TƏBİB-dən SOS: “Məhdudiyyətlər yenidən qüvvəyə minəcək”

0
14

Viruslar mutasiya olunmaq qabiliyyətinə malikdir. Sadəcə Britaniya ştammı deyil, başqa versiyaları da mövcuddur. Qloballaşan dünyanın bir parçasıyıq, odur ki, Britaniya ştammının ölkəmizdə görünməsi təsadüfi deyil. Hər hansı şəxs koronavirusun Britaniya ştammına yoluxub-yoluxmadığını özü müəyyən edə bilməz. Laboratoriyalarda təhlillər aparılır. Əlamətlər eynidir, sadəcə yoluxduruculuq qabiliyyəti bildiyimiz virusdan daha sürətlidir. Azərbaycanda COVID-19-a yoluxma sayının artmasını virusun Britaniya ştammı ilə bağlamaq doğru olmaz. İnsan təması yüksək olduqdan sonra bütün ştammlara eyni dərəcədə yoluxacaqlar.

Medonline.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun rəhbəri Vasif Əliyev deyib. İnfeksionistin sözlərinə görə, Britaniya ştammının ağırlıq dərəcəsi uşaqlar üzərində özünü göstərir:

“Araşdırmalar göstərir ki, uşaqlara təsiri daha çoxdur, yoluxduruculuq qabiliyyəti də 1,5 dəfə daha artıqdır. Böyük insanlar üzərində isə ciddi təsirləri qeydə alınmayıb. Müalicəsində də hər hansı fərq yoxdur. Bütün respirator xəstəliklərin qorunmasında təklif edilən qızıl qaydalar eynidir: sosial məsafəni gözləmək, maska taxmaq və gigiyena şərtlərinə əməl etmək. Virusun Britaniya ştammına qarşı qorunma üsulları da belədir”.

Karantinin sərtləşdirilməsi xəbərinə münasibət bildirən həkim qeyd edib ki, məhdudiyyətlər yenidən qüvvəyə minəcək:

“Lakin hansı məhdudiyyətlərin yenidən qüvvəyə minməsi ilə bağlı dəqiq fikir söyləyə bilmərəm. Bizim səlahiyyətimiz daxilində deyil, Operativ Qərargahın işidir. Təbii ki, lazım olan tədbirləri görəcək. Qarşıdan bayram gəlir, tövsiyə edərdim ki, insanlar bayramı evdə keçirsin. Görünən odur ki, insanların sıxlığı nə qədər çox olursa, xəstəlik sayı da bir o qədər artır. Sağlamlığımızı qorumaq, virusun yayılmasının qarşısını almaq istəyiriksə, qızıl qaydalara əməl etməliyik ”.

Həkim onu da bildirib ki, koronavirusa yoluxmuş şəxslərdə yaranmış antikorlar bir müddət sonra yenidən yox olur:

“Bir ildir ki, pandemiya ilə mübarizə aparırıq. Bununla bağlı olaraq ölkədə bir sıra məhdudiyyətlər tətbiq olunmağa başladı. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra hər dəfə eyni hal müşahidə olunur və yoluxmalar yenidən artmağa başlayır. Son yumşaldılmadan sonra yenidən insan təması artdı və təbii ki, virusun ötürücülük qabiliyyəti də artdı. Antikorların miqdarı zamanla azalır, odur ki, xəstəliyi keçirmiş insanlar virusla təmas sonrası yenidən infeksiyaya yoluxa bilir. Hər dəfə yumşalmadan sonra insanları daha ehtiyatlı olmağa səsləsək də, virusun yayılmasının qarşısını almaq mümkün deyil. Bu mənada zaman-zaman qapanmalara getmək məcburiyyətindəyik”.

Vasif Əliyev artıq 500 minə yaxın insanın vaksinasiya olunduğunu qeyd edib:

“Vaksinasiya bəzi ölkələrdə hələ də başlamayıb. Məsələn, peyvəndlənmə Gürcüstanda yeni başlayacaq. Peyvənd alınması çətin prosesdir. Ölkə başçısının da qeyd etdiyi kimi, peyvənd ölkələr arasında ədalətli şəkildə bölünmür. Bu mənada Azərbaycan irəlidədir. Peyvənd prosesinə zamanında başlamaqla risk qrupuna daxil olan insanların həyati təhlükəsini azalda bildik. 500 min ciddi rəqəmlərdir. Əgər peyvəndlənmə olmasaydı, yoluxma sayında olan rəqəmlər daha yüksək olardı. Kütləvi immunitetin yaranması üçün təbii ki, əhalinin 60-70 faizində infeksiyaya qarşı antikor yaranmalıdır. Əhalinin üzərinə böyük məsuliyyət düşür. Peyvənd olunmalıyıq ki, gələcəkdə bu virusdan qoruna bilək.

Peyvəndlə bağlı problemlər əvvəllər də olub. Yeni doğulan uşaqlara vaksin vurdurmayan o qədər ailələr var ki. Vaksinin iflicə və ya bəzi mental dəyişikliklərə səbəb olacağı qorxusu ilə vaksindən imtina ediblər. Peyvəndin faydaları əks təsirlərindən dəfələrlə çoxdur. Özəlliklə Azərbaycanın istifadə etdiyi “Sinovac” inaktivləşdirilmiş və tamamilə zərərsiz vaksinlərdir. Vaksindən sonra hərarət, qolda qızartı, yüngül ağrı və halsızlıq ola bilər ki, bu da bütün peyvəndlər üçün xarakterikdir”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code