Doktor Aynurə Nəcəfəliyeva: “Ege Hospital” ın rəhbərliyi işləməyimiz üçün hər cür şərait yaradıb!

0
121

Sonuncu Peyğəmbərimiz Məhəmməd Rəsulullah belə deyib: qız böyüdən, onların təhsil almalarına şərait yaradan anaların yerləri cənnəti-məkandır!Laçın rayonunun Minkənd kəndindən məcburi köçkünlər-Səfərəli və Çimnaz Nəcəfəliyevlərin 4 qız övladı var: Xəyalə, Aytən, Aynurə və Turan. Hər biri ali təhsil alıb. Xəyalə, Aytən və Aynurə ixtisasca həkimdir. Turan xanım isə riyaziyyat fənnini tədris edir. Deməli, Səfərəli və Çimnaz Nəcəfəliyevlər Cənnəti bu dünyada qazanıblar.
Dəyərli dostlar, bu gün Sizə bu ailənin bir üzvü-mama-ginekoloq Aynurə Nəcəfəliyevadan danışacağıq. Aynurə 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub, 2009-cu ildə bu təhsil ocağını itirib. 2010-2015-ci illərdə Ankara Qazi Universitetini bitirib. 2015-2018-ci illərdə Ankara şəhər Keçiören Özəl Xəstəxanasında çalışıb. Yalnız bundan sonra Azərbaycana qayıdıb. Aynurə xanım ixtisasca cərrah – mama- ginekoloqdur. Ailəlidir, 2 azyaşlı övladı var: Niyaz və Miray.
-Aynurə xanım, Sizi medonline.az saytının və eyni adlı İnternet Televiziyasının əməkdaşları adından salamlayıram. Necə oldu ki, şərəfli həkim peşəsini seçdiniz?


-Mən, Laçın rayonunun Minkənd kəndində ziyalı ailəsində doğulmuşam. Həm atam, həm də anam ixtisasca uşaq həkimidir. Onlar ağxalatı bizə sevdirdilər. Uşaq yaşlarımda bu peşəyə böyük həvəslə maraq göstərdim. 1992-ci il mayın 8-də Şuşa şəhəri, 10 gün sonra isə Laçın rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Məcburi köçkünlük həyatında da valideynlərimiz təhsil almağımız üçün normal şərait yaratdılar. Məhz buna görə valideynlərimin arzusu ilə həkim olacağımı qət etdim.
-Siz, Azərbaycan Tibb Universitetini bitirib, ixtisas artırmaq məqsədilə Türkiyəyə yola düşdünüz. Valideynləriniz narazılıq etmədi?
-Türkiyə ilə Azərbaycanı ortaq dəyərlər birləşdirir. Buna görə də valideynlərim mənim bu arzumu alqışladılar. Ankara Qazi Universitetində təhsil aldığım illərdə Azərbaycan həqiqətlərinin tanıdılması üçün əllərimdən gələni əsirgəmədim. Türkiyədə canı bir, qanı bir olan qardaş-bacılarımımızın Qarabağ faciəsi və Xocalı soyqırımının tanıdılması üçün necə ürəklə çalışdıqlarına şahid oldum. Həqiqətən də Ulu öndər Heydər Əliyev çox gözəl deyib:”Biz, bir millət, iki dövlətik!”
-Hazırda “Ege Hospital” da çalışırsız. Hospital rəhbərliyinin Sizə yaratdığı şəraitdən razısızmı?
-Əlbəttə razıyam. “Ege Hospital”ın rəhbərliyi bizə hər cür iş şəraiti yaradıb. Zəhmətim daim qiymətləndirilir.
-Əslən Laçındansız. Uşaqlıq illəriniz Laçın rayonunun Minkənd kəndində keçib. 29 ildi o yerlər düşmən tapdağında idi. Azərbaycan Silahlı Qüvvələrinin başladığı əks-hücum əməliyyatları nəticəsində Ermənistan Silahlı Qüvvələrindən azad edildi. Yəqin ki doğulduğunuz kəndə ziyarətə getmək haqda düşünürsüz.
-Bu yaxınlarda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən zəng vurdular, yaşayış məqsədilə Laçına gedib-getməyəcəyimizi soruşdular. Dedim, əlbəttə gedəcəyik. Mən Bakıdakı rahat işimi saxlayıb Laçında yaradılacaq Xəstəxanalardan birində işləməyə də hazıram.Çünki mən, qəlbən doğma Azərbaycanımıza və onun ayrılmaz hissəsi olan Laçına bağlı insanam!

Maraqlı müsahibə üçün çox sağ olun.
Söhbəti yazdı:
Şamil Sabiroğlu,
medonline.az saytının xüsusi müxbiri.
Foto Arzuman Ağayevə məxsusdur.
Bakı, 10.05.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code