Doktor Nazim Xudiyev: Dövlətimiz, Prezidentimiz səlahiyyət verir ki, heç kəs qorxmasın, çəkinmsəsin. Hər kəs çıxıb öz fikrini, sözünü desin. Ancaq çıxıb kimisə təhqir etmək düzgün deyil. Buna mən özüm heç vaxt yol verməmişəm, yol vermərəm də!

0
101

Müsahibimiz medonline.az saytının Redaksiya Şurasının üzvü, ehtiyatda olan tibb xidməti polkovnik- leytenantı, psixoterapevt, I Qarabağ Müharibəsi Veteranı Nazim Rəhman oğlu Xudiyevdir.

-Salam, Nazim müəllim, xahiş edirik ömür yolunuz haqqında oxucularımıza qısa məlumat verəsiniz.

– Mən Ağdamın Xındırıstan kəndində böyümüşəm. Orta məktəbi də orada bitirmişəm. Daha sonra Azərbaycan Tibb Universitetində təhsil almışam. Qroznu şəhərində Psixonevroloq ixtisası üzrə İnternaturanı keçmişəm. Daha sonra Azərbaycana qayıdıb Maştağada 1 nömrəli Respublika psixatriya xəstəxanasında həkim kimi qulluq etmişəm.  Həkim ailəsində böyümüşəm. Ailəmizdə hamı həkim olub. Böyüdüyüm mühitdə də həmişə kənd əhalisinin içərisində olmuşam. Həkimlərin çəkdikləri əziyyətlərin daima şahidi olmuşam. Anamın – atamın dövlətimizə, millətimizə olan qayğısı – sevgisi mənə həmişə örnək olub. Xalqımız tərəfindən də həmişə qiymətləndirilmişik. Bizə həkim ailəsi kimi daima hörmət olunub, indidə elə o cür də yad edirlər.  Mən, 1985-1986-cı illərdə Azərbaycanda psixiatriya xidmətinin və psixonarkoloji xidmətin təşkilində iştirak etmişəm. Kabinetlər yaratmışıq. Bütün rayonlarda psixiatrik xəstələrin, narkoloji xəstələrin qeydiyyata alınması, müalicəsi, sosioloji problemlərinin həlli ilə məşğul olmuşuq. Onları sistemli şəkildə təşkil etmişik. Çox müsbət nəticə əldə etmişik. 1987-ci ildən 1989-cu ilə qədər SSRİ Silahlı Qüvvələrində xidmətdə olmuşam. Tibb xidməti baş leytenantı olaraq, həkim – mütəxəssis kimi xidmət etmişəm. 1992-ci ildən etibarən Azərbaycan Ordusunda xidmət etmişəm. Müxtəlif vəzifələrdə çalışmışam. Azərbaycan Ordusunda tibb xidmətinin təşkilində xidmətlərim olub.  Daha sonra Azərbaycan Tibb Universitetinin hərbi kafedrasında müəllim kimi çalışmışam. Həmçinin hospitalda həkim-mütəxəssis kimi çalışmışam.  Ailəliyəm. İki övladım var.

44 günlük Vətən müharibəsi və şanlı qələbəmiz haqqında  nə demək istərdiniz?  

-44 gün deyəndə rəqəm olaraq az gəlməsin Sizə. 44 gün bizə minlərlə şəhidin qanı bahasına başa gəldi. Minlərlə yaralımız, qazilərimiz oldu. Allah xalqımızı var eləsin. Allahın açdığı bir yol idi bu yol və şükür Allaha ki, Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev bu yolu çox düzgün, vaxtında tutdu. Allah qüvvət versin ki, axıra çatdırsın. Xalqımız da sağ olsun ki, dövlətimizə hər zaman, hər şəraitdə dəstəkdir. Şükür Allaha bu gün biz qalib Orduyuq. Ancaq bizim cənnət məkanlarımızı, xarabalıq edib veriblər bizə. Allah Prezidentimizin canını sağ eləsin. Çalışır ki, o yerləri yenidən cənnətə çevirsin. İnşAllah qismət olar o guşələri də görərik. Yuxuda belə görə bilmədiyimiz şeyləri Allah bizə nəsib elədi. Ərazimizin çox böyük bir hissəsini götürmüşük artıq. Qalanlarını da Allahın köməkliyi ilə geri alarıq. Allah dövlətimizi, xalqımızı bəlalardan qorusun.

 

 –Yaralanan zabit, gizir və əsgərlərə əlillik dərəcəsinin verilməsi ilə bağlı problemlər hazırda gündəmi zəbt etmiş məsələlərdən biridir. Çoxsaylı şikayətlər var qazi və şəhid ailələrindən. Nə kimi qanunsuzluqlar baş verir? Bütün bu şikayətlərə səbəb nədir? Bu haqda fikirləriniz bizim üçün çox maraqlıdır.

-Mən özüm o vaxt müharibədə iştirak etmək istəsəm də, yaşımla əlaqədar məni aparmadılar. İndi mən şəhid ailələrini yaşadıqları mənzillərə baş çəkirəm. Sanki onların ailələri də, özləri də seçilmiş insanlardılar. Onlar bu yüksək mərtəbəyə, şəhidlik mərtəbəsinə layiq olan uşaqlar idi. Allahdan hər birinə rəhmət diləyirəm.  Qazilərimizə isə Allah səbr versin. Mübariz olsunlar daima.  Onlar sadəcə öz haqlarını tələb edirlər. Düzdü, biraz hövsələsizlik də olur. Ancaq haqsızlıq hər yerdə var. Bu dünya haqq dünyası deyil, haqsızlıq dünyasıdır.  Bu o demək deyil ki, haqqını tələb etməməlisən. sadəcə tələb edəndə də  müəyyən çərçivədə tələb etmək lazımdır. Çıxırlar televiziyaya kimsə kimisə təhqir edir, söyürlər. Mən bunları qəbul etmirəm.  dövlətimiz, Prezidentimiz səlahiyyət verir ki, heç kəs qorxmasın, çəkinmsəsin. Hər kəs çıxıb öz fikrini, sözünü desin. Ancaq çıxıb kimisə təhqir etmək düzgün deyil. Buna mən özüm heç vaxt yol verməmişəm, yol vermərəm də. Düzdür hər kəsin əsəbi vaxtı olur, acı bir söz deyir.  Ancaq mən həmişə çalışıram ki, heç kəsin qəlbinə dəymiyim. Sadəcə anlamaq lazımdır ki, bizim dövlətimiz var, dövlət başçımız var. Müraciət etsinlər, tələb etsinlər. Ancaq həkimi təhqir etmək olmaz, sanitarı təhqir etmək olmaz. Bütün gün min bir əziyyətlə o xəstələrə qulluq edən insanları yaddan çıxarmaq olmaz. Bizim təbiblərimiz 50-dən çox şəhid veribdir. Bunları nəzərə almaq lazımdır. Onlar hamısı bizim adımızadır. Bir nəfər pisdirsə, bütün kollektivi pisləmək düzgün deyil. Xahiş edirəm ki, belə şeyləri hər kəs nəzərə alsın.

-Nazim müəllim, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən qazilərə psixoloji dəstək layihəsində Siz də iştirak edirsiniz. Bu haqda fikirlərinizi bilmək istərdik.

-Bəli, “Briut” Tibb Mərkəzindən dəvət aldıq biz. Hazırda dövlət xətti ilə Respublikanın müxtəlif rayonlarında yaşayan, mənəvi dəstəyə, müayinə və müalicəyə ehtiyacı olan qazilərlə görüşlərin keçirilməsi, pisxoloji dəstək göstərilməsi üçün hazırlanan layihədə iştirak edirəm. Biz artıq Quba rayonunda olmuşuq. Qazilərlə tam təmannasız görüş keçirildi. Növbəti dəfə Qusar rayonuna yollanacağıq. Bir çox rayonlar üzrə bu layihə davam etdiriləcək.    

 

Nazim müəllim, Siz,  medonline.az saytının Redaksiya Şurasının üzvüsünüz. Saytın rəhbərliyi adından Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova müraciət göndərilib. Milli Məclisin Komitə sədri, şəhid ailələrinə, müharibə əlil və veteranlarına daim qayğı göstərən xanım Qənirə Paşayeva ilə görüş keçirilib. Həmin görüşdə Siz də iştirak etmisiniz. Təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi?

-Şura yenicə təşkil olunsa da, rəhbərimiz uzun illik təcrübəyə malik Şamil müəllimdir. Gələcəkdə də Allah ona uzun ömür can sağlığı versin ki, öz mübarizəsini layiqincə davam etdirsin. Həmçinin, doktor Taryel Eyvazov, doktor Elmira Əliyeva, doktor Mübariz Allahverdiyev və digər Şura üzvləri çox savadlı, dünya görmüş insanlardır. Çox şadam ki, bu cür insanlarla, bu cür kollektivlə bir yerdəyəm. Biz bir-birimizdən küsüb inciməməliyik. Hər insanın səhvi olur. Çalışmalıyıq ki, bir birimizin səhvini düzəldək. Kollektivimizdə çox gözəl insanlar toplaşıb. Gərək biz bu kollektivi buraxmayaq. Çətinlik hər yerdə olur. Həmçinin, gənclərimiz də kollektivimizdə olmalıdır ki, inşAllah gələcəkdə bizim işimizi davam etdirsinlər.

Milli Məclisin Komitə sədri, xanım Qənirə Paşayeva ilə görüşümüz oldu. Görüşdə mən, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov və iki qazi iştirak etdi. Biz orda çox səmimi qarşılandıq. Müraciətimizlə bağlı müvafiq yerlərə zəng olundu. Umid edirik ki. ən qısa zamanda müraciətimizə müsbət cavab gələcək.

                   Şamil Sabiroğlu,

                   Könül Həsənli

                  Medonline.az

                 16.03.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code