Qələbəmizin sirri milli birliyimizdədir!…

0
42

Hər kəsə bəllidir ki, 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində polad iradəli Ali Baş Komandanımız, cənab İlham Əliyevin güclü siyasəti və müzəffər Ordumuzun gərgin zəhməti sayəsində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.

Məlum bir reallıqdır ki, 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Biz sübut etdik ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması isə, Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir. Sevindirici məqamlardan biri də budur ki, Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir. Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir.

Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə də həmin mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi.

Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.

Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir. Sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının  yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər. Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir, ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. Hərbi fiaskodan sonra Ermənistanda yüksək çinli məmurların varidatını tələsik ölkədən çıxarması, xarici ölkələrə qaçması, yaxud buna hazırlaşması barədə məlumatlar artıb. Belə çıxır ki, xaricə üz tutan ermənilərin sırasına artıq fəal şəkildə məmurlar da qoşulur. Ermənistanda demoqrafik böhran daha da dərinləşib. Minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq, ölkə insan resurslarını bərpa etmək üçün qeyri-müəyyən müddətə qədər gözləməli olacaq. Artıq bu gün Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Erməni diasporası tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması geniş müzakirə olunur. Ermənistan ordusu darmadağın olub, əksər hərbi texnika məhv edilib. Orduya çağırılacaq canlı qüvvə yoxdur. Ermənistanda az-çox normal ordu yaratmaq və onu təchiz etmək üçün onilliklər lazımdır. Erməni müxalifəti Qarabağdakı məğlubiyyətdən istifadə edərək hakimiyyətə gəlməyin yollarını axtarır.

Faktiki olaraq, Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Azərbaycanın apardığı bu müharibə yeni nəsil müharibə üsuludur,  planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir.

Azərbaycan xalqının tarixi qələbəsindən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başlayıb. Sentyabrın 27-dən siyasi fəaliyyəti dondurduğunu elan edən müxalifət indi Fransa və digər ermənipərəst ölkələrin Azərbaycan qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıb. Bu isə onların yeni təlimat almasına işarədir;

Radikal müxalifətin məlum davranışı heç də təsadüfi xarakter daşımır. Kampaniyanın əvvəlində özlərini xalqa vətənpərvər kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər;

Bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları  itirmişdir;

Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur.

Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq;

Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq;

Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi;

 

Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları  alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.  Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi;

Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.  Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Yaşasın müstəqil Azərbaycan! Eşq olsun Azərbaycan xalqına! Yaşasın cənab Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,

Nuralı Müşfiq   oğlu Əlizadə.

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti

Gənclər təşkilatının sədri.

BAKI ŞƏHƏRİ XƏZƏR RAYON SAKİNİ.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code