Ermənilərin Sərsəng vandallığı – Azərbaycan Ordusu 30 illik ekoloji terrorun da qarşısını alır

0
11

BMT-nin, ATƏT-in qətnamələri ilə yanaşı, AŞPA-nın 2085 saylı qətnaməsini də Əsgərimiz icra edəcək

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ötən 30 il ərzində ölkəmizə 10 milyardlarla manat həcmində ziyan vurub. O cümlədən, mənfur düşmən bu müddət ərzində ərazilərimizdə ekoloji terrorlar da törədib.

Ərazilrimizin 20 faizi işğal altında olarkən talan edildiyi vaxtda Ermənistan həm də Azərbaycanın təbii su mənbələrinin qarşısını kəsərək, Tərtərçaya axının qarşısını yay aylarında alıb, suvarma problemi yaradıb, qış aylarında isə ikiqat artıraraq sel fəlakəti törədib.
Suqovuşan və Sərsəng su anbarları 27 ildir Ermənistan tərəfindən istismar və məhv edilib. Nəhayət, Azərbaycan Ordusu başladığı Vətən müharibəsinin ilk həftələrində Suqovuşanı azad etdi. Bundan sonra Tərtərçaya su buraxıldı və bu payız Tərtər, Goranboy, Bərdə rayonları, Yevlax şəhəri qismən suvarma problemini həll etdi.

Azərbaycan Ordusu durmadan irəliləyir, heç şübhəsiz ki, ən qısa zamanda azad edilən ərazilərimizdən biri də Sərsəng olacaq.
Sərsəng Azərbaycan üçün xüsusi əhəmiyyətlidir. Məlumdur ki, Azərbaycan yerləşdiyi iqlim qurşağına görə, kənd təsərrüfatı 80-90 faiz dərəcəsində suvarmadan asılıdır. Bir sıra rayonlarımızda suvarma məhz Tərtər çayının su mənbələrindən asılıdır.
Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarı 1976-cı ildə istifadəyə verilib. Ümumi su tutumu 565 milyon m3, bəndinin hündürlüyü 125 metr, uzunluğu 555 metrdir. Su anbarı 120 min hektar ərazinin suvarılması üçün layihələndirilib və orada gücü 50 MVt olan 2 ədəd turbindən ibarət su elektrik stansiyası (SES) quraşdırılmışdı. Tərtər çayının yığıldığı bu nəhəng su anbarının sağ və sol sahilindən çıxan magistral kanallar vasitəsilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 78 min hektar əkin sahəsi suvarılırdı.

Sərsəng Su Anbarının işğalı nəticəsində Tərtər çayı üzərindəki Suqovuşan su elektrik stansiyası, eləcə də Tərtər sağ və sol sahil suvarma magistral kanallarının 80 km-lik hissəsi, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam (onun işğal olunmamış hissəsində) və Goranboy rayonlarının rayonlarında 60 min hektardan çox əraziləri uzun müddətdir ki, su ilə təmin olunmur. Faktiki olaraq bu bölgədə ekoloji fəlakət ifrat həddə yüksəlmişdi.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində nəinki Sərsəng Su Anbarı, həmçinin, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 km olan suvarma kanalları şəbəkəsi, 185 km-lik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyektləri, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon m3 olan 8 su anbarı işğala məruz qalmışdı.
Ümumilikdə, Azərbaycanın 125,8 min hektar suvarılan torpaq əraziləri işğal edilmişdi.

İşğal edilmiş ərazilərimizdə və cəbhəyanı bölgələrdəki ekoloji təhlükəli duurmla bağlı Azərbaycan dəfələrlə dünyaya müraciət etmişdi, çox böyük çətinliklərdən sonra qətnamələr qəbuluna nail olunmuşdu. BMT Baş Assambleyasının 7 sentyabr 2006-cı il tarixli “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” haqqında qətnaməsinə müvafiq olaraq, ATƏT-in ekoloji vəziyyətin qiymətləndirilməsi üzrə missiyası yanğınlar nəticəsində vurulmuş ekoloji və iqtisadi ziyan barədə, habelə bu yanğınların insanların sağlamlığına və təhlükəsizliyinə yaratdığı təhdid barədə rəy verib. Eyni zamanda, ATƏT-in missiyası su təminatı və irriqasiya sisteminin bərpası və normal fəaliyyəti məsələlərinə xüsusi diqqət yetirib. Missiya belə nəticəyə gəlmişdi ki, lazımi su təchizatının çatışmazlığı kənd təsərrüfatına ciddi ziyan vurur və artıq meşə massivlərin tamamilə məhv olmasına gətirib çıxarıb.

