına xəstəxananın tam yanında 22 tonlug içməli su ehtiyatını hazırladıq. AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 110 kilovatlıq dizel generatorunu xəstəxanamızın elektrik şəbəkəsinə qoşduraraq tam hazır vəziyyətə gətirdik.  Biz, heç bir tapşırıq almadan müharibəyə hazırlaşsaq da, 27 sentyabrda başlanan müharibə gözlənilməz  oldu.  Ancaq yenə də biz özümüzü itirmədik. Çünki kollektivimiz müharibəni I Qarabağ Müharibəsi zamanı da, Aprel Döyüşləri zamanı da görmüşdü.  Ona görə də bizim müharibəyə adaptasiya olmağımız problem yaşatmadı. Müharibə başlandığı gündən 44 günlük döyüşlər gedən vaxtlarda biz xəstəxanamızın zirzəmisində, xəstəxanamızın bütün kollektivi ilə birlikdə kənardan gələn iki hərbi həkim, o cümlədən,  Goranboy rayon xəstəxanasının həkimləri, tibb bacıları, cərrahları, həmçinin Yevlaxdan, Ucardan ezam olunmuş təcili tibbi yardım maşınları hər biri mənim rəhbərliyim altında 44 günlük müharibə dövründə  böyük,  gərgin zəhmət çəkərək düşmənə qarşı amansız mübarizənin aparılmasında və zəfərin qazanılmasında çox böyük rolu oldu.  Kollektivimizin əziyyəti və peşəkarlığı sayəsində xəstəxanamıza gətirilən 650 dən çox yaralı arasında demək olar ki, ölüm halı olmadı. Təbii ki, döyüş meydanında şəhidlərimiz oldu. Allah hər birinin ruhlarını şad etsin. 44 günlük müharibədə gecə-gündüz hansı əziyyətləri çəkmişiksə təbii ki, vətən qarşısında borcumuz idi. Çox sağ olsunlar ki, əziyyətlərimiz dəyərləndirildi. Həmin dövrdə TƏBİB-in idarə heyətinin rəhbərliyi, şəxsən sədr Ramin Bayramlının özünün nəzarəti üzərimizdə idi. Həmçinin, Gündüz Əbilov da dəfələrlə yanımıza gəlmiş, ehtiyaclarımızın qarşılanmasını yerindəcə həll etmişdir. Gündüz Əbilov  Azərbayacan Respublikası Müdafiə Nazirliyinin hərbi cərrahı, baş cərrahı  Şəmsəddin həkimlə, Azərbaycan Respublikası  Milli Məclisinin deputatı Soltan müəllimlə birlikdə gəldilər, bizim şəraitimizi gördülər. Cəbhə boyu heç bir yerdə olmayan ecazkar zirzəmini, bizim hazırladığımız əməliyyatxanaları, palataları, çarpayıları, zabit və əsgərlərimizə göstərdiyimiz diqqət və qayğını öz gözləri ilə gördülər və bunu yüksək qiymətləndirərək, şəxsən Ramin müəllim özü bütün kollektivimizə öz təşəkkürünü bildirdi.  Bu, bizim vətəndaşlıq borcumuz idi. Neçə illərdir gözlədiyimiz gün gəlib çatmışdı. Ali Baş Komandanımızın bir əmri ilə müzəffər ordumuz savaş meydanına atıldı və qələbəni qazandıq. Bu qələbənin qazanılmasında başda Ali Baş Komandanımız və Birinci Vitse Prezidentimiz olmaqla bütün ordumuza, xalqımıza öz təşəkkürümü bildirirəm.  Biz də xəstəxanamızın kollektivi olaraq çox xoşbəxtik ki, möhtəşəm qələbənin qazanılmasında bizim az da olsa payımız, köməyimiz oldu.

44 günlük Vətən müharibəsi dövründə Xocalı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə yaxından dəstək olan Xocalı rayon İcra Hakimiyyətinin başçısı və bütün kollektivi, o cümlədən Xocalı rayonunun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərlərinə və işçi heyətinə , həmçinin bizə maddi və mənəvi dəstək olan şirkətlərə, vətəndaşlarımıza öz təşəkkürümü bildirirəm. Eyni zamanda Türkiyəli iş adamı Mehmet Akbıyık bəyə şəxsən öz təşəkkürümü bildirirəm ki, həmin dövrdə o, dəfələrlə xəstəxanamıza gəlmişdir. M.Akbıyık həm mənəvi dəstək olmuşdur, həm də xəstəxanamızda xəstələrin əməliyyat edilməsi üçün bir monitor cihazı satın alaraq hədiyyə vermişdir.

Siz, Xocalı soyqırımının tanıdılması ilə əlaqədar dəfələrlə qardaş Türkiyədə təşkil edilən anma mərasimlərində iştirak və çıxış etmisiniz. Anma mərasimlərində ən çox yadda qalan nə olub?

-Bəli, sizin də bildirdiyiniz kimi biz 2015-ci ildən bəri,  “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru Şamil Sabiroğlunun rəhbərliyi altında  Birliyin fəalları- Dilbər xanım Sultanova, Ayna xanım Novruzova, “Yeni Yurd” ictimai birliyinin sədri Mahirə xanım Əsədova və mən-doktor Aqil Məmmədov  dəfələrlə Türkiyədə Qarabağ faciəsi və Xocalı soyqrımının tanıdılması ilə bağlı tədbirlərdə olmuşuq. Mütəmadi olaraq hər il12-13 gün Türkiyənin müəyyən şəhərlərində abidə komplekslərinin açılışlarında, abidələrin hazırlanmasında iştirak etmişik və layihələrin rəhbərlikləri ilə bu abidələrin qoyulmasında, parkların salınmasında əlimizdən gələni etmişik.  O günlərdə-qürurverici anlarımızla bərabər, əziyyətli günlərimiz də olub. Hər dəfə Xocalı soyqırımı haqqında danışarkən, o anları bir daha yaşamaq çox çətin məsələdir. Ancaq yadda qalan bir məsələni diqqətinizə çatdırmaq istərdim ki, həmin yadda qalan tədbirlərdən biri 2017-ci ildə Dilbər xanımla mənim İstanbul Böyük Şəhər Bələdiyyəsi ilə görüşümüz zamanı Məmməd Akif Ərsoy adına Mədəniyyət Sarayında Xocalı soyqırımı haqqında tədbir keçirildi. Həmin görüş zamanı mən belə bir təkliflə çıxış etdim ki Gəncə şəhərində yaşayıram. Gəncə şəhərindən  Bakıya gedərkən 5 yerdə türk şəhidliyi anıtını ziyarət edirəm. Azərbaycanda o dövrdə Nuri Paşanın komandanlığı altında köməyə gəlmiş türk qardaşlarımızın şəhidliyini  həm Bakıda, Gəncədə , həmdə Şamaxıda, Göyçayda, Qobuda 5 yerdə ziyarət edirəm. Amma dedim ki, mən çox təəssüflənirəm ki, bu gün dünyanın gözü olan, sevgi şəhəri olan İstanbul şəhərində Xocalı soyqrımını anladacaq bir məkan yoxdur. Çiçək qoyacağımız bir yer yoxdur.  Bələdiyyə başkanı çox təsirləndi və mən onun gözlərində yaş damcıları gördüm.  Və o dedi ki, həmən yapalım. Söz verdi və sağ olsun ki, növbəti ildə, 2018-ci ildə verdiyi sözü  yerinə yetirərək Bağcılar Bələdiyyəsi ərazisində böyük bir park, Türkiyə-Azərbaycan Qardaşlıq Parkı və həmin parkda Xocalı soyqırımı abidəsinin açılışında biz də iştirak etdik. Mənim üçün o gün, ən yadda qalan gün oldu. İstanbul Böyük Şəhər Bələdiyyəsi başkanının bizim təklifimizi belə tez bir zamanda dəyərləndirməsi bizim üçün qürurverici hal oldu.

