“Putin sona qədər neytral qalacaqmı” sualına ilginc reaksiya

0
9

Asim Mollazadə: “Rusiya ona lazım olana qədər prosesi izləyəcək…” Kreml cəbhədə 10 gündür gedən döyüşlərə neytral mövqe sərgiləyir, Rusiya baş nazirinin İrəvana səfəri də təsdiqlənmir…

Rusiyanın cəbhədə gedən döyüşlərlə bağlı sakit və neytral mövqeyi çoxlarını düşündürür. Qarabağın açarının illərlə Moskvada olduğu deyildiyi halda bu gün Kremlin sərgilədiyi siyasət olduqca maraqlıdır.

Bəzi təhlilçilərin fikrincə, Rusiya Türkiyə faktorunu nəzərə alaraq ehtiyatlıdır, açıq müdaxilə etmir. İkincisi, Putin administrasiyası Paşinyan hakimiyyətini sevmir və onu ağır şəkildə cəzalandırır. Amma o da var ki, Azərbaycan – Rusiya əlaqələrini gözdən qaçırmaq olmaz. Son illərdə iki dövlət arasında münasibətlər daha da inkişaf edib. O baxımdan Moskvanın Bakıya böyük inamı, etimadı yaranıb, Qarabağ işğaldan azad edilsə belə, Azərbaycan Rusiya əleyhinə hər hansı koalisiyada, layihədə yer almayacaq. Əksinə, Ermənistan hakimiyyəti Rusiyaya meydan oxumağa başlamışdı – Köçəryanın həbsi, məktəblərdə rus sektorunun, ölkə üzrə rus telekanallarının bağlanması, 102-ci hərbi bazanın çıxarılmasına hazırlıq, ABŞ-ın üç hərbi laboratoriyasının yerləşdirilməsi Paşinyanın müttəfiq ölkədən özünü izolyasiya etməsi ilə müşayiət olunurdu.

Azərbaycan isə Rusiya ilə yaxşı əlaqələrə malikdir, anlaşılmayan, həllini tapmayan hər hansı problem qalmayıb və Moskvada düşünürlər ki, niyə də Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün tərəfsiz mövqe tutmayaq?!  Onsuz da Azərbaycan dost ölkə olaraq qalacaq və hətta Türkiyə-Rusiya-Azərbaycan formatında yeni iqtisadi projelərin təməli qoyula bilər.

Prezident İlham Əliyev “TRT Haber” telekanalına müsahibə verib »  Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Prezident İlham Əliyev də “TRT Haber” telekanalına müsahibəsində Rusiya ilə əlaqələrdən danışaraq bildirdi ki, münasibətlərimiz uğurla inkişaf edir: “Bu gün bir çox sahələrdə Rusiya ilə Azərbaycan arasındakı münasibətlər çox yüksək səviyyədədir. Hər iki ölkə bu münasibətlərə strateji tərəfdaşlıq münasibətləri kimi yanaşır və bu, birgə imzalanmış müqavilələrdə də öz təsdiqini tapır. Bu məsələ ilə bağlı Rusiya çox məsuliyyətli və böyük ölkə kimi davranır. Rusiyadan müsbət mesajlar gəlir və hər hansı bir tərəfi dəstəkləmək müzakirə mövzusu deyil. Halbuki Ermənistan buna çox ümid edirdi. Ermənistanın bu toqquşmanı bölgənin xaricinə çıxarmaq məqsədi də Rusiyanı buraya cəlb etməkdir. Ermənistan Azərbaycana hazırda Ermənistan ərazisindən niyə hücum edir? Məhz ona görə ki, biz də hücum edək, o da Rusiya ilə, başqa ölkələrlə birgə iştirak etdiyi Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsinin baş katibliyinə müraciət etsin və desin ki, Azərbaycan bizə hücum edir, gəlin bizə yardım edin”.

İ.Əliyevin sözlərinə görə, Ermənistan Rusiyanı bu işlərə cəlb etmək istəyinə müvəffəq olmayacaq. Üstəlik, düşmən ölkənin baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə bir neçə dəfə zəng edib və muradına çatmayıb. Baxmayaraq ki, Rusiyanın baş naziri Mixail Mişustinin İrəvanda səfərdə olduğu barədə qeyri-rəsmi məlumatlar yayılıb, amma iki gündür təsdiqlənmir. Bu haqda nə Rusiya, nə erməni mediasında xəbər var. Bəs maraqlıdır, Rusiya sona qədər bu mövqeyində qalacaqmı?

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda Azərbaycan Silahlı Qüvvələri ATƏT-in Minsk Qrupunun görməli olduğu işi və missiyanı onun əvəzinə yerinə yetirir.

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

Asim Mollazadə

Deputat hesab edir ki, ATƏT-in Minsk Qrupu işğal edilmiş ərazilərimizdən Ermənistan qoşunlarının çıxarılmasını çoxdan təmin etməliydi: “Bu işi diplomatlar görməliydi, onlar öz missiyasını bu illər ərzində yerinə yetirmədiyi üçün Azərbaycan Ordusu həyata keçirir. O ki qaldı Rusiya faktoruna, Moskvanın bu prosesdə fərqli məqsədləri var. Əvvəla, Rusiyanın başı elə qarışıqdır ki, Türkiyə ilə münasibətlərdə yenidən gərginlik yaranmasını arzulamır. Digər tərəfdən, Rusiya ona lazım olana qədər prosesi izləyəcək. Mən düşünmürəm ki, Rusiya təkcə Paşinyanı cəzalandırır, o, xırda fiqurdur, burada başqa məsələlər var”.

A.Mollazadə xatırlatdı ki, Azərbaycan-Rusiya münasibətləri stabildir: “İki ölkə arasında qarşılıqlı hörmət var, lazım olan yerə qədər əməkdaşlıq genişləndirilir. Onu da unutmaq olmaz ki, Cənubi Qafqazda rus əhalisi yaşayan yeganə ölkə Azərbaycandır. Onlar hansısa ”5-ci kolon” deyil, Azərbaycan vətəndaşlarıdır. Hətta səhv etmirəmsə, Qarabağda üç rus şəhidimiz, Milli Qəhrəmanımız var. Baxmayaraq ki, Ermənistan Rusiyanın müttəfiqidir, amma Azərbaycandan fərqli olaraq, bu ölkədə rus məktəblərinə getmək, rus dilini öyrənmək qadağan edilib, rus telekanalları bağlanıb. Bu, Ermənistanda Rusiyaya nifrətin formalaşmasıdır. Ona görə Rusiya Ermənistana güvənə bilməz. Azərbaycanla əlaqələr isə stabildir və bütün beynəlxalq hüquq normalarına uyğundur”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin