Gecə ilə apardılar, dedilər ki, Əliyevin əleyhinə danışmasan, səni və uşaqlarını… – ŞOK SİRLƏR ÜZƏ ÇIXDI

0
11

SSRİ Ali Sovetinin və müstəqil Azərbaycanın sabiq deputatı, qabaqcıl pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Tərlan Musayeva ilə müsahibənin ikinci hissəsini təqdim edir.

Müsahibənin birinci hissəsini buradan oxuya bilərsiniz:

“Qızıma demişəm, ancaq mən dünyadan köçəndən sonra…”

– Tərlan xanım, SSRİ Ali Sovetinin deputatı olanda 23 yaşınız var idi. İttifaqın ən gənc deputatı idiniz. 25 yaşında isə əmək qəhrəmanı oldunuz. O yaşda bu vəzifələrdə çalışmaq çox böyük istedad, bacarıq tələb edir. O dövrlər sizin kimi bacarıqlı, tarlada çalışan əmək qəhrəmanlarının, pambıqçı qadınların şərəfinə mahnılar, şeirlər yazılardı. Sizin necə? Hansısa şair, bəstəkar, rejissor yaradıcılığında sizi vəsf edibmi?

– Haqqımda böyük materiallar var. Nəbi Xəzri mənə və ulu öndərə bir yerdə poema həsr etmişdi. Nəriman Həsənzadə “Tərlan bacım”şeirini yazıb. Bu şeirə Emin Sabitoğlu mahnı bəstələdi, Yalçın Rzazadə isə ifa etdi. Ələkbər Tağıyev də mənə “Tərlanım” adlı mahnı bəstələyib, Nisə Qasımova oxudu o mahnını. Şairlər həddindən artıq çox şeir və poemalar yazmışdı mənim haqqımda. Oçerklər var, jurnallarda haqqımda yazılar dərc olunub. İndi onları sistemləşdirmişəm. Bir ara istədim ki, kitab hazırlayım. Ancaq sonra dedim ki, özümün öz haqqımda nələrsə yazmağım düzgün deyil. Qızıma dedim, mənim sağlığımda yox, dünyadan köçəndən sonra bunları çap etdirərsən. Həmçinin ulu öndər haqqında da xatirələrimi yazmışam, onunla 50-yə qədər şəklim var. Qəzet materiallarımı saxlamışam. Arxivim çox zəngindir. Hər halda mən dünyadan köçəndə deyərlər ki, belə bir insan olub. Gənc nəsil məni o qədər də yaxşı tanımır. Amma 70-80-ci illərin gəncləri, yeniyetmələri, yaşlı insanların hamısı məni tanıyır. 5 il öncə ürəyimdən əməliyyat keçirdim. Həkimim mənim kim olduğumu bilmirdi, amma tibb bacısı məni tanıdı. Əməliyyatdan sonra yaşlı bir tibb bacısı mənə yaxınlaşdı və dedi ki, siz Tərlan Musayevasınız? Mən heç nə demədim, sadəcə güldüm. Dedi, düz tanımışam sizi. Sonra gedib həkimə mənim haqqımda danışıb, o da gedib evdə məni soruşub. Həkimim müəllim ailəsində böyüyüb. Soruşub ki, belə bir qadın var, o mənim xəstəm olub, bu gün əməliyyat etmişəm. Anası təəccüblə deyib ki, o qadın sənin xəstəndir? Anası deyib, sən onu tanımarsan, o, çox dəyərli, hörmətli bir insandır. Deyib ki, ona məndən bir müəllim, qadın kimi salam çatdır. Onun şagirdləri məndən o qədər inşa yazıblar ki, həmin müəllim “biz Tərlanı görməyə-görməyə tanırdıq” deyib.

“Milyonlardan üçü” idik biz…

– 25 yaşınız olanda kinorejissor Elçin Əfəndiyev də sizin haqqınızda sənədli film çəkib. Zəhmət olmasa bu barədə də danışardınız.

– Cəfər Cabbarlı adına kinostudiya “Tərlan Musayeva” adlı sizin qeyd etdiyiniz sənədli filmi çəkib. Ondan başqa da kadrlar var. Haqqımda başqa bir film də çəkilib. Moskvanın sifarişi ilə, Komsomolun 28-ci qurultayının şərəfinə məni pambıqçı kimi, Ayaz Ağayevi rəssam kimi və neftçi Firudini çəkdilər. Üçümüzdən bəhs edən yarım saatlıq bir film idi. “Milyonlardan üçü” idi filmin adı. Yəni, bizi milyon gənclərdən üçü kimi təqdim etmişdilər. Bu da sənədli film idi. O vaxt film lentə almaq çətin idi. Deputat olanda onları arxivdən çıxartdırdım. Ancaq başqa kadrlar, müsahibələrimdən görüntülər də var.

– Həyat yoldaşınız, övladlarınız necə? Onlar da sizin kimi torpağa, əməyə bağlıdırlarmı?

– Yoldaşım mənimlə illərlə çiyin-çiyinə kənd təsərrüfatında çalışıb. O mənim dayağım olub. Yoldaşım iki ali məktəbi bitirib, ondan xahiş edirdim ki, vəzifəyə, məndən kənarlara getmə. Çünki mənim yanımda dəstək olacaq heç kim yox idi, o məni başa düşürdü. 3 qız övladım var, həyat yoldaşımın ailəsinə bağlılığı da onların tərbiyəsinə müsbət təsir edib. Bakıya gələndə artıq mənə çox çətin idi. Yoldaşımdan xahiş etdim ki, paytaxta gəlsin. O, ərizə yazdı, işindən kənarlaşdı və Bakıya gəldi. Çünki övladlarım böyüdükcə, onların qayğıları da artırdı. Amma indi də rayonda bizim torpağımız var, əkinçiliklə məşğuldur. Mənim özümə də maraqlıdır. Rayona gedəndə mənlə məsləhət edirlər. Mən aqronomam, öz bildiyim tövsiyələrimi verirəm. Övladlarım şəhərdə böyüsələr də onlar da torpağa bağlıdır, əmək insanlarına hörmət qoyurlar. Böyük qızım həkimdir, digər qızım sizin sahədədir, həmkarınızdır (gülür), kiçik qızım isə iki ali təhsil alıb.

“Mənə verilən evdən imtina etdim”

– O dövrlər əmək qəhrəmanlarına ev, maşın hədiyyə edilirdi. Sizə əməyinizin müqabilində nə hədiyyə etmişdilər?

– Birinci dəfə deputat seçiləndə ulu öndər mənə ev verdi, ancaq götürmədim. Dedim ki, o ev neftçi Firudin adlı bir oğlana verilsin. Heydər Əliyev məni çağırdı və dedi ki, evi olmayan gənc büro üzvlərinə ev veririk. Dedim ki, yoldaş Əliyev, mənə ev lazım deyil, mən Bakıya tədbirlərə gəlirəm və “İnturist” hotelində qalıram. Bu hotel o zaman çox məşhur idi. H.Əliyevə dedim ki, orada bizim üçün lüks otaqlar bron edirlər və hələ qapımızın önündə polis də asayişimizi qoruyur. Ulu öndər güldü, dedi ki, o polis niyə sizi qoruyur ki? Mən də asayişimi qoruyur, dedim. Heydər Əliyev isə mənə gülə-gülə dedi ki, niyə sənin asayişini qoruyur ki, sizi ölkədə incidən var? Dedim, yox, göstəriş veriblər, yəqin deputat olmağımıza görədir. Dedi, hoteldə qalma, heç olmasa bir otaqlı ev verim sənə. Hökumət evi ilə üzbəüz bina idi və oradan çox məşhura, yazıçılara ev verdi. Amma mən imtina etdim. Dedim ki, Bakıda kirayədə qalıb işləyənlər var, evi onlara verin. Uşaqları ilə kirayədə qalan gənc əmək qəhrəmanları tanıyıram. Heydər Əliyev soruşdu ki, kimdir onlar? Dedim ki, verin neftçi Firudinə, onun 2 övladı var. Firudini çağırıb deyiblər ki, bu ev Tərlanın payıdır, o imtina edib evi verir sənə. Ancaq müstəqillik dövründə deputat olanda ev aldım.

– Deyəsən sizə maşın da hədiyyə edilib…

– “Volqa Qaz 24” maşınını hər kəs ala bilmirdi. Rus pulu ilə 16 min pul idi. Həcmi də böyük idi, bir çamadan (gülür), onu satışda belə dövlət səviyyəsində verirdilər. Kolxoz sədrləri belə onu alsalar da qorxusundan üzə çıxara bilməzdilər. Alverçilər 25-30 min manata satırdılar. O pula 6 başqa rus maşını almaq olardı. Ancaq sosialistin qalibi kimi mənə deyirdilər ki, bu maşını sizə veririk, pulunuz çatırmı? Hər dəfə də pulum çatmırdı. Ailə qurandan sonra həyat yoldaşımla ikimiz büdcəni birlikdə qoyduq və bir illik gəlirlərimizlə 16 minə o maşını aldıq. Pullu mükafat idi. Mən xahiş etdim ki, təsərrüfat üçün “Niva” maşını təsərrüfatın rəhbərliyinə verilsin. Rayonda ancaq bir nəfərdə var idi. SSRİ Nazirlər Soveti maşını bizim kolxoza göndərdi. Məni çağırdılar ki, sən məktub yazmısan, kolxozunuza “Niva” gəlib. O dövrlər bu maşından ölkədə çox az idi. Birinci katib məni çağırdı və dedi ki, bunu tapşırıblar ki, Tərlan xanım özü sürsün. Mən də kolxoz sədrinə xeyir-dua verdim ki, siz sürün. Ancaq dedilər mərkəzi komitədən tapşırıblar ki, siz sürün. 12 il o maşını özüm sürdüm. O vaxtlar Azərbaycanda qadın maşın sürən yox idi. Ancaq özüm “Niva” ilə bütün tədbirlərə, görüşlərə gedirdim. Yoldaşım artıq dedi ki, olmaz, sürmə. Həkim də ana olmağa hazırlaşdığım üçün icazə vermirdi. Sürücü götürdüm, sonra isə yoldaşım öz maşınımızla aparıb-gətirirdi tədbirlərə.

“Dedilər ki, sakit durmasan, sənin uşaqlarını oğurlayacağıq”

– 89-cu illərin sonları, 90-cı ilin əvvəllərində SSRİ rəhbərliyi tərəfindən Heydər Əliyev artıq hakimiyyətdən kənarlaşdırıldı. O dövrdə “Əliyevçilər” ciddi təzyiqlə üzləşirdilər. Siz də Heydər Əliyevin geri qayıtmasını istəyirdiniz. Bəs bu zaman cəbhəçilərin sizə qarşı hansı təzyiqləri oldu? H.Əliyevə yaxın olan bir şəxs kimi onun əleyhinə nələrsə etməyinizi istəyirdilərmi?

– Mənə qarşı təzyiqlər çox idi. O zamanlar çəkilib kənarda oturmamışdım. 7 nəfər namizədliyini bizim dairədən deputatlığa irəli sürdü. Mən vermək istəmirdim namizədliyimi. Amma Qarabağ müharibəsində döyüşən könüllülər məcbur etdilər ki, mən də deputatlığa namizədliyimi irəli sürüm. Cəbhəçilər o zaman təzyiqi müxtəlif formada edirdilər. Müharibədən istifadə edib kolxozdan mal-qara tələb edirdilər. Mən dedim ki, sənədsiz heç nə verməyəcəm, çünki bu xalqın əmlakıdır. Sənədləşdirib verdim hər şeyi. O zaman bir qadın əkiz uşaq dünyaya gətirmişdi və uşaqlarını saxlamaq üçün bir baş inək verilməsi üçün rəhbərliyə ərizə yazmışdı. Cəbhəçilər özbaşına iş görmək, heyvanları paylamaq istəyirdilər. Dedim ki, 11 nəfər idarə heyəti toplanacaq və ondan sonra sənədli şəkildə heyvan veriləcək. O zaman bunları sənədləşdirmə ilə etməsəydim, mənim əleyhimə çox şey edərdilər. Mənə qarşı təzyiqin digər forması oğurluq etmək idi. Bəzi şəxslər kolxozdan oğurluq etməyə başladılar. Mən o zaman çox əziyyət çəkdim. Əlimdə silah keşik çəkirdim. Mənə nə müsibətlər, təzyiqlər göstərdilər. Sürücümü yolda düşürüb “Qaz 69” maşınımı oğurladılar. Mən müdafiə nazirliyinə müraciət etdim ki, maşınımı qaytarsınlar. Gecə ilə gətirib maşını qapıma qoydular. Çünki o maşın dövlətin idi, yalandan dedilər ki, cəbhəyə aparmışıq. Hər şeydə müharibəni, cəbhəni bəhanə edirdilər. Dövlət üçün götürsəydilər, mənə deyərdilər, mən təhvil verərdim hökumətə, ondan sonra aparardılar. Bunlar hamısı mənə qarşı təzyiq idi.

O zaman deyirdim ki, dövlət çökür, Heydər Əliyevə ehtiyac var. Mənə dedilər ki, sakit durmasan, sənin uşaqlarını oğurlayacağıq. Millət pis vəziyyətdə idi. Hərə bir dövlət yaradır, dəstələr düzəldirdi, ölkədə pərakəndəlik idi. Heydər Əliyevə yaş həddi qoymuşdular. Mən o zaman H.Əliyevin Azərbaycana gətirilməsi üçün 3800 imza topladım. Deyirdim ki, bu gün bizə Əliyevin yaşı yox, özü lazımdır. Çünki Azərbaycan uçuruma gedirdi. O vaxtlar dövlət televiziyasında 215 KL studiyası veriliş hazırlayırdı. Həmin studiyanı Çingiz Mustafayev açmışdı. Jurnalistlərdən biri məni Heydər Əliyevə qarşı danışdırmaq istəyirdi. Dedim ki, mən heç vaxt onun əleyhinə danışmaram. Onun haqqında bütün bildiklərimi olduğu kimi danışaram, amma yalan, iftira, şər-böhtan yox. Jurnalistə dedim ki, bilirəm, danışdıqlarımı verməyəcəksiniz, ona görə də çıxın gedin.

“Heydər Əliyev mənə Naxçıvandan xəbər göndərdi ki…”

– Bəziləri o dövrdə əqidələrindən tez dönürdülər, onlara dayaq olan şəxslərə opponentlik edirdilər. İndi də var o şəxslər. Siz amma bütün təzyiqlərə baxmayaraq, Heydər Əliyevə sədaqətsizlik etmədiniz. Ulu öndər hakimiyyətə yenidən gələndən sonra bu barədə danışırdınızmı, bilirdimi sizə təzyiqlər olunduğunu?

– Heydər Əliyev Naxçıvandan mənə xəbər göndərdi ki, özünü və ailəni riskə atma. Azərbaycana gələndən sonra məni çağırtdırıb dedi ki, mən bilirəm, sən məni müdafiə edirsən, imzalar toplayırsan, ancaq sən qadınsan, arxanda duranın, müdafiə edənin yoxdur, ailən pis vəziyyətdə qala bilər. Heydər Əliyev ölkə rəhbərliyinə gələndən sonra Ağdama gəldi, mənimlə görüşdü, dedi ki, bilirdim sənə təzyiqlər olur. Mənə seçkili orqan olduğuma görə çox təzyiq edə bilmədiklərini dedim. Mənə Əliyevçi olduğuma görə təzyiq dolu zənglər edirdilər. Əbülfəz Elçibəyə də hörmətim var idi. Ancaq əqidəm bir idi- Heydər Əliyev. Bütün respublika əqidəmə görə mənə hörmət qoyurdu. Heç vaxt əqidəmdən dönən deyildim. Ancaq o zaman cəbhəçilərin təzyiqi ilə çoxları sədaqətsizlik etdilər, əqidələrini dəyişdilər. Mən kabinetdə şəkili dəyişməmişdim, Heydər Əliyevin şəkili idi. Deyirdilər ki, sən necə bir insansan, əjdahasan, div ürəyi yemisən. Amma mən o şəkili götürmədim, heç kəsin də şəkilini asmadım. Heydər Əliyev hər şeyi bilirdi. Polis gəldi, məni gecə ilə evimdən götürüb apardı. Zəng edirdilər, məni hədələyirdilər ki, təbliğat aparma, uşaqlarını da, səni də oğurlayacağıq.

Əqidəsizlik, ikiüzlülük mənlik deyildi. Nə verilibsə, o məni qane edib. Elə olub ki, 2 il işləməmişəm, Bakıda çox çətinlik çəkmişəm. Yoldaşım 20 manat maaşa işləyib. Çox çətin bir vəziyyətdə olmuşam. Ancaq bu günə şükür. İndi də pensiya alıram, bu məni qane edir. Gözütox insanam. Qızlarım deyir ki, 65 yaşın var, amma qazancınla gedib hansısa ölkədə istirahət etmirsən. İndi çayçıdan da soruşsan, ən azı Türkiyədə olduğunu deyər (gülür).

– Tərlan xanım, o dövrlər aylarla bir manat belə pul almadan çalışmısınız, xalqın yanında olmusunuz. AXC sizi müxalifət hesab etdiyi üçün Bərdə Xalq Deputatları Sovetinin sədri seçilməyinizi təsdiq etmədilər, yoxsa başqa bilmədiyimiz məqamlar da var?

– Seçkili orqan olmağıma baxmayaraq, mənim protokolum 4 ay İsa Qəmbərin masasının üstündə qaldı. O, Əliyevçi olduğuma görə sənədimi təsdiq etmədi. 4 ay sonra mənim vəzifəm təsdiq edildi və maaş verildi. Ancaq bir səbəb var idi, o da Heydər Əliyevin tərəfində olmağım. 7 nəfər namizəd ərizələrini geri çəkdi, hətta yerli xalq cəbhəsinin sədri öz namizədliyini geri çəkdi. Heç bir neqativ hal yox idi. Bir nəfər mənim alternativim qaldı, o da mütləq olmalı idi. Əslində, analıq məzuniyyətində idim, işləyə bilmirdim. Ancaq xalq, eyni zamanda dövlət rəsmiləri xahiş etdilər ki, siz təmiz işləmisiniz indiyədək, indi də siz olmalısınız. Onlar mənlə hesablaşırdılar, icra başçısına yaxın da getmirdilər. Mən bütün səsləri topladım, ancaq 4 ay sonra təsdiqləndi. Afiyəddin Cəlilov dedi ki, deputatlar Tərlan xanımı 100 faiz səslə seçiblər, bəs niyə protokolu təsdiq edilmir? Hansı nöqsanına görə onun namizədliyini təsdiq etmirsiniz? A.Cəlilovun təzyiqindən sonra protokolum təsdiqləndi.

“Məni ağ pambığa qara ləkə adlandırsalar da, əqidəmdən dönmədim”

– Tərlan xanım, 90-cı illərin əvvəlindəki “Ağ pambıq qara ləkəmizdir” adlı yazıdan danışmanızı istəyirəm. Sizi şişirdilmiş qəhrəman adlandırırdılar. Sovet İttifaqı Qəhrəmanını cəmiyyətə bu cür təqdim etməkdə, pambığı “qara ləkə” adlandırmaqda məqsəd nə idi?

– Bu yazı “Sovet kəndi” qəzetində dərc edildi. Əliyevin kadrları olduğuna görə bizə qarşı təzyiqlər artırdı. Qərəzli yazarlar, jurnalistlər bizi gözdən salmaq istəyirdi. Mənə deyirdilər ki, Heydər Əliyevin əleyhinə danış. Amma mən heç vaxt bunu etməzdim. Ancaq kolxoz sədri və digərləri bunu edirdi. Həmin sədrlər mənim yaşım qədər işləyib, Lenin ordenli idilər. Onlar əqidəsiz, yaltaq çıxdılar. Əqidəmdən dönmədiyim üçün məni “qara ləkə” adlandırdılar. Cəbhəçi Məstan adlı yazar var idi, o, “Gənclər” jurnalında bu tip qərəzli materialları verirdi. Öz etirazımı Mərkəzi Komitəyə yazdım və dedim ki, mənim günahım nədir? Əliyevçi olmağım mənim günahımdırmı? Yoxsa öz zəhmətimlə xalqın hörmətini qazanmağıma görə məni ləkə adlandırırsınız? İşimdə neqativlik olmayıb, heç bir nöqsanım yox idi. Mən H.Əliyevin qohumu deyildim. Dövlət rəhbəri, yaxşı idarəçi kimi onu qiymətləndirirdim, o da zəhmətimə görə mənə hörmət edirdi. Tanınmağımda əməyimin, daha sonra isə o əməyi qiymətləndirən Heydər Əliyevin rolu olub. Mənə nə etsəydilər də əqidəmdən dönməzdim. “Qara ləkə” də dedilər, yalançı əmək qəhrəmanı da adlandırdılar. Ancaq mənə təsir edə bilmədilər.

– Yəqin ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra sizə qarşı olan təzyiqlər, kampaniyalar dayandı. Nəhayət, müstəqil parlamentimizin ilk seçkilərində, 1995-ci ildə Bərdədən deputat seçildiniz. Ulu öndərin rolu var idimi deputat olmağınızda?

– 1995-ci ildə Heydər Əliyev özü məni çağırdı. Dedilər ki, Bərdənin icra başçısı olmalısan. Dedim, olmaq istəmirəm. Belə olduqda 5 nəfər şəxsin şəkillərini qarşıma qoydu, dedi ki, əgər sən özün olmursansa, bu 5 nəfərdən birini seç. O zaman köməkçisi qəbul etmişdi məni. İkinci dəfə özü mənə zəng etdi. Dedim ki, Bakıda yaşamağım mümkün deyil, problemlərim var. Ulu öndər dedi ki, sən burda mənə bu gün lazımsan. Rayon xalq deputatlar sovetində işləyirdim. H.Əliyev konstitusiyamızın dəyişəcəyini, bu idarəçiliyin ləğv olunacağını və ortalıqda qalacağımı dedi. Dedim, uşaq balacadır, 2 yaşı var. Heydər Əliyev dedi sovetlərdə işləyəndə uşağın neçə yaşı var idi? Dedim, 2 aylıq idi. Dedi, 2 aylıq uşağın olanda SSRİ sessiyasında iştirak etmisən, ancaq indi etmirsən. Namizədliyini ver, xalq səni sevir, seçiləcəksən dedi mənə. Heydər Əliyevlə ata-bala kimi söhbət edirdim. Dedim, yoldaşım da indi ölü bir idarəni dirildib, işləyir. Uşaqlarım da balacadır. Gülə-gülə dedi ki, sənin uşağına dayə, yoldaşına iş, sizə ev, iş verərəm, amma namizədliyini ver. Dedim ki, əgər siz deyirsinizsə, Tərlan, sən burda mənə lazımsan, kömək elə, mən namizədliyimi verəcəm. H.Əliyevə dedim ki, məni ailəmlə birlikdə Sibirə göndərsəniz də gedərəm.

“Məni bu peşədə mayak seçmişdilər, gənclərin arzuları idim”

Ad-san qazanmağımda, tanınmağımda sizin rolunuz olub, bu tarlalarda mənimlə birlikdə müsahibələr vermisiniz. Ulu öndərin mənə atalıq qayğısı, əməyimə qoyduğu hörmət sayəsində mən bunlara nail olmuşam. O deyirdi ki, sən ağır peşədəsən, qadın işi deyil mexanizatorluq. Ulu öndər ağır bir iş seçdiyim üçün mənə hörmət qoyurdu. Pambıqçı mexanizator peşəsinə gedənlər respublikada çox az idi. Mən mətbuat vasitəsilə çağırış etdim. Çağırışımdan sonra əksəriyyəti şəhərdə yaşayan 400 nəfər qadın rayona gəldi ki, biz bu peşəni seçmək istəyirik, bizə yol göstərin. Həvəslənirdilər. Ancaq 2-3 il sonra ağır olduğu üçün gedirdilər. Ancaq təbliğat o qədər güclüdür ki, hətta məktəblərdə “hansı peşəni istəyirəm” inşasında 30 şagirddən 27-si Tərlan Musayeva kimi mexanizator olmaq istəyirəm yazırdı. Məni bu peşədə mayak seçmişdilər, gənclərin arzuları idim, məndən məsləhət alırdılar. Ağır iş olduğunu başa salırdım, amma maraq onları tarlaya gətirirdi. Bunlar hamısı dövlətin bizə verdiyi dəyərin sayəsində idi.

– Bəs indiki parlamentdə olmaq istərdinizmi?

– Səmimi desəm, yox, olmaq istəmərəm. Mən dövlətimiz, qanunlarımız üçün canımı da ortaya qoyaram. Ancaq indi deputat olmaq istəməzdim. Bəzi deputatlar Milli Məclisin tərkibini cılızlaşdırdı. Ancaq orada həqiqətən də xalqı üçün nələrsə edən, etməyə çalışan, dövləti üçün işləyən deputatlar çoxdur. Amma şəxsi xeyirləri üçün orda oturanlar da var. Xalqı dərindən başa düşən, xalqın içindən çıxan gənclərimiz var, onlar savadlı, aktiv, hər şeyi görən, düzgün analiz edənlərdir. Mən onları alqışlayıram.

Akqabay Mıradov

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin