İnfeksionistdən XƏBƏRDARLIQ: Yoluxan şəxs 2 gün sonra peyvənd olunarsa…

0
31

Vaksinin ölkəmizdə tətbiq olunması aylardır ki, gecə-gündüz koronavirusa yoluxmuş xəstələrin müalicəsi ilə mübarizə aparan həkimlərimizi sevindirsə də, cəmiyyətdə vaksinasiyaya qarşı münasibət birmənalı deyil. İnfeksionist-hepatoloq Mərdan Əliyev peyvəndlə bağlı hər kəsi maraqlandıran suallara cavab verib.

Həkimin Publika.az-a müsahibəsini təqdim edirik:

– Doktor, vaksinasiyanın Azərbaycanda da tətbiq olunmasını necə dəyərləndirirsiniz?

– Münasibətim sözsüz ki, yaxşıdır. Peyvəndlənmə pandemiya ilə mübarizənin ən yaxşı üsuludur. Bəziləri vaksinin keyfiyyətinə şübhə ilə yanaşır, virus üzə çıxdığı ilk aylarda da cəmiyyətdə müxtəlif nəzəriyyələr dolaşırdı. Belə şayiələrə inanmayın, vurdurmaq lazımdır.

– Peyvənddən sonra temperatur artarsa və ya öskürək başlayarsa, peyvənd olunan insan başqalarını yoluxdura bilərmi?

– “Sinovac” innoaktiv peyvənddir, onun xəstəlik yaratmaq xüsusiyyəti və ehtimalı yoxdur. Çünki burada virus innoaktivləşdirilmiş formadadır, yəni ölü viruslardır. Virus innoaktivləşdirilir ki, insan bədənində ona qarşı immunitet əmələ gəlsin. Odur ki, vaksinlərin hər hansı yoluxuculuq yaratmasından söhbət gedə bilməz. Eyni zamanda peyvəndin gələcək infeksiyalara qarşı 100% qorumadığını anlamaq vacibdir, əsas üstünlüyü infeksiyanın ağırlaşmalarından qorumaqdır.

– Vaksin hansı hallarda ağırlaşmalara səbəb ola bilər?

– Xəstəliyin 4-5 gün inkubasiya dövrü var. Yoluxan şəxs iki gün sonra peyvənd olunarsa, ağırlaşmalar baş verə bilər. Bəzən bunu vaksinlə əlaqələndirirlər, halbuki ağırlaşmasının səbəbi virusa yoluxması, yoluxmuş halda peyvənd vurdurması və əlamətlərin 3 gün sonra üzə çıxmasıdır.

– Peyvəndin müsbət nəticələrini nə qədər müddət sonra görməyə başlayacağıq?

– Bu barədə dəqiq fikir bildirmək çətindir, hələ peyvəndlərin birinci dozasının vurulması mərhələsindəyik. İkinci doza vurulduqdan sonra effektivliyi daha aydın bilinəcək. Birincidən sonra da müəyyən effektivlik olmalıdır, bir həftədən sonra xəstəliyə yoluxma ehtimalı azalmalıdır. İkinci doza ona görə vurulur ki, immunitet davamlı olsun.

İstənilən halda vaksinasiyanın başlanması hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Vətəndaşlar bundan sonra da təhlükəsizlik tədbirlərinə, gigiyena qaydalarına əməl etməlidirlər.

– Peyvəndin ilk inyeksiyasından sonra virusa yoluxsaq, peyvəndin ikinci dozası vurulacaq?

– İlk peyvənddən sonra virusa yoluxmaq ehtimalı azdır, lakin bu baş verərsə, təbii ki, vurulmayacaq.

– Antikorlar qazanan və bundan xəbərsiz olan asimptomatik xəstələrin peyvənd olunması nə dərəcədə təhlükəsizdir?

– Tamamilə təhlükəsizdir, səhvən vurulsa da, heç bir problem yoxdur. Lakin virusa yoluxmuş və artıq sağalmış insana peyvənd vurulmasının heç bir mənası yoxdur. Çünki onun bədənində onsuz da virusa qarşı müəyyən immunitet əmələ gəlib. Onsuz da bədənində antikorlar var, peyvənd vurdurmağın ona faydası və ya təsiri olmayacaq.

– Hansı dərmanları qəbul edən xəstələrin peyvənd olunmasına icazə verilmir? Ümumiyyətlə, allergik və onkoloji xəstələrə də peyvənd vurula bilərmi?

– Kimyəvi terapiya alan və immun sistemini zəiflədən immunospressiv dərmanlar istifadə edən xəstələrə peyvəndin təsiri etməsi və immunitetin əmələ gəlmə ehtimalı azdır. Belə dərman qəbul edən xəstələrə vaksin vurulanda immunitet əmələ gəlməyəcək və ya çox zəif əmələ gələcək. Odur ki, müalicə bitəndən sonra peyvəndin vurulması tövsiyə olunacaq.

Digər dərmanlar qəbul edən xəstələrə isə vaksin həkim məsləhətinə əsasən təyin olunacaq.

– Vaksinasiyadan qorxan insanlarımıza nə demək istərdiniz?

– Vaksin dərman da sayılmır, virusun zəiflədilmiş konsentrasiyasından hazırlanır. Onların vurulmasından sonra səhhətinizdə heç bir problem olmamalıdır. Üstəlik bu peyvəndin digərlərindən fərqli olaraq əks təsirləri qat-qat azdır. Odur ki, bu qədər narahat olmağa dəyməz.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code