Ancaq bu qətnamə də BMT Təhlükəsizlik Şurasının icra olunmayan 4 qətnaməsinin taleyini yaşadı, nə Ermənistan ekoloji terroru dayandırdı, nə də beynəlxalq qurumlar buna görə işğalçı ölkəyə təzyiqlər göstərdilər, sanksiya tətbiq etdilər…

Azərbaycan isə bu istiqamətdə işini dayandırmadı təbii ki.

Bu məsələ Avropa Şurası Parlament Assambleyasında da qaldırıldı. 2016-cı ildə millət vəkili, AŞPA nümayəndə heyətinin üzvü olan AVCİYA prezidenti Elxan Süleymanovun müəllifi olduğu 2085 saylı qətnamə 26 yanvar 2016-cı il tarixdə qəbul olundu.

e5a7543e848bab34b88b85632a21c68d.jpg (47 KB)

2085 nömrəli qətnamədə Ermənistanın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaradılmasına yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilib. Sənəddə Sərsəng bəndinin texniki cəhətdən pis vəziyyətdə olması nəticəsində bütün region üçün təbii fəlakət və humanitar böhran kimi ciddi təhlükə yarandığı da qeyd olunur.

Həmçinin, bu qətnamədə AŞPA tarixində ilk dəfə olaraq Ermənistan işğalçı dövlət kimi təsbit edilmişdi.

AŞPA tərəfindən Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal azad edilməsini və su resurslarından siyasi təsir vasitəsi və ya öz maraqları üçün təzyiq göstərilməsi üçün istifadə olunmasına son qoyulmasını tələb etmişdi.

Lakin Ermənistan bu qətnaməni də icra etmədi, beynəlxalq alımin də təzyiqini görmədik. Ancaq indiki proseslər bir daha göstərir ki, 2085 (2016) saylı qətnamənin qəbuluna nail olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən Azərbaycan xarici siyasətinin növbəti uğuru olub və bu gün daha aydın görünür…

Bəs indi nə baş verir? O baş verir ki, Rəşadətli Azərbaycan Ordusu Ermənistanın icra etmədiyi BMT qətnamələrini özü icra etdiyi kimi, ekoloji fəlakətin aradan qaldırılmasını nəzərdə tutan ATƏT və AŞPA qətnamələrini də özü icra edir.

Azərbaycan Ordusu sentyabrın 27-dən başladığı əks hücum nəticəsində artıq Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub.

Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlığın təmin olunmasında mühüm addım atılıb.

Cəbrayıl, Füzuli, Zəngilan rayonlarının mərkəzinə, Hadruta, Suqovuşana və ümumilikdə 130-a yaxın kənd və qəsəbəmizə bayrağımızı sancaq Azərbaycan Ordusu digər ərazilərimizi, o cümlədən Sərsəng Su Anbarını da azad etmək üçün əks-hücumdadır.
Sərsəng əlbəttə tezliklə azad ediləcək.

1601757974_photo_2020-10-03_23-43-56.jpg (71 KB)

Suqovuşanda dalğalanan bayrağımız

Sərsəng Su Anbarının həyati əhəmiyyəti var. Əlbəttə, Sərsəng-Tərtər hidroelektrik kompleksinin normal qaydada işləməsi, ən azı Tərtər sağ sahil magistral və ikinci dərəcəli kanallarının keçdiyi ərazilərin tam şəkildə işğaldan azad edilməsi və minalardan təmizlənməsi tələb olunur. Kompleksə lazımi texniki xidmətin göstərilmədiyi, istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, kompleksin texniki vəziyyətinin qiymətləndirilməsinə də ehtiyac var.

Sərsəng-Tərtər hidroelektrik kompleksinin bərpası və istifadəyə verilməsi Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının təxminən 60 min hektar ərazini su ilə təmin edəcək, yanğına qarşı mübarizəni asanlaşdıracaq.

Bu məhv edilmiş suvarma sistemini müasir qaydada qurmaq isə Azərbaycan üçün çətin olmayacaq. Çünki son illər ərzində ölkəmizin meliorasiya sahəsində mühüm layihələr həyata keçirilib, o cümlədən Şəmkirçay və Taxtakörpü su anbarlarının tikilib. İşğaldan azad edilən ərazilərin bərpası üçün Azərbaycan lazımi təcrübəyə və iqtisadi potensiala malikdir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin