Bakıda keçirilən dezinfeksiya tədbirləri nə dərəcədə vacibdi? – Həkimdən AÇIQLAMA

0
3

COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həftəsonu paytaxtın müxtəlif ərazilərində dezinfeksiya işləri həyata keçirilir.

Lakin, koronavirusun səthlərdə və açıq havada uzun müddət aktiv ola bilmədiyini nəzərə aldıqda bu tədbirlərin virusun profilaktikasında nə dərəcədə təsirli olub-olmadığı müzakirə mövzusudur.

Həkim-professor Adil Qeybulla Medonline.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə virusun müxtəlif səthlərdə uzun müddət qalmaq imkanı yoxdur və onlar yalnız müəyyən dövr, təxminən bir neçə saat ərzində su damlacıqlarının içərisində qala bilirlər:

“Su quruyan zaman və günəş şüalarının da təsiri ilə ətraf mühitdə viruslar deformasiyaya uğrayırlar. Onlar dözümsüz olduqları üçün tez bir müddətdə sıradan çıxır və deaktivləşirlər. Ona görə də virusun ətraf mühitdə səthlərdə qalması real deyil”.

Onun sözlərinə görə, virusun ayaqqabıdan, paltardan və s. bu kimi yollarla yoluxdurması da ciddi qəbul edilmir:

“O yalnız insandan insana hava damcıları yolu ilə keçir. Bu baxımdan ətrafın dezinfeksiyası da sadəcə sanitar tədbir kimi həyata keçirilir. Bu mənada insanlar əsas üç qaydanı gözləməlidirlər: maska taxmaq və ondan düzgün istifadə etmək, məsafə saxlamaq və əlləri dezinfeksiya etmək”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məsələ ilə bağlı əlavə edib ki, bütövlükdə dezinfeksiya tədbirlərinin virusa qarşı mübarizədə təsirlərinin qiymətləndirilməsi yaxşı olardı:

“Dezinfeksiya tədbirləri hansı səviyyədə virusun azalmasına və ya virusun yayılmamasına təsir göstərdiyi müəyyənləşdirilməlidir. Belə bir qiymətləndirmənin aparılması ehtiyac var. Yalnız bundan sonra dezinfeksiya tədbirlərinə davam edilib-edilməməsi ilə bağlı qərarın verilməsi mümkündür.

Sözsüz ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalar göstərdi ki, ötən il 80 milyon manatdan artıq vəsait ya təyinatı üzrə xərclənməyib, ya da bəzi hallarda qiymətlərin şişirdilib. Bu da ondan xəbər verir ki, əslində hər bir istiqamətdə, xüsusilə də pandemiya dövründə ayrılan vəsaitlərin səmərəliliyinin qiymətləndirilməsinə ehtiyac var. Həmçinin dezinfeksiya tədbirləri üzrə səmərəliliyin də ayrıca qiymətləndirilməsi məqsədəuyğun olardı. Bunun virusun yayılmasına təsirinin olub-olmaması müəyyənləşdirilməlidir”.

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal departamentindən bildirilib ki, qurumun həyata keçirdiyi dezinfeksiya tədbirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat, qərarları və bu sahə mütəxəssislərin rəyi əsasında həyata keçirilir.

Qeyd edilib ki, dezinfeksiya tədbirləri xüsüsi qrafik üzrə Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları tərəfindən əsas küçə və prospektlərdə aparılır. Departamentin əməkdaşları tərəfindən balansda olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər və əlavə təmizlik işləri görülür.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code