“Hər zaman mehriban qonşuluq əlaqələri yaradan ermənilər yox,Azərbaycanlılar olub.”

0
298

Müsahibimiz Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası və
tibbi terminologiya kafedrasının professoru, Rektorun müşaviri, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, Birinci Qarabağ Müharibəsi Veteranı, “Xocalı
Soyqırımını Tanıtma İctimai Birliyi” Ağsaqqallar şurasının sədri, “medonline.az”
saytının redaksiya şurasının üzvü, əməkdar müəllim, tibb elmləri doktoru Mübariz
Qasım oğlu Allahverdiyevdir.
1. -Sual: Mübariz müəllim, hərvaxtınız xeyir olsun. Siz füsunkar təbiəti olan
Xocalıda doğulmusunuz. Uşaqlıq və yeniyetməlik illəriniz Xocalıda, Şuşada və
Xankəndidə keçib. Xahiş edirik o illərə birgə nəzər salaq.
-Cavab: Salam. Xocalı Azərbaycanın ən qədim yurd yerlərindəndir. Xocalı
yeni eradan əvvəl böyük şəhər olub. Yeni eranın əvvəllərində zəlzələ nəticəsində
dağılıb. Xocalıda üç qədim qəbristanlığın, tarixi abidələrin olması da onun
qədimliyinin sübutlarındandır. Xocalıdan keçən üç çay – Qarqar, İlis və Xocalı
çayları onu üç hissəyə – Xocalı, Qala Dərəsi və Qaçqınlar bölgələrinə bölür.
Qaçqınlar bölgəsndə 1918-ci ildə Qərbi Azərbaycanın Dərələyəz torpaqlarından
vəhşi erməni vandalizminin etnik təmizləmə siyasətinin qurbanı olan məcburi
köçkünlər yaşayırdı.
Mən Xocalı 7 illik məktəbini bitirdikdən sonra 8-ci sinfi Şuşa şəhər 1
nömrəli orta məktəbdə, 9-10-cu sinifləri Xankəndidəki Nizami Gəncəvi adına 4
nömrəli orta məktəbdə bitirmişəm. SSRİ dövründə Dağlıq Qarabağda
Azərbaycanlılar yaşayan Xocalı, Malıbəyli, Quşçular, Kosalar, Kərkicahan,
Cəmilli Qaybalı və s. kimi kəndlərdə tam orta məktəblər açılmasına DQMV-yə
rəhbərlik edən gəlmə erməni daşnakları imkan vermirdi.
Qırxqız dağlarının qoynunda yerləşən Meydan yaylaqları, Bozdağ
yüksəkliyi, Pənahəli xanın inşa etdirdiyi Əskəran Qalası, Allahverdi bəylə
Qəhrəman bəyin böyük və möhtəşəm Tut bağları, Aeroport, Həsənabaddakı alma,
armud, şaftalı bağları, Ceyran bulağının yanındakı böyük su hövzəsi, Daşbulaq,
Mehdikənd, Meşəli, Seydikənd, Kətik meşələri Xocalının ərazisində idi. Sonralar
kəndlərə ermənilər yerləşdirildi. Bozdağın ətəklərində Noraguğ kəndi (Təzəkənd)
salındı.
Çoxları Qarabağı qara rənglə əlaqələndirib rusların dediyi kimi lüzumsuz
“Чëрный сад” kimi hərfi tərcümə edərək, təhrifə yol verirlər. Təbii ki, bu düzgün
deyil. Oğuz türkünün dilində “Kara” – “Böyük” – deməkdir, Karabağ – “Böyük
bağlar diyarı” – deməkdir.
2. – Sual: O zaman ermənilərlə azərbaycanlılar (türklər) arasında mehriban
qonşuluq əlaqələri vardı. Düşünürdünüzmü, nə vaxtsa nankor qonşularımız
torpaqlarımıza göz dikə bilərlər.
– Cavab: Hər zaman mehriban qonşuluq əlaqələri yaradan ermənilər yox,
Azərbaycanlılar olub. Xocalıda 2-3 erməni ailəsi yaşayırdı. Ətraf kəndlərə,
Xankəndiyə ermənilər 1915-1918-ci illərdə Çar Rusiyasının əli ilə yerləşdirilmişdi.
Xocalılar onları ərzaqla, çörəklə təmin edirdi. Lakin məsəl var ki, “Qurdu nə qədər
yemləsən də, bir gözü həmişə meşədə olur!”. Ermənini nə qədər çox yemləsən, o
qədər çox yırtıcılaşır, Azərbaycanlıların və digər qonşu dövlətlərin torpaqlarını ələ
keçirərək, evlərimizi özününküləşdirmək iddiası çoxalır. Atalar deyib ki, “İtə etibar
elə, amma çomağı əldən yerə qoyma”. Ermənilər Xocalını üç dəfə yandırıb, soyqırımına uğradıblar. Atam hər üç soyqırımının şahidi, sonuncunun – həm şahidi,
həm də şəhidi oldu. O, söyləyirdi ki, babam İmamqulu bəy 1918-ci ildə Nuru
Paşanın dəstəsində vuruşub. Azərbaycanlıları vəhşicəsinə soyqırımına uğradan
faşist cəlladlarından Dəli Qəzər Əsgəranın ortasında növbəti dəfə meydan sulayan
zaman türk əsgərinin dəqiq atılan top mərmisi onu göyə qaldıraraq yerə çırpıb.
Ermənilərin planı həmişə Azərbaycanın, Türkiyənin torpaqlarını zəbt eləmək və
etnik təmizləmə aparmaq olub. Ermənilər torpaqlarımıza həmişə göz dikiblər.
Ancaq onlar uzun illər dahi Heydər Əliyevin bəşəri nüfuzunun təsir gücündən
çəkinərək səslərini çıxara bilmirdilər. Ulu Öndər dünyadakı erməni diasporunun
qarşısını öz möhtəşəm sinəsi ilə kəsmişdi. Bu günkü qələbənin bünövrəsi
ümummilli lider tərəfindən qoyulmuşdu. Mən 1983 və 1988-ci illərdə Moskvada
kursda olarkən Metelitsa soyadlı bir professor – filosof SSRİ-nin bütün
respublokalarından gəlmiş alimlərə pedaqogikadan giriş mühazirəsi oxuyurdu. O,
1988-ci ilin mart ayında giriş sözündən sonra başladı ulu öndər Heydər Əliyevdən
danışmağa. O vaxt ulu öndər ermənipərəst M.Qorbaçovun göstərişi ilə 3-4 ay
olardı ki, tutduğu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən
kənarlaşdırılmışdı və üzdəniraq professor Metelisa Ümummilli liderin ünvanına
xoşagəlməz ifadələr işlətməyə başladı. 200 nəfərlik böyük bir Moskva
auditoriyasında Azərbaycan oğlunun ünvanına söylənilən məntiqsiz ifadələr məni
yerimdən oynatdı. Ayağa qalxdım və ona olan nifrətimi gizlətmədən dedim ki, mən
1983-cü ildə elə bu auditoriyada sizin mühazirənizi dinləmişdim. O vaxtda da siz
girişdən sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini SovİKP MK-nın üzvü
cənab Heydər Əliyevdən danışdınız və onun SSRİ miqyasında korrupsiyaya qarşı
apardığı mübarizənin dünyəvi əhəmiyyətini qeyd etdiniz. “Известия” qəzetində
çap olunan “Qoy, ədalət zəfər çalsın!” məqaləsinin motivlərindən danışdınız, tərif
elədiniz. İndi isə erməni lobbisinin təsiri altında M.Qorbaçovun göstərişi ilə alimə
yaraşmayan ikiüzlülüklə cənab Heydər Əliyevi bu auditoriyada “korrupsioner”
adlandırırsınız. Bu ikiüzlülükdür. Sizin kimi professora belə münasibət heç də
başucalığı gətirə bilməz. Metelisa bunun müqabilində mənə bir kəlmə də söz deyə
bilmədi, tələsik mühazirənin istiqamətini dəyişdirib başa çatdırdı və yox oldu.
Cənab Heydər Əliyev vəzifədən kənarlaşdırılan kimi ermənilər Qarabağı
Ermənistana birləşdirmək şuarı ilə mitinqə başladılar.
Bax bu da bir daha onu göstərir ki, Heydər Əliyev erməni iddialarına qarşı
təkbaşına mübarizə aparırdı. Bu mübarizə ədalətli mübarizə idi və ona görə də
Heydər Əliyev ideyalarını davam etdirən cənab Prezident İlham Əliyev möhtəşəm
qələbəni təmin etdi və bu haqda ümummilli liderə qələbə raportu verdi.
3. – Sual: Həkim peşəsinə yiyənlənmək, ağ xalat geyinmək təklifi necə
yarandı. Sizə qədər ailənizdə həkim və ya tibb işçisi kimi çalışan vardımı?
– Cavab: Xocalıda, ümumiyyətlə, XX əsrin 60-cı illərinə qədər ali savadlı
həkim olmayıb. Buna ermənilər yol verməyiblər. Keçən əsrin 30-cu illərinin
ortalarında Bakıda aqronomluq məktəbində təhsil alan atam akademik Mustafa bəy
Topçubaşovun qəbulunda olmuş, ondan ilk övladı olan Əşrəfin xəstəliyinə əlac
istəmişdi. Mustafa bəy onu müalicə etmişdi. 1941-1945-ci illər müharibəsində
iştirak edən atam Xocalıya qayıtdıqdan sonra həmişə Mustafa bəyin onu necə
qayğıkeşliklə qəbul etməsindən danışırdı və bizə təkidlə deyirdi ki, çalışın ancaq

həkimlik sənətinə yiyələnin. Biz də onun məsləhətlərinə qulaq asdıq. Mustafa bəyi
tanımasaq da atam bizim qəlbimizdə onun böyük obrazını yaratmışdı. Bizim həkim
olmağımızda atamın və onun yaratdığı Mustafa bəy obrazınım böyük rolu oldu.
Əvvəl böyük qardaşım Zahid 1959-cu ildə Tibb İnstitutunu bitirdi. Sonra
qalanlarımızı da o, öz arxasınca apara bildi. Qardaşımın bir oğlu, bir qızı da
həkimdir. Mən 1966-cı ildə, kiçik qardaşım Eldəniz 1975-ci ildə, bacım Yaqut
1982-ci ildə ATİ-ni bitirdik. Eldəniz Allahverdiyev uzun illər Xocalının baş həkimi
vəzifəsində çalışıb, orada əməkdar həkim fəxri adına layiq görülüb. Hazırda tibb
xidməti polkovnikidir. İki oğlundan biri həkimdir. Bacım Yaqut Xankəndidəki
İpək Kombinatı müəssisəsinin poliklinikasında həkim-ginekoloq işləyirdi. Oranın
baş həkimi – erməni qadın bacımın saçından tutub divara çırparaq demişdi ki,
“Sumqayıtın heyfini səndən çıxacağıq”. O, hazırda Bakıxanov qəsəbəsində həkim-
ginekoloq işləyir. Bacım Fənarə də tibb işçisidir. O, Türkmənistanın Dış Oğuz
Vilayət Mərkəzində tibb bacısı ixtisasına yiyələnib. Onun iki qızı ATU-nun
Pediatriya fakültəsini bitirib və hazırda Covid-19 pandemiyasına qarşı mübarizədə
xüsusi fəallıq göstərirlər. Mənim də oğlumla qızım ATU-nu bitiriblər, hər ikisi tibb
elmləri üzrə fəlsəfə doktorudur. Təkcə böyük bacım Ofelya Bakı Dövlət
Universitetinin filologiya fakültəsini bitirib. Xocalıdakı, Daşbulaqdakı orta
məktəblərdə, Şuşadakı Vilayət Pioner Düşərgəsində müəllimə işləyib, əmək
təqaüdünə çıxana qədər isə Keşlədəki 201 nömrəli tam orta məktəbdə çalışıb.
Birinci Qarabağ müharibəsi zamanı Cəmillidə baş həkim işləyən dayım oğlu
Məmməd həkim də ermənilərin hücumuna məruz qalıb, əsirlikdə işkəncələr çəkib.
Xocalının baş həkimi vəzifəsini yerinə yetirib və hazırda Xocalının Fəxri baş
həkimi statusundadır. O, Azərbaycan Bayrağı ordeni ilə təltif olunub, Əməkdar
həkimdir. Hazırda Xocalının bacarıqlı bir həkimlər ordusu yetişib. Onların
sırasında istedadlı həkim Kamal Məmmədov, Almaz, Gülnarə və Ruhiyyə
Həsənova bacıları, Aslan Usubov, Elşən Məmmədov, Eldar İsmayılov, Aqil
Məmmədov, Sevil və Tamilla Həbibova bacıları, Rizvan Qasımov, Şeyla
Qasımova, İslam Qasımov, Sevinc və Aynurə Şükürova bacıları, Təranə
Qasımova, Aynur Əsədova, Sirac Qasımov, Elnur Qasımov və digərləri vardır.
4. – Sual: Hazırda ATU-nun Rektorunun müşaviri, İnsan anatomiyası və
tibbi terminologiya kafedrasının professorusunuz. Sizin alim kimi yetişməyinizdə
zəhməti olan insanlar var. Mümkünsə, bu barədə danışardız.
– Cavab: Mən ATİ-ni bitirəndə fakültə dekanı professor Hacıyev Gülağa
müəllim mənə təklif etmişdi ki, nəzəri kafedralardan Normal anatomiya
kafedrasında saxlanılım. Amma 3 il praktik həkim kimi işləmək lazım idi.
Professor Gülağa Hacıyev mənə ilk dayaq duran alimlərdən oldu və o, dedi ki, mən
kafedra müdiri professor Kamil Balakişiyevlə danışmışam. O da razılıq verib.
Həmin dövrdən professor Gülağa Hacıyev və professor Kamil Balakişiyev mənə
qayğı göstərdilər. Mənim alim kimi yetişməyimdə isə ən böyük qayğısı,
unudulmaz, yaddan çıxmaz zəhməti olan şəxs indiki İnsan anatomiyası və tibbi
terminologiya kafedrasının müdiri, “Azərbaycan Anatom, Histoloq və
Embrioloqlar Elmi Cəmiyyəti” İctimai Birliyinin sədri, Azərbaycan “Nəzəri,
Kliniki və Eksperimental Morfologiya Jurnalı”nın baş redaktoru, ATU-nun
nəzdindəki Dissertasiya şurasının sədri, Rusiya Elmlər Akademiyasının

akademiki, ə.e.x., t.e.d., BMT-nin Hippokrat ordeni təltifçisi, akademik Yusif
Məmmədəliyev adına mükafat laureatı, Şöhrət ordenli professor Vaqif Bilas oğlu
Şadlinski olub. Keçən əsrin 70-inci illərində Azərbaycanda Dissertasiya şuraları
ləğv edilmişdi. Vaqif müəllim Xarkov Dövlət Tibb İnstitutunun anatomiya
kafedrasında elmi iş aparırdı. O, məni də özü ilə Xarkova apardı. Özü 1982-ci ildə
Tbilisidə namizədlik dissertasiyası müdafiə edəndən sonra, mənə də oranı məsləhət
gördü. Mən 2008-ci ilin yanvar ayında professor Vaqif Şadlinskinin elmi
məsləhətçiliyi və yaxından göstərdiyi qayğı sayəsində doktorluq dissertasiyası
müdafiə etdim. Vaqif müəllim həddən ziyadə vətənpərvər, vətənsevər Azərbaycan
ziyalısı kimi təkcə mənə yox, bütün arxasızlara, köməksizlərə əl tutan, arxa olan
mərd alim, mərd insandır. Xocalı üçün ilk tibb elmləri doktoru, professoru
yetişdirmək missiyası məhz akademik Vaqif Şadlinskiyə nəsib oldu. Onu da qeyd
edim ki, tək mənim yox, qızım Qasımova Təranənin də tibb elmləri üzrə fəlsəfə
doktoru dissertasiyasının elmi rəhbəri akademik V.B.Şadlinskidir. Mənim alim kimi yetişməyimdə professor V.B.Şadlinski ilə birlikdə onun rəhbərlik etdiyi kafedranın professor-müəllim heyətinin də müstəsna xidmətləri olub. Bütün bunlara  görə kafedranın müdirinə və onun rəhbərlik etdiyi kollektivə təşəkkür edirəm. O, həm də
birinci Qarabağ müharibəsi illərində Şuşaya, Xocalılara, Qarabağa, eləcə də İkinci
Qarabağ Müharibsi zamanı şanlı ordumuza, əsgərlərimizə, qazilərimizə ən çox
yardım edən xeyriyyəçilərdən biri olub. İkinci Qarabağ Müharibəsinin
başlanmasının ilk günlərində cənab Prezident İlham Əliyevə – Ali Baş
Komandana, xalqımıza, müzəffər ordumuza mənəvi dəstək olan ilk Azərbaycan
övladlarından biri akademik Vaqif Bilas oğlu Şadlinskidir.
5. – Sual: Özünüz də tibb elminin inkişafına müəyyən töhfələr vermisiz.
Neçə elmi məqaləniz var? Hansı gənclərin alim kimi yetişmələrində xidmətiniz
var?
– Cavab: Özüm haqqında danışmağı heç vaxt xoşlamamışam. Həmişə
təvazökar insanların, alimlərin əhatəsində olduğuma görə bu mənim qanıma,
canıma hopub. Çalışmışam ki, mənim köməyimə ehtiyacı olanların heç birini
naümid qaytarmayım. Tələbəlikdən üzü bəri Rektorlardan ə.e.x., professor
Bahadur Eyvazovun, ə.e.x., professor Xamis Həsənovun, ə.e.x., professor Zəhra
Quliyevanın akademik Əhliman Əmiraslanovun, prorektorlardan ə.e.x., professor
Vaqif Şadlinskinin, ə.e.x., professor Sabir Əliyevin, ə.e.x., professor Məmməd
Nəsirovun, dosent Səlim Əliyevin, ə.e.x., professor Tamerlan Əliyevin, böyük
filosof-alim ə.e.x., professor Adil Nəcəfovun, ATİ-nin Partiya Təşkilat
Komitəsinin Katibi dosent Bikəxanım Əlizadənin, ə.e.x., professor Şərif
Mahalovun və digər alimlərin həyat məktəbindən bəhrələnərək saflaşmışam.
Hazırda dünya təhsil sisteminin ən yüksək zirvələrində dayanan, görkəmli novator-
alim, dünya psixiatrları sırasında öncül yerlərdə dayanan professor Gəray
Gəraybəylinin obyektivlik, humanistlik, ədalətlilik məktəbinin dəyərlərindən
bəhrələnir və öyrənirəm. Öyrənirəm ki, bəlkə nə vaxtsa, kiminsə öyrənməsinə mən
də yardımçı ola bildim. Öyrətdilər ki, öyrəndim, öyrəndim ki, öyrədim. Ən böyük
elmi əsərlərim yetirdiyim təmiz, saf qəlbli tələbələrimdir.
6. – Sual: Siz həm də Azərbaycan Respublikası “Xocalı Soyqırımını
Tanıtma” İctimai Birliyi Ağsaqqallar Şurasının sədri və “medonline.az”saytının
Redaksiya şurasının üzvüsüz. İctimai fəallığınız haqda nə deyə bilərsiz?
– Cavab: Mənim bu istiqamətdəki fəaliyyətim sizinlə olan qarşılıqlı
vəhdətimizlə tənzimlənir. “Medonline.az” saytının redaksiya şurasının

rəhbərlərindən I Qarabağ müharibəsi qazisi, İgidliyə görə medalın sahibi Şamil
müəllimin, əməkdar həkim, Ağdam Hospitalının baş həkimi olmuş ATU-nun
dosenti Taryel doktorun, eləcə də həmin saytın üzvlərindən həkim-ginekoloq
Elmira xanım Əliyevanın, Xocalının nadir incilərindən olan bənövşə soraqlı Ayna
xanımın, şair, gözəl insan Əliyev Zakir doktorun, tibb xidməti polkovnik –
leytenantı Nazim Xudiyevin, təvazökar xeyriyyəçi hörmətli Kifayət xanımın, I Qarabağ müharibəsi veteranı, Milli Qəhrəman Fred(Asif)in qardaşı  Ədalət Məhərrəmovun, Qarabağ qazisi – Məzahirin, bacarıqlı gənclərin nümayəndəsi Şamilə xanımın,
əzizimiz Sənanın, ATU-nun tələbəsi Fərəcli Orucun yeni işə qəbul olunan bütün gənclərin və digərlərinin sağlam
əqidəli birliyi mənim ictimai fəallığıma stimul verən ən yüksək qiymətə layiq
amillərdəndir. 
7. – Sual: Mübariz müəllim, son 200 il ərzində dövlətçilik ənənələri olmayan
ermənilər (Haylar) Türk Dünyasına qarşı səlib yürüşünə çıxıb. Onlar
havadarlarının dəstəyi ilə əraziləri işğal edib, soydaşlarımıza qarşı misilsiz
vəhşiliklər törədiblər. Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyevin
rəhbərliyi dövründə Ordu quruculuğuna lazımi dəstək göstərildi. Beləliklə, 2020-ci
il sentyabrın 27-dən başlayan 44 günlük savaşda xalq olaraq qələbə qazandıq. Bu
möhtəşəm qələbə barədə fikirlərinizi eşitmək çox xoş olardı.
– Cavab: Mən zati-aliləri möhtərəm cənab Prezident İlham Əliyevə – Ali Baş
Komandana göndərdiyim şəxsi teleqramlarımda bu möhtəşəm qələbəyə görə
fikirlərimi bir neçə dəfə bildirmişəm. Ancaq hesab edirəm ki, bu haqda nə qədər
desək, danışsaq da, görülən işlərin, çalınan zəfərlərin fonunda yenə də az, yenə də
cüzi görünəcək. Cənab Prezidentimiz, rəşadətli Silahlı qüvvələrimiz, vətənsevər
xalqımız, müqəddəs Şəhidlərimiz tərəfindən 44 gün ərzində yerinə yetirilən
ağlasığmaz qələbələrin böyüklüyü, möhtəşəmliyi illər keçdikcə daha dərindən
duyulacaq, hiss olunacaqdır. Cənab Ali Baş Komandanla 50 milyonluq Dünya
Azərbaycanlılarının Dəmir Yumruq kimi birləşməsi və eyni hədəfə vurması
hamımızın qürur mənbəinə çevrilib. Şəxsən mənə bu qüdrətli zəfər dünyanın ən
birinci və ən nəhəng möcüzəsi təsiri bağışlayır. Cənab Prezident təkcə döyüş
meydanında deyil, dünyanın bir çox ölkələrinin 30-dan çox müxtəlif çeşidli, fərqli
təfəkkürlü jurnalistlərinin suallarına verdiyi məntiqli və dərin məzmunlu cavabları
ilə ideoloji müharibədə də böyük qələbəni təmin etdi.
Vətən uğrunda igidliklə canından keçən şəhidlərimizin ruhu şad olsun, yaralı
qazilərimizə Allah şəfa versin, deyirəm. Müqəddəs şəhidlərimiz və qazilərimiz,
xalqımız, hər bir əsgərimiz ən yüksək tərifə layiqdirlər.
8. Sual: Təəssüflər olsun ki, işğaldan azad edilən ərazilərin siyahısında
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin adları yoxdur. O yurd yerlərinə, o
torpağa bağlı insan kimi fikirlərinizi bilmək çox maraqlıdır.
– Cavab: Bilirsiniz, mən bu mərhələ üçün təəssüfü ön plana çəkməzdim.
Çünki mən sülhməramlı adı ilə Qarabağa gətirilən rus əsgərlərinin nələrinsə təsiri
altında dedikləri ifadələrinə, elədikləri çərçivədən kənar hərəkətlərinə, xülyalarına
yox, Azərbaycan Respublikasının müdrik Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyevin təmkinli siyasətinə, uzaqgörənliyinə, sözlərinin bütövlüyünə bütün
varlığımla inanıram. Bu rakursdan baxdıqda mən Xocalını, Xocavəndi, Xankəndini, Ağdərəni
də erməni işğalından azad kimi sayıram və orada da bir az gec, bir az tez
Azərbaycan bayrağının dalğalanacağına əminəm. Mən inamla deyirəm ki, bütün

hadisələr cənab Prezidentin nəzarəti altındadır. O, nəyin nə vaxt həyata
keçiriləcəyini hər kəsdən yaxşı bilir. Ermənistanın Xarici İşlər Naziri Xankəndinə
gəlib. Onun nə işi var orada. “Dəmir Yumruq” qüvvədədir! Xocalı soyqırımı
iştirakçılarının, onu törədənlərin, onun ideya müəlliflərinin Haaqa Hərbi
Tribunalına veriləcəyi gün də uzaqda deyil. Serj Sarqsyan, Robert Koçaryan,
Seyran Ohanyan, Zori Balayan və digərləri kimi əlləri Xocalı körpələrinin qanına
bulaşmış, erməni yam-yamları bir daha Azərbaycan torpaqlarında hökmranlıq edə
bilməzlər. Əgər belə olarsa onlar əzəli Azərbaycan torpaqları olan  İrəvanı, Göyçəni, Zəngəzuru, Dərələyəzi də tərk etməlidilər.
Onlar 200 il bundan əvvəl köç etdikləri torpaqlara, onlara havadarlıq edənlərin
yanına qayıtmalıdırlar. Dövran dəyişib, zaman dəyişib. “Sülhməramlılar”a da çox
bel bağlamaq olmaz. Gəlin özümüzü aldatmayaq. Məramı sülh olmayan, heç vaxt
sülhməramlı ola bilməz. Onu da bilin ki, Xocalı, Xankəndi, Xocavənd, Ağdərə də Şuşadır,
Şuşa Qarabağdır, Qarabağ Azərbaycandır!
– Maraqlı müsahibəyə görə çox sağ olun.
– Siz də sağ olun.


Söhbəti yazdılar:

Şamil Sabiroğlu,

Familə Mirzəyeva.

Bakı şəhəri, 11.01.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code