Soyqırım qurbanlarının xatirəsinə həsr edilən tədbir keçirilib

0
23

Xocalı soyqırımı – müstəqillik tariximizin qanla yazılmış daha bir səhifəsidir. 29 il keçməsinə baxmayaraq, genosidin baş verdiyi coğrafiyada hələ də o gecənin məsum qurbanlarının sərgərdan ruhları öz nakam və müdhiş talelərinin səbəbini sorğulayırlar. Nədən və nə üçün?- Səbəbi hər nə olursa olsun, şüurlu şəkildə  etnik mənsubiyyəti ermənilərə görə türk, özümüzünsə azərbaycanlı adlandırdığımız insanları qətlə yetirmək insanlıq adına suç və cinayətdir.  Əgər erməni toplumu o caniləri qəhrəmana çeviribsə, o cəmiyyət məhvə məhkumdur. Çünki o cəmiyyətin mənəvi əxlaqı məhv edilib. Ədalətin olmadığı yerdə həqiqət də olmayacaq. Q.Qarayev adına Azərbaycan Dövlət  Kamera orkestri Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbir təşkil edib. Tədbirdə dünya şöhrətli musiqiçilərin əsərləri ifa olunub. Biz, Azərbaycan Respublikasının Əməkdar artisti, bu layihənin musiqi redaktoru Nərgiz Əliyeva ilə görüşdük. Təşkil edilən tədbir haqqında bir neçə kəlmə söyləməsini xahiş etdik. O, dedi: –

– Hər il XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı ilə bağlı tədbirlər həm ölkəmizdə, həm də bütün dünyada keçirilir. Biz də özümüzə mənəvi borc bilib növbəti dəfə musiqinin dili ilə bu kədərli faciəni bütün dünyaya çatdırırıq. Görkəmli bəstəkarların musiqi əsərləri və rəssamlarımızın sənət əsərlərinin vəhdəti ilə deyirik ki, Xocalı soyqırımını unutmayacağıq! Bu haqda çoxlu filmlər çəkilib. Hər il dünyanın bir çox ölkələrində Qarabağ faciəsi və Xocalı soyqırımının tanıdılması məqsədilə tədbirlər keçirilir. Xocalı vəhşiliyinin şahidi olmuş insanlar var ki, onları bu xalqa tanıtmaq lazımdır. 

Bir daha xatırladırıq, layihənin  musiqi redaktorları Əməkdar artist Nərgiz Əliyeva və violin ifaçısı Rövşən Əmrahovdur.

Layihədə Səbinə Bəylərbəyovanın ifasında Nazim Əliverdibəyovun “Bayatı-Şiraz” əsəri, Əməkdar artist İlahə Əfəndiyevanın ifasında “Aygün” bədii filmindən “Lay-lay” mahnısı, Əməkdar artist Nərgiz Əliyevanın ifasında Abuzər Manaflının “Xocalıya” əsəri, Əməkdar artist Afaq Abbasovanın ifasında Vasif Adıgözəlovun “Çanaqqala 1915”oratoriyasından “Lay-lay”, əsəri, Arslan Növrəslinin ifasında Azər Rzayevin “Düşüncə” əsəri, Natəvan Həsənova və Sevda Cəbrayılovanın ifasında Novruz Aydəmirlinin “Ballada” əsəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Lumineuxs”ansamblının ifasında C.Perqolezi – “Stabat Mater” – “Cuando corpus”, “Amen” əsərləri, Əməkdar artist İlham Nəzərovun ifasında , T.Albinoni – “Adajio” əsəri, Rövşən Əmrahovun ifasında Şassonun “Bax Matfeyin İztirabları” əsərləri səsləndirilib.

Tanınmış aktyor Bəhruz Vaqifoğlunun da iştirak etdiyi layihədə gənc rəssamlar Nuray Allahverdiyevanın, Günel Ravilovanın və İntiqam Ağayevin rəsm əsərlərindən istifadə olunub. Layihənin fotoqrafı Kamran Bağırovdur.

                                                Könül Həsənli,

                                                 medonline.az

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code