“Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” – MÜSAHİBƏ

0
11

Yelena Sidorenko: “Qızımın laylay mahnısı Azərbaycan himnidir”

Modern.az saytında Qarabağın azadlığı uğrunda döyüşən Vətən oğullarına həsr olunmuş “Bizim Əsgər” rubrikasının növbəti qonağı telejurnalist Yelena Sidorenkodur. O, hazırda cəbhədə olan həyat yoldaşı Mehdi Eyvazlı haqqında danışacaq.
Yelena xanım bəlli səbəblərdən həyat yoldaşının şəklini vermək istəmədi.

– Yelena xanım, bizə qısa olaraq həyat yoldaşınız haqqında məlumat verməyinizi istərdik.

– Həyat yoldaşım ideal ər, ideal ata, ideal dostdur. Yəni  bütün bu keyfiyyətləri özündə birləşdirir. Və sadaladıqlarım təkcə söz xatirinə deyilən sözlər deyil. Bu həqiqətdir! İxtisasca hüquqşünasdır. İctimai insan deyil və diqqət mərkəzində olmağı xoşlamır. Məhz buna görə onun haqqında şəxsi məlumatları burada dayandırıram.

– Necə oldu ki, həyat yoldaşınız müharibəyə yollandı?

– O, ehtiyatda olan zabitdir. Vətən çağıran zaman, yəni ona Səfərbərlik Xidmətindən zəng gələndə mən anamın səhhəti ilə əlaqədar Bakıda deyildim. Fikirləşdim ki, əgər “Səfərbərlik”ə gedibsə, çağırıb uyğun olub-olmadığını yoxlayacaqlar. Hətta aparası olsalar belə, bu, bir neçə gün sonra baş verər. Onu görmək və sağollaşmaq ümidim var idi. Lakin eşitdim ki, artıq hamı cəbhə tərəfə yollanır. Zəng edib onunla həyəcanımı bölüşəndə çox sakit cavab verdi: – Bəli, çantamı yığıb səfərbərliyə hazır gəlmişəm. Yəni o, artıq torpaqlarımızın müdafiəsinə hazır idi. Məncə təkcə bu günlərdə deyil, hər zaman döyüşməyə və torpaqlarımızı müdafiə etməyə hazır idi. Bizim Lənkərandakı evimizdə bir qutu var idi və içində yoldaşım öz hərbi geyimlərini saxlayırdı. Soruşanda ki, paltarları niyə burada saxlayırsan? Deyirdi ki, bizi nə vaxt döyüşə çağırsalar, paltarlarım hazır olmalıdır. Elə də oldu. Çağırış zəngi bu ilin sentyabr ayına təsadüf etdi.

– Siz bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz?

– Dediyim kimi, həmin vaxt Bakıda deyildim və reallıqda sağollaşmaq bizə qismət olmadı. Həmin gecəni heç yatmadım. Növbəti gecələri isə maksimum 2 saat yatırdım. Get-gedə yuxu vaxtım artmağa başlayıb. Bunun iki səbəbi var: Ordumuzun Qələbə xəbərləri ilə bizi sevindirməsi və artıq fiziki olaraq yuxusuz qala bilməməyim.
İlk günlərdə ürəyimdə qorxu var idi. Daha sonra özünün  ruh yüksəkliyini görəndə mən hər keçən gün daha əmin və güclü olmağa başladım. Eyni zamanda, Ordumuzun şücaəti məni o qədər gücləndirdi ki, ürəyimdəki qorxu hissləri tamamilə itdi. Qorxu hissim qürur hissi ilə əvəzləndi.

– Həyat yoldaşınızın vəziyyəti necədir və onun harada olduğu haqqında xəbəriniz varmı?

– Harada olduğu haqda məlumatım yoxdur, amma əsas odur ki, sağ-salamatdır. Ümumiyyətlə yoldaşım daha çox bizim haqqımızda məlumat alır. Bizdən çox nigarandır, çünki o, müharibəyə gedəndən sonra anamda xərçəng xəstəliyi aşkarlandı. Çox çətin günlər yaşadıq və anam əməliyyat olundu.
Yoldaşımla danışanda nə özü, nə də cəbhədə olanlar haqqında mənə hansısa məlumat verir.



– Hazırda əmək fəaliyyətinizi harada davam etdirirsiniz?

– Mən hazırda “Gazelli Group Holdinq”də İctimayyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edirəm. Eyni zamanda, Real TV-də cəbhədən bəhs edən “Real savaş”  adlı verilişi aparıram.

– İş və həyat qayğıları həyat yoldaşınızın yoxluğunu sizə unutdura bilirmi?

– Təbii ki, xeyr. Hər dəqiqə telefona baxıb həyat yoldaşımdan gələcək bir zəng, bir SMS gözləyirəm.

– Bu gün sizin kimi bir çox gəlinlərimiz var ki, gözləri yollara, qulaqları isə cəbhədən gələn xəbərlərə köklənib. Onlara nə demək istərdiniz?

– Onlara demək istərdim ki, qorxmasınlar. Qürurlu olsunlar. Çünki məhz bu status –həyat yoldaşını cəbhədən gözləyən gəlin statusu-hər xanıma qismət olmur. Biz xoşbəxtik. Çünki növbəti nəsillərə danışacağımız şərəfli bir prosesin şahidi və bir növ iştirakçısıyıq.

– Vətənpərvərlik hisslərini yoldaşınızda çoxmu müşahidə etmişdiniz?

– Vətən mövzusu bizim ailədə həmişə xüsusi olub. Onun zamanı yoxdur. Vətən daim qəlbimizdədir.

– Sizin efirlərdən birində həyat yoldaşınız üçün axıtdığınız göz yaşları izləyiciləri çox təsirləndirmişdi və eyni zamanda da kövrəltmişdi. Necə düşünürsünüz, bu göz yaşlarınızı sonda bütün işğal altındakı torpaqlarımızda qazanılan Qələbə sevincinin göz yaşları əvəzləyəcəkmi?
– Mütləq! Buna əminəm!!! Və bu çox tezliklə baş verəcək. İnanın Prezident İlham Əliyevin hər xırda ərazinin belə azad olunması ilə bağlı verdiyi açıqlamalarda mənim göz yaşlarım dayanmır. Şad xəbərləri eşidəndə fərq etməz işdə də olsam, yolda da olsam, yaxud evdə də göz yaşlarım axır. Bu bizlərə İlahi tərəfindən verilən bir şans və qürurlanacaq günlərdir. Bir də nə vaxt bu səbəbdən – torpaqlarımızı işğaldan azad etdiyimiz üçün ağlayacağıq? İnşallah, bir də heç vaxt işğalla qarşılaşmayacağıq! Bütün torpaqlarımız düşməndən geri alınacaq, doyunca xoşbəxtlikdən ağlayacağıq və Allahın köməkliyi ilə bir də bu dərdimiz olmayacaq. Buna çox inanıram.

– Övladınız azyaşlıdır.Siz ona gələcəkdə Vətəni sevdirəndə hardan başlayacaqsınız?

– Qızımın laylay mahnısı Azərbaycan himnidir. Körpə olanda onun üçün oxuyardıq, məhz himnlə yatardı. Hesab edirəm ki, onun vətənpərvər olmağı üçün xüsusi addımlar atmağa ehtiyac yoxdur. Sadəcə, valideyinlər özləri Vətəni sevməli və bunu öz hərəkətlərində göstərməlidirlər. Biz övladımızı məcbur edə bilmərik, amma onun üçün nümunə ola bilərik.

– Sonda həyat yoldaşınız da daxil olmaqla indi Vətən müharibəsi aparan, Vətənimizin keşiyində olan əsgərlərimizə “Əsgər salamı” göndərməyinizi istərdik.

– Salam əsgər!

Bilirəm indi dünyanın ən xoşbəxt insanı sənsən!!! Biz buradan sənin etdiklərini görəndə elə bilirik ki, ən xoşbəxt bizik. Əslində isə əsl xoşbəxt elə sənsən. Bilirəm havalar soyuyur və Sənə indi daha çətindir… Amma sənin heç nəyə baxmayaraq ən xoşbəxt insan olduğuna əminəm! Əziz Əsgər, bütün dualarım səninlədir. Bilirəm ki, Allah məni eşidir. Ona görə də rahatam, çünki sən Allaha əmanətsən, Vətən isə sənə əmanətdir. Əziz əsgər, tezliklə bütün torpaqları sənin qətiyyətin və gücün düşməndən azad edəcək və Sən əsl qəhrəman kimi əzizlərinin yanına qayıdacaqsan!

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin