Green Start Academy “Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır” adlı görüşə təşkilatçılıq etdi

0
96

3 aprel tarixində Green Start Academy-nin təşkilatçılığı ilə Aprel döyüşlərinin 5 illiyinə həsr olunan “Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır” adlı onlayn görüş keçirildi. Saat 14:00-da başlayan tədbir Green Start Academy-nin youtube kanalı üzərindən canlı yayımlandı. Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla anılmasından sonra tədbir açıq elan edildi. Tədbirin aparıcısı, Green Start Academy-də layihə rəhbəri Aygün Cəfərli gənc nəslin yetişməsində və şəxsiyyət kimi formalaşmasında vətənpərvərliyə xidmət edən tədbirlərin xüsusi vacibliyini qeyd edərək, bugünkü görüşün də bu məqsədə xidmət etdiyini dilə gətirdi. Aprel döyüşləri haqqında ətraflı məlumat verən Aygün xanım sözü görüş iştirakçılarına – şəhid anaları, qazi və ziyalılara verdi.

General-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimova, şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin bəy, şəhid Müşfiq Orucovun anası Aygün xanım, şəhid Emin Bağırovun atası İmran bəy, şəhid Mikayıl Vahabzadənin anası Rumiyyə xanım, şəhid Əbdüləcid Axundovun anası Ceyran xanım çıxış edərək şəhid övladlarının vətənə bağlılıqlarından, qəhrəmanlıq tarixindən söhbət açaraq, valideyn olaraq hər zaman qürurlu olduqlarını bildirdilər. Vətən qaziləri Səxavət Salmanov, Ramil Rəcəbli döyüş xatirələrini paylaşaraq, bundan sonra da Vətənə şərəflə xidmət edəcəklərini söylədilər. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Respublikanın Əməkdar artisti  Ağalar Bayramov Azərbaycan xalqının vətən, millət sevgisindən söz açaraq, milli ruhlu şeirləri ilə tədbirə xoş ovqat bəxş etdi. Əməkdar həkim, medonline.az saytının Redaksiya Şurasının sədri, Xocalı Soyqırımı Tanıtma İctimai Birliyinin üzvü Tariyel Eyvazov müharibə zamanı Azərbaycan əsgərinin şücaətindən, göstərdikləri qəhrəmanlıqlardan bəhs edərək, onların damarlarında axan qanda belə vətən sevgisinin güclü olduğunu göstərən məqamları bir həkim olaraq izah etdi. Respublikanın Əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işçisi Zülfiyyə Vəliyeva millət olaraq tarixi köklərimizdən danışaraq, gənclərimizdə vətənpərvərlik sevgisinin aşılanmasında valideynlər qədər müəllimlərin də xüsusi rolundan danışdı. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin miqrantların təhsili üzrə koordinatoru, baş müəllim, Azərbaycan Vərəmlə mübarizə QHT koalisiyasının Aypara təmsilçisi Sona Hacıyeva, AMEA Bakıxanov adına Tarix İnstitutunun doktorantı, Bakı şəhəri 47 nömrəli tam orta məktəbin müəllim, Xocalı Soyqırımı Tanıtma İctimai Birliyinin üzvü, tarixçi  Ülviyyə Mehdiyeva Aprel döyüşlərinin tariximizin ən şanlı səhifə olaraq daim yaddaşlarda qalacağını bir daha qeyd etdilər. Müxtəlif məktəblərin şagirdləri əllərində Azərbaycanın şanlı bayrağını dalğalandıraraq Vətənə aid şeirlər səsləndirdilər.

Sonda Green Start Academy-nin rəhbəri Aysel Rəsulzadə çıxış edərək millət olaraq hər zaman birliyimizin vaciblini, şəhidlərimizi və onların ailələrini, eyni zamanda qazilərimizi bir an belə unutmağa haqqımız çatmadığını, ömür boyu onlara borclu olduğumuzu vurğulayaraq, Azərbaycanı və onun qəhrəmanlarını əməlimiz və sözümüz ilə daim zirvələrdə yaşatmalı olduğumuzu qətiyyətlə bildirdi.

Geniş və maraqlı çıxışlarla əhatə olunan görüş yüksək qürur hissi  ilə başa çatdı.

 

Könül Həsənli,

medonline.az

05.04.2021

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code