General Rövşən Əkbərovun həbsinin ŞOK SƏBƏBİ

0
26

General-leytenant Rövşən Əkbərovun həbsi barədə xəbərlər yayılandan sonra bütün diqqət illərdir mediada hallanan məşhur qətl işinə yönəlib.

Yada salaq ki, Ukrayna Prokurorluğu R.Əkbərovun dəhşətli bir cinayətdə iştirakı barədə əldə etdiyi dəlil-sübutu ictimailəşdirmişdi.

Publika.az Musavat.com-a istinadla bir müddət öncə ictimailəşən sözügedən sensasion materialı təqdim edir:

19 ildir ki, Rövşən Əkbərovun adı iş adamı Elçin Əliyevin qətlində əsas fiqur kimi keçir. Elçin Əliyev 2000-ci ilin əvvəllərində Ukraynanın paytaxtı Kiyevdə tanınmış azərbaycanlı iş adamlarından biri olub. O dövrlərdə Elçin Əliyevin biznesinin əks-sədası Bakıya qədər gəlib çatırdı. Ətrafında sonradan Azərbaycan hakimiyyətində müxtəlif postlar tutan xeyli şəxs vardı. O dövrdə onun özünün də nazir və ya bu posta bərabər vəzifəyə təyinat ala biləcəyi xəbərləri dolaşırdı.

Amma 2001-ci ilin yayında Elçin Əliyevlə bağlı sarsıdıcı xəbər yayıldı, bir anda bütün mətbuatın diqqət mərkəzinə gəldi. İlk günlər bilinən o idi ki, tanınmış biznesmenin ürəyinə hərbi bıçaqla zərbə endirərək qətlə yetiriblər. Az sonra qətldə Rövşən Əkbərovun adı hallanmağa başladı. Sonradan isə Rövşən Əkbərovun Bakıda olması və vəzifə təyinatı alması xəbəri gəldi.

Ötən illər ərzində Elçin Əliyevin anası Səmayə Əliyeva oğlunun qətlinin açılması üçün çabalar göstərib, mətbuat konfransları keçirib, Avropa Məhkəməsinə müraciət edib. Səmayə Əliyeva oğlunun dəhşətli qətlində israrla Rövşən Əkbərovun adını çəkib, onu ittiham edib. Rövşən Əkbərovun vəzifədə olması bu ittihamların obyektiv araşdırılmasına mane olub.

Rövşən Əkbərov artıq 2020-ci ilin noyabrından vəzifədə deyil. Səmayə Əliyevanın vaxtilə redaksiyaya ünvanladığı məktubda qətllə bağlı ciddi faktlar, iddialar yer alır.

Həmin məktubunda Səmayə Əliyeva oğlunun qatilinin o zaman Kiyevdə hərbi akademiyada oxuyan Rövşən Əkbərovun olduğunu qeyd edir:

“Elçinlə Rövşənin arasında o vaxtlar söz-söhbət olub, amma bunun səbəbi bizə məlum deyil. Oğlumun cənazəsini Kiyev şəhərindən Nazim İbrahimov və oğlumla birlikdə iş birliyində olan Səməd Novruzov Bakıya gətirdilər. Soruşacaqsınız ki, ailə üzvlərindən cənazəni gətirməyə kimsə getmişdimi? Bizim Kiyevə getməyimizi şəxsən Nazim İbrahimov, hansı səbəbdənsə, məsləhət bilmədi. Yeganə oğlumun qatilinin azadlıqda olması cəmiyyətimiz üçün təhlükəlidir. O vaxtlar Ukraynada müvəqqəti işlər vəkili, sonradan Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov oğlumun yas mərasimində iştirak edərkən mənə bildirdi ki, Səmayə ana, bu işin arxası ilə getməyin. Dedi ki, bu cinayətin arxasında böyük qüvvələr durur.

Elçin Əliyev 1 iyun 2001-ci ildə Kiyev şəhərində qəsdən öldürülüb. Bundan sonra fakt üzrə Ukrayna Prokurorluğu cinayət işi başlayıb və cinayəti törədən şəxsin Azərbaycan Respublikası vətəndaşı olması, hadisəni törətdikdən sonra qaçıb gizlənməsi müəyyən edilib. Buna görə də cinayət dosyesi 27 fevral 2003-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Oğlum Elçin Əliyevə qarşı cinayəti hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrində yüksək komandan postu tutan general Rövşən Əkbərov (məktub ictimailəşərkən R.Əkbərov vəzifədə idi – red.) tərəfindən törədilməsinə dair hələ iş Ukrayna Respublikasında olarkən, kifayət qədər faktlara, məlumatlara və sənədlərə malik idik. Ukrayna hüquq-mühafizə orqanları da cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsinə dair mötəbər sübutlar əldə etdikdən sonra işi Baş Prokurorluğa göndərmişdi. Onun hərbçi olması nəzərə alınaraq, 8 aprel 2003-cü ildə cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə verildi. Hərbi Prokurorluq aparılan iş üzrə həqiqətin müəyyən edilməsinə kömək etmədi. Buna görə bizim çoxsaylı şikayətlərimizdən sonra cinayət işi Hərbi Prokurorluğun icraatından götürülüb 24 fevral 2004-cü ildə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə verildi.

12 may 2004-cü ildə iş üzrə istintaq aparılması bu idarənin xüsusi işlər üzrə böyük müstəntiqi Rasim Hacıyevə həvalə olundu. Rasim Hacıyev istintaq hərəkətlərini davam etdirmək üçün Ukrayna Respublikasında oldu və onunla əlaqə saxlayarkən cinayəti törətmiş şəxsin tezliklə məsuliyyətə cəlb olunacağına dair bizdə inam yaratdı. Lakin sonradan nədənsə cinayəti törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi üçün heç bir real addım atılmadı və sübutların azlığı bəhanə gətirildi.

Daha sonra cinayət işi Rasim Hacıyevin icraatından götürülərək hərəkətlərindən Nəsimi Rayon Məhkəməsinə şikayət etdiyimiz Rövşən Maqsudovun icraatına verildi. Rövşən Maqsudov apardığı istintaq hərəkətləri və qəbul etdiyi prosessual qərarlar barədə bizə heç bir məlumat vermirdi. Nəticədə biz onun hərəkətlərindən Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədova və Baş prokurora şikayət etmək məcburiyyətində qaldıq. Bizim bu şikayətlərimiz də fayda vermədi.

Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyinin müəyyənləşdirdiyi qaydada 9 oktyabr 2007-ci ildə Rövşən Maqsudovun qanunsuz hərəkətsizliyindən ərazi aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə şikayət təqdim etdik. İşi icraatına qəbul edən hakim İkram Şirinov bu halda “şikayətin başqa qaydası” nəzərdə tutulmasını əsas göstərərək ona baxmaqdan imtina etdi. Hakimin tövsiyəsinə uyğun olaraq 28 dekabr 2007-ci ildə Rövşən Maqsudovun hüquqlarımızı pozan hərəkətlərindən məhkəmə nəzarəti qaydasında Nəsimi rayon məhkəməsinə şikayət təqdim etdik. Bu şikayət də hakim Şirinovun icraatına verildi.

Hakim Şirinov şikayətə açıq məhkəmə iclasında, tərəflərin iştirakı ilə baxılmasını və əvvəllər bizə verilməyən bir sıra prosessual qərarların surətlərinin təqdim olunmasını təmin etsə də, cinayət tənqidi orqanının qanunsuz hərəkətlərinə aid şikayətimizi təmin olunmamış saxladı.

Məhkəmə qərarının 3-cü vərəqində bu iş üzrə istintaq müddətinin sonuncu dəfə Azərbaycan Respublikası Baş prokurorunun 26 dekabr 2007-ci il tarixli qərarı ilə 3 (üç) ay müddətinə – 12 aprel 2008-ci ilədək uzadılması (bu barədə bizə heç bir məlumat verilməmişdi) qeyd olunur, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 84.5.16., 218.8. və 218.9 maddələrinə istinad edilməklə istintaq müddətinin uzadılmasının prosessual rəhbərliyi həyata keçirən prokurorun hüququ olması göstərilir. Məhkəmə qərarının həmin vərəqdəki digər hissəsində göstərilir: “Azərbaycan Respublikası CPM-nin 449-cu maddəsində cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi qaydası müəyyən edilib. Həmin maddədə şikayət olunan hərəkət və qərarların dairəsi konkret göstərilib. Qeyd olunan maddədə istintaq müddətinin uzadılmasına dair istintaq orqanının qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilməsi nəzərdə tutulmayıb. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilə bilməz”.

