“Bu gün bir az kövrəldim…” – Cəbhədəki müxbirimizdən təsirli yazı

0
7

Füzuli cəbhəsində “Yeni Müsavat” Media Qrupunu təmsil edən müxbirimiz İlkin Muradov təsirli bir yazı yazıb.

Onu təqdim edirik:

“Dostum Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmışdı. Xəstəxanada ziyarətinə getdim. Eyni palatada başqa bir əsgər də vardı. Yanında minamyot partlamışdı.

Eşidirdi, amma danışa bilmirdi. Mənim dostum da elə olmuşdu. 4-5 gün sonra normal vəziyyətə qayıtdı, danışmağa başladı və yenidən ön cəbhəyə yola düşdü. Bu gün isə təkrar yaralanaraq,  xəstəxanaya yerləşdirildi.

…Digər yaralı əsgərimiz danışa bilmədiyi üçün çox həyəcanlanırdı. Tam təsadüf idi ki, dostum onun yanında idi və ona təsəlli verə bilirdi. Çünki eyni hadisəni o da  yaşayıb.

Həmin əsgər çox da həyalı biri idi. 11 ayın əsgəri olan qardaşımızın yanında 3 tibb bacısı var idi. Əsgərə elə qayğı göstərirdilər ki, insan kövrəlməyə bilmirdi. Tibb bacılarından biri əsgərin atası ilə danışdı. Əsgər dedi (kağıza yazdı) ki, atası yanına gəlsə, yaxşı olar. Atası da sabah gələcəyini dedi. Tibb bacısı əsgərin atasına dedi ki, bacıları ona yaxşı baxır…

Sonra tibb bacısı əsgərin ayağını yumaq üçün su gətirdi. Amma əsgər icazə vermədi ki, özüm yuyacam. Tibb bacısı çox kövrəldi. Dedi ki, oğlunun 14 yaşı var və o da əsgər olacaq. Əsgərə “mən də sənin ananam”, – deyib, israr etdi… Amma əsgər heç cür imkan vermədi.

Digər tibb bacıları əsgərə makaron, dovğa gətirdilər. Nə qədər israr etsələr də əsgər iştahı olmadığını dedi. Mənzərə çox gözəl idi. 3 bacı bir qardaşın başı üstündə idi…

Daha sonra həmin tibb bacılarının digər palatalara keçdiyini gördüm. Birinin arxasınca boylandım. Mənzərə yenə də eyni idi. Hər əsgərə eyni qayğı, eyni diqqət…

Mənzərə məni çox kövrəltdi…

Bunu anama danışdım. Deyir ki, mən də gəlib nəsə edim. Ən azı yemək bişirə bilərəm…”

İlkin Muradov

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin