rəvandan kapitulyasiya çağırışları – “Azərbaycan Ordusu MDB-də ikincidir, biz gecikmişik…”

0
8

Xilaskar ordumuz irəlilədikcə işğalçı ölkə yeri dolmayacaq itkilər verməyə davam edir, kasad büdcəsi çökür, əhalisi panikadadır və savaşmaq istəmir; rusiyalı hərbi ekspert: “Azərbaycan hələ əsas qüvvələri döyüşə cəlb etməyib…”

Azərbaycanın xilaskar ordusu öz tarixi missiyasını davam etdirir. Cəbhə bölgəsindən hər gün gələn irili-xırdalı zəfər xəbərləri buna şəkk-şübhə saxlamır. Paralel olaraq düşmən cinahında, Ermənistanda panik ovqat getdikcə güclənməkdə, kapitulyasiyanın qaçılmaz olması barədə etiraf sədaları artmaqdadır.

Məntiqlidir. Çünki cəmi 10 günlük hərbi əməliyyatlar zamanı rəşadətli ordumuz işğalçı qüvvələri faktiki iflic vəziyyətə sala, onun müqavimət və döyüş qabiliyyətini sındıra bilib. Bunu indi təkcə biz demirik.

*****

“Azərbaycanın bir həftədir Dağlıq Qarabağ uğrunda gedən şiddətli döyüşlərdə erməniləri tam məğlub etmək üçün bütün lazımi resursları və qüvvəsi var”.

“Yeni Müsavat”ın məlumatına görə, bu fikri “Moskovski Komsomolets”ə müsahibəsində rusiyalı hərbi ekspert Aleksandr Mixaylovski söyləyib. Onun sözlərinə görə, əgər Azərbaycan böyük zirehli texnika birləşmələri və düşmən toplarının susdurulması ilə Qarabağda genişmiqyaslı hücuma başlasa, erməni tərəfinin buna qarşı yetərli gücü olmayacaq.

“Bu o deməkdir ki, Azərbaycan qoşunları düşmənin müdafiə xəttinə nüfuz etmək və 1993-cü ilki status-kvonu pozmaq üçündə istənilən əhəmiyyətli əraziləri tuta, üstəlik, öz mövqeyini ağır topların Stepanakerti (Xankəndi – red.) və digər böyük yaşayış məntəqələrini hədəf ala biləcək məsafəyədək çəkə bilər. Bu isə artıq ”DQR” qüvvələri üçün məğlubiyyət demək olacaq və çətin ki, onlar Azərbaycan qoşunlarını geri oturda bilsinlər”, – deyə ekspert qeyd edib.

Hərbi analitik hesab edir ki, Azərbaycan va-bank da gedə bilər: “Bundan ötrü onun bütün imkanları var. Yəqin ki, öncəki bütün döyüşlər yalnız düşməni ”yoxlamaq” niyyəti güdüb. Erməni tərəfinin ehtiyatları sonsuz deyil, onlar artıq ciddi şəkildə əziliblər. Özü də elə bir vaxtda ki, Azərbaycan hələ əsas qüvvələri döyüşə cəlb etməyib”.

*****

Azərbaycanın işğalçı Ermənistana qarşı antiterror əməliyyatındakı qazandığı uğurları yalnız müstəqil beynəlxalq ekspertlər deyil, ermənilərin özləri də etiraf eləməyə başlayıb.

“Azərbaycanla döyüşə biləcəyikmi?! Əliyevin gücünü düzgün dəyərləndirmək lazımdır. O, azərbaycanlılardan əsgər düzəltdi. Onun normal ordusu var. Qarşımızda silahlanma baxımından MDB-də Rusiyadan sonra ikinci ordu dayanıb. Neft ehtiyatlarına sahib 30 milyon Özbəkistanın və 18 milyonluq Qazaxıstanın ordusundan daha amansız, Ukrayna ordusundan, Belarusunkundan daha amansız bir ordu”.

“Yeni Müsavat” xəbər verir ki, bu haqda erməni ekspertlərdən biri özünün facebook səhifəsində yazıb.

O, eyni zamanda Ermənistan ordusunu tənqid edib və işğalçı qüvvələrin zəifliyinin səbəblərini açıqlayıb: “Bəs bizim ordumuz? Ordumuz allahsızcasına talan edilib. Ordu müqəddəsdir. Onu talamaq olmaz. Hökumətimiz, – yalnız hökumət də yox, – anlamalıdır ki, əgər buğda səpirsənsə, onu əsgər qorumalıdır. Bu, məhsulu yığacağınıza zəmanətdir. Əks halda, buğdanı azərbaycanlı aparacaq. Bax, burada onu (erməni əsgərini) ehtiyac duyduğu hər şeylə təmin etməliyik. Bu isə edilmədi”, – deyə o acı təəssüf hissi ilə vurğulayıb.

*****

“Azərbaycan mükəmməl komanda ilə irəliləyir”.

Bunu isə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, keçmiş hərbi-pilot, Yeditepe Universitetinin Hüquq fakültəsinin professoru Mesut Hakkı Caşın deyib (Report).

mesut hakkı caşın kimdir kaç yaşında nereli

Mesut Hakkı Caşın

“Azərbaycan xalqı Prezident İlham Əliyevin qərarlarının arxasında dayanıb, onu dəstəkləyərək işğal altında olan torpaqlarını geri alır. Qardaş ölkənin apardığı uğurlu hərbi əməliyyatlar belə bir nəticəni ortaya qoydu ki, torpaqlar diplomatiya masası qurulmadan azad edilməlidir. Azərbaycan mükəmməl və planlaşdırılmış bir komanda heyəti ilə irəliyə doğru hərəkət edir. Tərəflər arasında tarazlığı dəyişdirən ən əhəmiyyətli məsələ isə Azərbaycan xalqındakı ruh yüksəkliyi, mübarizə əzmi, motivasiyadır” – Caşin deyib və vurğulayıb ki, səfərbərliyi ilk olaraq Ermənistan elan etsə də, ermənilər savaşmaq istəmirlər.

“Azərbaycan Ordusu yaxşı təlim keçib və müasir silahlardan istifadə edir. Faktlar sübut edir ki, ermənilər hərbçilərini bölgədə qandallayaraq saxlayırlar. Digər yandan, Ermənistan xüsusilə son günlər xeyli sayda hərbi texnika itirdi və bununla da daha çox zəiflədi. Əminliklə deyə bilərəm ki, müharibənin nəticəsini  müəyyən edən ən əhəmiyyətli göstərici ruh yüksəkliyidir və Azərbaycan Ordusu ruh yüksəkliyi ilə döyüşür”, – türkiyəli ekspert qeyd edib.

O, xarici müdaxilələrə məhəl qoyulmadan mübarizənin sağlam şəkildə aparılmasının vacibliyinə də diqqət çəkib: “Biz Fransa və digər ölkələrin yalan ittihamlarına qarşı getməliyik. Digər vacib məsələlərdən biri bölgədə muzdlu terrorçuların yuva qurmasına imkan verilməməsidir”.

*****

Vətən müharibəsinin 6-cı günü: düşmən bütün cəbhə boyu ağır itkilər verir

Cəbhədə Azərbaycandan ağır zərbələr yeyən kasıb Ermənistanın kasad büdcəsi də bu arada ciddi problemlərlə üzləşib. Hələ ötən həftə azərbaycanlı iqtisadçılar bildirmişdilər ki, bir neçə günlük hərbi əməliyyatlar zamanı düşmənə təxminən illik hərbi büdcəsi qədər – 1.4 milyardlıq maddi ziyan dəyib. Bura məhv edilən və qənimət kimi götürülən böyük sayda hərbi texnika da daxildir. İtkilər isə günbəgün artır. Onun yerini doldurmaq üçün böyük maliyyə vəsaitlər lazımdır. Biz hələ işğalçı ordunun üzləşdiyi və getdikcə böhran şəklini alan çağırışçı problemini demirik.

Nəzərə alsaq ki, müharibə hələ bitməyib, 2 milyonluq əhalisi və blokada şəraitində olan, iqtisadiyyatı tənəzzül keçirən işğalçı ölkənin bunun öhdəsindən gələcəyi qeyri- mümkündür. Hələ müharibədən öncə dəfələrlə yazmışdıq ki, Ermənistan Azərbaycanla uzunmüddətli savaşa tab gətirmək gücündə deyil – əgər müharibə zamanı Rusiya ona birbaşa hərbi və iqtisadi dəstək verməsə.

“Ermənistanda bu ilin sonuna qədər təklif olunan qanun layihəsi üçün əsas rolu oynayan maliyyə proqnozlarına yenidən baxılıb. Hərbi vəziyyətin ölkə iqtisadiyyatının inkişafına təsir edəcəyi açıq-aşkardır”.

Ermenistan'da Nikol Paşinyan Dönemi - Diplomatik Strateji

“Yeni Müsavat” xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Atom Cancugazyan Ermənistan Milli Məclisində Maliyyə-Kredit və Büdcə Məsələləri Daimi Parlament Komissiyasının iclasında dövlət büdcəsi haqqında qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, xüsusilə hərbi əməliyyatlar səbəbindən cari xərclərin 40 milyard dram artacağı və iqtisadi göstəricilərdəki azalmanın 6,8% olacağı nəzərdə tutulur.

“2020-ci ildə iqtisadi göstəricilərin büdcə qanunundakı dəyişikliklərin əsasında 2% əvəzinə 6,8% azalacağı da gözlənilir. Eyni zamanda nominal ÜDM 6 trilyona qədər azalacaq”, – deyə erməni nazir qeyd edib. O, mövcud vəziyyətin vergi gəlirlərindən də yan keçməyəcəyini söyləyib.

*****

Ancaq hələ gec deyil. Daha böyük və yeri dolmayacaq itkilərə tuş gəlməmək, bütövlükdə Ermənistan adlı psevdo-dövləti tam çöküşdən qurtarmaq üçün az da olsa, vaxtları var. Bundan ötrü yerdə qalan torpaqlarımızdan sınıq-salxaq işğalçı qoşunlarını təcili geri çəkmək lazımdır. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev bu şansı da onlara verib. İstifadə eləməyə ağılları yetəcəkmi?..

Siyasət şöbəsi,

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin