Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər…

0
391

Müsahibimiz Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru, “Tərəqqi” medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)”  yubiley medalının mükafatçısı,   müharibə veteranı Şamil Sabir oğlu Ələkbərlidir.

-Şamil müəllim, Sizinlə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində görüşürük. Mümkünsə, o dövrə qayıdaq: Necə oldu ki, Xocalıya yollandınız?

-Mən 1988-1990-cı illərdə Bakıda yaşayır və işləyirdim.  1989-cu ilin avqust ayında könüllülərdən ibarət dəstənin komissarı kimi Laçın rayonuna getmişəm. Laçın rayonu Ermənistanla sərhəddə yerləşir. O zaman ermənilər Ermənistanın Gorus rayonunun Dığ kəndi istiqamətindən Azərbaycanın ayrılmaz hissəsi olan Xankəndi şəhərinə tunel yolu çəkmək istəyirdilər. O tunel yolunun qarşısını almaqdan ötrü Azərbaycan Nazirlər Kabineti səviyyəsində belə bir addım atıldı. Və biz Laçın rayonuna gələn könüllülərlə birlikdə 43 fərdi ev tikərək “Qayğı” qəsəbəsini inşa etdik.

Mənim taleyim o vaxtdan Qarabağa bağlandı. Bəli, mən,  Qarabağlı deyiləm. Əslən Salyan rayonunun Yenikənd kəndindənəm, 1983-cü ildən Bakıda yaşayıram. Həqiqətən də əslən qarabağlı deyiləm,  Qarabağı yaxşı vaxtlarında görməmişdim.

20 Yanvar faciəsi baş verən zaman mən Bakıda idim. Bütün o dəhşətlərin içində oldum. Ölənlə öldüm, dirilənlə dirildim. Bakıdakı Çəmbərəkənd qəbristanlığında, indiki I Şəhidlər Xiyabanında meyitləri dəfn etdik. Dəfn mərasimində özüm də iştirak etdim.

1990-cı ilin mart ayında eşitdim ki, Xocalıya şəhər (rayon) statusu verilir. Xocalı yenidən qurulacaq. Və buna görə də könüllü olaraq yazıldım və 24 nəfərlik bir dəstə yaratdıq. Dəstənin adını “Şah İsmayıl Xətai” adına Könüllülər Dəstəsi qoydum. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini vəzifəsində çalışan Sahib Ələkbərov o zaman Azərbaycan Komsomolunun birinci katibi idi. Sahib müəllimlə görüşdüm. O  da öz fikrini bildirdi və biz Xocalıya yollandıq. Səhv etmirəmsə, aprel ayı idi. Xocalının çox gözəl bir mənzərəsi var idi. Mənim təşəbbüsüm və Bakı Baş Tikinti İdarəsinin sabiq rəisi mərhum Rauf Gülməmmədovun rəhbərliyi altında  həmin vaxt Xocalıda 5 mərtəbəli bir bina tikildi. Bakıdakı 2 nömrəli Evtikmə kombinatının kollektivi orada canlarını qoydular, əziyyət çəkdilər. Biz orada eyni zamanda iki mərtəbəli məktəb binasının, toxuculuq fabrikinin inşasında da iştirak etdik. Təəssülər olsun ki, Xocalının müdafiəsi ikinci plana düşmüşdü. 1991-ci ilin sonunda mən həm də “Səhər” gündəlik informasiya qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri təyin olundum, Xocalının Cəmilli kəndində bir müddət müəllim kimi fəaliyyət göstərdim. Çünki orada pedaqoji kadrlara ciddi ehtiyac var idi. Cavan idim. 22-23 yaşım var idi həmin vaxtlar. Ölümdən qorxum yox idi. Hər gün olumlu-ölümlü yolları qorxmadan gedib-gəlirdim. Məsələn, mən elə Ağdamdan, Əsgəran yolundan keçib Xocalıya gedəndə ermənilər hər an məni odlu güllə ilə vura bilərdilər. Cəmilli kəndindən Kosalar yolu ilə Şuşaya gedəndə meşəlik yol idi, ermənilər hər an bizi pusquya sala bilərdilər. Ölüm mənim üçün adi bir şey idi. Gedirdim- gəlirdim kömək edirdim.

-Şamil müəllim, bilirik ki, Siz, Xocalı soyqırımı haqqında ilk və ən doğru məlumatı Azərbaycan mətbuatına ötürən jurnalistsiniz. O dəhşətli günü, Xocalının işğalını necə xatırlayırsınız?

-1992-ci ilin yanvar ayında hiss etdim ki, Xocalı işğal olunacaq. Həmin vaxt gücüm ona çatırdı ki, yazılarımda mətbuata bu barədə məlumat ötürürdüm. O zamanlar ölkə prezidenti Ayaz Mütəllibov idi. Prezident aparatına məlumat verdik ki, Xocalıya kömək olmasa, işğal olunacaq. Yanvar ayının 28-də içərisində 43 nəfər sərnişinlə  Ağdamdan Şuşaya uçan “Mİ-8” vertolyotu Şuşa səmasında partladıldı. Bu hadisə mənim gözlərim önündə baş verdi. Həmin o hadisədən sonra artıq bildim ki, Xocalının taleyi yaxşı olmayacaq. Fevral ayının 13-də Xocalıya bir hərbi vertolyot gəldi. Camaata biraz ərzaq gətirdi və bir qrup insanı oradan çıxardı. Xocalı Allahın ümidinə qalmışdı.

Ermənilər 1991-ci il noyabr ayının 1-dən məşhur Əsgəran qalasından keçən magistral yolu ( Pənah Əli xanın tikdirdiyi qala) beton dirəklərlə bağlamışdılar. Biz camaatı oradan çıxarmaq üçün o yolu açmalıydıq.  Çox təəssüf ki, biz o qalanı aça bilmədik və Xocalı işğal olundu. Mən o zaman Ağdam rayonu ərazisində Şelli kəndində idim. Camaatın içərisində idik. Gördük camaat gəlir və biz, xilas etməyə başladıq. Xeyli kömək etdim camaata. Fevral ayının 26-sı axşama qədər könüllülərlə birlikdə sağ qalan camaatın böyük bir hissəsini xilas etdim. Axşamçağı Ağdamın mərkəzinə getdim, Rayon Rabitə Qovşağı vasitəsilə Bakıya zəng etdim. O vaxtlar çevik(mobil) telefonlar yox idi və mən rayonlararası telefon vasitəsilə Bakı ilə danışdım. Dedim ki, Xocalı işğal olunub. Dedilər, ola bilməz. Mənə inanmadılar. Dedim, bölgə müxbiri kimi siz mənə inanmırsınız? Ağladım, hönkür-hönkür ağladım. Baş redaktorun müavini, istedadlı publisist Hidayət Elvüsal dedi: “Şamil , sənə inanırıq, ancaq bizdə “AzərİNFORM”un (AzərTAc-ın) məlumatı var ki , Xocalıda cəmi iki nəfər ölüb və Xocalı bizdədir. 

Və beləcə mənim məlumatımı dərc etdilər. Aləm bir-birinə dəydi. Azərbaycan televiziyasının (AZTV-nin) Xəbərlər proqramında, “AzərTAc”da məlumat getmişdi ki, cəmi iki nəfər ölüb. Ancaq mənim yazıb gedib ki, “…ilkin məlumata görə yüzədək insan həlak olub”. Əslində mən yüzlərlə adam həlak olub yazmışdım. Sadəcə baş redaktorum ehtiyat edib, sayı azaldıb yüzədək qeyd etmişdi orada. Televiziyada belə bir söz var ki, “Televiziya ac qurd kimidir, nə versən ötürəcək”. Xəbər də elə bir şeydir. Yazmışdılar ki, iki nəfər ölüb və dünya da elə bildi ki, həqiqətən Xocalıda cəmi iki nəfər ölüb. Gəl, sonra inandır dünyanı. Bizim qəzetimiz “Səhər” qəzeti də, məşhur bir qəzet idi. Həmin vaxt mən Ağdamda idim. Soruşdular ki, Şamil, sən orada fotolar çəkmisən?- Dedim ki, bəli, çəkmişəm. Dedilər ki, bəs niyə göndərmirsən onları? Dedim, burada vəziyyət çox gərgindir. Xarici ölkələrin təmsilçilərinin fotoaparatlarını əllərindən alıb foto-lentləri məhv ediblər. Hiss olunur ki, Xocalı faciəsini ört-basdır etmək istəyirlər. Kimin vasitəsi ilə göndərim?

