Atəşkəs razılaşması daim Ermənistan tərəfindən pozulur, Azərbaycan tərəfindən isə qorunur!

0
138

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət aparması, artıq hər kəsə məlumdur. Ən maraqlı məqam isə ondan ibarətdir ki, bizə qarşı olunan bu haqsızlıq hər zaman beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunur. Hələ vaxtı ilə erməni quldurları respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını genişləndirdikləri zaman heç bir beynəlxalq təşkilat beynəlxalq hüquq normalarını kobud şəkildə pozan bu işğalçıların əməllərinə obyektiv qiymət vermədi. Ermənistanın öz işğalçılıq siyasətini davam etdirməsi, regionda müharibəni qaçılmaz edir və onların açıq-aşkar terrora dəstək verməsi isə, dünyada sülhə qarşı bir təhdiddir.

Bu gün isə, dünyanın əksər dövlətləri Ermənistanı öz təcavüzkar siyasətindən əl çəkməyə çağırsa da, onlar buna məhəl qoymur tam əksinə, daha da azğınlaşırlar. Belə ki, hal-hazırda gedən qanlı döyüşlərin tərəflər arasında sülhlə başa çatmasına hesablanmış, artıq üçüncü humanitar atəşkəs razılaşmasından dərhal sonra Ermənistan tərəfi yenidən cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi ilə, bu razılaşmanı bilərəkdən pozdu.

Xarici ölkələrdə baş tutan görüşlər, məhz Ermənistan dövlətinin lüzumsuz siyasəti nəticəsində uğursuz alınır. Beynəlxalq hüquq normalarını Azərbaycanda ciddi şəkildə pozan erməni quldurları uzun illərdir ki, öz çirkin niyyətlərindən çəkinmir, torpaqlarımızdan çıxmaq istəmir və məqsədli şəkildə danışıqlardan qaçırlar.

Digər tərəfdən də, düşmənlərimiz Ermənistan ərazisindən müharibə getməyən rayonlarımızı qadağan olunmuş raketlərlə atəşə tutan düşmənlərimiz, günahsız dinc sakinlərimizi qətlə yetirir, yaşayış evlərimizi viran qoyurlar. Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə və digər rayonlarımız düşmənin bu cür atəşlərinə məruz qalırlar. Təkcə Bərdə şəhərində azğın düşmən son günlərdə bir neçə dəfə terror aktı törətmiş və nəticədə azyaşlı uşaqlar da daxil olmaqla 26 nəfərdən çox insan dünyasını dəyişmiş, 70 nəfərdən artıq insan isə müxtəlif dərəcəli bədən xəsarəti alımşdır. Ümumilikdə isə, bu günə qədər 400 nəfərdən çox dinc sakin yaralanmış, 100 nəfərdən artıq isə dünyasını dəyişmişdir. Bax, budur ermənilərin əsl üzü, budur onların hərb və siyasət meydanındakı uğursuzluğu.

Bu iş planlı şəkildə həyata keçirilir və şəxsən Ermənistan rəhbərliyinin göstərişi ilə icra edilir. Qana susamış cəlladların müharibə meydanında igid əsgərlərimizə cavab verməkdə acizlik çəkdikləri üçün bu addımı atdığını hamı yaxşı anlayır.

Münaqişənin uzun illərdir ki, problem olaraq qalması, təkcə Ermənistan dövlətinin deyil, digər onlara hərtərəfli dəstək verən ermənipərəst dövlətlərin sayəsində mümkün olmuşdur. Məhz, onların çirkin siyasəti və marağı ucbatından 30 ilə yaxındır ki, xalqımız əzab-əziyyət içərisində ömür sürür və doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşayır.

Düşmənlərimizə dost olan bu dövlətlərin xidmətləri apardığımız Vətən Müharibəsində də özünü qabarıq şəkildə biruzə verdi. Belə ki, iqtisadi böhran içində boğulan Ermənistanın Azərbaycan kimi inkişaf etmiş bir dövlətlə müharibə aparması qətiyyən uzlaşmır. Dövlət büdcəsinin almağa imkan vermədiyi, daxili gücünün yetmədiyi silah-sursatları əldə edən bu işğalçı dövlət, əlbəttə ki, himayədarların gücünə arxalanaraq bizimlə müharibə etməyə özündə cəsarət tapmışdır. Öz qorxaq mövqeyi ilə daim fərqlənən nankor qonşumuzın münaqişəyə digər dövlətləri cəlb etməsi, onların düzgün yolda olmamasının göstəricisidir.

Bir neçə ermənipərəst dövlətləri çıxmaq şərti ilə, artıq bütün dünya dövlətləri Ermənistanın yaramaz siyasətini dəstəkləmir və onları ciddi dövlət kimi qəbul etmirlər.

Bildiyimiz kimi, Ordumuz düşmənlərimizin hərbi arsenalına ciddi şəkildə ziyan vurmuşdur. Belə ki, müharibə meydanında yüzlərlə döyüş texnikası, atıcı silahlar, ağır artilleriya qurğuları, silah-sursat anbarları, minlərlə canlı qüvvə məhv edilmiş və dəyəri milyardlarla ölçülən hərbi qənimətlər əldə etmişdir. Bu dövlətlərin köməyi olmasa, səfalət içərisində yaşayan Ermənistan heç zaman belə hərbi potensiala malik ola bilməz. Lakin kimlərin ermənilərə kömək etməsindən asılı olmayaraq, müstəqil Azərbaycan dövləti nəyin bahasına olursa olsun, öz pozulmuş hüquqlarını bərpa edəcəkdir.

İşğaldan azad olunmuş torpaqlarımızda həyat yenidən canlanacaqdır. Azərbaycan xalqı öz torpaqlarda yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləckdir. Hal-hazırda işğaldan azad edilmiş torpaqlarımızda yeni yollar çəkilir və digər infrastruktur işləri görülür. Bu işlər, hələ möhtəşəm quruculuq işlərinin başlanğıcıdır. Xalqımızı daha möhtəşəm inkişaf, xoş gələcək və firavan günlər gözləyir.

Artıq müzəffər Ordumuz bir aydan çoxdur ki, düşmənlərimizi azad olunmuş tarixi torpaqlarımızdan qovur. Təcavüzkarlar tərəfindən zəbt edilmiş yaşayış məntəqələrimiz hissə-hissə geri alınır və bu proses bu gün də davam edir. Hər gün cəbhədən qələbə xəbərləri gəlir və ən qürurverici hal ondan ibarətdir ki, bu qələbə xəbərlərini Ali Baş Komandanımız şəxsən özü xalqına çatdırır. İnanırıq ki, ordumuz qısa zaman kəsiyində bütün digər ərazilərimizi də yağı düşmənlərdən təmizləyəcək. Bunu deməyə həm Ali Baş Komandanımızın möhkəm iradəsi, həm Ordumuzun gücü, həm də xalqımızın birliyi əsas verir.

Şanlı Azərbaycan ordusu tarixi düşmənimiz olan şərəfsiz ermənilərə layiq olduqları yeri göstərir. Azərbaycan ordusunun qarşısında aciz durumda qalan erməni ordusu artıq məğlubiyyətlə barışdıqlarını etiraf edirlər.

İgid Vətən övladlarımızın sayəsində hər gün Azərbaycanın üçrəngli müqəddəs  bayrağı işğaldan azad olunmuş yeni-yeni yaşayış məntəqələrimizdə ucaldılır.

Heç kimə sirr deyil ki, bu gün Azərbaycan əsgəri erməni quldurları və havadarları ilə təkbaşına vuruşur.  Azərbaycan əsgəri düşmən ordusuna heç zaman unudulmayacaq bir dərs keçir. Ordumuzun gücünü, qüvvəsini və yenilməzliyini düşmənlərimiz bilir və onlar bundan çox narahatdırlar. Sevindirici haldır ki, artıq erməni yalanları ifşa olunur və onların saxta dövləti məhvə doğru gedir.

Biz isə öz növbəmizdə bir xalq olaraq Ali Baş Komandanımız, cənab İlham Əliyevin ətrafında daha sıx birləşməli və yenilməz Ordumuzun yanında olmalıyıq! Mübariz xalqın, haqq yolunda savaşan millətin qarşısında heç bir qüvvə dayana bilməz!

Heç şübhəsiz ki, hər birimiz əminik ki, Şanlı Ordumuz Ali Baş Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi altında düşmənlərimizi torpaqlarımızdan qovacaq və işğal olunmuş bütün torpaqlarımızı tezliklə özümüzə qaytaracaqdır! Tarixə qızıl hərflərlə yazılacaq Qələbə günü çox da uzaqda deyil!

 

Yaşasın müstəqil Azərbaycan Respublikası! Yaşasın cənab Ali Baş Komandan! Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,

Müşfiq Əliyev ,

Azərbaycan Respublikasının Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi  Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi, BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code