Vətən, onun uğrunda canından keçən heç bir övladını unutmur!

0
78

Bir şəhid ailəsi, şəhid anası haqqında  yazmaq istərdim. O ana ki, şəhid balasını torpağa tapşırdıqdan sonra, həmin torpağı tərk etməyə məcbur olmuşdu. O ana ki, övladı üçün düzəltdirdiyi baş daşını məzarı üstə qoya bilməmiş və özüylə getdiyi yerlərə aparmışdı.

 Zeynəb ana vətənimizin cənnət məkanı olan Qarabağdandır, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən. Doğma yurdunu son gördüyü gündən 28 il ötür. O yerlər Zeynəb ana üçün doğma həm də, müqəddəsdir sadəcə ona görə yox ki, orda böyüyüb, orda yaşayıb həm də, Zeynəb ananın canının bir parçası, sevimli balası o torpaqlar uğrunda canından keçib və o torpağın qoynunda yatır.

 Böyük ailə idi onların ailəsi. Övladları həm savad, həm də tərbiyəsinə görə seçilirdi hərkəsdən. Hər bir övladına qayğı ilə yanaşar, hər birini çox sevərdi. Amma onun digərlərindən ayırdığı bir övladı vardı. Arifi digər övladlarından fərqləndirən cəhətlər hər zaman düşündürürdü ananı. Sonralar da söhbətlərində Arifin uşaqlıqdan digər uşaqlar kimi olmadığını dönə-dönə vurğulayır. Sanki ürəyinə damıbmış ananın. Arif uşaqlıqdan gərək xarici görünüşü, gərək ağlı və istedadı ilə həm kənddə həm də məktəbdə yaşıdlarından fərqlənirdi. Daha uşaq yaşlarından incəsənətə böyük marağı var idi. Onun uşaqlıqda düzəltdiyi əl işləri, çəkdiyi rəsmlər görənləri heyran edirdi. Arifin ilk düzəltdiyi əl işləri arasında taxtadan düzəltdiyi bir gitara var idi. Ona “Ülvi” adını vermişdi. Böyüdükcə bu sahəyə marağı daha çox artırdı. Elə buna görədir ki, orta məktəbi bitirdikdən sonra sənədlərini Bakı şəhərində yerləşən incəsənət məktəbinə verdi və qəbul oldu. Tez bir zamanda orda da müəllimlərinin, tələbə yoldaşlarının sevgisini qazanmışdı. Arifin parlaq  gələcəyi var idi bunu hər kəs bilirdi. Anasıda Arifin gələcəyi ilə bağlı xəyallar qururdu.    

 Lakin 90-cı illərdə ölkəmizdə baş verən hadisələr bir çox ananın övladları üçün qurduğu xəyallar kimi Zeynəb ananın da bütün xəyallarını puç etdi. Düşmən öz xain planlarını yavaş-yavaş gerçəkləşdirir, ölkəmizin sərhədləri boyunca irəliləyirdi. Vətənin igid övladları düşmənlə hər an mübarizə aparırdılar. Lakin daha yeni öz ayaqları üzərində durmağa çalışan ölkənin sabit rəhbərliyinin,  milli ordunun olmaması vəziyyəti daha da gərginləşdirirdi. Cəbhə rayonları üzrə könüllü batalyonlar yaradılır və vətəni müdafiə etmək istəyən hər bir mərd vətən övladı könüllü olaraq torpaqların azadlığı uğrunda vuruşurdu.

 Arif də vətənin dar günündə ona arxa çevirmədi. Oxuduğu məktəbdə təhsilini dondurub cəbhəyə yollandı. Könüllü olaraq getdiyi batalyondan onu və digər döyüş yoldaşını Xocavənd rayonunun Daşbaşı kəndində xeyli yüksəklikdə olan və strateji cəhətdən əhəmiyyətli posta, düşmənlə mübarizə aparmaq üçün göndərdilər. Xocavənd rayonunun Daşbaşı kəndi Cəbrayıl rayonu ilə sərhəddə xeyli yüksəklikdə yerləşirdi.  Daşbaşı postu yüksəklikdə yerləşdiyi üçün oranın ələ keçirilməsi ermənilər üçün əhəmiyyətli idi. Çünki Daşbaşı postunun düşmənin əlinə keçməsi Cəbrayıl rayonunun da düşmənin əlinə keçməsi demək idi. Xidmətə başladığı ilk gündən komandirlərinin, döyüş yoldaşlarının rəğbətini qazanmışdı Arif. Hər kəs onu çox sevir, hörmət edirdi. Hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətlər onun qısa müddətdə bütün rayon üzrə tanınması ilə nəticələnmişdi. Qısa müddətdə onun rayon üzrə tanınması erməniləri çox qəzəbləndirir, Daşbaşı postunu ələ keçirməyi daha çox istəyirdilər. Arif bölgəni yaxşı bildiyi üçün döyüş zamanı koordinatları verir və düşmənin həm canlı qüvvəsini  həmdə texnikasını məhv etməkdə döyüş yoldaşlarına kömək edirdi. Döyüş zamanı onun vəzifəsi qrantameotçu (qumbaraatan RPG-7) idi.  Hətta bir dəfə düşmən Xocavənd istiqamətində güclü hücum əməliyyatına keçdiyi zaman Arif qrantameot ilə düşmənin tankını məhv etmiş və düşmən geri çəkilməyə məcbur olmuşdu. Bu hadisələr erməniləri qəzəbləndirir və Daşbaşı postunu ələ keçirməyi daha çox istəyirlər.

 1993-cü il avqustun 15-də Daşbaşıda yadda qalan döyüşlərdən biri baş verdi. Bu döyüşdən bir neçə gün öncə rəhbərlik Daşbaşı postunu tərk etmək əmri versə də, Arif bununla razılaşmır son ana qədər burda qalacağını və ancaq ölümlə oranı tərk edəcəyini söyləyir. Arifin bu qətiyyəti döyüş yoldaşlarına da təsir edir və onlar Arifə görə postu tərk etmirlər. Avqustun 15-də düşmən güclü texnika ilə hücumə keçir. Keçmiş döyüşçülər öz müsahibələrində: “Cəbrayılın demək olar ən yadda qalan döyüşü idi, çünki həmin döyüşdən bir neçə gün sonra Cəbrayıl işğal olundu. Ağır döyüş getmişdi, posta olan 28 nəfərdən heç biri sağ qalmamışdı. Açıq aydın görünürdü ki,  orda əlbəyaxa döyüş getmişdi” demişdirlər.

 Ermənilər Daşbaşıya gecə saat 4-də hücum etmişdilər. Həmin döyüşdə olanlardan heç kim sağ qalmadığı üçün dəqiq məlumat vermək çətin olsa da, dəhşətli döyüş getdiyi məlumdur. Həmin gün Daşbaşı postuna hücum olduğunu bilən Cəbrayılda olan ehtiyat qüvvələr düşmən üzərinə hücuma keçdilər. Post yüksəklikdə olduğu üçün nisbətən aşağıdan gələn qüvvələr ermənilər tərəfindən güclü atəşə məruz qalıb. Bir neçəsi orda qalıb düşmənlə mübarizə apararkən digər döyüşçülər geri çəkilib dahada çox qüvvə və tankla digər istiqamətdən düşmən üzərinə hücuma keçməyə hazırlaşıblar. Səhərə yaxın artıq hər kəsə məlum idi ki, postda bir nəfər də sağ adam qalmayıb. Bundan sonra oranı toplarla vurmaq əmri verilir və bizim toplar kəndi darmadağın edir. Ordakı düşmən məhv edilir və kənd yenidən geri alınır. Amma kənd dağıdıldığı üçün o Daşbaşı postu boş qalır və növbəti hücum daha dəhşətli olur Cəbrayıl işğal olunur.

 15 Avqust Arifin son günü olur.  Həmin hadisədən bir gün öncə Zeynəb ana sanki duyur pis bir hadisə baş verəcəyini. Yuxusunu qarışdırır həmin gün, heç özünə yer tapmır. Şiddətli döyüşün səhərsi günü də xəbər tutmur döyüşün olduğundan. Elə hey Arifi düşünür. Ölümündən bir həftə əvvəl son gəlişi olur Arifin evlərinə. Elə o gəlişdə anasına “ana xidmətdə seçildiyimə görə mənə rütbə verəcəklər” deyir. Doğurdan da ona ən ali rütbə verilir Allah tərəfindən. Elə bir rütbə ki, o rütbəyə yalnız seçilmiş insanlar ucala bilər.

 Həmin gün Ariflə bərabər kəndə 6 şəhid gəlir. 3 il boyunca müharibədən əziyyət çəkən şəhidlər verən kənd, həmin gün ümumilikdə qara libasa bürünür.  Arif avqustun 16-da Böyük Mərcanlı kənd qəbirstanlığında torpağa tapşırılır. Zeynəb ana son dəfə oğlunun məzarını 22 avqustda ziyarət edir son ziyarəti olduğunu bilmədiyi üçün oğlu ilə vidalaşmır. Həmin günləri ana belə danışır: “ Heçnə hiss eləmirdim. Sanki key kimi idim. Nə oğlum öldüyü üçün ürəkdən ağlaya bilirdim, nədə özümə yer tapa bilirdim. Havalanmışdım elə bil. Kənddən çıxanda da heç nəyi dərk edə bilmirdim. Elə bilirdim bir neçə gün sonra evə qayıdacağıq. Amma artıq 28 il ötür”.  Zeynəb ananın yaşadıqlarının nə qədər ağrılı acılı olması səsinin titrəməsindən bəlli olur.

