Polkovnikdən yaralı hərbçilərimizə BÖYÜK DƏSTƏK – FOTO

0
10

Şəmkir sakini, ehtiyatda olan polkovnik-leytenant, keçmiş hərbi hissə komandiri Nəbi Əhmədov Vətən müharibəsində yaralanan hərbçilərimizin müalicəsi üçün təqdirəlayiq addım atıb.

Publika.az xəbər verir ki, polkovnik xaricdə yaşayan övladlarından hazırda müalicəsi davam edən əsgərlərimizi İlizarov aparatı olan tibbi cihazlarla təmin etmələrini rica edib. Artıq 100 min manat dəyərində cihazlar yaralı hərbçilərimizin müalicəsi üçün göndərilib.

Özünün də torpaqlarımız uğrunda vuruşduğunu xatırladan Qarabağ qazisi Nəbi Əhmədov sosial şəbəkələrdən əsgərlərimizin bu aparata ehtiyacı olduğunu öyrəndiyini bildirib: “Övladlarıma zəng edərək onları bu haqda məlumatlandırdım. Sağ olsunlar, onlar bunu təşkil etdilər və xaricdən alıb hərbçilərimiz üçün göndərdilər. Bu, bizim vətəndaşlıq borcumuzdur. Ali Baş Komandanımızın çıxışlarına qulaq asandan sonra mən də Ordumuza, əsgərlərimizə yardım etmək, ölkəmizə xeyir vermək qərarına gəldim. Ona görə bu aparatları döyüşlərdə yaralanan hərbçilərimizə dəstək göstərmək üçün gətirmişəm. Xaricdə yaşayan soydaşlarımıza da məsləhətim budur ki, Vətəni unutmasınlar, onun dar günündə əllərindən nə gəlirsə, onu da etsinlər”. Nəbi Əhmədov İllizarov aparatının yaralı hərbçilərin müalicəsi üçün ideal tibbi ləvazimat olduğunu və sözügedən cizahların xəstəxanalarda azlıq təşkil etdiyini vurğulayıb: “Bu aparatların qiyməti 100 min manat civarındadır. 20 bağlama olmaqla gətirilən bu aparatlar 100 xəstə üçün nəzərdə tutulub. Bu vasitələr lazımi müalicə mərkəzlərinə çatdırılacaq. Əsas pul deyil, əsas olan gənclərimizin, Vətənimizi müdafiə edən, onun uğrunda canından keçməyə hazır olan hərbçilərimizin sağlamlığıdır. Allah onları qorusun!” Qeyd edək ki, Müharibə şəraitində olan ölkələrdə vacib əhəmiyyət kəsb edən bu aparatlar ayrı-ayrı sümük parçalarının uzunmüddətli fiksasiyası, sümük toxumasının zədələnməsini azaltmaq üçün mühüm tibbi aparat hesab olunur. Hərbi hospitallarda, eyni zamanda mobil hospitallarda bu aparatlar hərbçilərin sağlamlığına qovuşması, onların daha tez tibbi ehtiyaclarının qarşılanması baxımından yüksək əhəmiyyət daşıyır. Bu aparat sayəsində çox sayda əsgərimiz öz sağlamlığına qovuşacaq. Xatırladaq ki, Nəbi Əhmədov daha əvvəl övladlarının onun ehtiyacı üçün göndərdiyi və öz təqaüdündən topladığı 50 min manat vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmişdi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin