Yurduna sadiq oğul

0
133

Azərbaycan tarixinə II Vətən savaşı kimi düşən və bizə Hərbi Zəfər Paradını nəsib edən 44 günlük müharibə sivil dünyaya xalqla ordunun birliyini nümayiş etdirdi. Düşmən üzərində qələbənin qazanılmasında xidməti olan döyüşçülərdən biri də Füzuli rayonundakı Alıxanlı kənd sakini, şəhid İsmayıl Rəhman oğlu Salmanovdur. İsmayıl 1997-ci il mayın 17-də doğulub. Atası günəmuzd formada çalışaraq 4 övladını böyüdüb. İsmayılın anası Yeganə Məyiş qızı Hüseynova isə evdar qadındır. İsmayılın ata babası Əkbər Salmanov 1941-1945-ci illərdə baş vermiş Böyük Vətən müharibəsinin qəhrəmanlarındandır. Əkbər əmi 1923-cü il mayın 10-da Füzuli rayonunun Alıxanlı kəndində doğulub. O, Böyük Vətən müharibəsində müstəsna igidĺik göstərərək doğma Alıxanlıya orden və medallarla qayıdıb. Kəndin quruculuq işlərində yaxından iştirak edib. İsmayıl Salmanov da məhz babası Əkbər müəllim kimi cəsur bir insan idi.Ölümün gözlərinə dik baxardı. İsmayıl Füzuli rayonunun Zobucuq qəsəbəsindəki 39 nömrəli tam orta məktəbi bitirmişdi.Arzusu hərbçi olmaq idi.Həqiqi hərbi xidmətini başa vurduqdan sonra evə gəldi.Valideynləri ilə söhbət edərək onların xeyir-duasını aldı və Müdafiə Nazirliyinin tərkinidəki N hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başladı.İsmayıl Minaatanlar batareyasında xidmət edirdi.Ancaq yeri gələndə, kəşfiyatçı kimi mühüm tapşırıqları da yerinə yetirirdi. 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusunun Qarabağdakı hərbi birləşmələrinə qarşı əks-hücuma başladı. Bu savaşda İ.Salmanovun şəxsi keyfiyyətləri üzə çıxdı. Hərbi xidmət yoldaşları İsmayıla “Əfqan” deyə müraciət edirdilər. İsmayıl Salmanov Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının böyük bir hissəsinin düşmən tapdağından azad edilməsində iştirak etdi.Dəfələrlə ölümlə üzbəüz gəlsə də, geri çəkilmədi.Oktyabr ayının 24-də Füzuli- Şuşa istiqamətlərində aparılan ölüm-dirim savaşı zamanı qəhrəmancasına şəhid oldu.1 gün sonra İsmayılın meyidini qanlı savaş meydanından çıxararaq Alıxanlı kənd qəbristanlığında dəfn etdilər. Biz, medonline.az saytı olaraq Rəhman və Yeganə Salmanovların qonağı olduq. Öncə bu səfərin baş tutmasında bizə zəruri dəstək göstərmiş Əlövsət Salmanov və qazi dostumuz Sədi Bağırova təşəkkür edirəm. Füzuli rayonundakı şəhid Azər Quliyev adına Alıxanlı kənd tam orta məktəbinin direktoru İlkin Vəliyev, Füzuli rayonundakı şəhid Ağamoğlan Cəbrayılov adına Aşağı Alıxanlı kənd tam orta məktəbinin direktoru Tariyel Əliyev, İsmayılın əmisi, müharibə veteranı Zülfüqar Salmanov, İsmayılın dayısı, müharibə veteranı Mürvət Hüseynov, şəhid Azər Quliyev adına Alıxanlı kənd tam orta məktəbinin tarix müəllimi Naib Əliyev, yaxın qohumları-Əlövsət Salmanov, Nazimə Qurbanova, İsmayılın uşaqlıq dostu Coşqun Sifahanov və başqaları Ermənistanın Azərbaycana qapşı hərbi təcavüzündən danışdılar. Onlar qeyd etdilər ki, erməni terrorçuları XX əsrdə 3 dəfə Xocalını yerlə-yeksan etmişər. Son 150 il ərzində bütövlükdə Türk dünyasına qarşı amansız mübarizə aparan silahlı daşnaklara 44 günlük savaşda layiqli cavab verildi.Şəhid İ.Salanovun atası Rəhman, anası Yeganə xanım qəhrəman övladları ilə qürur duyduqlarını qeyd etdilər. Biz də Sizin kimi qeyrətli insanlarla qürur duyuruq, İsmayıl!

Şamil Sabiroğlu, Aynurə Rüstəmova, Arzuman Ağayev. medonline.az saytının xüsusi müxbirləri. Füzuli-Bakı, 21.01.2021-ci il.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code