Azərbaycanda siyasi qüvvələrin vəhdəti !!!

0
54

Hər kəsə məlum olduğu kimi, 05 mart 2021-ci il tarixdə hakim partiya olan Yeni Azərbaycan Partiyasının VII qurultayı  keçirilmişdir. Qurultayın sonunda 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bu siyasi partiyalar aşağıdakiılardır: Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası. Şübhəsiz ki, bu addım, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə, demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək və yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb olacaqdır. Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradır.

Siyasi partiyalarınYAP-a qoşulmaq istəyi YAP-ın sözün əsl mənasında xalq partiyası olduğunu sübut edir. YAP ümumxalq partiya olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu cür tendensiyalar eyni zamanda, iqtidara qarşı olan müsbət ictimai rəyin artmasından xəbər verir.

Bu gün ölkənin yeni siyasi sisteminin formalaşması prosesi davam edir.  Məhdud resurslara malik olan partiyaların kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaqdır. Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunacaqdır.

Siyasi partiyalar sistemində müşahidə olunan tendensiyalar YAP-ın gücündən və elektoratın potensialından xəbər verir. Nisbətən zəif qüvvələrin daha güclü qüvvəyə qoşulmaq istəyi təbii və başadüşüləndir. Eyni zamanda, 6 siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamdan irəli gəlir.

Siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə xidmət edir. Ölkədə siyasi partiyaların ləğv olunmadan sayının azalması siyasi proseslərə təsir etmək iqtidarında olan partiyalar üçün daha əlverişli şərait yaradılmasına xidmət edəcəkdir. Bu prosesi, siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətə səbəb olacaq mükəmməl qoşulma nümunəsi kimi qiymətləndirmək lazımdır. Demokratik ənənələrin inkişafı və ideoloji prioritetlərin vəhdətliyi, məhz 6 siyasi partiyanın iqtidar partiyasına qoşulmasına əsas  səbəbdir.

Bu gün milli həmrəylik Azərbaycanda dövlət siyasətinin strateji prioritetidir. Hal-hazırda Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar ölkənin siyasi mühitinə yeni nəfəs gətirəcəkdir. Ölkənin siyasi həyatında yeni demokratik məzmunlu islahatlar təqdirəlayiqdir. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır. Prezident, cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə, məhz ölkədə milli birlik yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Belə ki, 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir.

Bütün bunlardan əlavə onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında təsis edilmiş bir sıra siyasi partiyalar öz siyasi proqramlarında başlıca məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını və “Turançılıq” ideologiyasını nəzərdə tutmuşdur. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə formalaşması bir sıra partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb olmuşdur.

         

 

        Diqqətinizə görə minnətdaram!                                                                                                                                        

Dərin hörmətlə,                                                                                                                                                                                                                                                         

Müşfiq Əliyev                                                                                                                                      

Azərbaycan Respublikası

Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi

Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi.

 

                                                                    BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code