Əməkdar həkim Elmira Əliyeva:”İcbari tibbi sığortanın tətbiqi Azərbaycan səhiyyəsinə böyük uğur gətirəcək!”

0
403

Müsahibimiz Bakı şəhəri üzrə Baş Səhiyyə İdarəsinin sabiq rəisi, Medonline.az saytının Redaksiya Şurasının üzvü, Azərbaycan Respublikasının Əməkdar həkimi xanım Elmira Əliyevadır.

Tanıtma: Elmira xanım 1949-cu ildə Bakıda çoxuşaqlı ailədə doğulub. 1966-cı ildə orta məktəbi , 1972-ci ildə isə Azərbaycan Tibb universitetini bitirib. Bir müddət Sumqayıt Xlor Üzvi Məhsullar zavodunun tibbi sanitar hissəsində ginekoloq vəzifəsində işləyib, daha sonra Sumqayıtdakı 1 saylı doğum evində vəzifəsini dəvam etdirib. Elə o vaxtdan səhiyyə sahəsində pillə-pillə irəliləyib. 2007 ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi aparatında işə başlayıb. 2012-2018 ci illərdə Bakı Baş Səhiyyə İdarəsinin rəisi işləyib. Hazırda təqaüdçüdür. Ailəlidir, 3 övladı , 7 nəvəsi var.

-Dəyərli Elmira xanım, hər vaxtınız xeyir olsun.Söhbətimizə bu sualla başlamaq istəyirik: Necə oldu ki şərəfli həkim peşəsini seçdiniz?-Uşaq yaşlarımda atam mənə həkim olmağı tövsiyə etmişdi. Zaman keçdikcə məndə bu sahəyə həvəs yarandı və mən həkim olmağa qərar verdim.

-1988 ci ildən başlayan Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ  müharibəsində ağxalatlı tibb işçiləri də şəhid oldular, məsələn, Azərbaycanın Milli Qəhrəmanları : Gültəkin Əsgərova, Muxtar Qaımov, Çingiz Mustafayev və başqaları. Siz də həkimsiz , elə an olubmu ki , düşmən tərəfin xəstəsiylə qarşılaşıb biganə qalmısız? Və ya qala bilərsiniz?

-1988 ci ilin fevral ayında Sumqayıt hadisələri başlayanda mən Sumqayıtda işləyirdim. Sumqayıtda Qriqoryanın törətdiyi əməllər barədə hadisənin şahidlərilə mənim söhbətim olub. Çünki o gün mən  doğum evində növbətçiydim, xəstələrdən biri qaça-qaça gəldi ki, mənim evimə gələn, vəhşilik törədən erməni qadınıydı. O vaxtı bəzi  ermənilərin  Azərbaycan sevgisi hələ də  varıydı, sonradan onlar dəyişdilər.

  1990-1992 ci illərdə Bakıda ginekoloq işləyəndə bir gün mənə hamilə olan milliyyətcə erməni qadını təhvil verdilər. Hər kəs Azadlıq meydanına gedirdi , mən şöbə mudiriydim. Ona görə şöbəni qoyub gedə bilmirdim. Erməni qadının vəziyyəti çox ağır idi , əgər baxmasam 1-2 saata qanaxmadan öləcəkdi. O qorxurdu, bu qorxu onun titrəyən dodaqlarından, yaş gələn gözlərindən bəlli idi. Hamilə erməni mənim onu öldürəcəyimi düşünürdü. Amma mən həkiməm, Hippokrat andı içmişəm,mən ona heçnə edə bilməzdim, bu həm də mənim xasiyyətimə uyğun gəlməzdi.

Həm də düşmən belə olsa o, xəstəydi. Mən ona yardım etdim və səhəri evə yolladıq.

-Dəyərli Elmira xanım, təəssüf ki,  millliyətcə erməni olan tibb işçiləri zamanında həm Bakıda, həm Qarabağda, həm də Ermənistanda və digər yaşayış məntəqələrində xəstə soydaşlarımıza qarşı kifayət qədər vandallıq hərəkətləri törədiblər. Bunu necə qiymətləndirirsiz?

 Bəli, həqiqətən də elədir.Azərbaycan xalqı sülhpərvərdir, yaxın qonşusuna hörmətlə yanaşandır. Bu cür faktlar çoxdur. Təəssüf edirik ki, bu cür xəyanətkar, başqasının torpağına, sərvətinə, tarix və mədəniyyətinə göz dikən bir tayfa-bir millətlə qonşu olmaq məcburiyyətindəyik.

-Siz 2012-2018-ci illərdə Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində işləmisiniz. Rəhbərlik etdiyiniz dövrdə əhalinin müayinə və müalicəsi necə təşkil edilirdi?

-2007-ci ildən 2012-ci ilədək  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini vəzifəsində çalışmışam. O dövr üçün vacib olan bir sıra tədbirlər, proqramlar ilə yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Ana və uşaq sağlamlığının qorunması və yaxşılaşdırılması üzrə Tədbirlər ….Proqramı” qəbul edilmişdi. Bu proqrama əsasən Ümumdünya Səhiyyə  Təşkilatının (ÜST)  tövsiyələrinə uyğun olaraq ana və yeni doğulmuşlara göstərilən tibbi yardımımın keyfiyyətinin yaxşılaşdırılması və regionlaşdırılması prinsipini rəhbər tutaraq Azərbaycanda 7 perinatal  mərkəzin tikilməsi və istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Bu sahə üzrə xarici ekspertlərlə təlimlər keçirilirdi, proqram çərçivəsində hamilələrə göstərilən səhiyyə xidmətinin yüksək səviyyəli təşkili, yeni doğulanların ÜST-nın tələblərinə uyğun olaraq,yeni doğulma meyarlarına keçid təşkil edildi. Bakıda, Naxçıvanda və digər 5 bölgədə perinatal mərkəzlərin tikilməsi başa çatdırıldı. Bu müddətdə perinatal mərkəzlərdə işin təşkili üzrə işçi qruplar yaradıldı. Görülən işlər ana və uşaq ölümü göstəricilərini nəzərə çarpacaq dərəcədə aşağı saldı.

2012-ci ildə  Bakı Baş Səhiyyə İdarəsinə (BBSİ) rəis təyin olundum. Rəis vəzifəsində çalışarkən müvafiq Dövlət Proqramlarının həyata keçirilməsi üçün Bakı şəhəri üzrə doğuşa yardım xidmətinin səviyyəsinin yüksəldilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə işçi qrupu təşkil edildi. Uşaqlar arasında profilaktik tədbirlərin aparılması dövlət rəhbərliyinin həmişə diqqətmərkəzində olub. “Uşaqların icbari dispanserizasiyası” haqqında  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 591 nömrəli  Qanununun tətbiqi istiqamətində Bakı şəhəri üzrə ambulator tibb müəssisələrində uşaqların cari dispanserizasiyasının aparılması üzrə müəyyən işlər görüldü. Belə ki,  uşaqların və yeniyetmələrin dispanserizasiyası üzrə profilaktik müayinə və müalicələrinin nəticələri yeniyetmə moduluna əsasən elektron bazaya daxil edildi. Aparılan tədbirlər  nəticəsində həm mütəşəkkil (bağçaya, məktəbə gedən), həm də qeyri mütəşəkkil (bağçaya, məktəbə getməyən) qrupa aid uşaqların uşaq poliklinikalarına profilaktik müayinəyə cəlb olunması artıq 98% təşkil etdi. Bu iş üzrə BBSİ poliklinikalarında elektron sistem tətbiq olundu və onlara müvafiq kart verildi.

Bundan əlavə, əmək qabiliyyətinin müvəqqəti itirlməsi və xəstəlik vərəqələrinin verilməsi üzrə işçi qrupu təşkil etmişdik. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı əsasında əhalinin dispanserilizasiyası üzrə də çox böyük işlər aparılırdı. Bununla da əhali arasında xroniki xəstəliklərin aşkar edilməsi, vaxtında keyfiyyətli müayinə və müalicəsinin təşkilinə nail olduq. Hər sahədə  təyin edilmiş işçi qrupları üzrə monitoring aparılır, işin keyfiyyətinə nəzarət olunurdu.

Uşaqların milli təqvim üzrə peyvəndləşmə işi təqvim üzrə vaxtlı-vaxtında həyata keçirilməsinə nəzarət edirdik.

Digər dövlət proqramları: “Şəkərli diabet”, “Xroniki böyrək çatışmazlığı” proqramları əsasında, Səhiyyə Nazirliyinin əmr və sərəncamları üzrə işçi qruplar təşkil edilirdi. Məqsəd, müvafiq sahələr üzrə görülən işin səmərəli təşkili və vaxtında müalicəsini həyata keçirmək idi.

Siz öz ərizənizə əsasən işdən azad edilmisiz. Səbəbini bilmək olarmı?Mən Bakı Baş Səhiyyə İdarəsində olan fəaliyyətimi 2018-ci ilin sentyabr ayında ailə vəziyyətimlə əlaqədar və  öz xahişim əsasında başa çatdırmışam.

-Hazırda Siz, medonline.az saytı Redaksiya Şurasının üzvüsüz. Peşəkar tibb işçisi kimi Ölkəmizdə koronavirusla mübarizənin vəziyyətini necə qiymətləndirirsiz?

-Bütün dünyada tüğyan edən Covid-19 pandemiyası hər sahədə olduğu kimi səhiyyə sahəsində də çətinliklər yaratmışdır. Azərbaycanda Ölkə Başçısının göstərişi ilə qısa müddətdə modul tipli xəstəxanalar tikilmişdir. Təsadüfi deyil ki, görülən işlər üzrə Azərbaycan ÜST tərəfindən “nümunəvi ölkə” adlandırılmışdır. Təcrübə göstərir ki, xəstəliyin klinik təzahürü ayrı-ayrı xəstələrdə atipik keçir. Bu da, müalicənin gedişində fərdilik yaradır. Güman edirəm ki, fədakar həkimlərimizin apardığı işlər nəticəsində yaxın zamanlarda klinik protokol yaradılar.

Hörmətli Elmira xanım, 2021-ci il yanvar ayının 1-dən Azərbaycanda icbari tibbi sığorta tətbiq ediləcək. Bu barədə nə deyə bilərsiniz?

-Bütün inkişaf etmiş ölkələrdə oduğu kimi, Azərbaycanda da İcbari Tibbi Siğorta tətbiq ediləcək. Bu, çox  vacib məsələdir. Belə fikirləşirəm ki, adı çəkilən siğorta tətbiq edildikdə ölkəmizdə səhiyyənin təşkili və keyfiyyəti daha da yüksələcəkdir.

Maraqlı müsahibə üçün çox sağ olun

Söhbəti yazdılar:

Şamil Sabiroğlu,

Şamilə Şamilqızı,

Familə Mirzəyeva.

Bakı, 06.01.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code