Çətinliklə də olsa, mart ayının 3-ü və ya 4-ündə fotoları Bakıya göndərdim. Fotolar çap olunandan sonra bildilər ki, Xocalıda nə cür faciə yaşanıb və Xocalı necə işğal olunub. Yalnız bundan sonra Prezident Ayaz Mütəllibov istefa verdi. O vaxt Azərbaycanın Milli Qəhrəmanı, rəhmətlik Çingiz Mustafayev məhz mənim müsahibəmi qəzetdə oxuyandan sonra hadisə yerinə getmişdi. Çoxlarının yaxşı tanıdığı sabiq Ədliyyə Naziri Əlisaab Orucov var idi. Çox yaxşı, qeyrətli bir insan idi. Əlisaab müəllim deyib ki, Çingiz, “Səhər” qəzetində belə bir yazı gedib. Deyirlər ki, Xocalı işğal olunub. Əlisaab Orucov və Çingiz Mustafayev ayın 28-i gəldilər hadisə yerinə. Ç.Mustafayev o məşhur videonu çəkdi və dünyaya ötürdü.

Beləcə Xocalı mənim gözlərim önündə işğal olundu. Heç də sevinmədim ki, ölkə mətbuatında Xocalı soyqırımı haqqında ilk məlumatı mən verdim. Çünki, bu çox böyük bir faciə baş vermişdi. Mən Xocalı soyqırımını içdən  yaşadım. Ermənilər dinc əhaliyə aman vermədilər, çox böyük dəhşətlər törətmişdilər orada. Qızlara, qadınlara, körpələrə belə aman verməmişdilər. Bütün bu dəhşətlər mənim gözlərim önündə baş verdi.

1992-ci il iyul ayının 22-də Azərbaycan Mətbuat Fondunun sədri (hazırda Azərbaycan Respublikası Milli Məclisinin deputatı İmamverdi İsmayılovdur) və “Səhər” qəzeti redaksiyasının (baş redaktor Məzahir Süleymanzadə) birgə təşkilatçılığı ilə Mükafatlandırma Komissiyası  qərar verdi və mən Xocalı soyqırımı haqqında ilk həqiqi məlumatı redaksiyaya  verən jurnalist kimi 1.500 (bir min beş yüz) manat pul mükafatına layiq görüldüm. O vaxt 1.500 manat çox böyük bir rəqəm idi. Mən həmin pulu redaksiyada Xocalıdan olan bir şəhidin ailəsinə təqdim etdim. Həmin vaxt dövlətin mənə verdiyi evi də şəhid ailəsinə verdim.

-Xahiş edirik, Xocalı soyqırımını bütün dünyaya tanıtmaq üçün mütəmadi olaraq tədbirlər təşkil edən “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin yaradılması və fəaliyyəti haqqında, məlumat verəsiniz  oxuculara…

-Mən, 2007-ci ildə 2 nəfər dostumla “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyini yaratdım. Hazırda da həmin Təşkilatın sədriyəm. Təşkilatımız Azərbaycanda deyil, onun hüdudlarından kənarda-Türkiyədə, Almaniyada, Rusiyada tədbirlər keçirib. Eyni zamanda biz, mütəmadi olaraq-daha doğrusu,  2012-ci ildən bəri həm də döyüş bölgələrində milli vətənpərvərlik ruhunda tədbirlər keçiririk. Hər ay cəbhə xəttindəki bir hərbi hissəyə ziyarətə gedirik. Dövlətdən maliyyə dəstəyi almadan, dostlarımızın şəxsi vəsaiti hesabına əsgərlər, zabitlər qarşısında maraqlı konsert proqramları təşkil edirik.  Hərbi xidmətdə olan əsgər və zabitlərə, xüsusilə də ön cəbhədə olanlara mütəmadi olaraq baş çəkirik, dəstək göstəririk. Saatlar, qiymətli hədiyyələr, fəxri fərmanlar, kitablar və s. aparırıq. Respublika Müdafiə Nazirliyində çalışan zabit yoldaşlardan 2-3 şəxs məndən xahiş etdi ki, xüsusən kitablar gətirin bizə. Biz, bəzi hərbi hissələrin arxivinə minimum 2.000-3.000 manat dəyərində kitablar hədiyyə etmişik. Bu, elə – belə bir rəqəm deyil. Dostlarımız var olsun.

Dediyim kimi biz Xocalı soyqırımının tanıdılması ilə əlaqədar qardaş ölkə Türkiyədə tədbirlər keçirmişik. Hansı ki, bu tədbirlər bu gün də davam edir. Hazırda pandemiya ilə bağlı bu işlər biraz ləngisə də, online görüşlər keçirilir.

Təssüflər olsun ki, dəfələrlə yazmağımıza, müraciət etməyimizə baxmayaraq “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə Bakı şəhərində daimi ofis verilməyib. Təşkilatın hələ də ofisi yoxdur. Azərbaycanın mövcud hakimiyyəti rəhbərlik etdiyim Təşkilata qarşı çox biganəlik göstərdi. Dövlət Başçısı cənab İlham Əliyevə, həmçinin, Respublika Əmlak Məsələləri Komitəsinə edilən müraciətlər qulaqardına vuruldu. Sanki biz şahid olaraq ancaq Xocalı soyqırımının ildönümlərində lazımıq-erməni vəhşiliyi haqqında danışmaq üçün.

