İlham Əliyev danışdı…

0
13

Fevralın 1-də Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi. Cənab Prezident müsahibəsində çox maraqlı məqamlara toxundu. O, qeyd etdi ki, Şuşa düşmən tapdağından azad ediləndən sonra burda iş qurmaq, rəhbərlik etdikləri nazirlik və komitələrin filiallarını açmaq istəyənlərin sayı çoxalıb. Prezident “Azərbaycan Avtomobil Yolları” ASC-nin İdarə Heyətinin sədri Saleh Məmmədov, Respublika Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Fövqəladə Hallar Naziri Kamaləddin Heydərov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Dövlət Sərhəd Xidmətinin sədri Elçin Quliyevin bu xahiş ilə şəxsən ona müraciət etmələri barədə məlumat verdi. İ.Əliyev dedi ki, Gömrük Komitəsi və DSX-nin Şuşada nə işi var?

Dəyərli oxucular, hiss olunur ki, Prezident bu komanda ilə vidalaşmaq fikrindədir. Əslində başqa cür də mümkün deyil. Çünki, yuxarıda adları qeyd olunan şəxslər və əksər məmurlar Azərbaycan Dövlətinə kommersiya şirkəti kimi baxdılar, II Vətən savaşı zamanı və ondan sonra bu rəhbər işçilərdən birinin övladı cəbhə xəttində xidmət etmədi, yaralı və şəhid ailələrinə lazımi qaydada dəstək göstərmədi.

Ölkənin sabiq Nəqliyyat Naziri Ziya Məmmədov və SOCAR (ARDNŞ) Prezidenti Rövnəq Abdullayevin övladlarının, Respublika Baş Nazirinin sabiq müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsinin harınlaması ( DSX –nin rəisi  Elçin Quliyevin kürəkəni) ciddi rezonans doğursa da Prezident tərəfindən onların valideynlərinə heç bir irad tutulmadı. Əksər nazir və komitə sədrlərini təkcə vəzifələrindən azad etməklə iş bitmir, mənim kimi qeyrətli oğulların haqqını tapdadıqlarına görə onların haqqında həbs qəti imkan tədbiri seçmək lazım idi. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov barəsində çox deyilib, çox yazılıb. Müstəqim Məmmədov, Lerik rayon İcra Hakimiyyətinin Başçısı Rövşən Bağırov kimilərinin ucbatından vəzifəsini lazımi qaydada icra edən  rəhbər işçilərin də qədri bilinmir.

Medonline.az saytı redaksiyası olaraq biz, vətəndaşların ərizə və şikayətlərini qəbul edir, çəkiliş aparırıq. Bu günlərdə Lerik rayonunun Dico kənd sakini, müvəqqəti olaraq Bakı şəhərində yaşayan Quliyev Balaxan Mirtağı oğlu(əlaqə nömrəsi: 050-480-64-87) bizə müraciət etmişdi. Müraciətdə bildirirdi ki, oğlu Firdovsi Tahirov 2020-ci il sentyabr ayının 30-da Murov istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şəhid ailəsi olaraq Lerik rayon İcra Hakimiyyəti tərəfindən diqqət və qayğı görməyib. Noyabrın 8-də keçiriləcək 40 mərasimi üçün lazım olan çadır belə bu ailəyə verilməyib. B.Quliyev 2020-ci ilin mart ayında “Kapital Bank” ASC-nin Lerik rayon filialından 3.000 (üç min) AZN pul götürüb. Həmin kreditin bir hissəsi  ödənilib. Övladı şəhid olduqdan sonra Ölüm haqda Şəhadətnamənin surəti Bankın Lerik filialına təqdim olunub. Burda da Prezidentin məlum Sərəncamının əleyhinə gedərək kreditin qalan hissəsini Balaxan Quliyevdən geri almağa başlayıblar.

Tərtər rayonunun Cəmilli kənd sakini Anar İsaxlı 2018-ci ildən Azərbaycan Ordusu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. Anarın qardaşı Vüsal İsaxlı isə, 2017-ci ildən etibarən başqa bir hərbi hissədə eyni vəzifəni daşıyıb. A.İsaxlı 2020-ci il sentyabr ayının 27-dən başlanan II Vətən savaşında iştirak edib. Ağır döyüşlərdən birində yaralanıb. Göygöl, Qəbələ və Göyçaydakı şəfa ocaqlarında müalicə alıb. Müalicədən sonra 15 günlük məzuniyyətlə evlərinə yola salınıb. Təəssüflər  olsun ki, ailəsinə qovuşduqdan 3 gün sonra düşmən tərəfdən həyətlərinə atılan top mərmisinin qəlpələri Anardan yan keçməyib. Hərbi qulluqçu olan A.İsaxlıya mülki şəhid statusu veriblər.

Cəlilabad rayonunun Göytəpə şəhərində doğulmuş Asif Qardaş oğlu Tarverdiyev 1992-ci ildən Milli Təhlükəsizlik Nazirliyinin Dövlət Sərhəd Xidmətinin Əməliyyat Şöbəsi rəisinin müavini vəzifəsində işə başlayıb. Bir müddət xidmətini cəbhə xəttində davam etdirib. 2002-ci ildə səhhətində yaranmış problemlə əlaqədar işdən azad edilib. Edilən müalicənin xeyri olmayıb və o, 2019-cu ildə dünyasını dəyişib. 20 il müddətində DSX sistemində çalışan mayor Asif Tarverdiyev 2002-ci ildə Xəzər rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanıb. O zaman növbədə 6-cı olan A.Tarverdiyev dünyasını dəyişən zaman mənzil növbəsi ömür-gün yoldaşı Səmayə Tarverdiyevanın adına keçib. Hazırda növbəsi 95-ci dir. Qəribədir, Vətən qarşısında xüsusi xidmətləri olan zabit A.Tarverdiyevin ömür-gün yoldaşı Səmayə Tarverdiyevanın 19 il ərzində növbəsi çatmadı ki, çatmadı. Zabitin ailə üzvləri hələ də Buzovna qəsəbəsində kirayədə əzab-əziyyət çəkirlər.    

Mən üzümü Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə tutub deyirəm: Hörmətli Samir müəllim, Sizdən öncə bu Aparata rəhbərlik etmiş Akademik Ramiz Mehdiyev, Prezidentin köməkçisi, PA İctimai-siyasi Məsələlər Şöbəsinin müdiri Əli Həsənovun ölkədə böyük “xarüqələr” törətmələrindən xəbəriniz var. Onların qulbeçələri bizim kimi kişiləri sındırdı, məhv etdi. Üzünüzü bizə tərəf tutun. Vallah sonra gec olacaq. Çünki, Allah o cür şərəfsizləri bağışlamayaq. Prezidentin yerlərdəki nümayəndələri, Sizin də məhşər ayağına çəkiləcəyiniz günə çox az vaxt qalıb…                                                                                            

  Köşə yazarı

 Şamil Sabiroğlu (Ələkbərli), medonline.az saytının və eyni adlı İnternet Televiziyasının rəhbəri, müharibə veteranı.                           

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code