Müxalifət partiyalarının rəhbərləri ilə müzakirələrim olub, Qarabağda baş verənlər… – Müsahibə

0
21

Teleqraf.com-un suallarını Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseyn cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Pənah bəy artıq altıncı gündür ki, Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərin azad edilməsi uğrunda uğurlu döyüş əməliyyatları aparır. Bir partiya sədri olaraq bu istiqamətdə sizin də fikirlərinizi bilmək istərdik…

– Rəsmi məlumatları izləyirik. Arxada insanlarımızın çox böyük coşqu ilə Vətənin müdafiəsinə yollanmasını müşahidə edirik, yola salırıq. Aralarında yaxınlarımız, qohumlarımız, tanışlarımız, dostlarımız, onların övladları var. Elə dünən Arzu Səmədbəylinin oğlunu yola saldıq. Bir neçə yaxın qohumum cəbhədədir. Əlbəttə, daha böyük qələbələr, Şuşa qalası üzərinə bayrağımızın sancılmasını, Şuşa məscidindən azan səsinin eşidilməsini istəyirik. Düşmənin axırıncı əsgərinin birdəfəlik ərazilərimizdən qovulması gününü gözləyirik, amma son 7 gündə verilən məlumatlara, ordumuzun uğurlarına sevinirik. İtkilərimizə kədərlənirik. Hər halda biz həm xalqın, həm Azərbaycan hakimiyyətinin, həm hərbi rəhbərliyinin, həm müttəfiqlərimizin, qardaş Türkiyənin bu məsələdə qətiyyətini görürük. Azərbaycanın azad və ədalətli mövqeyinin həm müdafiə olunmasını, həm ona tərəfdar çıxılmasını müşahidə edirik. İnşallah, sonadək, axırıncı düşmən əsgəri qalanadək mübarizə davam edəcək.

Əlbəttə, hərbi rəhbərlik tərəfindən konkret qərarlar qəbul olunur və olunmalıdır. Yaşımızdan asılı olmayaraq lazım olsa, özümüz də hər an cəbhəyə yollanmağa hazırıq.

Düşmənin və onun havadarlarının, xüsusən xaricdə Fransa kimi dövlətlərin ikiüzlü, riyakar siyasəti xalqımızda qəzəb, nifrət, hiddət doğurur. Bizə qonşu olan bir sıra dövlətlərin, o cümlədən İranın rəsmi dairələrinin mövqeyi bizim etirazımıza səbəb olur. Doğrudur, dünən Zəncanda, Təbrizdə, Tehranda Azərbaycanın haqq işinin, ərazi bütövlüyünün, Vətən torpağının qorunması şüarları ilə keçirilən həmrəylik mitinqlərini gördük. İranda yaşayan Azərbaycan türklərinin nəfəsini hiss edirik, amma İranın rəsmi hökumət dairələrinin bu məsələdəki mövqeyi də Azərbaycan xalqının, Azərbaycan Respublikası vətəndaşlarının ciddi etirazına səbəb olur.

Beynəlxalq təşkilatların bu məsələdə Azərbaycanın xeyrinə çıxarılan qətnamələri xatırlatmayaraq, yaxud hətta özlərinin qəbul etdikləri sənədlərə istinad etməyərək təcavüzkar dövləti və xalqı təcavüzə məruz qalan dövlətlə və xalqla bir araya qoyması da hiddət və nifrətə səbəb olur. Azərbaycan həmin dövlət və təşkilatlarla münasibətlərinə də ciddi şəkildə baxmalı olacaq. Amma bu gün döyüş, müharibə gedir və hamımız həmin savaşa, müharibəyə köklənmişik. Hamımızın bircə şüarı var: hər şey Vətən üçün, hər şey qələbə üçün!

– Hərbi əməliyyatların gedişi ilə bağlı düşüncələriniz nədən ibarətdir?

– Ordumuzun və ordu rəhbərliyinin qətiyyəti bizi tam qane edir. Əməliyyatların gedişi barədə bizim məlumatlarımız rəsmi informasiyalardan ibarətdir. Vətən torpağımızın azad olunan hər metri, hər santimetri bizim üçün əzizdir. Xüsusilə ora indi şəhidlərimizin müqəddəs qanı tökülüb. Ordumuzun tam arxasındayıq. Ordumuza inanırıq. Ordu rəhbərliyinin, cəbhədə olan zabitlərin fədakarlığını, igidliyini görürük. Təkrar edirəm: cəbhədə hər bir adamın tanıdığı şəxs, qohumu, övladı vuruşur. Bu baxımdan müxtəlif məlumatlar daxil olur. Hər hansı təlaşdan əsər-əlamət belə yoxdur. Hətta yaralananların da yeganə istəyi var ki, dərhal sarınıb yenidən cəbhəyə, döyüşə qayıtsınlar. Bu baxımdan ordumuzun da tam arxasındayıq. Eşq olsun Azərbaycan Ordusuna! Hamımız fəda olaq Azərbaycan əsgərinə!

– Hazırda siyasi qüvvələrin bu istiqamətdəki mövqeyini necə qiymətləndirirsiniz?

– Siyasi qüvvələrin münasibəti birmənalıdır. Bəzi mətbuat səhifələrində müəyyən materiallar gedib. Mən əslində bəzi məsələlərin üzərində heç dayanmaq da istəmirəm. Konkret məsələyə də toxunmaq istəmirəm. Amma iqtidara, hakimiyyətə, prezidentə siyasi münasibətindən asılı olmayaraq bütün siyasi müxalifət, onun tərəfdarları, cəmiyyətimiz bu məsələdə birmənalı şəkildə birlik və yekdillik nümayiş etdirir. Tariximizdə çox az olan, yalnız müstəqilliyimizin ilk illərində müşahidə etdiyimiz bir həmrəyliyimizi görürük. Digər bütün məsələlərlə bağlı fikir ayrılıqları bir kənara qoyulub.

Mənim Azərbaycan müxalifətinin onlarla siyasi partiyasının rəhbəri ilə görüşüm, müzakirələrim olub. O cümlədən, indiki iqtidara radikal müxalifətdə olduğu deyilən və bir sıra daxili və xarici siyasi məsələlər barədə prinsipial fikir ayrılığı olan siyasi partiyalar da hazırda – döyüşlərin getdiyi bir vaxtda öz dövlətinin, ordusunun, əsgərinin yanındadır. Bu döyüş, müharibə, indiki mərhələ başa çatanadək dövlətin gözü arxada olmasın. Mən hamının dövlətin, ordunun yanındayıq şüarını hakim tutduğunu müşahidə etmişəm.

Bu birliyimizi, yekdilliyimizi zədələyən çıxışlar, yazılar olmasın. Xüsusən məlum olur ki, bunların bəziləri də anlaşılmazlıqlardan, yaxud informasiyaların yanlış olmasından yaranır. Yəni mən bu məsələdə Azərbaycan cəmiyyətinin, siyasi dairələrinin, o cümlədən siyasi müxalifətinin də xalqla, ordu ilə və dövlətlə bir yerdə olduğunu qəti və əmin şəkildə deyə bilərəm.

Sözsüz ki, qələbə xəbərləri gələndə əsgərimizi təbrik edəcəyik. Məncə, ölkə rəhbərliyi də, müxalifət də hər bir Azərbaycan vətəndaşı kimi əsgərimizi təbrik etməyə hazırdır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin