Ehtiram Məmmədov: Ermənilər kimi çörək itirən ikinci millət tanımıram!

0
152

Ehtiram Turab Oğlu  Məmmədov 1940-cı il dekabr ayının 5-də Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. O, Respublikanın tanınmış, hörmətli şəxsiyyətlərindən olan Sosialist Əməyi Qəhrəmanı Turab Məmmədovun ailəsində böyüyüb tərbiyə almışdır. 1957-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra Bakı Kommunal Texnikumunun Sənaye və Mülki Tikintisi  fakültəsinə daxil olmuş, 1960-cı ildə həmin texnikumu bitirərək Bakı Baş Tikinti İdarəsinin 2 nömrəli Dəmir-Beton məmulatı zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1962-ci ildə istehsalatdan ayrılmadan Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1968-ci ildə uğurla  bitirərək dəmir yolu tikintisi üzrə inşaatçı-mühəndis ixtisasına yiyələnmişdir.

Gənc olmasına baxmayaraq, o, qısa zamanda  1 və 2 nömrəli Evtikmə Kombinatlarında sex ustası, sex rəisinin müavini və sex rəisi vəzifələrində çalışmışdır. 1968-ci ilin mart ayında onu Bakı Mənzil Təsərrüfatı İdarəsinə işə dəvət etmişlər. O, burada əvvəlcə mühəndis, daha sonra isə böyük mühəndis vəzifələrində işləmişdir. 1971-ci ilin yanvar ayından isə Yasamal (Oktyabr) rayon Mənzil Təsərrüfatı İdarəsinin baş mühəndis vəzifəsinə təyin olunmuşdur.

Ehtiram Məmmədov 1977-ci ilin mart ayından 1985-ci ilin may ayına kimi Azərbaycan SSR Nazirlər Sovetində referent, böyük referent vəzifələrində işləmişdir.  1985-ci ilin mayında Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifədə 16 il şərəflə  işləyən Ehtiram müəllim təkcə məmur deyildi. O, həm də sözün həqiqi mənasında Azərbaycan vətəndaşlarına bir ümid, bir məsləhət yeri olmuşdu. Bu səbəbdən də qapısı ona üz tutanlara, onun məsləhətinə, yardımına ehtiyacı olanların üzünə açıq olmuşdu.

Ehtiram Məmmədov bir vətəndaş kimi, bir məmur kimi Dağlıq Qarabağda da öz izini qoymağı bacarmışdı.Onun hadisələrin ilk dövründə Xocalıda rəhbərlik edib gerçəkləşdirdiyi layihələr, tikilən möhtəşəm mehmanxana, eləcə də tikilən digər obyektlər hər kəsin ürəyincə idi. Düşmən hiyləsindən,atdıqları güllələrdən çəkinməyən Ehtiram Məmmədov bəzən bu yolları zirehli maşınlarla keçib gedirdi. Ölümün gözünə dik baxır, üzərinə düşən vətəndaş və məmur vəzifəsini vicdanla gerçəkləşdirirdi. Hər kəs bu insandan dəstək aldığına görə onun nüfuzu da, ona edilən alqışlar da hər gün artırdı.

 Bu gün o, dövlət qulluqçusu kimi təqaüdçü ömrünü yaşayır.

Xidmətləri nəzərə alınaraq ona verilmiş “Kommunal Təsərrüfatı Əlaçısı” fəxri adını daşıyan Ehtiram Məmmədov Sovetlər Birliyi vaxtında Bakıdakı Marksizm-Leninizm Universitetinin və Kiyev Hərbi-Siyası Akademiyasının müdavimi olmuşdur.

Ehtiram Məmmədov harada nə vəzifədə çalışıbsa həmişə və hər yerdə savadlı, işgüzar, bacarıqlı və səriştəli təşkilatçı kimi tanınmış. Özünü yüksək intellektə malik istedadlı, peşəkar  inşaatçı mühəndis kimi göstərmiş, respublikamızın müxtəlif küçələrində 10 mehmanxana, 30-dan artıq su, kanalizasiya  obyekti, çoxsaylı hamam və camaşırxana, yüz min kvadrat metrlə mənzillərin tikintisində yaxından iştirak etmişdir.

.Dağlıq Qarabağda münaqişə başlayandan sonra o,  mütəmadi cəbhə bölgələrində olmuş və isti ocağından qaçqın düşənlərin işlə təmin edilməsinə, müvəqqəti olaraq yardımçı binalarda, yataqxanalarda yerləşdirilməsinə rəhbərlik etmişdir. Dəfələrlə döyüşçülərə ərzaq, sursat,geyim və s. alınıb çatdırılmasına köməklik göstərmişdir.

Hazırda Ehtiram Məmmədov Azərbaycan Respublikasının  “Müharibə” və “Əmək veteranı” fəxri adlarını daşıyır.

Gözəl ailə başçısı olan Ehtiram Məmmədov 3 övlad böyüdüb tərbiyə etmişdir. O, özünün bütün həyat fəaliyyəti və təcrübəsi ilə əsl insan, eləcə də sözünün sahibi olmaq kriteriyalarını uca tutmuş, nümunə olmuşdur. Məhz bu səbəbdəndir ki, Ehtiram müəllimi təkcə ailəsində, doğulduğu el-obada deyil, həm də onu tanıyan hər kəsin yanında hörmətlə qarşılayır, şəxsiyyətinə, insanpərvərliyinə böyük önəm verirlər. Bu sevgi onun halal haqqıdır.

Beləliklə, müsahibimiz, mənalı ömür yolu keçmiş Ehtiram Turab oğlu Məmmədovdur.

-Ehtiram müəllim, çox istəyərədik ki, ömür yolunuz haqqında oxuculara qısa məlumat verəsiniz…

-Mən 1940-cı ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşam. 1957 –ci ildə orta məktəbi bitirib, Bakı şəhər Komunal Texnikumuna qəbul olmuşam. 1960-ci ildə texnikumu bitirib təyinat ilə Bakı Baş Tikinti İdarəsinə getmişəm. 6 nömrəli zavodda 1960-ci ilin sonuna kimi fəhlə işləmişəm. Daha sonra fransızlar Evtikmə Kombinatını təhvil verəndə perevod ilə Evtikmə Kombinatına keçmişəm. 1970-ci ilə qədər fəhlə, usta, sex rəisi vəzifələrində işləmişəm. Təyinatla gedən gənc mütəxəssis kimi 1963-cü ildə Bakı şəhərində bir otaqlı evlə təmin olunmuşam. 1963-cü ildə Politexnik İnstitutunun axşam şöbəsinə qəbul olmuşam.  1968-ci ildə bitirmişəm.  1968-ci ildə təyinat ilə Bakı şəhər Sovetinə texnozor (texniki nəzarətçi) vəzifəsinə gəlmişəm. 1968-ci ildən 1971-ci illə qədər Bakı şəhər Baş Mənzil İdarəsinin texniki nəzarətçisi işləmişəm. Daha sonra Yasamal rayonunda  Mənzil Təsərrüfatı İdarəsinin baş mühəndisi kimi işləmişəm . Daha sonra iki il də Mənzil Təsərrüfatı İdarəsinin rəisi olmuşam. 1977-ci ildə gördüyüm işlərə görə, fəaliyyətimə görə məni Nazirlər Sovetində referent vəzifəsinə təyin ediblər. 1985-ci ilə qədər burada referent, baş referent vəzifələrində işləmişəm. 1985-ci ildə Nazirlər Sovetinin təqdimatı ilə məni Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatının tikinti üzrə nazir müavini təyin ediblər. 1985-ci ildən 2001-ci ilə qədər 16 il orada fəaliyyət göstərmişəm. 16 il müddətində İkinci Bakı Su Kəmərinin çəkilişində fəal iştirakım olub.  O vaxtlar Naxçıvan Muxtar Respublikasına Şərurdan,  Azərbaycanın rayonlarına su çəkmişik.  Bizim nazirlik 30 rayonun su ilə təmin olunmasında fəaliyyət göstərib. Ondan sonra biz, Lənkəranda. Əli Bayramlıda (indi Şirvan şəhəri), Qubadlıda, Lerikdə, bir çox rayonlarda  yüz min kvadrat metrə qədər mənzil tikintisində iştirak etmişik. Bizim nazirlik Şuşada 9 mərtəbəli mehmanxana tikib, istifadəyə verib. Dağlıq Qarabağ münaqişəsi başlayana qədər Xocalıda hamam, mehmanxana tikmişik.

-Ehtiram müəllim həyatınızın bir hissəsi  də, yəni 1988-1989-cu illərdən sonra Qarabağla bağlı olub. Məlum münaqişə ilə bağlı ön cəbhəyə göndərilmisiz, həmçinin ürəyinizin hökmü ilə getmisiz. Həmin vaxt Ermənistandan ermənilərə nə cür dəstək göstərilirdi və Azərbaycan kəndlərində vəziyyət necə idi?

-Mən, 1988-ci ildən 1992-ci ilə qədər xidməti işimlə əlaqədar həmişə Qarabağa getmişəm. Şuşada Malıbəyli, Ağdərə rayonunun Sırxavənd kəndində, çox yerlərdə bizim obyektlərimiz olub.1988-ci ildə bizim idarə rəisimiz  Məhəddin Abdullayev ilə mən özüm Qarabağlı olduğum üçün getdik ora. Xankəndində şəhər partiya komitəsinin katibi Meksosian Zaven  idi. Mən onu şəxsən tanıyırdım. O vaxtlar onları taxıl ilə bizim kəndimiz təmin etmişdi. Gəldik qəbul otağına. Bizi bir xeyli gözlətdi. Əvvəllər çox isti münasibətimiz olmasına baxmayaraq, içəri girəndə hiss etdim ki, onun üzü 360 dərəcə dönüb. Mən ona çox suallar vermədim. Dedi ki, bizdən asılı deyil. Orada bizim mənzil kommunal idarəsinin rəisi də (Rantik) var idi.  Əvvəllər onunla da gözəl münasibətimiz var idi. Onun da üzü dönmüşdü. 

Bir millət ki Azərbaycanın çörəyini yeyə, müharibə vaxtı onları acından ölməyə qoymayan Azərbaycan xalqına qarşı bu cür nifrətlə, nakişiliklə torpaqlarımızı işğal etmək istəyə… Onlara nə demək olar ki ? – Onlar görün necə vandaldılar, qeyrətsiz insanlardılar ki, o çörəyi itirdilər.

Atalarımızın bir məsəli var:- Çörək itirən, çörək tapmaz. Baxın onlar ele bir millətdilər. Ağdamın, Cəbrayılın, Qubadlının, Laçının, Kəlbəcərin hesabına dolanıblar onlar. Onlar ki, bunu qiymətləndirmədilər, elə millətin axırı olmayacaq.

Hörmətli Prezidentimiz və xalqımız bütün bu hadisələrə 28 il dözdülər. Cənab Prezident istədi ki, bu məsələ sülh yolu ilə olsun ki,cavanlarımız ölməsin, qan olmasın. Ancaq görəndə ki, onlar getdikcə azğınlaşır, qudururlar, onların cavablarını vermək lazım idi.  Prezidentimiz vaxtında, layiqincə cavablarını verdi onların. “Dəmir yumruğu”nu göstərdi.  Və onların hamısı qaçqınlığın nə olduğunu daddılar.

Onsuzda o millət düzələn deyil.  Onların planlarında var bu. Hər 50 ildən bir qırılırlar, ancaq yenə də abır-həyaya gəlmirlər.  Biz təbii ki, onlardan qorxmuruq. Ancaq yenə də ehtiyatı əldən verməməliyik.

-İstərdik 44 günlük müharibə, II Qarabağ müharibəsi haqqında fikirlərinizi bildirəsiz.

-Mənim az yaşım yoxdu, artıq 80 yaşım var. Həmişə istəmişəm ki, 80 illiyimi Ağdamda , Şuşada keçirim. Mənim uşaqlığım 1948-ci ildən 1953-cü ilə qədər Şuşada pioner düşərgələrində keçib.

Dünya tarxində 44 gün ərzində bu cür qələbəni hec bir xalq, heç bir komanda qazana bilmiyib. Bunu bizim müdrik siyasətçimiz Ulu Öndərimizin oğlu İlham Əliyev etdi.

Şəhidləimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə can sağlığı arzulayıram. Prezidentimizə də uzun ömür, can sağlığı arzulayıram.

Bu müharibədən əvvəl biz dünya ölkələrindən hara gedirdiksə, məğlub olmuş xalq kimi başı aşağı idik.  Ancaq indi şükür  Allaha ki, qalib xalqıq.

Mənim dostum var Gürcüstanda – Givi Mazaişvili Sergeyeviç. Biz o vaxtlar Kiyevdə onunla bir yerdə oxumuşuq. Qələbə günü o mənə zəng etdi ki, Ehtiram müəllim, səni təbrik edirəm.  O zəng edəndə mənim gözlərim yaşardı. Çünki bu çox böyük bir nailiyyət, böyük qələbə idi. Təkcə mənim yox, bütün azərbaycanlıların  dünyanın bir çox ölkələrindən olan dostları, tanışları hamısı sevinirdilər, bir-birini təbrik edirdilər.

Mən Nazirlər Sovetində işləyəndə- 1977-ci ildən 1985-ci ilə qədər  böyük insan Əliş Ləmbəranski ilə hər həftə vətəndaşlardan  şikayətlərin qəbulunda iştirak etmişəm.  Nazirlər Sovetinin müavini Kamran Əsəd oğlu , Süleyman Bayram oğlu Tatlıyev kimi insanlardan tərbiyə almışam. Onlar kimi təmiz insanlar görməmişəm mən. Allah onlara rəhmət eləsin. Çünki onların məktəbini keçmək  bizim üçün çox böyük bir şey idi. Mən həmişə çalışmışam ki, camaata, xalqa qarşı münasibətim  hər zaman düzgün əsaslar üzərində qurulsun.

–  Ehtiram müəllim, istəyərdik ki, tarixə möhürünü vurmuş Əliş Ləmbəranski kimi bir insanın fəaliyyəti haqqında bizə məlumat verəsiniz. Bilməyən, tanımayan  gənclərimiz var. O insanın görünməyən, bilinməyən tərəflərindən danışasınız.  Biz eşitmişik ki, Əliş müəllim hər səhər şəhərə çıxardı, bazara baxardı, camaatın vəziyyəti ilə maraqlanardı.  Siz də onunla bir yerdə işləmisiniz…

-Bu, çox doğru, yerində bir sual oldu.  Əliş müəllim səhər saat 6-da yuxudan durardı, şəhərin bütün  mərkəzini gəzərdi, maraqlanardı.. Öz fikirlərini bildirərdi ki, hansı küçədə nə abadlıq işləri aparılmalıdır.  Funikulyoru, keçmiş Lenin Sarayı, indiki Heydər Əliyev adına sarayı tikdi, Abşeron mehmanxanasını tikdi. O kişi başdan ayağa xalqına , millətinə xidmət edən adam idi. Qurucu insan idi. Elə şəhər merləri çox az ola bilər.  O insanın böyük zəhməti var. O idi,  Kamran Hüseynov idi, Tatlıyev Süleyman Bayram oğlu idi…Bu insanlar əvəzsiz insanlar idilər. Sanki xalqına, millətinə xidmət etməkdən ötrü yaranmışdılar. Mən bu cür insanlardan dərs almışam. Onların yolu ilə getməyə çalışmışam.

Elə II Dünya müharibəsində də bizim böyük nümayəndələr,  Azərbaycanın nefti olmasa idi Rusiya qələbə qazana bilməzdi. Bizim böyük geoloqumuz Rusiyanın neftini, qazını tapan Fərman Salmanovumuz, Müslüm Maqomayevimiz, Rəşid Behbudovumuz, Polad Bülbüloğlumuz və digərləri kimi nümayəndələrimiz çoxdur.  Bu insanları tarix yaddan çıxara bilməz. Çünki bu insanların əməyi əvəzolunmazdır.

 

-Rəhmətlik atanız Turab müəllim “Sosialist Əməyi Qəhrəmanı” adı alan insanlardan biri olub. Təbii ki, o dövrdə bu fəxri adı almaq hər adama nəsib olmazdı. 1947-ci ildə, çox gənc yaşlarında alıb o fəxri adı.  İstəyərdik ki, o haqda danışaq. Atanız nə işlə məşğul idi? Ailədə neçə nəfər olmusunuz?

-Atam Məmmədov Turab Süleyman oğlu  1906-cı ildə anadan olub. 1940-cı ilə qədər Ağdam rayonunun o vaxtki Telman kolxozu – indiki Qaradağlı kəndində yaşayıb. Hətta Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə bir ara həmin kolxoza Turab Məmmədovun adını vermişdilər. Sonradan bu adlar dəyişdirildi.  O vaxtlar mən uşaq idim. Yadımdadı, bizim 10-12 yaşımzda bir böyük qardaşım var idi rəhmətlik Hüseyn. Diş həkimi idi. Mənim 12 yaşım olanda onun 15 yaşı olardı.  Həmin vaxtlar çox pis su qıtlığı var idi. Suyu həmişə kəsirdilər ermənilər.  Camal kişi var idi. Gecə saat 3-də Camal kişi bizi götürüb aparardı Ağdam rayonunun Qarqar çayına. Məni qoyardı o çayın içərisinə. Hüseyni biraz yuxarı, Xankəndinə tərəf aparırdı. Özü isə lap yuxarı gedərdi.  Gecə saat 2-3dən səhər saat 6-7 yə  qədər suyu axıdardıq. Sonra tez qayıdardıq ki, ermənilər bizi görməsinlər. O vaxtlar  o əziyyətlərin hesabına 1 hektar yerdən  40 sentner taxıl alırdıq. O məhsulu Kanada və Ukrayna alırdı. Rəhmətlik o əziyyətlə edirdi onu. Ona görə də bizim kəndimizdə acından ölən yox idi. Taxılımız var vardı, heyvandarlıq vardı. Həmin vaxtlar Azərbaycana Mircəfər Bağırov rəhbərlik edirdi. Hər hektardan 40 sentner taxıl götürdüyü üçün 1947-ci ildə Turab Məmmədova “Sosialist Əməyi Qəhrəmanı” adı verildi. Pambıqçılıqda da bizdə çox böyük inkişaf var idi. Sürəyya Kərimova “Sosialist Əməyi Qəhrəmanı” adı almışdı. Bizim nəsildə çox idi ad alanlar. Atamın dayısı oğlanları,  Mahrızlı kəndinin kolxoz sədri  Məmmədov Muxtar İsgəndər oğlu (1950-ci ildə), indiki Beyləqan rayonunun katibi işləmiş  Məmmədov Məmməd İsgəndər oğlu (müharibədə iştirak etmiş polkovnik idi) “Sosialist Əməyi Qəhrəmanı” adı aldılar. Bibim Səkinə İmanova pambıqçılıqda götürdüyü yüksək məhsuldarlığa görə “Sosialist Əməyi Qəhrəmanı”adı aldı. Baxmayaraq ki, atam kolxoz sədri idi, mənim anam  camaatla birlikdə pambığa gedərdi, əmək haqqı alardı.

Mənim atam Böyük Vətən Müharibəsində iştirak etmişdi. 1942-ci ildə oradan yaralanıb gəlmişdi. Təzədən yenə onu kolxoz sədri seçmişdilər. O vaxt kolxoz heyətinin iclasını çağırır və deyir ki, kişilər hamısı müharibədədir. Kolxoz heyətinin qərarı ilə axşam saat 10-dan sonra heç bir kişi kəndə çıxa bilməz. Gözəl bir kəhər atı vardı atamın. Kəndi atla gəzirdi. Hətta bir gecə öz doğma qardaşı Mirzalını görür, deyir ki, haradan gəlirsən?-Deyir, bacımgildən. Deyir, bəs sən bilmirsən ki, kolxoz heyətinin qərarı var ki, gecə saat 10-dan sonra kəndə çıxmaq olmaz? – Atın belindən qardaşını şallaq ilə necə vurmuşdusa Mirzəalının qolunda, izi həmişə qalırdı.Çox qanunsevər adam idi atam.

Sonra məsələn, o vaxtlar taxıl bölgüsü olardı. Sürəyya Kərimovanın atası Abbasqulu kişi arı saxlıyırdı. İnanırsınız, elə adam vardı ki, 30-40 kilo bal alardı. Baxmayaraq ki, kimin əmək haqqı var, yada yoxdu, ailə başına taxıl bölərdi ki, heç kim  acından ölməsin.

 Ailədə 7 uşaq idik. Biz, Bakıda oxuyanda, məsələn, mənə baş çəkməyə gələndə 20 manatlıq bir sandal ayaqqabı alırdısa, bütün kəndin uşaqlarına da alardı.  Kəndin bütün uşaqlarına elə baxardı atam. Onlar da atama ata kimi baxırdılar.  Çox böyük hörmət sahib idi. Qərəzli işlərə heç vaxt xahişə getməzdi. Qərəssiz ölüm işi olsa belə gedib ağsaqqallıq edərdi.  Ev tikən, ailə quran hamı gəlib atamdan xeyir dua alardı.  Bunu atamdı deyə, təkcə mən demirəm. Soruşsanız bütün Qaradağlı, Ağdam, Ağcabədi, Bərdə, Şuşa camaatı hamısı o kişini çox yaxşı tanıyırdı.

 Sözünü yerində deyən adam idi. 1963-cü ildə Dursun Quliyevin Özbəkistanda iclası olub. Ali Sovetin sədri rəhmətlik Məmməd İsgəndərov idi. Məmməd İsgəndərov Özbəkistanda Daşkənddə zarafat edib ki, Turab kişi, bəlkə Xuruşovun sağlığına yüz qram içəsən?-Deyib ki,  kimliyindən asılı olmayaraq heç kim üçün, indiyədək mən araq-çağır və şampan içməmişəm içmərəm də.

Allah bütün ölənlərinizə rəhmət etsin. Anam da 97 il yaşadı. 2012-ci ildə rəhmətə gedib. Biz 2 qardaş, 5 bacı olmuşuq. Böyük qardaşım diş həkimi idi. Vaxtsız rəhmətə getdi. Qazdan boğuldu. Beş bacımın 4-ü müəllimə işləyib.  3-ü hazırda təqaüddədir. Biri Ağdamın Qaradağlı kəndində məktəb direktorudur. Özümün 2 qızım, 1 oğlum, 8 nəvəm , 1 nəticəm var.

-Ehtiram müəllim, hansı dövlət mükafatları ilə təltif olunmusunuz?

-Medalların, mükafatların sayı hesabı yoxdur.  “Kommunal Təsərrüfatı Əlaçısı” fəxri adını almışam.  Müharibə veteranıyam. Əmək Veteranıyam. Nazirlikdən, Həmkarlardan fəxri fərmanlar almışam. Hazırda da müharibə veteranı kimi Səbail rayonu Veteranlar Şurasının üzvüyəm. Respublika Veteranlar Şurasının üzvüyəm. Çoxlu sayda medal və ordenlərim var.

       -Aldığımız məlumata görə, Prezidentin Fərdi Təqaüdünün verilməsi üçün  Sizin haqqınızda aidiyyati orqanlara məlumat göndərilib və Cənab Prezident şəxsən razılığını bildirib.  Bu barədə nə deyə bilərsiniz?

-Mən müraciət etdim. Mənim ərizəmi Hörmətli Prezident İlham Əliyev şəxsən göndərmişdi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə. Maraqlandım. Dedilər ki, müraciətə baxılması üçün PA Humanitar Məsələlər şöbəsinin müdiri Fatma xanıma təqdim olunub. Dəfələrlə çalışdım ki, onun qəbuluna düşüm, ancaq alınmadı. Sonra zəng etdim. Dedilər ki, gözləmək lazımdır. 5 ildir gözləyirəm. Bu yaxınlarda Cənab Prezidentə təkrar  müraciət etdim. Humanitar məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva çox sağ olsun, məni qəbul etdi. Səbail rayon Veteranlar Şurası da məktub göndərib. Mənim ərizələrim  5 ildir ki, Prezident Adminstrasiyasında  yatır. Əgər əsasım olmasaydı, əsla müraciət etməzdim. Mənim fəaliyyətim, əziyyətlərim var. Ona görə də xahiş etmişəm ki, mümkündürsə Prezident təqaüdünü mənə də versinlər. Vermirlərsə də, səbəbini desinlər.

-Ehtiram müəllim, oxuculara, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin fəallarına, medonline.az saytının əməkdaşlarına, bütövlükdə Azərbaycan xalqına nə sözünüz var, nə  arzunuz var?

-Bizim xalqımız çox dəyərli xalqdır.  Bu xalq qeyrətli xalqdır. Arzum odur ki, xalqımız hər zaman firəvan yaşasın, erməni vandalizmi ilə bir daha qarşılaşmasın. Şəhidlərimizə, qazilərimizə layiqli qiymət verilsin. Çünki biz bu firəvan həyata, bu qələbəyə görə onlara borcluyuq.

Şamil Sabiroğlu,

Könül Həsənli.

Medonline.az.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code