Təbib İbrahimov: “Arzu edirəm ki, Azərbaycanda xəstələrin sayı çox az olsun!”

0
133

Müsahibimiz Bakı şəhər 4 saylı Vərəm Əleyhinə Dispanserin fitiziatr – pulmonoloqu, Tibb  üzrə fəlsəfə doktoru, ehtiyatda olan tibb ximəti baş leytenantı, medonline.az saytının Redaksiya Şurasının üzvü  Təbib Qaraş oğlu İbrahimovdur.

  • Salam, Təbib həkim. Mümkünsə, ömür yolunuz haqqında oxuculara qısa bir məlumat verərdiniz.

-Mən, Qərbi Azərbaycanın Göyçə mahalının (keçmiş Basarkeçər rayonunun) Nərimanlı kəndində anadan olmuşam.  1988-ci ildə Nərimanlı kənd orta məktəbini bitirdikdən sonra 1988-1990-cı illərdə keçmiş sovet ordusunda hərbi xidmətdə olmuşam. 1990-cı ildə hərbi xidmətdən tərxis olunduqdan sonra mən bir daha öz doğma yurdumuz olan Göyçə mahalına qayıtmaq qismət olmadı və bütün ailə üzvlərimiz Sumqayıt şəhərinə pənah gətirmişdilər. 1991-1998-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil almışam. 1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrinə Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə tibb xidməti vəzifəsində çalışmışam.. Xidmətdə olduğum müddətdə Hərbi hospitalın reanimasiya şöbəsində, sonra isə tibb taborunda tibb  tağımının komandiri vəzifəsində çalışmışam. Hərbi xitmətdən tərxis olunduqdan sonra  2002-ci ilin yanvar ayından Bakı şəhər 4 saylı Vərəm Əleyhinə Dispanserdə həkim ftiziatr kimi işə başlamışam. 2011-ci ildə elmə daha çox marağım olduğu üçün mən həmin binada Tibb Universitetinin Ağciyər Xəstəlikləri kafedrasının dissertantı kimi elmi fəaliyyətə başlamışam. Elmi-tədqiqat işinin nəticələri Azərbaycan Tibb Universitetinin Ağciyər Xəstəlikləri kafedrasında (Bakı şəhər 4 saylı Vərəm Əleyhinə Dispanser) və C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda tətbiq edilmiş, eyni zamanda dissertasiyanın mövzusu 18  elmi işdə öz əksini tapmışdır. 2011-2018-ci illərdə dissertasiya işini tamamlamış, 2019-cu ildə elmi işimi müdafiə etmiş, Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam.  Hazırda Bakı şəhər 4 saylı Vərəm Əleyhinə Dispanserdə çalışıram.

  • Siz həm də ön cəbhədə həkim kimi xidmət etmisiniz. Mümkünsə, o günləri bir də xatırlayaq.

-Bəli, mən söhbətimin əvvəlində də qeyd etdiyim kimi Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə,  hərbi-hospitalın reanimasiya şöbəsində, sonra isə tibb taborunda tibb  tağımının komandiri vəzifəsində çalışmışam. Sonradan ehtiyac olduğu üçün mən döyüş bölgələrinə ezam olunmuşam və xidmətimi sonadək orada davam etmişəm.  Həmin dövrlərdə də əlbəttə ki, harda olmağımdan asılı olmayaraq bir  həkim kimi öz vəzifə borcumu layiqincə yerinə yetirməyə çalışmışam.

  • Hazırda 4 saylı Vərəm Əleyhinə Dispanserin həkimisiniz. Covid-19 pandemiyası ilə mübarizədə işlədiyiniz müəssisənin əməkdaşlarının da xidmətləri var.  Bu barədə məlumat verərdiniz zəhmət olmasa.

-Bildiyimiz kimi Koronavirus pandemiyaı bütün dünyanı cənginə alıb. Ölkəmizin səhiyyə işçiləri də bu virusa qarşı ciddi mübarizə aparır. Hər şeydən əvvəl istərdim ki, bu virus haqqında qısa da olsa məlumat verim. Koronavirus infeksiyası digər respirator infeksiyalar kimi hava-damcı yolu ilə tənəffüs yollarına miqrasiya edir və gələcəkdə bu xəstəliyin inkişafına səbəb ola bilir. Covid-19 xəstəliyini kliniki gedişatından asılı olaraq 3 mərhələyə bölmək olar.

