“Sərt karantinin faydasını bir neçə gün sonra görəcəyik” – ekspertlər

0
49

Adil Qeybulla: “Qat-qat çox adam evdə müalicə olunur, ona görə real vəziyyət ürəkaçan deyil”

Koronavirusun sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artım  bütün dünya üçün ən ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar. Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün sərtləşdirilmə istiqamətində addımlar atılır.

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə nəticələnən tarixi qələbə bir çox vətəndaşlar tərəfindən kütləvi şəkildə qeyd edildi, insanlarda yaranmış ruh yüksəkliyi COVİD-19 pandemiyası təhlükəsini ikinci plana keçirdi. Vətən müharibəsində şəhid olan insanların yas mərasimlərində kütləvi iştirak, torpaqların işğaldan azad olunmasının kütləvi qeyd edilməsi, bu məqsədlə yürüşlərin keçirilməsi COVİD-19-un yayılması ilə bağlı vəziyyəti gərginləşdirdi.

Bu səbəbdən də dekabrın 14-dən etibarən Azərbaycanda sərt karantin rejimi tətbiq edilməyə başladı. 

Sərt karantin rejiminin ilk günlərindəcə koronaya yoluxma sayında ümidverici azalma müşahidə edilir. Bu tendensiya davamlı ola bilərmi? Bəs görəsən, son günlər havaların daha da soyuması, yağışlı və küləkli keçməsi virusun yayılmasına təsir edəcəkmi? Qarlı, şaxtalı hava olarsa, necə?

Bu və digər suallarla bağlı infeksionist ekspertlərdən mövqe öyrəndik.

“Yeni Müsavat”a mövzu ilə bağlı münasibət bildirən infeksionist-hepatoloq Mərdan Əliyev də koronavirusa yoluxanların sayında azalma müşahidə edildiyini qeyd etdi: “Biz də bunu öz təcrübəmizdə müşahidə edirik. Son bir ayda xəstələrin sayı həddindən artıq çox idi. Amma son bir həftədə xəstələrin sayında xeyli azalma müşahidə edilir. Ağır xəstələrin də sayı xeyli azalıb. Bu tendensiyanın davamlı olub-olmamasını demək çətindir. Bunu zaman göstərəcək.

Ümumiyyətlə, yoluxma sayının azalmasının sərt karantin rejimi ilə əlaqədar olmasını düşünmürəm. Çünki xəstəliyin inkubasiya dövrünün 4-5 gün olduğunu nəzərə alsaq, azalma sərt karantin rejimi tətbiq olunandan 4-5 gün sonra başlamalı idi. Bu isə ilk günlərindən başladı. Sərt karantin rejimi faydasını  əslində özünü bir neçə gün sonra göstərəcək”.

Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan » Qanun və Hədəf

Mərdan Əliyev

M.Əliyevin sözlərinə görə, havaların daha da soyuması, yağışlı, qarlı olmasının virusa hər hansı bir təsiri yoxdur: “Əslində yaydan payıza, qışa keçərkən bunun insanlara təsiri var. Çünki evlərdə qapılar, pəncərələr bağlı saxlanılır, havalandırma olmur, günəşin ultrabənövşəyi şüalarının təsiri azalır. Buna görə payız fəslinə keçəndə virusda artım müşahidə edilir. Amma qışda havaların daha da soyumasının virusun çoxalmasına hər hansı təsiri yoxdur”.

İnfeksionist insanların nəmli maskalardan istifadə etməsinə də münasibət bildirib: “Yağışda islanan maskalardan istifadə etmək olmaz. Maska quru şəkildə olmalıdır ki, nəfəs ala biləsən. Nəm çəkirsə, islanırsa tənəffüs etmək qabiliyyətini itir, yararsız hala düşür. Bəzi maskalar var ki, xüsusi parçalardan hazırlanır. Onları yuyub istifadə etmək olar. Amma hazırda ən çox istifadə olunan, ən çox qoruyuculuq qabiliyyəti olanlar N 95 tipli və cərrahi maskalardır. Amma bunlardan istifadə edərkən islandısa, effektivliyi itir. Ümumiyyətlə, cərrahi maskalar bir dəfə üçün nəzərdə tutulur. Bir dəfə istifadədən sonra, islanarsa da atmaq lazımdır. N 95 maskaları bir neçə gün istifadə oluna bilər. İslanmadığı halda. Filtr hissəyə su dəyəndə keyfiyyətini itirir”.

Məlumat üçün deyək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən TƏBİB-ə 1 milyon ədəd tibbi maska təhvil verilib. Bundan sonra müvafiq tərəfdaşlara və yerli qurumlara tibbi maskaların paylanması davam edəcək.

Həftəsonu qadağası nəyi dəyişəcək? (Adil Qeybulla) - ARB24 (Gündəm) -  YouTube

Mövzu ilə bağlı həkim-ekspert, professor Adil Qeybulla da bildirib ki, son günlər yoluxma sayında azalma baş verir: “Təbii ki, uzun müddət artım olmayacaq. Artıq Bakı şəhərində, Abşeronda, rayonlarda xeyli adam xəstələnib. Təbii ki, “kollektiv immunitet” yaranıb. Amma bu zəncirin hardasa qırılması baş verəcək. İstənilən, halda bir müddətdən sonra azalma tendensiyası olacaq. Amma o rəsmi rəqəmlər də reallığı əks etdirmir. Əslində qat-qat çox adam evdə müalicə olunur, onların qeydiyyatı aparılmır. Ona görə də real vəziyyət elə də ürəkaçan deyil. O ki qaldı havaların soyuq keçməsinə, bunun virusa elə də təsiri yoxdur. Sadəcə payızda immun sistüminin zəifləməsi, soyuqdəymələrin artması, koronavirusun özünün də daha aqressiv keçməsinə səbəb ola bilir”.

Təcili tibbi yardım çağırışlara niyə gecikir? - RƏSMİ AÇIQLAMA

Təcili  yardım çağırışlara niyə gecikir?

Son zamanlar koronavirus infeksiyasına yoluxmanın sayı artdığından təcili tibbi yardıma edilən müraciətlərin sayında da müvafiq artım qeyd edilir.

“Trend”in məlumatına görə, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva deyib.

O bildirib ki, pandemiyadan öncə “103″ xidmətinə daxil olan telefon zənglərinin sayı 3000-ə, çağırışların sayı 1500-2000-ə yaxın idisə, hal-hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2000-2500-ə yaxındır: ”Zənglərin əksəriyyəti sorğu və məlumat xarakterlidir. Təcili tibbi yardıma ehtiyacı olmayan xəstələr üçün də “103″ xidmətinə çox sayda müraciət daxil olur ki, bu da telefon xətlərinin yüklənməsinə və çağırışların icrasının ləngiməsinə səbəb olur. COVID-19-la bağlı xəstələrin hospitalizasiyası zamanı xəstələrin yerləşdirilməsində yaranan müəyyən çətinliklər çağırışların ləngimə ilə icra edilməsinə səbəb olur”.

İ.Əliyevanın sözlərinə görə, Səhiyyə Nazirliyinin tapşırığı ilə (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçirilib: “Belə ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00-dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstərilir. Hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, evdə nəzarəti və vitamin kompleksi ilə təminatı poliklinikalar tərəfindən icra edilir. Təcili tibbi yardım xidməti hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrdən laborator müayinə materialı götürür”.

İ.Əliyeva həmçinin vurğulayıb ki, Səhiyyə Nazirliyinin tapşırığı ilə (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçirilib: “Belə ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00-dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstərilir. Hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, evdə nəzarəti və vitamin kompleksi ilə təminatı poliklinikalar tərəfindən icra edilir”.

Yaralı hərbçilər COVID-19-a qarşı müayinədən keçirilibmi?

İ.Əliyeva onu da deyib ki, hərbi hospitalda müalicə alan yaralı və qazilərdən gündəlik olaraq COVID-19 virus infeksiyasının aşkarlanması məqsədi ilə kütləvi yaxmaların götürülməsi, cəbhədə şəhid olmuş hərbçilərin ünvanlara çatdırılması, dəfn mərasimlərində mütəmadi olaraq növbətçiliklərin icrası da təcili yardım briqadaları tərəfindən həyata keçirilib.

O qeyd edib ki, təcili yardım işçiləri eyni zamanda, arxa cəbhədə də COVID-19 virus infeksiyası ilə mübarizə aparıblar: “Belə ki, virus infeksiyasına yoluxmuş xəstələrə ilkin tibbi yardımın göstərilməsi, ehtiyac olduğu halda hospitalizasiyası, infeksiyaya yoluxmuşlarla təmasda olan şəxslərdən yaxmaların götürülməsi, müəssisə və təşkilatlardan laborator müayinə materiallarının götürülərək, mərkəzləşmiş laboratoriyaya çatdırılması da təcili yardım briqadaları tərəfindən icra edilib”.

Sumqayıtda karantin rejimini pozan idman zalı aşkarlanıb

Karantin qaydaları yenə pozulur 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən sanitar-karantin qaydalarını pozaraq koronavirusun yayılmasına şərait yaradan şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərində keçirilən növbəti tədbir zamanı 11-ci mikrorayon ərazisində yerləşən idman-trenajor zalının qadağan olunmasına baxmayaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Polislər baxış zamanı həmin zalda olan ümumilikdə 18 nəfəri aşkar ediblər.

Onlardan 3 nəfəri yetkinlik yaşına çatmadığı üçün profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. İdman zalında olan 12 nəfər barəsində inzibati protokol tərtib edilərək hər biri cərimə edilib. Həmçinin obyektin sahibi Rəşad Xudaverdiyev və daha 2 nəfər işçisi saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Obyektin sahibi müvafiq olaraq 4000 manat, işçilərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.

Polis əməkdaşlarının paytaxtın Nərimanov rayonunda keçirdikləri növbəti tədbir zamanı isə qanunlara zidd olaraq işləyən kafe aşkar edilib. Araşdırma zamanı “Dostlar” kafesini icarə əsasında işlədən paytaxt sakini Həsən Bağırovun müştərilərə yerində xidmət göstərdiyi müəyyən edilib. Obyektin kabinetlərinə baxış zamanı ümumilikdə 13 nəfər müştəri müəyyən edilib. Onların hər biri, eləcə də kafeni işlədən Həsən Bağırov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci ( epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər.

Bir daha vətəndaşlardan tələb olunur ki, koronovirusla mübarizədə tətbiq edilən qaydalara mütləq qaydada əməl etsinlər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code