Bu ölkədə yaxşı yaşamaq üçün mütləq vəzifədə olmalısan! – Mahir Xəttab yazır…

0
15

Bu ölkədə yaxşı yaşamaq üçün mütləq vəzifədə olmalısan. Çünki vəzifədə olanda təkcə maaşa baxmayacaqsan, sağdan-soldan “çak-cuk” olacaq. Əgər bir ölkədə Baş infeksionistin evindən küllü miqdarda pul çıxırsa, görün indi ondan vəzifəcə yüksək olanların evindən nələr çıxır… Bu, nə vaxta qədər davam edəcək? Bu millət, adi camaat nə vaxta qədər sürünəcək? Səs çıxardanı “vətən xaini” elan edirlər. Küçəyə çıxıb haqqını tələb edənin əlini-qolun burub bölməyə aparırlar. Orada da nələr olduğunu az-çox bilirsiniz…

Bir neçə jurnalist həmkarımla danışıram, çox çətin vəziyyətdədirlər. Aldıqları qəpik-quruşla necə dolansınlar? Necə ailələrinə baxsınlar? Səhərdən axşama qədər işlə, əsəb-stress yaşa, ayın sonunda da aldığın maaş ya həkimə, ya da digər problemlərə getsin.

Medianın İnkişafı Agentliyi yaratdılar, əla, gözəl. Aylardır adı var, özü yoxdur. Guya olub nə edəcək? Heç nə! Sadəcə öz saytlarına pul ayıracaqlar, azad media da kənardan gözünü döyüb baxacaq. Sizi bilmirəm, amma mən bu durumdan çox yorulmuşam. Sən vicdanlı olmağa çalışdıqca, vətən deyib yaşadıqca, səni geriyə çəkirlər. Harada şərəfsiz, satqın, maşennik var, acıq verirmiş kimi gətirib vəzifəyə qoyurlar.

Cənab Prezident, Ali Baş Komandan Ilham Aliyev, bir vətəndaş, bir jurnalist kimi xahiş edirəm, bizimlə görüş keçirin, biz jurnalistləri dinləyin (amma xahiş edirəm, qələmini pula satanlar, məmurların nökəri olanlar görüşə çağırılmasın). Biz də insanıq, əlimizə baxan ailələrimiz var. Onlar bizdən asılıdır. Nə vaxta qədər onların qarşısında utanacağıq, sıxılacağıq. Azərbaycan zəngin bir ölkədir, amma təəssüf ki, bu zənginlikdən adi camaat deyil, vəzifədə oturanlar, yaltaq və satqın insanlar yararlanır. Sizin Ali Baş Komandanlığınızla işğal altında olan Dağlıq Qarabağ öz azadlığlına qovuşdu. Biz xalq olaraq, millət olaraq Sizin son ana qədər arxanızda dayandıq, dəstəklədik. Siz də bizim arxamızda dayanın… dayanın ki, gənclər məhv olmasın, ölkəni tərk etməsin, canından bezməsin. İnanıram, bu müraciətim cavabsız qalmayacaq. Mən ölkəmi tərk etmək, başqa ölkədə yaşamaq istəmirəm, amma hazırki vəziyyət başqa yol buraxmır. Amma mən son ana qədər səbr edəcəm, çünki Sizə güvənirəm, inanıram… Heç olmasa köməkçilərinizdən kimləsə görüşə bilim, dərdimi, dərdimizi deyim. Çox yox, sadəcə yarım saat vaxt ayrılsa, bəsdir…

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code