 Kənddən çıxdıqdan sonra bir müddət  Zeynəb ana və ailəsi yol kənarlarında, çadırlarda, vaqonda yaşadılar. Sonra isə İsmayıllı rayounun Qubaxəllili kəndində məktəbdə məcburi köçkünlər üçün ayrılmış yerdə məskunlaşdılar. Kənddən tələsik çıxdıqları üçün yoxsul vəziyyətdə məktəbin bir küncündə həyatlarını 0-dan qurmağa çalışdılar. O vaxtlar Zeynəb ana düşündüklərini belə ifadə edir:

 “Məni ən çox ağrıdan şey Arifsiz bir həyat yaşamağım idi. Heç cür öyrəşə bilmirdim yoxluğuna. Bir gün Arifin əl işləri olan otağa keçdim, bir-bir hamısına baxdım. Düzəltdiyi gitaranı əlimə alıb ona tamaşa etdim. Sonra isə əlimi Allaha açıb Arifi mənə birdə göndərməsini istədim. Onu mənə birdə ver dedim.”

 Artıq Arifin şəhid olmasından 2 il 7 ay keçirdi ailədə bir körpə dünyaya göz açdı. Allah Zeynəb ananın duasını qəbul etmiş, ona Arifi göndərmişdi. Lakin körpəyə Arif adı qoyulmasına razı olmadı Zeynəb ana. Ürəyi götürmədi. Ona Arifin gitarasına verdiyi adı, Ülvi adını qoydu.

 Zaman keçir Ülvi böyüyürdü və böyüdükcə Arifə daha çox oxşayırdı. Bütün hərəkətləri Arifi xatırladırdı Zeynəb anaya. Ülvidən başqa nəvələri də vardı Zeynəb ananın. Amma Ülvi onun üçün ayrı idi. Hər kəsdən ayrı tutur, hamıdan çox sevirdi. Ülvi idmanla məşğul olur, yarışlara qatılırdı. Onun nailiyyətləri Zeynəb ananı fərəhləndirirdi. Hətta Ülvinin  bir gecə qoyunların içinə girən canavarı qardaşı ilə birlikdə sadəcə ağac və daşın köməyi ilə öldürməsi, sonra başına ip bağlayaraq evə gətirməsi, kənddə hər kəsi mat məəttəl etmişdi.

 Vaxt gəldi Ülvi 11-ci sinifi bitirdi və vətənə olan borcunu yerinə yetirmək üçün  əsgərliyə getdi və xidmətini bitirdikdən sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət etmək üçün ordu sıralarında öz fəaliyyətini davam etdirdi. Və nəhayət 27 sentyabr 2020-ci ildə  ordumuza düşmən üstünə əks hücum əmri verildi. Ülvi bu döyüşə Xüsusi Təyinatlı Qüvvələr (052 yaşma) tərkibində baş çavuş olaraq qatıldı. Onun döyüşdə vəzifəsi pulemyotçu idi. Murovdağ, Suqovuşan, Cəbrayılın azad olunma əməliyyatlarında iştrak edir. Lakin oktyabr ayını 6-da ailə Ülvinin yaralanma xəbərini alır. Günü-gündən yeni torpaqlar xilas edən ordunun naliyyətlərinə baxaraq Zeynəb ana və ailəsi həm sevinir, həm kədərlənirdi. Çünki şəhidlərimiz də olurdu. Bu anları öncədən yaşayan Zeynəb ana bütün övladını itirən valideynləri çox yaxşı başa düşürdü. Ancaq o, Arifi 2-ci dəfə itirmək istəmirdi. Ülvinin yaralanma xəbəri bütün ailəni dərindən sarsdı. Ona birşey olmasını düşünmək belə, Zeynəb ananı məhv edirdi. Lakin şükürlər olsun ki, Ülvi qazi kimi ailəsinin yanına qayıtdı.

 Öz doğma yurdu olan Cəbrayıla bayraq sancarkən yaralanmışdı Ülvi və döyüş yoldaşları. Yaralandıqdan sonra döyüş meydanından çıxarılmağı mümkün olmamış saatlarla yaralı vəziyyətdə qalmışdı. Amma özünü itirməmiş, qanaxmanı dayandırmaq üçün jqutdan istifadə etmiş və özünə iynə vurmuşdu. Onun indi bir arzusu var, tezliklə sağalmaq və ordu sıralarına qayıtmaq.

 Şükürlər olsun ki,  Vətən müharibəsi ordumuzun qələbəsi ilə bitdi. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin və bütün əsgərlərimizi, hərbçilərimizi qorusun. Amin inşAllah.

İndi Zeynəb ananın tək arzusu Arifin məzarını ziyarət etməkdir…

Medonline.az

18.05.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code