-Şamil müəllim, 44 günlük II Vətən müharibəsi və şanlı qələbəmiz haqqında fikirlərinizi, təəssüratlarınızı bilmək istərdik…

-Bizi ən çox narahat edən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Vətən torpaqlarının, Ermənistanla həmsərhəd olan yaşayış məntəqələrinin işğalı idi. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Katibliyinin bəzi əməkdaşları bizi qınayırdı ki, niyə Türkiyədə tədbirlər keçirirsən, nə vaciddir ki? Avropada, İngiltərə və s.ölkələrdə keçirin. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən savaşı göstərdi ki, biz, haqlıymışıq. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında göstərilən mənəvi dəstək düşmən üzərində qələbənin qazanılmasında böyük şans oldu. Xarici ölkələrdə tədbirlər keçirmək lazımdır, bu fikirlə razıyam. Ancaq, soyuq ürəkli almanın nəyinə lazımdır, Ermənistan işğalçıdır, ya yox? Biz, ilk növbədə, I və II Vətən savaşında şəhid olanların ailələrinə, müharibə əlil və veteranlara olan qayğını artırmalıyıq.Mən, Ölkəmizin I Vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun I Vitse Prezidenti Leyla xanım Əliyevaya minnətdaram ki, Xocalı soyqırımının tanıdılmasında müstəsna xidmətləri olub. Bakıda keçirilən tədbirlərdə 250-300 gəncin çoxu sonadək dayana bilmir, ancaq, Türkiyənin ali təhsil ocaqlarında bizim keçirdiyimiz tədbirlərə ən azı 2.000-3.000 gənc  gəlirdi, yüzlərlə gənc Xocalı ilə bağlı küçələrə çıxır, mitinq və yürüşlərdə iştirak edirdi. Məhz bizim keçirdiyimiz tədbirlər sayəsində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bir qardaş kimi Azərbaycan prezidentinin yanında dayandı. Türkiyə, Pakistan və Azərbaycanın birgə əməkdaşlığı sayəsində 44 günlük Vətən müharibəsində biz, düşmənə qalib gəldik.  Ermənistanı müdafiə edən dövlətlər hələ də özlərinə gəlməyib. Mən qurur duyuram ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Pentaqon şəhərində yerləşən Müdafiə Nazirliyində, Almaniyanın Müdafiə Nazirliyində və digər ölkələrdə Azərbaycanın 44 günlük savaşı, dronların və müşahidə kamerlarının fəaliyyəti ciddi təhlil olunur. Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi qərar verib ki, Azərbaycan Ordusunun apardığı müharibəyə uyğun müharibə aparmalıyıq bundan sonra.

Mən bu günlərdə Azərbaycan Respublikası Prezident Adminstrasiyasının təşkilatçılığı və  Müdafiə Nazirliyinin dəstəyi ilə cəbhə bölgələrinə səfər etdim. Harda ki, Xocalı soyqırımından sonra gələn yaralıları, girov və əsirləri, həmçinin, əl-ayaqlarını don vuranları çıxartmışdıq, Ağdam Əsgəran yoluna, Şelli – Qaraqaya kəndi istiqamətinə, meyidlərin gətirildiyi Ağdam məscidinə apardılar bizi.

Fürsətdən istifadə edərək Respublika Prezident Adminstrasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, o siyahıda mənim də adımı qeyd ediblər, mənim də müsahibə verməyimi məsləhət biliblər. Son günlərdə mənə televiziya kanallarında Xocalı soyqırımı barədə çıxış etməklə bağlı zənglər, müraciətlər olur. Təşkilat sədri olaraq, sayt rəhbəri olaraq, vətəndaş olaraq sevinirəm ki, mənimdə bu işə az da olsa zəhmətim var.

Ağdam-Əsgəran yolunda, məşhur Qarağacı qəbristanlığının yanında olarkən həm sıxıldım, həm də kövrəldim. Niyə kövrəldim? Çünki,  yaralıları, meyidləri dəyişdiyimiz Ağdam-Əsgəran yolunda, “19-cu post” adlanan ərazidə indi bizim gözətçi məntəqəmiz qurulmuşdu. Biraz aralıda isə Rusiya sülhməramlıları dayanırdı…

İnanıram ki, yaxın müddətdə Allahın köməkliyi, Türk dünyasının birliyi sayəsində  Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və işğal altında olan digər torpaqlarımız da (Qazax rayonunun bir neçə yaşayış məntəqəsi də daxil olmaqla) bizə qaytarılacaq.

 

– Zəhmət olmasa, hansı dövlət mükafatları ilə təltif olunmusunuzsa, qısaca qeyd edin.

-Dövlət tərəfindən iki mükafat almışam. 2010-cu ildə Dövlət Başçısı cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülmüşəm. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam oldu. Bununla bağlı Prezidentin 2019-cu il 29 may tarixli Sərəncamı oldu. Qürur duydum ki, 250 ölkə vətəndaşı içərisində mənim də adım o siyahıda var. Və mən “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi(1918-2018)” yubiley medalına layiq görüldüm. Bundan başqa, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, General-polkovnik Arzu Rəhimov tərəfindən Xüsusi Diploma, “Borçalı- Media”ictimai birliyinin sədri Hacıxanım Azadə Hüseynovanın imzaladığı Sərəncama əsasən “İlhamlı Azərbaycan” döş nişanına, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Hacıxanım Mahirə Əsədova tərəfindən Xüsusi Diplomla mükafatlandırılmışam.

-Şamil müəllim, baş redaktoru olduğunuz medonline.az saytının fəaliyyəti və gələcək planlarınız haqqında qısa məlumat verərdiniz oxuculara…

medonline.az saytının  qurucusu hazırda həkim kimi fəaliyyət göstərən jurnalist xanım Gülnar Oruc olub. Mən 1 il yarımdır ki,  bu saytı Gülnar xanımdan götürmüşəm. Saytımızda əsasən tibbi sahədə, eyni zamanda digər sahələrdə maraqlı yazılar veririk. Hazırda medonline.az saytının baş redaktoruyam. Saytın ətrafında 15 nəfərdən ibarət Redaksiya Şurası yaradılıb. Şuranın hər bir üzvünə minnətdaram ki, sağlam ziyalılar, sağlam əqidəli insanlar bizə lazım olan dəstəyi göstərirlər. Mən onların bəzilərinin adını xüsusi qeyd etmək istəyərdim:- Azərbaycan Respublikasının Əməkdar həkimi, Azərbaycan Tibb Universitetinin əməkdaşı, Dosent Eyvazov Taryel, Respublikanın Əməkdar həkimi Əliyeva Elmira,  ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Xudiyev Nazim, Azərbaycan Tibb Universiteti Rektorunun Müşaviri, Tibb elmləri doktoru, Prof. , Respublikanın Əməkdar həkimi Allahverdiyev Mübariz, hərbi həkim, şair-publisist Əliyev Zakir (Zakir Ağdamlı),  1 nömrəli Bakı şəhər Xəstəxanasının cərrahı, doktor Yusifov Əmirəli, Xocalı sakini Novruzova Ayna, Azərbaycan Dövlət Travmatologiya və Ortopediya İnstitutunun əməkdaşı, doktor-travmatoloq Hacıyev Şəmistan,  Azərbaycan Tibb Universitetinin əməkdaşı, Prof.  Qarayev Qalib, Bakı şəhər 4 saylı Vərəm Əleyhinə Dispanserin həkimi İbrahimov Təbib, tanınmış xeyriyyəçi Kifayət Qərənizadə-Bayramova, Qabaqcıl Təhsil işçisi Əhmədov Firduz, Azərbaycan Dövlət Pedaqoji Universitetinin IV kurs tələbəsi İmanov Sənan və başqaları. “Bir qış günü vahşeti-Xocalı”, “Onu eldən soruşun”, “Qəhrəman şəhər” kitablarının müəllifiyəm.

İki sənədli filmin layihə rəhbəriyəm:- “Biz soyqırım və terrora yox deyirik!” və “Qarabağın Gülbarı” filmləri…

Hazırda isə mənim bir televiziya layihəm var. Bu yaxınlarda televiziya kanallarının birində sırf qazilərlə bağlı, şəhid ailələriylə bağlı gözəl bir verilişimiz olacaq. Həm saytın verilişi olacaq, həm televiziya verilişi olacaq. Allahın köməkliyi ilə qarşıdakı planlarımız bunlardır.

-Şamil müəllim, vaxt ayırdığınız üçün , suallarımızı ətraflı cavablandırdığınız üçün Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

 

Söhbəti yazdılar:

Könül Həsənli,

Sənan İmanov.

medonline.az saytı.

Bakı, 13.02.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code