Müşfiq Əliyev bir çox imkanlılara nümunədir!

0
67

Dünya fatehlərindən olan makedoniyalı İsgəndər haqqında belə bir rəvayət var: Ömrünün son anlarında İsgəndər vəsiyyət edir ki, dünyamı dəyişən zamanı məni son mənzilə yola salarkən əllərim açıq vəziyyətdə olsun. Başa salırlar ki bu, dini qaydalara ziddir.​ O, xahiş edir ki, bu qayda bir dəfə də olsa tətbiq edilsin. Qoy insanlar görsün ki, dünya vatehi bu dünyadan heç nə aparmadı (yəni əliboş getdi…).

Mən, XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış və fəaliyyət göstərmiş məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqda da danışmaq istəyirəm. Azərbaycanda böyük xeyriyyə işlərinə maliyyə vəsaiti ayıran bu şəxsin xalqımızın şərəfli tarixində özünəməxsus yeri var. H.Z.Tağıyev Bakıda ilk Qızlar məktəbini yaradıb, Bakıya Şollar suyunun gətirilməsinə səbəbkar olmuşdur. Hacı Zeynalabdin​ Azərbaycan mətbuatının inkişafına böyük dəstək göstərib.​ 1920-ci ilin aprel ayının 28-də Azərbaycanda Sovet Sosialist Respublikası quruldu. Bundan sonra bütün imkanlıların qara günləri başlandı. Şahidlər söyləyir ki, Hacı Zeynalabdin Tağıyev, Ağamusa Axundov…kimi imkanlıların bütün var-dövləti əllərindən alındı. Sonralar onun qızı Sara xanım çox çətin həyat yaşadı. Qonşuları ona yemək gətirir, aclıqdan ölməməsi üçün zəruri dəstək göstərirmişlər.

Bu gün Azərbaycanda Qiyamət gününü unudan, xalqı talan edən məmurlar, dövlət qulluqçuları çoxdur. Belələrinin əlində imkan olsa xalqın qanını zəli kimi sovurarlar.

Dəyərli oxucular, mən bu gün Sizə Azərbaycanın dəyərli oğullarından biri, sahibkar Müşfiq Əliyevdən danışacam. Ağdam rayonunun yetirməsi olan Müşfiq Əliyev 1988-ci il noyabr ayının 17-də başlanan Azərbaycan milli-azadlıq hərəkatının fəallarındandır. Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədridir. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Humanitar Məsələlər üzrə sədr müavinidir. 1992-ci ilin soyuq qış günlərində erməni terrorçularının vəhşiliyinin şahidi olan Xocalı sakinlərinin bir qrupu Xəzər (keçmiş Əzizbəyov) rayonunun Mərdəkan qəsəbəsində məskunlaşmışdı. Həmin ailələrə maddi-mənəvi dəstək göstərən insanlardan biri də Müşfiq Əliyev idi.​ Müşfiq müəllim, I və II Vətən müharibələri zamanı ön cəbhəyə zəruri maddi dəstək göstərmişdir. Bu yaxınlarda Quba rayonunun Qımıl kəndində şəhid Nuran​ Akif oğlu Mirzəyev adına Bulaq istifadəyə verildi. Bulağın inşası xeyirxah, imkanlı şəxslərin köməyi ilə  və Respublika Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin müstəsna dəstəyi sayəsində baş tutdu. Bulağın açılış mərasimində Quba rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon Təhsil və Səhiyyə şöbələrinin əməkdaşları, Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə​ Dövlət Xidmətinin Quba rayon şöbəsinin əməkdaşları,​ həmçinin, Qırmızı qəsəbəsi əhalisinin böyük əksəriyyəti iştirak etdi. Bu möhtəşəm tədbirdə ​ Qırmızı qəsəbə Bələdiyyəsinin sədri, Respublika Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin​ Qırmızı qəsəbəsindəki səlahiyyətli nümayəndəsi Yedadayeva Yafo Ariilovna, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev, Cəmiyyətin Quba rayon şöbəsinin sədri Zaur Gülməmmədov iştirak və çıxış etdilər. M.Əliyev Quba​ rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyevə, Respublika Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Quba rayon şöbəsinin sədri Zaur Gülməmmədov və xanım Yedadayeva Yafo Ariilovnaya​ Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin​ və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin xüsusi mükafatları təqdim etdi.

Müşfiq Əliyev ölkə Prezidentinə sadiq şəxslərdən biridir. O, övladlarını da vətənpərvər ruhda böyüdüb.​ Biz dəyərli Müşfiq müəllimə gələcək işlərində uğurlar arzu edirik.​ Tam səmimi deyim ki, Müşfiq Əliyev bir çox imkanlı, lakin səxavəti olmayanlara gözəl nümunədir!

Şamil Sabiroğlu,

Medonline.az saytının xüsusi müxbiri.

Bakı, 14.05.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code