Səmayə Əliyeva qeyd edir ki, onlara təqdim olunan məhkəmə qərarının 4-cü vərəqinin əvvəlində Rövşən Əkbərovun onun oğlunu qəsdən öldürməkdə ittiham edildiyi yazılır: “26 fevral 2003-cü il tarixdə Əliyev Elçin Faday oğlunun öldürülməsi faktına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-leytenantı Əkbərov Rövşən Telman oğlu barəsində Ukrayna Respublikası Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi ilə, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb”.

CPM-nin 223.1. və 223.2. maddələrinə istinad edən hakim daha sonra qərarın həmin vərəqində aşağıdakıları qeyd edir: “Göründüyü kimi, ibtidai istintaq zamanı hər hansı şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi istintaqı həyata keçirən şəxsin toplanmış mötəbər sübutların məcmusu ilə yanaşı, həm də onun daxili inamı ilə bağlı olan müstəsna hüququdur və məhkəmə qərarı əsasında istintaqı həyata keçirən şəxsə bu cür göstərişin verilməsi qanunun tələblərinə ziddir və yolverilməzdir… Belə olan halda aydın olur ki, şikayətçinin müstəntiq R.Maqsudovun “kifayət qədər sübutlar” mövcud olmasına baxmayaraq, general Rövşən Əkbərovu məsuliyyətə cəlb etməməkdə ifadə olunan hərəkətsizliyinin qanunsuz olması barədə” qərar qəbul edilməsinə dair tələbi də əsassızdır və təmin edilə bilməz”.

“Telefon zəngi vaxtı cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsini bildirməsi…”

Səmayə Əliyeva məktubunda davam edir:

“Birinci instansiya məhkəməsinin qərarının məzmunundan göründüyü kimi, cinayət təqibi orqanı nəinki yerinə yetirdiyi (və habelə yetirməli olduğu) hərəkətlər barədə bizi məlumatlandırmayıb, bu orqan hətta hüquqlarımızın həyata keçirilməsi və qanuni mənafeyimizlə bağlı qəbul edilən prosessual surətlərini belə təqdim etməyib. Buna baxmayaraq, cinayət işinin istintaqı hələ Ukrayna Respublikasında aparılarkən qəsdən adam öldürmə cinayətinin məhz Rövşən Əkbərov tərəfindən törədilməsinə dair aşağıdakı sübutların mövcudluğu barədə məlumatlı idik:

2 iyun 2001-ci ildə cənab Nazim İbrahimovun, Musaxan Əliyevin və Səməd Novruzovun (bu şəxslərin hər ikisi Ukraynada yaşayır və hadisə barədə tam məlumatlıdırlar) onlara etdiyi telefon zəngi vaxtı cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsini bildirməsinə;

Hadisəni görən Məzahir Şıxəliyevin Rövşən Əkbərovu fotoşəkil üzrə tanımasına və bu barədə Kiyev şəhərinin Şevçenko rayon müstəntiqinə verdiyi ifadəsinə;

Hadisəni görən Məzahir Şıxəliyevin həyatı üçün təhlükə yaranmasına görə qaçıb-gizlənməsinə və hazırda da bu səbəbdən Azərbaycana qayıtmaqdan çəkinməsinə;

Məzahir Şıxəliyevin hadisə vaxtı Əkbərov tərəfindən döyülərək sağlamlığının qısa müddət pozulmasına dair xəsarət alması barədə səlahiyyətli məhkəmə-tibb ekspertinin 3 saylı 6 iyun 2001-ci il tarixli rəyinə;

Oğlumuzun ölümünə səbəb olan kəsici-deşici alətlə yetirilmiş zədələrin süngü bıçaqla yetirilməsinə (bu bıçağı yalnız general Rövşən Əkbərov daimi üstündə gəzdirir) dair səlahiyyətli məhkəmə-tibb ekspertinin rəyinə;

Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin əməkdaşı kimi R.Əkbərova diplomatik toxunulmazlıq hüququna malik olmasına dair saxta sənəd verilməsinə;

Səlahiyyətli istintaq orqanlarının çağırışına baxmayaraq, R.Əkbərovun Ukrayna hüdudlarını elə həmin gün tərk etməsinə şərait yaradılmasına;

Ukrayna Respublikasından daxil olan həmin cinayət işinin istintaq aidiyyətı üzrə hərbi prokurorluğa verilməsinə (bu prokurorluğun məhz hərbiçilər tərəfindən törədilən cinayətlərin istintaqı ilə məşğul olması mübahisələndirilməyən haldır);

İşin digər hallarına.

Bunlardan başqa, hakimin qərarı ilə tanışlıq belə təəssürat yaradır ki, işdə həqiqətən də cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsinə dəlalət edən kifayət qədər mötəbər sübutlar mövcuddur, çatışmayan yeganə hal Maqsudovun daxili inamıdır. Halbuki bu vəziyyətdə cənab Maqsudovun daxili inamının süburlarla ziddiyyət təşkil etməsinin səbəbləri göstərilməli idi”.

“Bütün sübutlar ola-ola nəyə görə Rövşən Əkbərov həbs edilmir?”

Səmayə Əliyev qeyd edir ki, Rövşən Əkbərov övladını döyüş bölgəsində deyil, Kiyevin mərkəzində, restoranın qarşısında qətlə yetirib:

“Rövşən Əkbərov oğlum Elçin Əliyevi dövlətə silahlı basqın və digər hallarla əlaqədar olaraq müharibə şəraitində deyil, məzuniyyətdə olub vaxt keçirdiyi Kiyev şəhərində restoranın qarşısında qətlə yetirib. Onun hazırkı vaxtadək cinayət məsuliyyətinə cəlb edilməməsi Azərbaycan Silahlı Qüvvələrindəki iyerarxiya üzrə yüksək post tutması ilə əlaqədar idi. Ancaq buna görə cinayət təqibi orqanı Rövşən Əkbərova konstitusiya və beynəlxalq müqavilələrlə nəzərdə tutulmayan toxunulmazlıq statusu verirdi. Bu iş üzrə ibtidai araşdırma aparan müstəntiq Rövşən Maqsudov və həmçinin prosessual nəzarəti həyata keçirən prokurorlar nəinki Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Rövşən Əkbərova, hətta onun leytenantı olan hər hansı şəxsə belə münasibətdə müstəqil deyildilər. Cinayət işinin istintaqının uzun müddət aparılması (bunun hüquqi yardım göstərilməsi ilə əlaqədar bəhanələrlə əsaslandırılması), sübutların mövcudluğu vəziyyətində Əkbərovun məsuliyyətə cəlb olunmaması, cinayət təqibi orqanının və ona rəhbərlik edən şəxslərin astagəl davranışı müstəqilliyin deyil, asılılığın göstəricisidir.

Yeganə oğlunu itirən valideynlər kimi hesab edirik ki, şəxs yalnız poqona görə general olmur (və ya olmamalıdır). Şəxs həm də düşüncəsinə, hərəkətlərinə, davranışına və əxlaqına görə general olmalıdır. Hörmətli məhkəmə isə cinayəti törədən şəxsin general, zərərçəkənin isə mülki şəxs (və ya əksinə) olmasını əsas götürməlidir.

Bizim son tələbimiz odur ki, bütün sübutlar ola-ola nəyə görə Rövşən Əkbərov həbs edilmir?

“Guya ki, istintaq gedir. 19 il istintaq gedər?”

Hüquq-mühafizə orqanları Rövşən Əkbərovun qorxusundan Prezidentə düzgün məlumat vermirlər və həmin məlumatların yerinə, ona və cinayətdə əli olan insanlara sərf edən informasiyalar ötürürlər. Guya istintaq gedir. 19 il istintaq gedər? Ukrayna Baş Prokurorluğunun verdiyi məlumat doğru və dürüst məlumatdır. Axı Ukrayna Baş Prokurorluğunun qərarı niyə icra olunmur? Ukraynanın Baş Prokurorluğundan bizim ünvanımıza göndərilən məlumata Ukrayna Respublikası cavabdehdir. Nəzərə alınmalıdır ki, Ukraynada istintaq aparılarkən qətl hadisəsinin məhz Rövşən Əkbərov tərəfindən törədildiyi birmənalı şəkildə təsdiq olunub. Ukrayna tərəfi cinayət işini Rövşən Əkbərovun təqsiri sübuta yetirildiyinə görə onun məsuliyyətə cəlb edilməsi üçün cavabdeh dövlətə göndərib. Azərbaycanda aparılan istintaq isə dindirilmiş şahidlərin ifadələrindəki əhəmiyyətsiz uyğunsuzluqları qabartmaqla Rövşən Əkbərovun məsuliyyətdən kənarda qalması üçün süni əsaslar yaradılmasına xidmət edir. Hətta Rövşən Əkbərov işin mahiyyəti üzrə dindirilməyib. Onun dindirilməsi formal xarakter daşıyıb. Bizim Rövşən Əkbərovun Ukraynadan təlimləri başa vurmadan tələm-tələsik geri qayıtması barədə müraciətlərimizə baxılmayıb”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code