1-ci mərhələ: Asimptomatik vəziyyət (yoluxmanın 1-2-ci günü). Tənəffüs yollarına sirayət etmiş sars-cov-2 virusu əsnək və burun boşluğundakı epitel hüceyrələrində toplanır və çoxalmağa başlayır.  Bu mərhələdə xəstəliyin heç bir kliniki əlamətləri müşahidə olunmur və bəzəndə yoluxmuş insanlar (xüsusən gənc yaşlı insanlar) heç bir simptomu olmadan sağalırlar.

2-ci mərhələdə: Covid-19 virusu kliniki olaraq özünü göstərməyə başlayır. Yoluxmuş xəstələrin təxminən 80%-ində xəstəlik yüngül olur və əsasən bu virus yuxarı tənəffüs yolları ilə məhdudlaşır. Bu şəxslər evdə konservativ simptomatik müalicə ilə yararlana bilərlər.

3-cü mərhələdə: Təəssüf ki Koronavirusa yoluxmuş xəstələrin təxminən 20%-i xəstəliyin 3-cü mərhələsinə keçərək ağciyərlərdə kəskin respirator Distress sindromu, hipoksiya və buzlu şüşə infiltratlarının əmələ gəlməsinə səbəb olur ki, bu da xəstəliyin ən ağır formalarından biridir. Bu xəstəliyin ağırlaşmasında yanaşı xəstəliklərin, Arterial hipertoniya, şəkərli diabet, böyrək patologiyalı olan xəstələr, insult riski olan xəstələr, ürək qan-damar  sistemi  və digər xəstəliklər bu xəstəliyin proqressivləşməsinə  və bəzən də ölümlə nəticələnməsinə gətirib çıxarır. Onu da qeyd etmək istəyirəm ki,  şükürlər olsun ki, biz ölkə olaraq digər ölkələrdən fərqli olaraq bu virusa qarşı daha fəal yanaşmışıq, dövlətimiz buna vaxtında xüsusi diqqət yetirərək qabaqlayıcı tədbirlər görmüşdür. Covide qarşı vaksinasiyasının aparılması bir tərəfdən xəstəliyin yoluxma riskinin sayını azaldır, ağırlaşmaların qarşısını alır ki, bu da letallığın statistik əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaqdır. 

Sualınıza cavab olaraq bir daha onu qeyd etmək istəyirəm ki, pandemiya dövründə biz Ağdaş rayon Mərkəzi Xəstəxanasında, Bilgəh və Zığ  qəsəbəsindəki modul tipli xəstəxanalarda işlədiyimiz müddətdə bu virusun kəskin şəkildə yayılması və bir sıra ağırlaşmalarla özünü göstərirdisə, hazırda şükürlər olsun bu xəstəlik xeyli azalmışdır və azalmaqda da davam edir.  Bu, bir daha onu göstərir ki, Ölkə Başçımız bu virusa qarşı aparılan qabaqlayıcı tədbirlərə xüsusi diqqət yetirir, həkimlərimiz gecə-gündüz virusun qarşısının alınması üçün əllərindən gələni edirlər.

  • Doktor, Siz, kovidli xəstələrə baxırdınız. Təbii ki, çox ağır xəstələr müraciət edirdi sizə. Hansı ki, gözlərinizə baxıb imdad diləyirdilər. Siz onları ağır vəziyyətdən çıxarmısınız.Bir neçə xəstə haqqında yadınızda qalan hadisələr varmı, bizimlə paylaşa biləcəyiniz?

-Biz, öz peşə borcumuzu yerinə yetirməyə çalışmışıq. Ağır xəstələrdə oksigen təminatı azaldığı üçün onlarda boğulma, təngnəfəslik halları daha çox olurdu. Biz də bacardığımız qədər çalışırdıq ki, onlara ilkin tibbi yardım göstərək və onları ağır vəziyyətdən çıxaraq. Pandemiya dövründə mən də bir həkim – bir vətəndaş kimi əlimdən gələni etdim ki xəstələrin, yoluxanların sayı azalsın, ağırlaşmanın qarşısı alınsın. Şükürlər olsun ki, bu gün bu virus ölkəmizdə pandemiya şəklində,  tam azalmışdır. İnşAllah ki, tezliklə tam kökü kəsilər.

–  Covid-19 a yoluxmuş  xəstələrə və ya bu pandemiyadan qorunmaq üçün nələri məsləhət görərdiniz?  Nələri etməlidirlər?

-Virusa yoluxmamaq üçün bir neçə vacib şərt var. Ən əsası tibbi maskadan istifadə olunmalıdır. Sosial məsafə saxlanılmalıdır. Gigiyenik tədbirlərə vaxtı-vaxtında  əməl olunmalıdır. Bu şərtlərə əməl etmək hər bir vətəndaşın borcudur.

  • 44 günlük Vətən müharibəsi və möhtəşəm qələbəmiz haqqında təəssüratlarınızı bilmək istəyərdik.

-Təbii ki, mən də həkim olaraq, bir Azərbaycan vətəndaşı olaraq möhtəşəm qələbəmizə çox sevindim. Buna görə də ilk növbədə ölkə başçımız möhtərəm Prezidentimiz cənab İlham Əliyevə xüsusi minnətdarlığımı bildirirəm ki. 30 il ərzində görülən bütün tədbirlər, fəaliyyətlər bu 44 gün  ərzində şükürlər olsun ki, öz bəhrəsini verdi. Düşünməzdim ki, 30 il əvvəl itirilmiş torpaqlar 44 gün ərzində geri qaytarıla bilər. Eyni zamanda Ordumuzun şəxsi heyətinə təşəkkürmü bildirirəm, bu cür möhtəşəm qələbəyə görə. Vətən müharibəsi dövründə bəlkə də yaşımla əlaqədar olaraq məni çağırmadılar. Mən özüm şəxsən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinə müraciət etdim ki, mən burda yaşayıram, yəni mən də varam. Qeydiyata aldılar, dedilər ki, lazım olan kimi çagırılacaqsınız.  Biz yenə də öz işimizi davam etdik. Şükürlər olsun ki, qısa zamanda da qalib gəldik.

            –  Siz həm də medonline.az saytının Redaksiya Şurasının üzvüsünüz. Təbrik edirik, əvvəla sizi. Nələr düşünürsünüz, gələcək planlarınız və təklifləriniz nələrdən ibarətdir?

-İnşAllah ki, medonline. az saytının baş redaktoru, tanınmış jurnalist Şamil Sabir oğlu Ələkbərlinin və saytın Redaksiya Şurasının sədri, Əməkdar həkim Taryel Eyvazovun rəhbərliyi altında öz fəaliyyətimizi davam etdirəcəyik.

  • Təbib müəllim, ailəniz haqqında danışardınız biraz. Yolunuzu davam etdirən varmı ailənizdə?

-Abşeron rayonunun Novxanı qəsəbəsində yaşayıram. Ailəliyəm. İki övladım var. İnşAllah ki, onlar da bizim davamçımız olarlar.

  • Müəllim elə bir arzunuz varmı ki, onu bəyan edəsiz?

-İxtisaslı fitiziatr-pulmonoloq kimi arzum odur, tibb sahəsində elmi naliyyətlərimi, elmi fəaliyyətimi daha da inkişaf etdirim.  Mənim həyatım xəstələrin müalicəsinə həsr olunub. Arzu edirəm ki, ölkəmizdə xəstə sayı çox az olsun. Vətəndaşlarımız əmin-amanlıq içində yaşasınlar. Ruzili – bərəkətli, xoş əhval – ruhiyyəli  həyat yaşasınlar.

-Təşəkkür edirik, Təbib müəllim, səmimi və xoş söhbətiniz üçün.

-Çox sağ olun.

Söhbəti qələmə aldılar:

                              Könül Həsənli,

                             Şamil Sabiroğlu.

                              Fotolar Ramil Muradova məxsusdur

                              Medonline.az

                        Bakı, 06.03.2021.

.

 

 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code