Ölüm günündə yaşayan Məhəmməd Əmin…

0
42

Onun ucaltdığı bayrağın rənglərinə diqqət etmək kifayət edir ki, Pikasso fırçasının möcüzəsini, Roma Papasının rəhmdil dini və insani dəyərlərini, Martin Lüter Kinqin irqçiliyə qarşı mübarizəsinin ana xəttini görəsən…

XX əsrdə dünyada böyük dövlət adamları olub-Uiston Çörçil, Mahatma Qandi, Mao Tsedun, Franklin Ruzvelt, Nelson Mandella… Dünya siyasətinə din və mərhəmət əlavə etmiş Roma Papası II İohan Pavel, Ayətulla Xomeyni, Tereza Ana, qaradərili inqilabçı Martin Lüter Kinq, Ernesto Çe Gevara gecənin bu vədəsi xatırladığım məşhurlardan yalnız bir qismidir. Pablo Pikasso fırçasının, Albert Eynişteynin fizikasının möcüzəsini, Ziqmund Freydin psixioanlitikasını, hətta milyonların kumiri olmuş Məhəmməd Əlini, Bryus-Lini, Maradonanı, hətta şahzadə Diananı da yada salmaq olar.

Vəfatından 66 il ötən qurucu mütəfəkkir Məhəmməd Əmin Rəsulzadənin həyatı, siyasi fəaliyyəti, yazıları və mühacirətdəki mübarizəsi ilə XX əsrin dahilər sırasında dayanmağı tam haqq edir. Bu gəlişigözəl sözlər deyil, gerçəkdir!

Onun ucaltdığı üçrəngli bayrağın rənglərinə diqqət etmək kifayət edir ki, Pikasso fırçasının möcüzəsini, Roma Papasının rəhmdil dini və insani dəyərlərini, Martin Lüter Kinqin irqçiliyə qarşı mübarizəsinin ana xəttini görəsən. Dahi Məhəmməd Əmin “İnsanlara hüriyyət, millətlərə azadlıq!” deyib, dövlət quranda təkcə Cənubi Afrika Respublikasında deyil, Afrika qitəsində aperteidə qarşı mübarizənin öncülü olmuş Mandella hələ yenicə doğulmuşdu.

Məhəmməd Əmin və onun silahdaşları XX əsrin əvvəlində fikir babaları, dövlət adamları, mütəfəkkir, alim və filosof idilər. Əhməd bəy Ağaoğlunun Turançılıq ideyası hələ də aktualdır. Onların hər birini ayrı-ayrılıqda xatırlamağa ehtiyac yoxdur, bu adamları birləşdirən bir missiya vardı: dövlət qurmaq. Şərqdə ilk müstəqil dövlət qurmaq, bayrağını, himnini, gerbini, ideoloji əsaslarını, demokratik parlamentini qurmaq nə böyük xoşbəxtlikdir!

O uzaq tarix deyil, cəmi 102 yaşı var o dövlətin. Dünya xəritəsinə və tarixlərə baxın. İndi dövlət, hətta arsenalında atom bombası olanlar müstəqil Azərbaycan yarananda xəritədə olmayıblar. Rəsulzadə və silahdaşları Azərbaycanı bir addım yox, bir neçə yüz addım öndə götürməyi düşünürdülər, bu işə başlamışdılar. Amma imkan vermədilər, o dövləti qanla boğdular, namərdcə yıxdılar.

Nə oldu? Dövlətimizin xarabalıqları üzərində inşa etdikləri imperiya da nəhayətində yıxıldı. Altından isə bir dövlət çıxdı. Hazır idi hər şeyi-bayrağı, himni, gerbi! Miras budur, var-dövlət budur! Neft də, qaz da Allahın bizə verdiyi nemətdir. Rəsulzadə və digər Cumhuriyyət qurucularının bizə verdiyi ən böyük nemət isə heç tükənməz, heç bitməz…

Bunları bir dəfə yazmışam: dövlət qurmaq Allahın seçilmiş bəndəsinə verdiyi bir missiyadır şübhəsiz, bunun hər adamın boyuna biçilmədiyi, boynunun işi olmadığı məlumdur. Bu Peyğəmbərlik deyil. Amma nədirsə, elə bir vergidirdir ki, sən bu işi görməlisən, nəyin bahasına olursa-olsun bu dövlətçilik ideyasını yaymalısan, tərəfdar toplamalısan, həmfikirlər axtarmalısan və o ideya gerçəkləşməyənədək geri çəkilməməlisən. Ya dar ağacı gözləyir səni, ya şəhidlik, ya didərginlik…

Rəsulzadə Stalinən bir gün sonra- 6 martda vəfat edib. Stalini ən pis duyğularla yaddaşlarda xatırlanır. O qaranlıq keçmişli adamın günü bitir, Rəsulzadə anılır. Təbii ki, tam fərqli.

Rəsulzadə kimi dahilər ölmürlər. Əməlləri, ideyaları, mirasları ilə yaşayırlar. Ölüm günündə yaşayan Məhəmməd Əmin Rəsulzadə kimidir…

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code