Hacıxanım Kifayət Qərənizadə : “Cəbhə bölgələrinə səfər zamanı şəhidlik zirvəsinə yüksəlməyi arzulamışam….”

0
98

Müsahibimiz Medonline.az saytının Redaksiya Şurasının üzvü , “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin şöbə müdiri , xeyriyəçi insan Hacıxanım Kifayət Nurəddin qızı Qərənizadədir.

Dəyərli Kifayət xanım, hər vaxtınız xeyir olsun. Xahiş edirik,  ömür yolunuz haqda bizə məlumat verəsiniz.

-Gürcüstanın Tbilisi şəhərində ziyalı ailəsində doğulmuşam. İndiki Azərbaycan Neft və Sənaye universitetində (Neft Akademiyasında) ali təhsil almışam. 56 nömrəli peşə məktəbində müəllim işləmişəm. Xeyriyyədə var olmağım atamdan , ailəmdən gəlir. Xeyriyəçiliyim ailəmdən bəslənib.

-Siz mütəmadi olaraq şəhid ailələrinə, müharibə əlil və veteranlarına , həmçinin imkansız ailələrə baş çəkirsiz. Doğurdanmı imkansız ailələrin sayı çoxdur?

-Mən mütəmadi olaraq nəinki Bakıda, həmçinin,  bölgələrdə də şəhid ailələrinə ziyarətə getmişəm. Goranboyda ,Tərtərdə , Bərdədə , Lənkəranda , Şamaxıda , Quba , Qusar , Xaçmazda şəhid ailələrinə baş çəkmişəm. Mənim getdiyim imkansız ailələrin sayı həddən çoxdur. Düzdü , dövlətimiz dəstək olur amma təəssüf ki hamısına yardım çatmır. Xeyirxah insanlar məncə onlara da dəstək olmalıdırlar . Allahın verdiyi nemətləri ehtiyacı olan insanlarla paylaşmalıyıq.

-Getdiyiniz ünvanlarda sizi necə qarşılayırlar?

-Getdiyim imkansız ailələrdə məni elə gözəl qarşılayırlar, elə gözəl sözlər dedilər ki, onların mənə dedikləri tərif deyil. Onlar mənə sevgi bəsləyillər. Mən onlara gedəndə Kifayət nənə , Kifayət bibi deyir uşaqlar. Mən uşaqları çox sevirəm. Uşaqlar mənim qaranlıq dünyamda günəş kimidirlər. Mən uşaqların gözündə olan saf sevginin aşiqiyəm. Mən uşaqlara qarşı olan sevgimi izah edə bilmərəm.. Uşaqlar bəşəriyyətin yaşam səbəbidir. Onlar yer üzünə səpilmiş mələklərdir.

-2 ci Vətən müharibəsi dövründə bir neçə dəfə cəbhə bölgəsinə səfər etmisiz. Mümkündüsə, bu barədə danışın.

 -Müharibə dövründə 12 dəfə cəbhə bölgəsində oldum. Goranboy, Tərtər , Füzuli , Xoradiz , Cəbrayıl , İlanlı dağa getdim. Əsgərlərimizə meyvələr, yeməklər , ərzaqlar , dərmanlar , geyimlər , şirniyyatlar  aparırdıq. Hər dəfə gedəndə əsgərlərimiz üçün 3000-4500 manatlıq xərc çəkirdik. Şəhidlərə Allahdan rəhmət, Qazilərimizə şəfa, şəhid ailələrinə isə səbr diləyirəm. Müzəffər şanlı ordumuzun qələbəsi bizi qürurlandırdı. 30 illik həsrət sona çatdığı üçün çox xoşbəxtəm. Bütün xalqın Ali Baş Komandanımızın yanında olmağı əsgərlərimizi daha da həvəsləndirdi və biz qələbə çaldıq. Əsgərlərlərimizin necə  həvəslə , ruhla döyüşdüklərini mən öz gözlərimlə görmüşəm. Onlarla qürur duyuram!

Mən cəbhəyə gedərkən şəhidlik zirvəsinə yüksəlməyi arzulayırdım. Təəssüf ki , bu mənə qismət olmadı.

-Medonline.az saytının Redaksiya Şurasının üzvüsüz. Saytın tanınması , oxucu autoriyasının artması üçün nələri etməyi düşünürsüz?

-Medonline.az saytının əməkdaşları və Redaksiya Şurasının üzvləri çox vətənpərvər , ədəb-ərkanlı, işgüzar insanlardırlar. Mən inanıram ki saytımız etimadı doğruldacaq. Biz, əsasən ağ xalatlı tibb işçiləri və əhalinin aztəminatlı təbəqəsi ilə işliyəciyik və həkimlərlə işləməyin özü xalqımıza böyük dəstəkdir. Mən “Şəfalı əllər , Sevgili qəlblər “ deməyi tərcih edirəm. Çünki həkimlərin sevgisi olmasa , o əllərə şəfa gələ bilməz. Böyük planlarım və arzularım var . Pandemiya bizim üçün gözə görünməz düşməndir , düşməni dəf edək, ondan sonra gözəl işlərimiz və layihələrimiz olacaq.

Çox sağolun,  Kifayət xanım. Bizim üçün çox maraqlı müsahibə oldu.

  Hazırladılar:

  Şamil  Sabiroğlu,

 Familə Mirzəyeva.

Medonline.az saytının xüsusi müxbirləri.

Bakı, 07.01.2021.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code