Azərbaycanın ləyaqətli övladlarına nə vaxt dəyər veriləcək?

0
192

Şərqin giriş qapısı hesab olunan Azərbaycanda dünyanın 11 iqlim qurşağından 9-u mövcuddur. Bu diyar həm də müqəddəs ziyarətgahları, yeraltı və yerüstü sərvətləri ilə tanınır. Əhalisi qonaqpərvər, işgüzar və mehribançılığı ilə digər millət və xalqlardan seçilir. Təəssüflər olsun ki, hakimiyyət kreslosunda əyləşənlərin çoxu ya xarici ölkələrin rəhbərlərinin diqtəsi ilə oturub-durur, yada öz vətəndaşına, həmçinin, yaxşı işə – yaxşı işçiyə dəyər verə bilmir. Səmimi etiraf edim ki, Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyevin humanistliyindən xəbərdaram, şəxsinə xüsusi hörmətim var. Lakin, cənab İlham Əliyevin rəhbərlik etdiyi komandada əksər məmurların özbaşınalığı, Azərbaycan xalqına divan tutmaları insan olaraq ürəyimi ağrıdır.

Mən, Azərbaycanın Cənub bölgəsinin yetirməsi, hazırda Türkiyənin İstanbul şəhərində yaşayan və “Palmali” Şirkətlər Qrupuna rəhbərlik edən Mübariz Qurban oğlu Mənsimovu şəxsən tanımıram. Çox əzablı yol keçmiş Mübariz bəy indi böyük bir Şirkətə rəhbərlik edir. M.Mənsimov ən azı 40 – 50 min(!!!) ailənin normal qaydada dolanışığının təmin edilməsinə çalışır. Mübariz müəllim, mənim məktubuma əsasən Türkiyədə təhsil alan 2 nəfər Qarabağ qazisinin övladının illik təhsil haqqını ödəyib. O, ən azı 200 nəfər gəncin adına açılmış hesaba Azərbaycan manatı ilə hər ay 300 man. pul ödəyib (təxminən 1 il müddətinə). M.Mənsimov Xocalı soyqırımının tanınması üçün kifayət qədər zəhmət çəkən şəxslərdəndir. Belə bir şəxsin haqqında həbs qəti imkan tədbirinin seçilməsinin özü nankorluq-nadanlıq idi. M.Mənsimov təxminən 1 il azadlıqdan məhrum edildi: Bəzi orqanların əməkdaşları onu yaxın ətrafı ilə üz-üzə gətirdilər. “Palmali” Şirkəti xeyli ziyana düşdü. 2020-ci il martın 5-də İstanbul Cəza Məhkəməsində növbəti proses keçirildi və M.Mənsimov ev dustaqlığına buraxıldı.

Azərbaycanın Əməkdar Məşqçisi, Kik-boksinq üzrə 5 qat dünya çempionu, Əməkdar İdman ustası, “Xocalı” İdman Klubunun direktoru Ehram Xudu oğlu Məcidov da həmçinin. Ehram müəllimi tanıyanlar bilir ki, o, hansı ürəyin sahibidir. Sabiq qaynatası Bəhruz Dilbazi və digər məsul şəxslər 2018-ci ilin sentyabr ayında E.Məcidovu saxta ittihamlarla həbs etdirdilər. Ehram müəllim 3 ildən artıq müddətdə dəmir barmaqlıqlar arxasında qaldı.  Hazırda  azadlıqda olan Ehram müəllim yenə də əvvəlki xeyirxahlığını davam etdirir. Mən, bir qrup idmançı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Naziri cənab Azad Rəhimova müraciət etdim. Xahiş etdim ki, E.Məcidov kimi ləyaqətli oğulun haqsız yerə həbsinə imkan verilməsin. Bilirsinizmi, hansı xəbəri eşitdik? ”İdmançılar həddini aşıb günaşırı kimisə vuracaq. Biz, onları müdafiə etməliyik?”

Bütün ölkə SOCAR Prezidenti Rövnəq Abdullayev və onun oğlu Rəşaddan danışır. Təxminən, 6 il öncə Azərbaycan Respublikası Milli Məclisinin ağsaqqal deputatlarından birinin vasitəsilə R.Abdullayevə məktub yolladım. Xahiş etmişdik ki, onsuz da ağır maddi durumda olan “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə az da olsa maddi dəstək göstərsinlər. İnanın, elə bir cavab aldım ki, şəxsən mən Azərbaycan vətəndaşı olaraq utandım. Çünki məktuba rədd cavabı verilmişdi. Görəsən, Rövnəq müəllim oğlu Rəşad Abdullayevin 2 milyonluq saat qalmaqalından utanmadımı?  Xarici ölkələrdən gələn, “Kristal Hall”da konsert verən Rihanna kimi müğənnilərə verilən o pullar SOCAR Prezidentinin dədəsinin mülkü hesabına idi?\Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri, çoxlarına yaxşı mənada nümunə olan Kamaləddin Heydərovun rəhbərliyi altında çalışan məsul şəxslər Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar 2 nəfər üzvümüzün Türkiyəyə yollanması üçün cüzi xərci ödəməkdən imtina etdi. Bundan başqa, Birlik üzvümüzün işlə təmin olunmasına görə etdiyimiz müraciətə də rədd cavabı verildi.

İstəkli oxucular, yəqin ki Siz, Azərbaycan Respublikası Baş Nazirinin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun “gül parçası” olan nəvəsinin törətdiklərini unutmamısız. Müxtəlif markalı avtomobillərdən “kolleksiya ” toplayan Naib Allahverdiyev Bakı şəhərində, Heydər Əliyev prospektində xırda xuliqanlıq edərək 2 nəfər sərnişini öldürmüş, 3 nəfəri yaralamışdı. Ona güldən ağır söz deyən oldumu? Deyilənlərə görə Naib Allahverdiyev Dövlət Sərhəd Xidmətinin rəisi, General-polkovnik Elçin Quliyevin kürəkənidir. Ofis problemimizin həllinə görə həm Əli Həsənova, həm də onu bu vəzifədə əvəz edən Rövşən Rzayevə edilən müraciətlər rədd edildi.

Dəyərli dostlar, bu günlərdə facebook sosial şəbəkəsində Xocalı sakini, polis polkovnik-leytenantı Bəxtiyar Aslanovun oğlunun işə qəbul edilməməsilə əlaqədar müraciətini oxudum. Bəxtiyar bəy yazır ki, oğlu 4 il sabiq Milli Təhlükəsizlik Nazirliyinin tabeçiliyindəki (indi DTX) ali məktəbdə təhsil alıb. Heç bir ciddi səbəb olmadan Akademiyadan uzaqlaşdırılıb. Hazırda isə ona müvafiq iş tapılmır.

Bəxtiyar bəyə xatırladıram ki, son 11-12 il ərzində Dövlət Başçısı cənab İlham Əliyevə, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə, Prezidentin sabiq köməkçisi, PA İctimai –siyasi Məsələlər şöbəsinin müdiri Əli Həsənova, Respublika Əmlak Məsələləri Komitəsinin sabiq sədri Kərəm Həsənova, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevə, Milli Məclisin deputatları-xanım Qənirə Paşayevaya, Elman Məmmədova, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubova rəhbərlik etdiyim “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin Bakı şəhərində ofislə təmin olunmasına kömək etmələrini xahiş etdim. Təəssüf ki, ofis ayrılmasına kömək məqsədilə 1 nəfər səlahiyyətli şəxs ortaya çıxmadı.

Bura Azərbaycandır: Yaxşısı da bizimdir, pisi də. “Paşa Holding”in himayəsində olan kirayələdiyimiz və ayda 300 man. pulu çox böyük çətinliklə verdiyim üçün öz-özümə düşünürəm:

 

 

Azərbaycanın ləyaqətli övladlarına nə vaxt dəyər veriləcək?

Şamil Sabiroğlu, medonline.az saytının baş redaktoru, müharibə veteranı.

                                              Bakı, 06.03.2021.

 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code