Qənirə Ataşova Amerikadakı Vətən savaşından danışdı: “Buradakı bütün azərbaycanlılar Bakı vaxtı ilə yaşayır” MÜSAHİBƏ

0
8

“Amerika mətbuatı Ermənistanın maraqlarına xidmət edən məlumatlara yer verir”

Amerikada yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova Musavat.com-a müsahibə verib. O, böyük Vətən savaşının okeanın o tayında verdiyi əks-sədadan, azərbaycanlıların Amerikada gördüyü işlərdən, bu sahədəki çatışmazlıqlardan, informasiya savaşındakı mövqeyimizdən danışıb.

Müsahibəni təqdim edirik:

– Azərbaycanda tarixi hadisələr yaşanır, torpaqlar geri qayıdır. Bu hadisələr Amerikadan necə görünür? Okeanın o tayına əks-sədası necə gəlir?

– Şanlı və müzəffər Azərbaycan ordusunun cəbhədəki uğuru Amerikadan çox parlaq görünür. Amerika ilə Azərbaycan arasında 9 saat fərq var. Hətta bəzi ştatlarda 10 və ya 11 saat. Amma bu ölkədəki bütün Azərbaycanlılar həm də Bakı vaxtı ilə yaşayır! Biz burada birləşmişik.

 – Amerikada erməni lobbisi güclüdür, seçki öncəsi Amerikada ermənilərin xeyrinə çağırışlar edərək xal toplayırlar. Bu sizi narahat edirmi?

– Təbii ki, narahat edir. Ermənilər uzun illərdir Amerikada kök salıblar. Bütün sferalarda təmsil olunublar. Ən acınacaqlısı odur ki, onlar yalan istehsal etməklə məşğuldurlar. Günümüzün “fakenews”  yaradıcısı adına alıblar. Amma Azərbaycan icması da boş oturmur. Biz istər “twitter” üzərindən, istərsə də başqa platformalarda birləşmişik. Burada fərdlər  istisna olmaqla, iqtidar -müxalifət baxışı da qalmayıb. Erməni böhtanlarına cavab verməklə yanaşı, dinc aksiyalar təşkil edib, konqresmenlərə kütləvi müraciətlər edirik. Bu müraciətlər çox vacibdir.

Çünki  Amerikada yaşayan azərbaycanlı potensial seçicidir və hər bir konqresmenin seçicisinin səsini eşitmək  bir növ borcudur və seçicisini itirməmək üçün bizim də səsimizi eşitməyə borcludur. Bəli, biz ermənilər kimi bu işi institusional qurmamışıq. Bu, tam başqa bir mövzudur. Əslində, istəyərdim bunu genişlədim, amma savaş dönəmində hədəf başqadır. Görünən odur savaşdan sonra da qərbdə icmamızı ağır iş gözləyir.

121997838_410590170336315_21192369221148599_n.jpg (78 KB)

– Amerikadakı azərbaycanlılar hansı işlər görürlər?

– Azərbaycanlılar təşkilatlanıblar, platformalarda birləşiblər. Etiraz aksiyaları təşkil edirlər. Prezident Trampın təbliğat kompaniyasına belə qatılıb, orada bayrağımızı dalğalandırır və hətta ona dəstək olurlar. İcma üzvlərimiz yaşadıqları ştatlarda yerli hökumət və konqresmenlərin yerli bürolarına gedib onları məlumatlandırırlar. İcmada daha təcrübəli olanlar, məsələn Əhməd Obalı kimi şəxslər konqresin komitələri ilə görüşür, həqiqətləri çatdırır. Əhməd bəy bilirsiniz ki, Çikaqoda yaşayır. Amma o, bir həftədən çoxdur Vaşinqtonda vacib görüşlər keçirir. Yusif Babanlı da çox fəaldır. Hətta deyərdim ki, o, çox  biliklidir. Onun konqresmenlərlə iş mexanizmindən icma olaraq faydalanırıq.

– Diasporamızın oradakı fəaliyyəti necədir? Azərbaycanın haqq davasını yetərincə təbliğ etmək mümkün olurmu?

– Diasporamızın işini 10 ballıq şkalada 4 balla dəyərləndirərdim. Bizim diaspor təşkilatları daha çox “həftə sonu fəaliyyət”lə məşğul olublar. Yəni, boş zamanları olanda, önəmli hadisələr yaşananda. Çünki Amerikada yaşamaq üçün pul qazanmalısan, işləməlisən. Amma dünya təcrübəsi göstərir ki, bu, belə olmamalıdır. Bir institut yaradılmalı, orada cəmləşən insanlar bu prosesi  gündəlik  iş olaraq görməlidirlər. Təbii, bu qurum Azərbaycan hökumətindən uzaq, sırf Amerikadakı azərbaycanlıların maliyyə dəstəyi ilə yaradılmalıdır. Bu dəqiqə biz icmamızla da bunu etməyə çalışırıq. Amma yaranacaqmı, bu baş verəcəkmi? Açığı şübhələrim var. Həm də onun fərqindəyəm ki,  bu, tarixi fürsətdir. Azərbaycanlılar siyasi görüşündən asılı olmayaraq, yumruq kimi birləşiblər. İndi biz ANCA-ya alternativ,  hətta deyərdim ondan güclü təşkilat yaratmalıyıq. Əks halda bizim üçün gələcək asan olmaya bilər.

– Amerika mətbuatında hadisələrlə bağlı nələr yazırlar?

– Açıq deyəcəm. Amerika mətbuatı Ermənistanın maraqlarına xidmət edən məlumatlara yer verir. Təbii ki, bunun bir neçə səbəbi var. İlk səbəbi erməni lobbisi, Amerikada doğulub böyümüş ermənilərin ölkə mediasına da inteqrasiyasıdır. Digər tərəfdən, ANCA-nın konqres və mətbuat ilə sıx əlaqələri, erməni mətbuatının Amerikada təmsil olunmasıdır. Siz sadəcə kiçik bir sorğu apara bilərsiz. Azərbaycanın neçə televiziya və ya mətbuatı Amerikada büro olaraq təmsil olunur? Azərbaycan mətbuatı Amerikada jurnalist saxlayıb, həm də yetişdirmək üçün nə qədər büdcə ayırıb? Təbii ki, tapa bilməyəcəksiz.

Çünki TV-lər  yalnız daxildə ucuz şou proqramlara, hətta deyərdim Azərbaycan qadın və kişisini aşağılayan proqramlara vəsait xərcləyirlər. Amerikada büro açmağa gələndə  “büdcə yoxdur” deyib, ağlayırlar. Nə Azərbaycan Dövlət Televiziyasının, nə də İctimai TV-nin  Vaşinqtonda bürosu yoxdur. Hətta onların düz-əməlli “Twitter” hesabları da mövcud deyil. Oradakı xəbərlər isə Azərbaycan, ən yaxşı halda rus dilində olur. Mən istər Gəncə hadisələri, istərsə də Amerikadakı mitinqlərlə bağlı buradakı yerli mətbuata məlumat göndərmək üçün əlaqəyə keçdim. Onlar bilirsinizmi məndən nə istədilər? Müstəqil və canlı “Twitter” hesabı olan Azərbaycan mətbuatının linklərini. Təsəvvür edin, biz, bunu tapmadıq.  Bizim Azərbaycan mətbuatı yalnız daxili bazara hesablanan addımlar atır. O  model isə dünya üçün çox köhnə, hətta deyərdim ki, gərəksizdir.

Hesab edirəm hər bir kanal, təbii imkanı olan sosial media üzərindən canlı yayım açıb, mütəmadi olaraq oradan ingilis dilində yayım edərdisə bu, çox effektli olardı. Münaqişənin və regionun əvvəlki tarixinə baxsanız görərsiniz ki, əvvəllər CNN mütəmadi ANS-ə istinad edirdi. Bilirdilər ki, ANS müstəqildir və operativdir. Amma bu gün müstəqil görüntülü mətbuat tapmaq çox çətindir. Bunu da Amerikada gözəl bilirlər. Türkiyənin “CNNTürk” kanalında aparıcı Gəncə hadisələri zamanı belə bir ifadə işlətdi “Malesef Azerbaycan basını çok dişsiz”.

– Ümumiyyətlə, Amerikada, yerli mətbuatda bu hadisələrlə bağlı bizim mövqeyimizi ifadə edəcək yazılar verilirmi?

–  Bəli, biz az da olsa yerli mətbuatda məqalələr yaya bilirik. Bu iş üçün istər Kaliforniyadakı icmamız, istərsə də Amerikanın şərq ştatlarındakı insanlarımız aktivdirlər.  Hətta CASA təşkilatının nəzdində media qrupu yaranıb. Tərlan Əhmədov bu iş üçün çox aktivlik göstərir. Aqil Hüseynov, Yusif Babanlı və digərlərinin də adını çəkmək olar. Çalışırıq, amma bunlar daha çox özfəaliyyətdir. Hesab edirəm ki, bu, sistematik olmalıdır. Yəni fərdlər gəlib-getsə də, sistem işləməlidir. O sistem  təəssüf ki, qurulmayıb.

– Həmvətənlərinizə sözünüz nədir?

– Xalqımızı təbrik edirəm. Hər bir əsgəri bağrıma basıb öpürəm, şəhid analarına Allahdan dözüm diləyirəm. Vətən müharibəsində İnşallah ordumuz müzəffər olacaq!

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin