Hər iki dozada eyni peyvənd vurulmalıdır

0
16

Azərbaycanda vaksin birinci tibb işçilərinə, daha sonra risk qrupuna daxil olan 75 yaşdan yuxarı insanlara vuruldu. Hazırda 40 yaşdan yuxarı insanların könüllülük prinsipi üzrə vaksinasiyası davam edir. Əvvəlki aylarla müqayisədə indi əhalinin vaksinasiyaya marağı və istək səviyyəsi daha yüksəkdir, vaksin vurdurmağa daha həvəslidirlər. Artıq 900 mindən çox insanda vaksinlənmə aparılıb. 250 mindən çox şəxsin isə ikinci dəfə vaksinlənməsi başa çatıb.

Medonline.az  xəbər verir ki, bu barədə Yeni Klinikanın reanimasiya şöbəsinin müdiri Emil Qasımov danışıb. Həkim bildirib ki, infeksion xəstəliklərin müalicəsində və profilaktikasında ən önəmli metodlardan biri vaksinasiyadır:

“Məsələn, çiçək xəstəliyi məhz vaksin hesabına demək olar ki, bitib, artıq bu xəstəliyə bəşəriyyətdə çox az rast gəlinir. COVID-19-a qarşı “Sinovac” peyvəndi ənənəvi metodlar və köhnə texnologiyalar əsasında hazırlanmış inaktiv vaksindir. İnaktiv peyvəndlərin fəsadları çox minimaldır, öldürücü ağırlaşma demək olar ki, görünməyib. Odur ki, “Sinovac”ın fəsadlarından qorxmaq absurd məsələdir. Bu vaksindən bir çox ölkələrdə istifadə olunduğu bəllidir.

Dünyada Ümumdünya Səhiyyə Təşkilatının təsdiq etdiyi 7-8 peyvənddən istifadə olunur. Araşdırmalar da göstərib ki, “Sinovac” vaksininin xəstəlikdən qoruyuculuğu yüksəkdir. Amma peyvəndlərin xəstəlikdən tamamilə qoruduğunu gözləməməliyik. Əsas məqsədimiz odur ki, vaksin ağırlaşmaların qarşısını alsın, xəstəxanaya, reanimasiyaya və süni tənəffüs aparatına ehtiyac olmasın, ağciyərlərə yayılmasın, beləliklə ölümlərin qarşısını alaq. Vaksinasiya başa çatdıqdan sonra COVID-19 artıq bizim üçün əvvəlki qədər qorxunc olmayacaq. Odur ki, vaksin vurdurmaq vacibdir.

Qoruyuculuğunun nə qədər davam edəcəyini bilmirik deyə, vaksinin təkrar vurulma ehtimalı da gündəmdədir. Tənəffüs yolu ilə keçən digər infeksiyalara qarşı hazırlanmış peyvəndlərin qoruyuculuğuna əsasən təxmin edirik ki, bu, 6 ay və 1 ildir”.

Həkim qeyd edib ki, hər iki dozada eyni peyvəndin vurulması məsləhətdir:

“Birinci dozada “CoronaVac” peyvəndi istifadə olunubsa, 28 gündən sonra ikinci dozada eyni partiyadan olan peyvəndin olması məsləhətdir. Bir neçə gün sonra ölkəyə “Oxford” peyvəndlərinin gətirilməsi gözlənilir. Bu, İngiltərə və digər ölkələrdə istifadə olunan vaksindir. Eləcə də Rusiya istehsalı olan “Sputik V”, həmçinin “Moderna” və “Biontech/Pfizer” vaksininin gətirilməsi nəzərdə tutulub.

Türk, yəhudi və rus mütəxəssislərlə apardığımız müzakirələrə görə, antikor hər kəsdə yaranmaya bilər. Ümumdünya Səhiyyə Təşkilatı antikorların yoxlanılmasını məsləhət görmür. Antikorların olması qoruyuculuğun olmasını göstərir, lakin elmdə sübut olunub ki, önəmli olan hüceyrə immunitetinin yaranmasıdır. Bu isə laboratoriyada görünmür”.

E.Qasımov əlavə edib ki, koronavirusa yoluxan tibb işçilərinin 3 ay, xəstələrin isə 6 ay sonra vaksin vurdurması tövsiyə olunur.

Könül Həsənli

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code