Necə düşünürsünüz,  biz, bundan sonra ermənilərlə birgə yaşaya bilərikmi?

-Bəli, bu gün biz artıq düşmən tapdağı altında olan Qarabağ torpağını və ətraf rayonları düşməndən azad etmişik. Sualınıza uyğun olaraq, öz-özümdən soruşuram: biz ermənilərlə birlikdə yaşaya bilərikmi? Bu sualın yeganə bir cavabı var ki, tolerant ölkə kimi, multikultural bir dövlət kimi Azərbaycanda neçə-neçə millətin nümayəndəsi yaşayır. Onsuz da bunu hamımız bilirik ki, tarix boyu erməni adlanan bir toplum bizim dövlətimizə qarşı düşmənçilik mövqeyi tutub. Onlar hələ 200 il bundan əvvəl  Türkiyədən, İrandan gətirilib Azərbaycanda məskunlaşdırılanda, yazıq bir millət kimi qələmə verilib dəfələrlə xəncəri kürəyimizə sapladılar. Ona görə də, bu millətə etibar edib, onlarla birlikdə yaşamaq çətin bir məsələdir. Ancaq bir toplum kimi, əgər bizim qanunlarımıza tabe olacaqlarsa,  bizim bayrağımız altında əmr və göstərişlərimizə tabe olub yaşayacaqlar. Ancaq onların Azərbaycan torpaqlarında yaşamağa nə haqq və hüquqları, nədə üzləri var. Mən zənn etmirəm ki, onlarla biz birlikdə yaşaya bilək. 44 günlük müharibədə onların o qədər leşləri oldu ki, o torpaqlarda, onlar da istəməzlər ki, düşmən kimi baxdıqları bir millətlə qarşı-qarşıya yaşasınlar. Amma mən buna tam əminəm ki, Ali Baş Komandanımızın dediyi kimi bu gün işğaldan azad edilmiş torpaqlarımız ordumuzun əziyyəti nəticəsində azad edilmişdir. Hansı ki, indi  bəzi yerlərdə Xocavənddə, Ağdərədə, Xankəndində bir qədər erməni separatçı qüvvələri qalıb, dövlətimiz qanuni şəkildə onları oradan təmizləyəcəklər. Əgər ermənilər orada yaşayacaqsa, biz də Qarabağlı kimi gedib yurdumuzda məskunlaşmalıyıq ki, zaman keçdikcə onlar bizim nifrətimizi hiss edərək oradan çıxıb getsinlər.  Biz onlarla qonşu dövlət kimi yaşaya bilərik, ancaq eyni torpaqlarda heç vaxt.

Siz, ictimai əsaslarla AR “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Gəncə Regional şöbəsinin sədrisiniz. Azərbaycanda medonline.az saytı fəaliyyət göstərir. Saytın Redaksiya Şurasının qəbul etdiyi Qərara əsasən Siz, “İlin yaxşı həkimi” adına layiq görülmüsünüz. Bu münasibətlə Sizi təbrik edir, ən xoş arzularımızı bildiririk. Çox istərdik, fikrinizi bildirəsiniz.

– Mən, cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən “Tərəqqi” medalına və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülmüşəm. Qardaş Türkiyənin nüfuzlu təşkilatları və Azərbaycandakı bəzi Qeyri-Hökumət Təşkilatları tərəfindən diplom və fəxri fərmanlar almışam. medonline.az saytının təsis etdiyi “İlin yaxşı həkimi” nominasiyasının 12 nəfər qalibindən biri olmağım məni duyğulandırdı. Zəhmətimi qiymətləndirənlərin hər birinə təşəkkür edirəm. Sizi əmin edirəm ki, mən, Azərbaycanın dövlət müstəqliiyinin daha da möhkəmləndirilməsi, əhalinin tibbi-xidmətinin nümunəvi təşkili üçün  bundan sonra da əzmlə çalışacağam.

 

Müsahibəni hazırladılar:

Şamil Sabiroğlu,

Könül Həsənli.

Medonline.az  saytının xüsusi müxbirləri.

Bakı, 23.05.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code