İnfeksionist: Mutant virus ölkəmizə də gələ bilər, çünki…

0
13

 

“Vaksinasiya prosesinin başlaması çox müsbət haldır. Bunun nəticəsində yoluxma sayı aşağı düşəcək. Ancaq vaksinasiya gedən müddətdə hər kəs profilaktik tədbirlərə riayət etməlidir. İnsanlar qaydalara əməl etməzsə, virusun cəmiyyətdə uzun müddət qalmasına səbəb olacaq”.

Bu sözləri Medonline.az-a açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.

Həkim bildirib ki, hazırda yoluxma sayında müşahidə olunan azalma bir sıra yumşalma tədbirlərinin tətbiq olunmasına şərait yaradıb. Lakin bundan əvvəl də yumşalma dövründə yoluxma sayının kəskin artımı qeydə alınıb ki, bu da əlavə məhdudlaşdırıcı tədbirlərini zəruri edib. V.Caavadzadənin sözlərinə görə, bu səbəbdən insanlarda rahatlıq yaranmamalıdır:

“Bu hallar insanlar arasında qətiyyən rahatlıq yaratmamalıdır. Yoluxmaların sayının azalması sərt karantin tədbirlərinin nəticəsidir ki, bu gün 4 mindən çox yoluxma sayı 100 nəfərə qədər düşüb. Bu, vaksinasiyanın nəticəsi deyil. Çünki vaksinasiya yeni başlayıb və mərhələli şəkildə aparılır. Birinci tibb işçilərinə, indi isə 65 yaşdan yuxarı şəxslər peyvənd olunur. Vaksinasiya müəyyən bir müddət davam edən prosesdir. Bu sona çatana qədər insanlar ehtiyatı əldən verməməlidir. Çünki proses 5-10 günə yekunlaşan bir məsələ deyil, yəqin ki, 2-3 ay davam edəcək. İnsanlar immunitet formalaşana qədər tədbirlərə əməl etməli, məsafə saxlamalı, maskadan daim istifadə etməli, şəxsi gigiyenaya riayət etməlidirlər”.

V.Cavadzadə qeyd edib ki, “Sinovac” vaksini vurulandan 42 gün sonra insanda immunitet formalaşır. Bu müddət ərzində isə hər kəs özünü ciddi şəkildə qorumalıdır:

“Peyvənd olunan insanlarda immunitetin nə dərəcədə formalaşacağından da xəbərsizik. Həmçinin, peyvənd vurulan insanın bir daha xəstələnməyəcəyi ilə bağlı fikirlər də yanlışdır. Ola bilsin ki, bəzi şəxslər yenidən yoluxsun, yüngül keçirsin və ya əlamətlər olmasın. Bu şəxslər virus daşıyıcısı olaraq digər insanları yoluxdura bilər. Buna görə də vətəndaşlar məsuliyyətli olmalıdır”.

İnfeksionist məktəblilər arasında qeydə alınan yoluxmalara da münasibət bildirib. O, bir neçə şagird arasında virusun aşkar edilməsinin ciddi bir göstərici olmadığını deyib:

“Koronavirus infeksiyası varsa, məktəblilər də cəmiyyətin bir üzvü olduğu üçün, onlar da yoluxa bilər. Amma nəzərə almalıyıq ki, 10 yaşına qədər uşaqlarda virus təhlükəli vəziyyətin yaranmasına səbəb olmur. İbtidai sinif şagirdlərinin maska taxması isə məsləhət görülmür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrində də var ki, 10 yaşına qədər uşaqların maska taxmaq kimi bir zərurəti yoxdur. Onlar məktəbə gedirsə, məktəb kontingenti daha ciddi tədbirlər görməlidir. İlk olaraq məktəbə daxil olanda məktəblinin hərarəti ölçülməli, yüksək temperatur olarsa o şagird təhsil müəssisəsinə buraxılmamalıdır. Bütün heyət vaksinasiya prosesində iştirak etməlidir. Müəllimlər maskadan, üz sipərindən istifadə etməli, otaqların havası gün ərzində bir neçə dəfə dəyişilməli, dezinfeksiya olunmalıdır. Bu tədbirlər mütləq olmalıdır ki, məktəblilər arasında yoluxma artmasın. Ancaq məktəblilər arasında yoluxmanın artacağını düşünmürəm”.

Vüqar Cavadzadə koronovirusun yeni ştammının region ölkələrində yayılmasının Azərbaycan üçün təhlükəli olub-olmaması məsələsinə də aydınlıq gətirib. Həkim bildirib ki, mutant virus ölkəmizə də gələ bilər:

“Koronavirusun yeni ştammına qonşu ölkələrdə rast gəlinir. Ümumilikdə, dünyanın 50-dən çox ölkəsində mutant virus aşkarlanıb. Bu günə qədər ölkəmizdə mutant virusun olması təsdiq olunmayıb. Ancaq Britaniya ştammı sürətlə yayılıbsa, ehtimal var ki, Azərbaycana da gəlsin. Çünki infeksiya sərhəd tanımır. Gəlsə də belə bütün dövlət strukturları və tibb müəssisələri buna hazırdır. Onun üçün də insanların təşvişə düşməsinə heç bir səbəb yoxdur”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code