Müzəffər günlərin savaş zarafatları və Xələfşə armudu

0
555

Müharibənin gərginliyinə, acılarına baxmayaraq, bu zəfər dolu günlərdə insanlar zarafatlarından qalmır.

İnsan oğlu belədir, ən ağır situasiyalarda belə öz ruhunu yüksəkdə tutmağa çalışır. Belə olsa yaxşıdır. Ağlaşma qurmaq olmaz, yoxsa böyük Sabir deyən situasiya yaranar: “Ağladıqca kişi qeyrətsiz olur, necə ki ağladı (bir yer), oldu”.
Lazım gələn gündən bəri bu xüsusda xeyli məzəli söhbətlər olub. Lazım məsələsini bilirsiniz, bu da geniş yayılmış zarafatlardan biriydi. Məndən tutmuş mənəcən hamı təkrar edirdi. Açığı, söhbətin çürüyünü də çıxarnışdıq. Lazıma şeir yazanlar da vardı… Axır ki, deyə-deyə qardaşı gətirdik, indi qırrıya-qırrıya gedir.

Savaşın ilk günlərində qorxu vardı ki, böyük dövlətlərin başçıları zəng edib atəşkəs üçün təzyiq göstərəcəklər. Bir nəfər dövlət rəhbərliyini nəzərdə tutub status yazmışdı: “Qələt eləyirlər, telefonu bağlayın, atın bir tərəfə”.

12.jpg (57 KB)

Ermənistanın baş naziri Paşinyanla bağlı zarafatlar lap aləm idi. O zalımoğlu hər gün qüdrətli dövlətlərin başçılarına zəng vurub yardım istəyirdi, özünü dilə-dişə salmışdı. Bu xüsusda axırıncı məzəli zarafatı dünən, Co Bydenin ABŞ prezidenti seçilməsindən sonra ediblər, Paşinyanın şəklini paylaşıb, yazıblar: “Paşinyan: “Kimdə Co Baydenin telefon nömrəsi varsa, göndərsin”. Sonra da Baydenin telefonla danışdığı yerdə çəkilmiş şəklini paylaşıb altından yazmışdılar: “Paşinyan, sən öl, hələ işə çıxmıram”.

Onun Putinə məktub yazması da məzəli şərhlərə mövzu oldu, bir çoxları şair Aqşin Yeniseyin məşhur şeirini parodiya edərək yazdılar: “Sənə məktub yazıram, yazıram ki, bağışla”.

Anna Akopyanın qadınlardan ibarət döyüşçü dəstəsi yaradıb Qarabağda döyüşə gəlmək təşəbbüsü göstərməsi çox zarafatlara səbəb oldu, amma söhbət həm çox uzandı, həm də ədəbsiz istiqamətlərə dırmandı. Hətta bir çox fəallar bu mövzuda şərh yazarkən bir-birindən rəncidə oldular. Erməni qadınların namusunu çəkənlərlə, həmin döyüşçü qadınların əsir düşməsi halının azarkeşləri az qala açıq şəkildə söyüşəcəkdilər. Xoşbəxtlikdən, kimsə o qadınların başına ağıl qoydu, Qarabağa gəlib əsir düşəsi olmadılar və bu minvalla “Feysbuk”un Azərbaycan seqmentindəki istifadəçilərin qanının arasına girdilər. Yoxsa, axçiklərə görə qırğın gedəcəkdi.

1450868901_erm.-mn-mx.jpg (48 KB)

Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovannisyanın açıqlamaları, əslində, əvvəl-əvvəl zarafata gəlmirdi. Adam cidd-ciddi danışır, “Artsax ordusu”nun şücaətindən bəhs edirdi, amma hind aktyoru Dxarmendranın cavanlığına oxşayan bu oğlan da özünü Hadrutda yandırdı. Bizim əsgərlər Hadrutu alıb içində fotosessiya edirdi, Artsrun deyirdi, elə şey yoxdur, Hadrut özümüzdədir və düşməni geri oturtmuşuq. Arada o, Mincivanı və Suqovuşanı da təkbaşına əlimizdən aldı və qaytarmadı. Ondan sonra yazıq Hovannisyan lağlağı obyekti oldu.

Adam hələ də zəvzəyir, zəhləmizi tökür ki, biz heç bir şəhəri-filan itirməmişik. O gün bir dostumuz onun bu hərəkətinə acıqlanıb yazmışdı: “Ermənilər indi də dirəşiblər ki, Şuşanı verməmişik. Bunu da Hadrut söhbətinə döndərməyin də, alə. Bir dəfə də adam kimi verin!”

Noyabrın 6-da Ovannisyanın əsgərlərimizin Şuşa qalasına bayraq sancmasına dair verdiyi təkzibvari açıqlaması ilə bizimkilərdən biri babat məzələnmişdi: “Ay eşşək, nə qədər deyərlər, rəsmən təsdiqlənmədən xəbər yaymayın”.
Yeri gəlmişkən, bu məsələ (rəsmən təsdiqlənmədən xoş xəbər yaymaq) bir ara isterik səciyyə aldı. Bir xeyli adam hərbi senzora dönmüşdü və az qalırdılar xoş xəbər yayanlara var-yox söyüşü eləsinlər. Bunu nədən belə ürəklərinə salırdılar, bəlli deyildi. Müjdə verən adam “nemes gəlib dirənib Mozdoka” demirdi axı, bir-iki gün öncədən deyirdi ki, deyəsən, filan yerı almışıq. Vəssalam.

5.jpg (184 KB)

Rusiyalı jurnalist Semyon Peqovun fəaliyyətindən narazı olan dostlar onu satira hədəfi etmişdilər: “Keçi əzizləndiyi yerə qaçan kimi, bu da iki gündən bir qaçıb gəlir Xankəndiyə”. (Bəzi yerlərdə “keçi” mübtədasının yerinə “eşşək” kəlməsi işlədirlər).

Hə, bir də Cəbrayılın kəndləri məsələsi… Bu istiqamətdə də intensiv… zarafatlar var. Sentyabrın 27-dən bu günə qədər ordumuz Cəbrayılın kəndlərini azad etməkdədir, hələ qurtarmır, artıq yüzlərlə adam hər gün bir-birindən soruşur ki, nə oldu, Cəbrayılın kəndləri azad olunub qurtarmadımı. Hətta o gün bir nəfər bir az da acıqlı şəkildə yazmışdı ki, Cəbrayılın kəndləri başımızı qatır, gedib Şuşanı, Laçını ala bilmirik.

images.jpg (8 KB)

Bir dostumuz da Füzulinin Xələfşə kəndiylə bağlı əndişəlidir. Xələfşənin yeznəsi olan həmkarımız hər möhtərəm tviti intizarla gözləyir, umur ki, bu dəfə Xələfşənin də adı azad olunmuş kəndlər siyahısında olacaq, ancaq hər dəfə umsuq olur. O, bir xeyli adama Xələfşə armudu söz verib. Amma onun söz verdiyi adamlar Xələfşə armudundan dadsalar, adının çəkilməsini istəməyən Aqil Ələsgəri düz Xələfşəyə qədər qovacaqlar. Bax, bu, qismən zarafatdır.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code