Azərbaycanlı alim 5G ilə bağlı bütün SİRLƏRİ AÇDI

0
6

5G texnologiyalari yeni dünya düzəni yaratmaqdadır

Müasir dünyada simsiz rabitə texnologiyasını geniş istifadə edən qlobal şəbə­kə­lərdən biri də mobil telefon şəbəkəsidır. Bu sistem artıq beş nəsil geçmişdir və altıncı nəsli gözlənilir. Bu nəsillər uyğun olaraq 1G, 2G, 3G, 4G, 5G və 6G (burada G ingilis dilindəki generation- nəsil sözündən götürülmüşdür) kimi də adlandırılırlar. Mobil telefonların birinci nəsili (1G) yalnız səsin analoq ötürülməsini həyata keçirdi. İkinci nəsil (2G) rəqəmli nəsl adlanirdı, lakin o da yalnız səsli rabitəni həyata keçirirdi. Üçüncü nəsil (3G) də rəqəmli nəsil adlanırdı və artıq səs və verilənlərin ötürülməsi üçün nəzərdə tutulmuşdur. Bu nəsillərin hər birinin də özlərinə məxsus xüsusiyyətləri olmuşdur.

Mobil rabitənin dördüncü nəsil (4G) mobil, daşınan (yüksək hərə­kətliliklə) abunəçilər üçün verilənlərin ötürülməsini 100 Mbit/s-dən çox sürətlə, stasionar abunəçilər üçün isə (aşağı hərəkətliliyi olan) verilənlərin ötürülməsini 1 Gbit/s sürətlə həyata keçirməyə imkan verən perspektivli bir texnologi­yalar­dır.

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən 2012-ci ildə Cenevrədə keçirilən konfransda LTE Advanced (LTE-A) və WiMAX 2 (WMAN-Advanced, IEEE 802.16m) texnologiyaları (heç bir SİM kart tələb olunmur) dördüncü nəsil (4G) simsiz rabitə standartları (IMT-Advanced) kimi rəsmi olaraq qəbul edilmişdir.

5G texnologiyaları haqqında bəzi ümumi məlumat

Əvvəllər mobil şəbəkələrin yaradılmasında qabaqcıllar əsasən Amerika və Avropa şirkətləri idi. Lakin bu yeni 5G texnologiyasının yaradılmasında ABŞ və Çin bu sahədə liderlik uğrunda mübarizə aparır. 5G şəbəkələrinin inkişafında Çin bəzi göstəricilərə görə hətta irəlidədir. Yeni nəsil mobil rabitə olan 5G, məlumatları mövcud 4G şəbəkələrindən 100 dəfə daha sürətli ötürməklə insanların həyatını yenidən dəyişə bilər. Onların öz-özünə idarə olunan avtomobillərin meydana gəlməsinə, virtual və genişlənmiş gerçəkliyin və Əşyalar İnterneti adlanan sahələrin inkişafına töhfə verəcəkləri, Wi-Fi və simli internetdən asılılığı azaldacağı və cərrahların uzaqdan mürəkkəb əməliyyatlar həyata keçirməsinə imkan yaradacağı gözlənilir.

5G, 10 Gbps-ə qədər pik məlumat ötürmə sürəti, yaxşılaşdırılmış, inkişaf etmiş enerji səmərəliliyi təmin edir, yəni bir batareya ilə altı- səkkiz il yaşaya bilən sensorlar, kəmiyyət göstəricisi cihazlıarını və fərdi enerji qənaət edən cihazları şəbəkəyə bağlamaq mümkün olur. 5G şəbəkələrində obyektlərin yüksək hərəkət sürəti (500 km / saata qədər) dəstəklənir, bu da, məsələn, sürətli qatarlar üçün vacibdir.

5G-nin əsas məsələlərindən biri də Əşyaların İnterneti (IoT) üçün baza yaratmaqdır. Adi internetlə əşyaların internetinin özünə məxsus fərqləri vardır. Adi İnternetdə informasiyanı istifadə edən və yaradan insandır, əşyaların İnternetində isə informa­siyanı istifadə edən və yaradan cihazlardır, yəni sensorlar, kəmiyyət göstəricisi cihazları, sənaye qurğularıdır.

Beşinci nəsil rabitə, insanların minimal iştirakı ilə platformaların gəlişindən xəbər verir, başqa sözlə “insansız fəaliyyət platformalarını” geniş həyata keçirməsi gözlənilir. 5G daha sürətli və daha effektiv texnologiyadır. Proqnozlara görə “insansız fəaliyyət platformalarının” sayəsində 2030-cu ilədək internet trafikinin yalnız 2 faizi insanlar tərəfindən istehsal ediləcək və istifadə ediləcək. Bir sözlə insan faktoru kifayət qədər idarəçilikdən uzaqlaşdırılacaq. Bu həmdə sənayedə inqilab edəcək.

5G, proqram tərəfindən təyin olunmuş bir şəbəkədir. Yəni baza stansiyası proqram təminatı ilə yenilənə bilən bir hala gəldi: Onu da qeyd edək ki, mobil rabitənin baza stansiyasına bəzən “qüllə” də deyirlər.

Yeri gəlmişkən, “qüllə” jarqon sözdür; mütəxəssislər arasında heç kim bunu işlətmir. “Qüllə” yalnız antenaların asıldığı və baza stansiyalarının dayandığı dəmir bir konstruksiyadır. Buna görə “baza stansiyası” demək düzgündür.

Bundan əlavə, 5G- də şəbəkə virtualizasiyası baş verir – əvvəllər aparatlarda, xüsusi platalarda, lövhələrdə həyata keçirilən bir çox funksiyalar indi adi serverlərdə həyata keçirilir.

5G əvvəlki nəsillərə nisbətən daha yüksək diapozonlarada işləyə bilir və burada bir baza stansiyasının əhatə dairəsi azaldığından daha çox baza stansi­yalarının quraşdırılması lazımdır. Buna görə bazar tədricən daha tutumlu olur, özəl şəbəkələr yaranır. Bu yaxınlarda aidiyyatı rəsmi qurumlar, 5G tətbiq edən yeni millimetr dalğasında, operator lisenziyası almadan müəssisələr üçün şaquli bir şəbəkə qurmağın mümkün olduğu barədə qərar vermişdir. Bəzi şirkətlər hətta artıq bu tezlikləri almağa başlayıblar.

5G şəbəkələrinin yaradılması mərhələsi

5G şəbəkələrinin yuxarıda qeyd etdiyimiz çoxsaylı müasir geniş imkanları dünyada çox saylı İT şirkətlərini bu sahədə tədqiqatlara sövq etmişdir. Bu baxımdan, dünyada orta və kiçik İT vasitələri istehsalçıların bazara girməsinə imkan verən yeni ittifaqlar meydana çıxmışdır, çünki indi mobil şəbəkələr üçün bazarda yalnız Huawei, Ericsson, Nokia və Samsung kimi nəhəng şirkətlər işləyirlər. Bundan əlavə, dünyanın İT nəhənglərindən olan Facebook, Microsoft- da bu mövzuya aktiv şəkildə keçdilər, yeni infrastruktura investisiya qoymağa başladılar.

Bu bazarın müasir dünyada strateji əhəmiyyətini nəzərə alaraq dövlətlər də iştirak etməyə başlamışlar. Məsələn, Çin 5G şəbəkəsini qurmaq üçün inanılmaz miqdarda pul yatırmışdır və yatırmağa da davam edir. Bu sahənin əhəmiyyətliyini nəzərə alaraq Çin Dövlət Başçısı Si Tsinpin xalqa bu ilki Yeni il müraciətində 5G və yeni infrastrukturun yerləşdirilməsinin vacibliyi barədə beş dəqiqə danışdı. Çində, 5G ilə əlaqəli robotlar artıq aktiv şəkildə istifadə olunur, bununlada malların çatdırılması insansız vasitəyə keçir, bunun üçün də 5G tələb olunur. Böyük Video konfranslar, yeni tikilən xəstəxanalar və müvəqqəti mobil postların birləşdirilməsi hamısı beşinci nəsil rabitə vasitəsi ilə həyata keçirilir.

Mütəxəssislərin fikrincə 5G şəbəkələrinin potensial faydaları çox böyük ola bilər. Patent tutan şirkətlər milyardlarla qonorar qazanacaq və ən böyük və etibarlı şəbəkələrə sahib olan ölkələr daha sürətli məlumat köçürmələri sayəsində texnologiya inkişafından faydalanacaqlar. Bundan əlavə, onların kəşfiyyat və müdafiə qurumları düşmən ölkələrdə kəşfiyyat fəaliyyətini həyata keçirmək və ya həmin dövlətlərin şəbəkələrini sıradan çıxarmaq üçün daha yaxşı imkan əldə edəcəklər.

Hələ ki 5G şəbəkələrinin inkişafında Çin müəyyən üstünlüklərini qoruyub saxlaya bilir. 2013-cü ildən Çində hökumət komitəsi 5G-nin inkişafı və sınaqdan keçirilməsi üçün Çin mobil operatorları və avadanlıq istehsalçıları ilə birgə işləyir. Məhz hökumətin dəstəyi böyük bir daxili bazarla birlikdə Huawei və digər Çin şirkətlərinin dəyərli təcrübə və 5G- şəbəkələri üçün çoxlu avadanlığı satma qabiliyyəti qazanmasını təmin edəcəkdir. Məhz bu tədbirlərin bəhrəsini artıq Çin dövləti koronovirus pandemiyası dövründə koronovirusa qarşı mübarizədə geniş şəkildə görmüşdür. Çin dövlətində koronovirusa qarşı mübarizədə 5G texnologiyası kifayyət qədər rol oynadı, hansı ki, bu məqalədə onun haqqında da məlumat veriləcəkdir.

Hökumətin özəl sektora rəhbərlik etməməyə çalışdığı ABŞ-da isə 5G ilə bağlı məsələlərin əsas hissəsini AT&T, Verizon, Samsung Electronics və Nokia kimi şirkətlər həyata keçirirdilər. Ölkənin aparıcı mobil operatorları bu il bəzi şəhərlərdə 5G şəbəkələrini işə salmağı planlaşdırır.

Mobil rabitə və ümumiyyətcə İT sahəsində fəaliyyət göstərən tənzimləyicilər hər iki ölkəyə liderliyi təmin etməyə kömək edir. Lakin bu dövlətlər arasında 5G şəbəkələrinin qurulması uğrunda geniş miqyaslı mübarizə gedir. Mart ayında Donald Trump administrasiyası Sinqapurda yerləşən Broadcom şirkətinin ABŞ- da çip istehsalçısı olan Qualcomm şirkətini 117 milyard dollara ələ keçirmə cəhdini əngəlləmişdir. Vaşinqton, Broadcom’un inovasiya yatırımını azaltacağından və bu da Çin şirkətlərinin 5G inkişafında liderlik etməsinə kömək edəcəyindən qorxmuşdur. Öz növbəsində, Çin tənzimləyiciləri iyul ayında Qualcomm- un Hollandiyalı rəqibi NXP Semiconductors- u 44 milyard dollara satın alma razılığını təsdiqləməyib.

Vaşinqtonun narahatlığının çox hissəsi xüsusəndə 5G şəbəkələrinin qurul­masında geniş imkanlara malik olan Huawei şirkətinin artan gücü ilə əlaqədardır. 2012-ci ildə ABŞ səlahiyyətliləri Huawei və başqa bir Çin şirkəti olan ZTE-nin avadanlıqlarının milli təhlükəsizliyə təhdid yaratdığını və amerikalılara casusluq etmək üçün istifadə edilə biləcəyini elan etmişdilər. Avqust ayında Avstraliya höküməti də ABŞ-ın bu tipli mübahisələri ilə razılaşmış və Huawei və ZTE avadanlıqlarını 5G şəbəkələrini qurmaqda istifadə edilməsini qadağan etmişdir. ABŞ-ın digər müttəfiqləri də bu cür qadağalar tətbiq etməyi düşünürlər.

Huawei və ZTE şirkətləri casusluq iddialarını rədd etmişdir. Pekin də oxşar səbəblərə görə Amerika şirkətlərinin Çin şəbəkələrinin yaradılmasında iştirakının qarşısını almağa çalışır.

Çin əvvəlki nəsil mobil şəbəkələrin qurulmasında Qərb ölkələri ilə rəqabətdə uduzduqdan sonra yeni nəsil 5G- nin inkişafını prioritet elan etmişdir. Avropa 3G-nin inşasında rəqabət xaricində idi və ABŞ-ın 4G şəbəkələrinin yerləşdirilməsində 2000-ci illərin sonunda. Apple və Qualcomm kimi Amerika şirkətlərinə kömək etmış və ölkənin bir çox smartfon tətbiqetmələrinə öz töhfəsini vermışdir.

Deloitte şirkətinin tədqiqatlarına görə, Çin 2015-ci ildən bəri təxminən 350.000 mobil rabitə stansiyası tikmışdır, ABŞ isə 30.000-dən az. Bundan başqa Çində hər 10 000 nəfərə 14.1 stansiya, ABŞ-da isə 4.7 stansiya mövcuddur. Bu da, 5G-nin inkişafına təsir göstərəcək, çünki yeni nəsil şəbəkələr 4G-dəkində daha çox sayda mobil rabitə stansiyası qüllələrinə ehtiyac duyacaqdır.

Çin dövləti həm də 5G texnologiyasının inkişafına və qurulmasına dövlət səviyyə­sində köməklik göstərir. Çində 5G texnologiyasının testlənməsi, sınaqdan keçirilməsi Pekinin şimalında Böyük Çin Səddi yaxınlığında yerləşən bir dövlət laboratoriyası tərəfindən həyata keçirilir. Bu laboratoriyanı ziyarət edən mütəxəs­sislərin sözlərinə görə, burada bütün aparıcı Çin mobil operatorları və avadanlıq istehsalçıları, həmçinin mobil cihazların prototipləri işləyir. ÇXR Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə şirkətlər, universitetlər və tədqiqat institutları tərəfindən həyata keçirilən sınaqların 2018-ci ilin sonuna kimi başa çatması planlaşdırılırdı. Bundan sonra Çinin dövlət mobil operatoru China Mobile 17 şəhərdə öz sınaqlarını aparmağı planlaşdırırdı. Çində 5G şəbəkələrinin ticari istifadəsinin 2020-ci ilə qədər başlayacağı gözlənilirdi. Məhz koronovirusun Cində meydana gəlməsi də bu dövrə düşdü. Bunun isə təsadüf və ya planlaşdırılmış olması isə başqa bir mövzudur. Necə ki, dünyada 5G şəbəkələrinin qurulması və ona tam sahibləmnək uğrunda Cin və ABŞ arasında müharibə (bu mübarizədə digər dövlətlərində iştirakı istisna edilmir, çünki 5G dünyada çox saylı dəyişikliklərə səbəb olacaq) yekun­laşmayıb dünyanı növbəti X-virus da yaxalaya bilər. Bu fikri əsaslandırmaq üçün amerika prezidenti Donald Trampın son çıxışını göstərə bilərik, o bildirir ki, bu virus Cində süni şəkildə yaradılb.

Çinin bu sahədəki müvəffəqiyyəti, dünyanın qalan hissəsini öz texniki stan­dartlarını istifadə etməyə və sonra patentlərinin istifadəsinə görə qonorar almağa inandıra biləcəyindən çox asılı olacaq. Mütəxəssislər əsas patentlərin çoxunun Qualcomm və digər Qərb şirkətləri tərəfindən alınacağını gözləyirlər, baxmayaraq ki, Çin bu sahədə nəzərəçarpacaq dərəcədə irəliləyir.

Dünyanın düzənini dəyişəcək 5G texnologiyasında türk rolu

Onu da qeyd edək ki, dünyada ilk dəfə 5G- şəbəkələrinin tədqiqatlarına Huawei şirkəti başlamışdır. Huawei, 2009-cu ildə 5G- şəbəkələri sahəsində ilk tədqiqatlara başlayanda, hazırda fəaliyyətdən çıxmış Nortel Networks şirkətindən Ton Ven adlı mütəxəsisi Ottawada bir tədqiqat laboratoriyası qurmaq üçün işə götürmüşdür. Bir gün Ton şəbəkədə verilənlərin, məlumatların ötürülməsini opti­mallaşdırmaq üçün bir elmi jurnalda təklıf olunan “polyar kodlaşdırma” mövzusuna rast gəldi. Bu metod Türk alimi Erdal Arikan tərəfindən kəşf edilmişdir. Erdal Arikan (1958 ildə doğulmuşdur) Türkiyyənin Ankara şəhərində yerləşən Bilkent Univ­ersitetinin Elektrik və Elektron Mühəndisliyi Bölməsində çalışan Türk profes­sorudur. Erdal Arikan 1981-ci ildə, Kaliforniya Texnologiya İnstitutundan Elektrotexnika sahəsində bakalavr dərəcəsini almışdır. Həmin inistitutda da magistr və doktorluq dərəcələrini də almışdir. Bundan sonra Erdal Arikan, Türkiyəyə dönmədən əvvəl Urbana-Şampeyn şəhərindəki İllinoys Universitetində dosent vəzi­fəsində çalışmışdır. 1987-ci ildən isə Türkiyyənin Bilkent Universitetində professor olaraq fəaliyyətini davam etdirməkdədir. Çox maraqlıdır rus dilli vikipediyada bu kodun müəllifi haqqında heç bir məlumat yazılmır. Ancaq ingilis dilli vikipediyada isə onun Turk alimi olduğu geniş şəkildə yazılmışdır.

Huawei şirkəti Erdal Arikanın təklif etdiyi bu texnologiyanın inkişafına böyük sərmayə qoydu və Çin hökuməti isə bu texnologiyanın strateji əhəmiyyətini nəzərə alaraq, Çin şirkətlərini standartları təyin edən 2016-cı ildə Nevada- daki bir sənaye iclasında buna səs verməyə çağırdı. İclas iştirakçılarından birinin dediyinə görə, əksər Qərb şirkətlərinin üstünlük verdiyi rəqabətli bir texnologiya tərəfdarları ilə mübahisələr çox uzun çəkmişdir. Bu mübahisələri həmin iştirakçı “Bu, indiyə qədər gördüyüm ən böyük siyasi döy­üş­lərdən biri idi” deyə xatırlayır.

Həmin iclas kompromislə yekunlaşmışdır və polyar kodları 5G stan­dartlarından biri olaraq qəbul edilmişdir və bu da Huawei şirkətini çox əhəmiyyətli bir patent sahibi etmişdir. Şirkət artıq 5G inkişafına 1 milyard dollardan çox pul xərcləmişdir. Bunun bəhrəsini isə hələlik koronovirusla mübarizədə 5G texno­logiyalarından istifadə etməklə müsbət nəticələrin əldə olunmasında görmüşlər. Görkəmli Turk alimi Erdal Arikanın elmi kəşfi olan “polyar kodlaşdırma” 5G şəbəkəsinin əsas standartı kimi qəbul ediləndən sonra ona dünyanın bir çox məşhur mükafatları təqdim edilmişdir.

Amerika şirkətləri bir qayda olaraq təkbaşına fəaliyyət göstərdikləri üçün araşdırmalarının nəticələri də daha fərqli ola bilir. Yanvar ayında ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü, dövlətə məxsus bir 5G şəbəkəsi quraraq Pekinlə rəqabət aparmağı təklif etmişdir, lakin tənzimləyicilər və səlahiyyətlilər bu fikri çox bahalı və qeyri-real olduğu üçün rədd etmişlər.

Sentyabr ayında ABŞ Federal Rabitə Komissiyası (FCC) kiçik mobil ötür­ücülərin yerləşdirilməsinə dair bəzi yerli qaydaları və ödənişləri ləğv edərək 5G şəbəkələrinin yaradılmasını sürətləndirmək planını elan etmişdir. Bu planın sentyabr ayının sonunda təsdiqlənməsi gözlənilir. Rəsmi Vaşinqton, ticarət texnologiyasına təkan verən bəzi araşdırma və inkişafları da maliyyələşdirmışdir. Konkret olaraq, amerikanın Milli Elm Fondu (NSF) 5G və digər gələcək nəsil simsiz şəbəkələrin sınanması üçün test stendlərinin yaradılmasını koordinasiya edir. 5G inkişafına dair 2015 NSF hesabatına görə, Avropa, Cənubi Koreya, Yaponiya və Çindən “ABŞ bu sahədə çox geridə qalmışdır”. Onu da qeyd edək ki, dünyada ABŞ hər zaman İT texnologiyalarının beşiyi və lideri olmuşdur.

NSF indi dövlət orqanları, şirkətlər və universitetlərlə birlikdə New Yorkda test, sınaq məntəqələri qurmaq üçün işləyir. İlk kiçik testlərin yanvar ayında başlayacağı gözlənilir. Təxminən 30 ABŞ, Avropa və Asiya şirkəti bu layihə üçün 50 milyon dollar və ABŞ hökuməti əlavə 50 milyon dollar ayırmışdır.

Layihəni icra edən NSF-in əməkdaşı Thyaga Nandagopal, Çinin koordinasiyalı investisiyalarının ona “başlanğıcda liderlik” verdiyini etiraf etmişdir. Ancaq NSF, 5G-nin ilk illərində deyil, 2020-ci ildən sonra texnologiyanın inkişafına diqqət yetirir. Nandagopal, “Strateji yatırımlar edə bilərik və yenə də hamıdan daha yaxşı nəticələr əldə edə bilərik” deyir.

Huawei də gözləntiləri mülayimləşdirməyə çağırır. Aprel ayında, analitiklərlə görüşündə, İdarə Heyətinin sədri, 5G-yə “hər şey üçün rəqəmli infrastruktur” kimi baxdıqlarını qeyd etmişdir.

Çinin İT nəhəngləri olan Huawei və China Mobile 5G şəbəkələrini geniş miqyasda yaymağa çalışırlar. 5G Çin üçün çox vacib bir strateji layihədir və bunun üçün bütün resurslar iştirak edir. “Çin 5G ilə uğur qazanarsa, 6G, 7G, 8G sahəsində də uğur qazanacağı gözlənilir, çünki 5G yeni nəsil mobil rabitənin əsasını qoyur.

5G şəbəkəsinə yiyələnmək uğrunda mübarizə

Çin və ABŞ dövlətləri arasında 5G şəbəkələrinə sahiblənmək uğrunda gedən şiddətli mübarizə müxtəlif müstəvilərdə reallaşmaqdadır. Belə mübarizə müstəvisindən biri də təxribat nəzəriyyələrinin istifadəsidir.

Qlobal pandemiyanın vaxtı, ulduzlar və peyvənd əleyhdarları tərəfindən dəstəklənən zərərli təxribat nəzəriyyələrinin ortaya çıxması üçün mükəmməl bir an olmuşdur. Və bu təxribat nəzəriyyələrinin nəticəsində aprel ayının əvvəlində, İngiltərədə yalnız dörd gündə ən az 20 mobil rabitəsinin qülləsi dağıdıldı və ya zədələndi.

Bu nəzəriyyə 5G avadanlığı ilə COVID-19 epidemiyası arasında “birbaşa əlaqə yarada bilmişdi”. Hətta bəzi telefon şirkəti işçilərinə yalnız fiber optik kabel çəkdiyinə görə hücum edilmışdir. İki milyondan çox istifadəçinin baxdığı bir videoda bir qadın işçilərlə söhbət edir və işlərini bitirdikləri təqdirdə “hər kəsi öldürəcəklərini” iddia edir. Onu da qeyd edək bu vandalizm nəticəsində, dağılan qüllələrin çoxu isə 3G və 4G üçün nəzərdə tutulubmuş.

Cib telefonlarının və mobil operator qüllələrinin zərərləri ilə əlaqəli “təhlükələr” illərdir ki, davam edir. Bunların xərçəngə səbəb olub-olmadığı ilə bağlı sual­lar xüsusilə kəskindir, lakin bu sahədə hal hazırda qəti bir dəlil, sübut da yoxdur. Əsas məsələ odur ki, heç nədən ifrat dərəcədə çox istifadə etmək olmaz. Burada dahi Nizami Gəncəvinin bir hikmətli kəlamı yada düşür: “Nə qədər saflığı varsa da suda, onu da çox içəndə dərd verir o da”. Bu baxımdan istənilən G şəbəkəsi ilə işləyən qurğuları ifrat dərəcədə çox istifadə etdikdə təbii ki, müəyyən zərərlər də baş verə bilər. Ümimiyyətlə götürdükdə isə onların zərərləri haqqında heç bir elmi sübutlar yoxdur. Bu nöqteyi-nəzərdən 5G şəbəkəsini inkişaf etdirməyə başladıqda da, bütün mövcud “təhlükələr” yenidən ortaya çıxdı və sonra pandemiya, müəyyən nüfuzlu insanlar tərəfindən də dəstəklənən təxribat nəzəriyyələri üçün yeni imkanlar yaratdı və onlar 5G-COVID19 təxribat nəzəriyyəsini yarada bildilər. Bu nəzəriyyənin əsas müddəaları aşağıdakılardan ibarət idi.

5G ilə əlaqəli üç əsas nəzəriyyə mövcuddur və bunlardan ikisi COVID-19 ilə əlaqədardır, lakin bunların heç biri konkret dəlil, sübuta əsaslanmır. Birinci nəzə­riyyə: 5G şəbəkəsi koronavirusa və ya heç olmasa onun simptomlarına səbəb olur (bu versiyaya inananların çoxu ümumiyyətlə koronovirusun mövcudluğuna, varlı­ğına şübhə edir). Məhz belə yanlış nəzəriyyə müəyyən insanların bu virusa inanma­mağına səbəb olur və onunla mübarizə aparmağa da əhəmiyyət vermirlər, əsasları da odur ki, 5G- nin tətbiqinin qarşısını alsalar koronovirus məhv olar. Belə yanlış yanaşma isə mövcud təhlükəli virusla əhəmiyyətli mübarizəyə zərər verir). Hətta bu yanlış nəzəriy­yədən belə bir nəticədə çıxardırdılar ki, 5G və COVID-19 praktiki olaraq eyni şeydir, qüllələrdən yayılan və depopulyasiyaya səbəb olan bioloji silahlardır və bütün bunlar yeni dünya nizamının rəhbərləri tərəfindən idarə olunur. Hətta bu quruma rəhbərlik etmək üçün “uyğun namizəd də seşilmişdir”: Bu namizəd kimi Bill Geytsi qəbul edirdlər. Bunu ilk dəfə YouTube-da QAnon təşkilatı ilə əlaqəli təxribat­çılardan biri elan etmişdir. (QAnon ABŞ-da yayılmış təxribat nəzəriyyəsidir. Təxribat nəzəriyyəsi (konspirologiya (conspiracy theory))- bu müəy­yən bir ictimai əhəmiyyətli hadisələri, bəzi tarixi hadisələri və ya hətta bütövlükdə tarixin gedişatını şəxsi maraq, ambisiya və ya digər qrup, klan və başqa maraqlar naminə idarə edən bir qrup insanın müəyyən təxribatın nəticəsi kimi təqdim etdiyi konsep­siyadır.

Bill Geytsi hədəfə alan QAnon təşkilatı ilə əlaqəli həmin təxribatçının, istifa­dəçinin YouTube-da on minlərlə izləyicisi vardır və o həm də tanınmış peyvənd əleyhdarı hesab olunur. Bu təxribatçı YouTube istifadəçisi öz uydurmalarına görə Bill Geytsin uzun illər əvvəl Microsoft-da apardığı işi ilə indiki dövrdə koronovirus peyvənd ilə bağlı məlum fikirləri arasında paralellik görür. Əsaslandırması isə ondan ibarət idi ki, onun yaratdığı Windows əməliyyat sistemi və proqramları virusları cəlb etmək üçün xüsusi hazırlanmışdır və o bununlada antivirus sistemlərindən müəyyən qədər pul qazana bilir. İndi də o gələcəkdə məcburi peyvəndləmədən pul qazanmaq üçün eyni vaxtda depopulyasiya (əhali azaltma kampaniyası) və pandemiya ilə mübarizə aparır. Bir sözlə, Bill Qeyts indi 5G / COVID-19 ilə əlaqəli ölümləri dayandırmaq əvəzinə, insanları idarə etməyə kömək edəcək bir peyvənddən pul qazanmaq istəyir. Onu da qeyd edək ki, bu yanlış nəzəriyyənin də dünyada kifayyət qədər tərəfdarları da meydana gəlmişdir. Burada da əsas yanlışlıqlardan biri də ondan ibarətdir ki, kompüter virusu ilə boloji virus tamamilə başqa təbiətli fərqli anlayışlardır, onlar arasında paralellik aparmaq olmaz.

Daha populyar bir nəzəriyyə 5G radiasiyasının immunitet sistemini zəiflətdiyi və bununla da insanların COVID-19 virusuna daha həssas olmasıdır. Bu nəzəriyyəyə dəlil, sübut olaraq isə, bu şəbəkəyə sahib olan ABŞ şəhərlərinin virusdan ən çox yoluxduğu faktı istifadə edilirdi. Bu nəzəriyyə, əlbəttə ki, iki əsas faktoru nəzərə almırdı. Birincisi, 5G yalnız virusun daha sürətli yayıla biləcəyi yüksək əhali sıxlığı olan böyük şəhərlərdə mövcuddur, ikincisi, bir çox ölkədə bu yeni şəbəkə ümum­iyyətlə yoxdur, məsələn, İranda ümumiyyətlə 5G şəbəkəsi yoxdur, lakin virusdan ən ağır itkilərə məruz qalanlardan olmuşdır. Bununla da bu nəzəriyyə də özünü doğrultmadı.

Üçüncü təxribat nəzəriyyəsinin koronavirusla heç bir əlaqəsi yoxdur. Burada insanlar iddia edirlər ki, kütləvi informasiya vasitələri (KİV) 5G ilə əlaqəli real, həqiqətlərdən diqqəti yayındırmaq və beləliklə yeni şəbəkənin rəqiblərini nüfuzdan salmaq üçün bu görünən səhv, təxribat tipli nəzəriyyələri bilərəkdən şişirdiblər.

Məşhur İnternet xəbər mediası şirkəti olan BuzzFeed, bu mövzuda video və nəzəriyyələrin keçən il, yəni böyük şəhərlərdə yeni mobil qüllələr quraşdırıldığı zaman görünməyə başladığını araşdırıb yazmışdır. “5G Qüllələrində İşləyən Adam Təhlükələr Haqqında Həqiqəti Deyir!” kimi başlıqlı videolar yüz minlərlə dəfə paylaşılmışdır. Bunların nəşr tarixləri həm də, İngiltərənin mobil rabitə operatoru EE- nin 5G-nin ölkənin altı böyük şəhərində quraşdırıldığını elan etdiyi anla da üst-üstə düşür.

Koronavirusun pandemiya kimi tanındığı 2020-ci ilin yanvarından bəri QAnon və r/conspiracy veb saytının istifadəçiləri bu yeni xəstəliyi 5G ilə əlaq­ələndirən nəzəriyyələri yaymağa başladılar. Bu nəzəriyələrin nəticələrində, mobil rabitə qüllələrin dağıdılması ilə yanaşı, bir çox şaiyələrdə yayılmağa başlamışdır. Reddit məşhur saytının istifadəçilərindən biri, bir kabel şirkətində işləyən ərinin 5G təhlükəsi səbəbiylə internetdən imtina etmək istəyənlərdən getdikcə daha çox zəng aldığını yazmışdır.

Ancaq bu cür ayrı ayrı, fərdi təxribatçılar üçün internet dünyasında da bir məhdudiyyət var. Wired nəşri (Wired, San Francisco və Londonda aylıq nəşr olunan bir jurnaldır. Kompüter texnologiyalarının mədəniyyətə, iqtisadiyyata və siyasətə təsiri haqqında yazır), tendensiyanı tanıyan lakin baş verənlərin bütün cəfəngliyini tanımayan alqoritmlər sayəsində bu fikirlərin qeyd edildiyini və yayıldığını göstər­mişdir. İnternetdə bu tipli təxribatlar əsasən çox olur. Bu sahə də daha təhlükəli məsələlərdən biri də bəzən dünyada çox məşhur şəxsiyyətlərində bu mövzuda yanlış fikirləri şəbəkələrdə yaymalarıdır. Ona görədə bu həssas dönəmdə yalnız dar ixtisasçıların aidiyatı sahə üzrə fikir söyləmələri məsləhət görülür.

Koronavirus həqiqi mənbəyi haqqında

Alimlərin fikrincə, koronavirus – son illərdəki digər tənəffüs orqanları yoluxu­cu viruslar kimi- insanlara heyvanlardan keçmişdir, yoluxmuşdur. COVID-19 hadi­səsində, ehtimal olunur ki, Çinin Uhan şəhərinin bir bazarında baş vermişdir və həmin virus yarasalardan insanlara keçmişdir. Bunu təsdiq edən bir fakt kimi göstərə bilərik 1918-ci ildə Dünya əhalisinin təxminən dörddə birinə bulaşmış, yoluxmuş İspan qripi kimi digər pandemiyalar, mobil rabitənin mövcudluğundan da çox əvvəl meydana gəlmişdir, alovlanmışdır. Yəni koronovirus təbii qrip virusunun yeni bir modifikasiyası kimi meydana gəlmişdir. Bu yeni qrip virusunun da təbii olaraq yaranması və ya süni şəkildə hansısa bioloji laboratoriyada yaradılması da başqa bir müzakirə mövzusudur.

Dünyanın 5G- COVID-19 təxribat nəzəriyyəsinə qarşı mübarizəsi

Dünyada son dövrlər qısa müddətdə sürətlə yayılmış 5G- COVID 19 təxribat nəzəriyyəsinə qarşı geniş mübarizə başladıldı. Çox sayda elm adamı və həkim bu təxribat nəzəriyyəsi haqqında danışdı və onu qətiyyətlə rədd etdilər. İngiltərənin Redinq şəhərində yerləşən Redinq Universitetinin (University of Reading) mikro­biologiya üzrə dosenti, doktor Simon Klark BBC-yə belə nəzəriyyələrin “tamamilə cəfəngiyat” olduğunu söylədi. O həmçinin 5G şəbəkəsinin immunitet sisteminə zərərləri nəzəriyyəsinin heç bir şəkildə sübut edilmədiyini də əlavə etdi.

5G və COVID-19 haqqında yalan məlumatların sürətlə yayılmasına cavab olaraq, YouTube- da bu tipli təxribatlar yaradan videoları silməyə başladı. Bu, istifadəçiləri səhv yönləndirə biləcək koronavirus məzmununa dair yeni bir tənzimləmənin bir hissəsidir. Dünyada məşhür olan bir çox nəşrlərdə bu tipli təx­ribatlar haqqında yazılardan imtina etdilər.

Bu ilin mart ayında Beynəlxalq İonlaşmayan Radiasiyadan müdafiə Komis­siyası (ICNIRP) 5G rabitəsinin insan həyatı üçün təhlükəsiz olduğunu bildirdi. Təşkilatın rəhbəri Erik van Rongen GQ jurnalına yeni şəbəkə ilə koronavirus arasında heç bir əlaqənin olmadığını təsdiqləyən bir məlumat da göndərdi. O, həmçinin 5G-nin və ya başqa bir G şəbəkəsinin insan imunitetinə mənfi təsir edə biləcəyi nəzəriyyəsini də rədd etdi.

5G simsiz rabitə sahəsində inqilabdır

Hər yeni nəsil simsiz texnologiya əvvəlki nəsillərdən daha sürətli və daha etibarlıdır. Dördüncü nəsil rabitə yüksək sürətli adlanırdısa, onda 5G anı sürətli şəbəkə olacaqdır. 5G şəbəkəsinə bəzən ani İnternetdə deyirlər. Bu yeni nəsldə video və fotoşəkillərin şəbəkədə göndərilmə sürəti və yükləmələri artacaqdır. Müqayisə üçün qeyd edək ki, 4G üzərindən bir internet- filminin yüklənməsi təxminən 10 dəqiqə çəkir, 5G ilə isə bir neçə saniyə çəkməlidir. Yeni simsiz əlaqə sayəsində telefonunuzda VR (Virtual reallıq (VR), virtual reallıq dəbilqələrı, smartfonlar və digər rəqəmli cihazlardan istifadə edərək ifa etdirilən, səsləndirilə bilən məzmun üçün ümumi bir termindir) videolarını gecikmədən və problemsiz izləyə bilərsiniz.

5G-in fəaliyyət forması haqqında

3G və 4G insanların planetimizdə şəbəkə vasitəsilə ünsiyyət qurmasına kö­mək edirdi. 5G şəbəkəsı yalnız istifadəçilərlə əlaqəli deyil, milyardlarla əlaqəli cih­azlardan ibarətdir, yəni həm də əşyaların İnternetini də əhatə edir. Əşyaların İnterneti (IoT) İnternetə qoşulmuş bütün cihazlardır. Buraya kompüterlər və smart­fonlardan əlavə digər qurğularda məsələn, tibbi avadanlıqlar, pilotsuz nəqliyyat vasitələri, məişət texnikası, ağıllı şəhərlərin infrastrukturu – yəni uzaqdan idarə olunan bütün cihazlarda daxildir.

Onu da qeyd edək ki, əşyaların İnterneti (Əİ) indi də işləyir, indi o, 4G şəbə­kəsindən istifadə edərək işləyir. Lakin, mobil rabitənin siqnal gecikmələri məlumat­ların cihazlardan verilənlər buludlarına və əksinə ötürülməsini məhdudlaşdırır. Proqramlar 4G ilə sürətlə işlənməsi çətin olan bir sıra informasiya massivi yaradır. Bu da, Əşyaların İnternetini effektsiz hala gətirir:

5G texnologiyaları şəbəkədə yavaş məlumat ötürülməsi problemini həll edir. Artıq şirkətlər informasiyaları ötürmədəki gecikmə vaxtından narahat deyillər. Bunun sayəsində də artıq tamamilə buluddan asılı olan qurğular yarada bilərlər. Nəticədə bir-birinə bağlı və uzaqdan idarə olunan daha çox pilotsuz (insansız) nəql­iyyat vasitələri, robotlar, mustəqil proqramlar meydana gələcəkdir. Business Insider Intelligence-in hesabatına görə, 5G-nin meydana gəlməsi ilə Əşyalar İnterneti 2021-ci ilədək 22,5 milyard cihazı birləşdirəcəkdir.

Müasir İT texnologiyalarının ən son nailiyyətlərindən biri də Əşyalar İnternetinin geniş miqyasda istifadə edilməsidir. Əşyalar İnternetinin geniş vüsət almasının əsasında isə 5G texnologiyaları dayanır. Ənənəvi İnternetdən fərqli olaraq Əşyalar İnternetinin əsas obyektləri əsasən tibbi avadanlıqlar, pilotsuz nəqliyyat vasitələri və s. elektron qurğulardan ibarət olur. Məhz bu yeniliklər də bir çox fəaliyyət sahələrində olduğu kimi tibb sahəsində də müəyyən yeni imkanlar yaradır. 5G texnologiyaları xüsusəndə tibb sahəsində çox geniş imkanlar yaradır. Elektron tibbin yaranmasının bilavasitə əsasını təşkil edir və geniş yayılmasına imkan verir. Məsələn, 5G texnologiyaları bir az əvvəl tətbiq edilməyə başlasa idi koronovirusla mübarizəyə də çox effektli yardım göstərə bilərdi, məsələn, uzaq məsafədən onlayn şəkildə qısa zamanda koronovirus testinin aparılması mümkün olardı. Onsuzda artıq 5G texnologiyalarının tətbiq olunduğu ölkələrin tibb sahəsində 5G texnologiyala­rının nailiyyətlərindən geniş istifadə olunmağa başlanmışdır. Məsəln, 5G texnologi­yala­rının tətbiq edildiyi Böyük Britaniyada tibb sahəsində bu texnologiyadan geniş istifadə olunmağa başlanılmışdır. İngilis alimləri 5G texnologiyaları əsasında rəq­əm­li bir sarğı hazırlayıblar. Bu rəqəmli sarğılar vasitəsilə yaraların necə sağaldığını müəyyən edə bilir və həkimlərə bu barədə onlayn şəkildə məlumat verə bilir. Başqa sözlə xəstə də, həkim də yaranın neçə sağaldığını öz smartfonunda görə bilir. Bununla da həkim istənilən vaxt xəstənin vəziyyətini izləyə və müalicəni daha təsirli hala gətirmək üçün uyğun addım ata bilir.

Ənənəvi tibb həkimin xəstəni görə biləcəyi və sonra bir ay və ya bir neçə ay müddətində müalicə təyin edə biləcəyi yerdə qalır, ancaq 5G- in əsasını qoyacağı gələcək tibb elmi xəstəyə və onun həyat tərzinə uyğunlaşmadan ibarət olacaqdır. Başqa sözlə 5G texnologiyalarının tətbiqləri tibb sahəsində yeni dövrün əsasını qoyur.

Bəzən həkimlərə hər şeyin bizim üçün yaxşı olduğunu söyləyirik, deyirlər narahat olmağa ehtiyac yoxdur, amma inkişaf sayəsində həqiqi vəziyyət 5G texnologiyasından istifadə edərək qeydə alınacaq və həkimə ötürüləcək, beləcə həkim və xəstə sağlamlıq problemlərini həll etmək üçün birlikdə çalışa biləcəklər.

5G- texnologiyalarının yaradacağı bəzi problemlər

Aydındır 5G- texnologiyaları ani sürətli şəbəkələr vasitəsilə yüksək sürətli məlumat, verilənlər ötürülməsinini təmin edir. Yeni 5G rabitə texnologiyası məlu­mat­ları dəfələrlə daha sürətli ötürəcək, bu baxımdan adi smartfonlar bunun öhdə­sindən gəlməyəcəkdir. 5G şəbəkəsinə qoşulmaq üçün bu standartı dəstəkləyən smart­fona ehtiyac vardır. Bəzi istehsalçılar artıq bu cür cihazları istehsal edirlər. Çinin ZTE şirkəti artıq beşinci nəsil rabitə telefonunu 2019-cu ildə çıxaracağını vəd etmişdi.

Onu da qeyd edək ki, 5G şəbəkəsinə qoşulmaq üçün yeni qurğular almağa hələlik tələsmək lazım deyil. Bunun əsas səbəbləri aşağıdakılardan ibarətdir:

birincisi, beşinci nəsil rabitəyə (5G) kütləvi keçid növbəti bir neçə il ərzində reallaşacaq.

ikincisi, 5G rabitəsi hazırda inkişaf mərhələsindədir və hələ bu sahədə müəy­yən dəyişikliklərdə baş verə bilər, ona görə də telefonları dəyişdirməyə tələsmək lazım deyil.

Hazırda 5G şəbəkəsinin fəaliyyət göstərdiyi yerlər

5G şəbəkəsinin testini ilk elan edən Çin olmuşdur. Üç Çinli şəbəkə operatoru Pekin də daxil olmaqla bir neçə şəhərdə pilot fəaliyyətə başlamaq üçün hökumətin razılığını almışdır. Bu ilin aprel ayında 5G texnologiyasının işə salınması Çunçin şəhərində reallaşmışdır. May ayında isə Etisalat şirkəti Birləşmiş Ərəb Əmirliklərində yeni nəsil rabitə qurmağa başladığını elan etmişdir.

2017-ci ilin dekabr ayında, mobil rabitənin tənzimləyicisi olan 3GPP təşkilatı, 5G standartlarının spesifikasiyasını imzaladı. Bu da, dünyadakı aidiyyatı şirkətlərə İnternetin beşinci nəsli üçün standart qurğular, avadanlıqlar hazırlamağa imkan vermişdir.

5G texnologiyası ilə işləyən yerli şəbəkələr artıq ABŞ, İsveçrə, Çin və Cənubi Koreyada fəaliyyət göstərir. Son proqnozlara görə növbəti beş il ərzində mobil şəbəkə trafikinin 20% -ə qədəri 5G-dən keçəcəkdir.

5G şəbəkələri 2019-cu ildən bəri Çin, Cənubi Koreya, ABŞ, Almaniya və Britaniyada mövcuddur, lakin bu şəbəkə yalnız qismən işləyir və bu ölkələrin bütün ərazisini əhatə etmir. Dünyada şəbəkələri testləməklə ixtisaslaşan VIAVI şirkəti, 2020-ci ilin yanvarında yeni nəsil 5G şəbəkənin 34 ölkənin 378 şəhərində mövcud olduğunu aşkarlamışdır.

5G texnologiyalarının ekoloji təsirləri haqqında

5G texnologiyalarının tətbiqlərinin yaratdığı ani internetin işlədiyi əsas texno­logiyalardan biri də Beamforming prinsipi və ya şüaların formalaşdırılması texno­logiyasıdır. 5G texnologiyalarında istifadə olunan Massive MIMO bazası bütün siqnalları qəbul edir və onların gəliş vaxtını və istiqamətini hesablayır. Müəyyən alqoritmlərdən istifadə edərək siqnalın haradan gəldiyini təyin edir və yenidən tele­fona ötürülməsi üçün ən yaxşı marşrutu yaradır. Bu texnologiyanın sayəsində baza stansiyaları bütün istiqamətdə siqnal yayımlamaqdansa, müəyyən bir cihaza cəmlən­miş bir məlumat axını göndərə bilir. Bu isə həmin şəbəkənin fəaliyyət göstərdiyi regionun ekologiyasının yaxşılaşmasında kifayyət qədər müsbət rol oynayır. Çünki əvvəlki nəsil mobil rabitə operatorlarının baza stansiyalarının qüllələri siqnalları bütün istiqamətdə yayırdılar ki, buda onun əhatə dairəsinə daxil olan ərazinin fəzasında kifayyət qədər lazımsız elektromaqniq “dümanı” yaradırdı. Təbii ki, bu elektromaqniq “dümanı” həmin ərazıdə yaşayan canlılara və bitki örtüyünə müəyyən dərəcədə mənfi təsir göstərirdi. Məhz bu baxımdan da bölgənin ekologi vəziyyətinin normallaşması baxımından da 5G texnologiyasının tətbiqi məqsədə uyğundur. Belə baza stansiyalarının nəticəsində həmçinin müharibə dövründə əhalinin həyacan siq­nalı ilə xəbərdaretmə sisteminin mükəmməl və fasiləsiz işləməsi təmin ediləcəkdir.

5G texnologiyasının koronovirusla mübarizədə rolu

Məqalədə qeyd etdiyimiz zərərli 5G- COVİD 19 təxribat nəzəriyyəsinin yalanlarının tam əksinə, koronavirusla mübarizədə 5G şəbəkələrinin də müsbət rolu olmuşdur. Koronovirusun ilk dəfə meydana gəldiyi və geniş yayıldığı Çində bu virusun qısa zamanda cilovlanmasında 5G texnologiyasının da müəyyən rolu olmuşdur. Bu Çində 5G şəbəkələrinə əsaslanan texnologiyaların həkimlərin etibarlı köməkçiləri və epidemiyanın qarşısını almaq üçün təsirli vasitələrə çevrildiyi təcrübəsi ilə sübut edilmişdir.

Çin koronavirus epidemiyasına nəzarəti ələ keçirməyi bacardı – iki aydan biraz çox vaxt keçdi, ölkədə həyat artıq normallaşdı. Çində xəstəliyin yayılmasının qarşısını alan yalnız sərt hökumət nəzarəti deyildi. Çində bəşər tarixində ilk dəfə infeksiya ilə koronovirusla mübarizə 5G, süni intellekt və bulud texnologiyaları kimi yeni texnologiyaların geniş tətbiqi ilə aparıldı.

Buna sübut olaraq qeyd etmək lazımdır ki, Uhandaki bir səhra xəstəxana­sından mediada hərdənbir görüntülər verilirdi, bu zaman orada 5G teletibb arabaları görünürdü. Bu çarpayı arabalarda xəstələrin bədən istiliyi 5G texnologiyalarını dəstəkləyən infraqırmızı termometrlərlə davamlı olaraq ölçülür və onlayn rejimdə həkimləri xüsusi diqqət tələb edən xəstələr haqqında xəbərdarlıq edirdi. Bu faktı Huawei şirkəti də təsdiq etmiş və texnoloji sənayenin Çinə koronavirus pandemi­yasına qarşı mübarizədə necə kömək etdiyi haqqında məlumat vermişdir. Şirkət nümayəndələrinin fikrincə, 5G şəbəkələri bu işdə böyük rol oynamışdır. Bu zaman ağır xəstələrin müalicəsinə dair qərarlar, tibb işçilərinin uzaqdan iştirak etdikləri həkim şuraları tərəfindən verilirdi. Məhz bunun sayəsində də Çində ən az tibbi personalın koronovirusa yoluxması baş vermişdir. Bu məqsədlə Huawei və China Telecom şirkətləri Uhandaki Xoşenşan Xəstəxanasında 5G texnologiyası əsasında səhiyyə mütəxəssislərinə etibarlı yüksək dəqiqlikli video rabitə və uzaq məsafədəki xəstələrin monitorinqini təmin edən uzaq məsafədən diaqnostika platforması qurmışdular.

Sürətlə inkişaf edən pandemiya və tibbi kadr çatışmazlığı qarşısında bu cür texnologiyanın əvəzsiz olduğu sübut edildi. Buradan bir daha görünür ki, 5G-yə əsaslanan tibbi texnologiyalar geniş miqyaslı epidemiya ilə qarşılaşa biləcək və həmişə ucqar bölgələrə yüksək keyfiyyətli tibbi xidmətlər göstərməyə imkan verməyən hər hansı bir ölkədə lazımdır və vacibdir. Bu baxımdan ölkəmizdə də imkan daxilində 5G texnologiyasına tez keçmək məqsədə uyğundur.

5G texnologiyalarının tibb elmində rolu

5G texnologiyasınin tibb elminə geniş tətbiqləri tibbdə Teletibb adlanan sahə­nin sürətli inkişafına da səbəb olmuşdur. Onu da qeyd edək ki, teletibb yeni bir anlayış da deyil. Hələ 1950-ci illərdə Nebraska Universitetindəki Amerikalı alimlər yeni bir istiqamət yaradaraq məsafədən məsləhətləşmələr aparmaq üçün ilk olaraq iki tərəfli televiziya rabitəsindən istifadə etmişdilər. Tibdə müayinə də həmçinin uzaq məsafədən ola bilər, ancaq bunun üçün yüksək sürətli rabitə lazım gəlirdi. Məhz o dövrdəki rabitənin sürəti bu sahənin geniş inkişafına imkan verməmişdir.

Teletibb onsuz da tibbi ehtiyyatların çatışmazlığını qismən kompensasiya edə bilsə də və fövqəladə hallarda əhəmiyyətli bir rol oynasa da, bir çox çatışma­maz­lıqlara malikdir. Bu çatışmamazlıqlar əsasən mobil şəbəkələrin ötürücülük qabi­liyyətinin kifayyət qədər olmaması ilə əlaqələndirilir.

5G standartının meydana gəlməsi isə teletibbə yeni bir həyat vermişdir. 5G şəbəkələri yüksək məlumat ötürmə dərəcələri (1-100 Gb / s), yüksək etibarlılıq və aşağı gecikmə ilə fərqlənir. Bütün bunlar məsafədən tibbi xidmətinin inkişafına mane olan parametrləri aradan qaldırmağa kömək edir.

Onu da qeyd edək ki, uzaq məsafədn məsləhətləşmələr, həmçinin 4G standar­tının və ya ənənəvi simli şəbəkənin köməyi ilə də həyata keçirilə bilər. Lakin bununla birlikdə, yalnız 5G şəbəkələri vizual müayinənin keyfiyyətini yeni bir səviyyəyə qaldıran ultrayüksək dəqiqlikli (4K və ya UHD deyilən kimi) videonun canlı yayımına imkan verir. Və burada demək olar ki, hiss olunmayan gecikmə ultrasəs müayinəsini və uzaq məsafədən cərrahi əməliyyatı da mümkün edir. Uzaq məsafədən cərrahi əməliyyata misal kimi əsasən, keçən ilin avqust ayında, Sanya şəhərində bir cərrahın 5G şəbəkəsinə qoşulmuş manipulyatorlardan və monitordan istifadə edərək 3000 km uzaqlıqdakı bir xəstənin beynində əməliyyat keçirdiyi zaman açıq şəkildə nümayiş etdirilmişdir. Bu sahədə artıq dünyada geniş tədqiqatlar aparılır.

5G şəbəkələrində aşağı gecikmə və verilənləri yüksək ötürmə sürəti digər xəstəxanalardakı xəstələr üçün də əməliyyatları tam şəkildə keçirməyə imkan verir. 5G şəbəkələrinə qoşulmuş və dərhal reaksiya verən yüksək texnoloji avadanlıqlar, cərrahın qollarını minlərlə kilometr “uzadır”, beləliklədə, xəstəni lazımi mütəxəssisə çatdırmaq üçün sərf olunan qiymətli vaxt boşa getmir.

Tibdə ən əsas sahələrdən biri də ilkin tibbi yardımın göstərilməsidir. Xəstələrin ciddi bir vəziyyətində sayılı dəqiqələrlə ölçülən vəziyyətində ən qısa müddətdə ixtisaslı tibbi yardım göstərmək vacibdir. Belə hallar əsasən, xəstəni xəstəxanaya apararkən və ya təcrübəsiz işçilərlə uzaq bir müəssisədə təcrid olun­duğu zaman zəruri olur.

Bu hallarda, 5G əsaslı mobil video rabitə əvəzolunmazdır və bu da mütəxəs­sisin xəstəni uzaqdan müayinə etməsinə və daha az təcrübəli həmkarlarına məsləhət verməsinə imkan verir. Gələcəkdə hər bir təcili yardım maşını 5G şəbəkəsinə qoşula bilər. Bu zaman xəstəxanaya yalnız təcili yardım maşınından video yayımlanma­yacaq, həm də təcili yardımda xəstəyə qoşulan tibbi avadanlıqlardan alınan bütün məlumatlar yayımlanacaq, ötürüləcək. “Şəbəkəyə qoşulmuş” tibbi avadanlıqlar təcili yardım maşınlarında olan xəstələrə uzaq xəstəxanalardakı təcrübəli həkimlərin nəzarəti altında tibbi yardım almağa imkan verəcək – sanki palatada və ya əməliyyat otaqlaında olduqları kimi.

5G şəbəkələrinin tibb elminə növbəti tətbiqlərindən biri də xəstələrin uzaq məsafədən monitorinqini aparan sağlamlıq moni­torları ilə bağlıdır. Belə monitorlar xəstələrin vəziyyətini uzaq məsafədən monitorinq etməyə imkan verir. İnsan orqanizminə kompakt geyinilə və ya taxıla bilən sağlamlıq monitorları bəzi inkişaf etmiş ölkələrin tibb mərkəzlərində geniş yayılmışdır. Belə monitorlar yaşlı və xroniki xəstələrə vaxtında və daha təsirli tibbi xidməti göstərməyə kömək edirlər. Onu da qeyd edək ki, əvvəlki nəsil rabitələrdəki qeyri-stabil və yavaş mobil rabitə bu cür vəziyyətin monitorinqini effektli etmirdi. Məsələn, kardiostimulyatorların monitorinqi vaxtında cavab və fasiləsiz məlumat ötürülməsini tələb edir. Bunu isə 5G ilə həyata keçirmək mümkündür.

5G şəbəkələrinə qoşulan və orqanizmə geydirilə bilən cihazlara əsaslanan monitorinq sistemi xəstələrə keyfiyyətli tibbi dəstək göstərə, qidalanmaya və dərman qəbulu müalicəsinə nəzarət edə, vaxtında diaqnoz və daha yaxşı müalicə üçün erkən reaksiya sistemi yarada bilər.

5G texnologiyasının tibdə geniş tətbiqləri koronovirus pandemiyasında və digər arzu olunmayan bi tipli epidemiyalar qarşısında ayrı ayrı ölkələrdə tibbi heyət çatışmamazlığı problemini tamamilə həll edə bilər. Məsələn, Azərbaycana yardıma gələn dost ölkələrin tibb heyətləri öz ölkələrindən də bizə 5G texnologiyası vasitəsilə koronovirusla bağlı yardımlarını edə bilərdilər, xəstələrin vəziyətilə daha yaxından tanış ola bilərdilər, uyğun müalicələrini təyin edə bilərdilər. Bununla da dünyada ən qiymətli şey olan vaxta qənaət etmiş olardılar, kifayət qədər maliyyə xərclərindən azad olunardılar və ən əsası odur ki, bir çox ölkələrdə tüğyan edən tibbi heyətin xəstələrlə ünsüyyət zamanı koronovirusa yoluxma faktları aradan qaldırılmış olardı. Məsələn Cində koronovirus pandemiyası zamanı Uhanda epidemiyanın yüksək olduğu dövrdə quraşdırılmış “ağıllı” xəstə­xanada robotlar xəstələrə dərman və qida çatdırılmasına, vəziyyətlərini uzaqdan izləməyə və ərazini dezinfeksiya etməyə kömək etmişdir. Bu zaman onların koordinasiyalı və fasiləsiz işləməsini isə 5G şəbəkəsi təmin etmişdir. 5G sayəsində müasir dövrdə tibb elmi daha texnoloji, mobil və təmassız olacaqdır. Çin təcrübəsindən də göründüyü kimi, yeni virus təhdidləri qarşısında müdafiəsiz olmaq istəmiriksə, bu keyfiyyətlər tətbiq etmək, yəni 5G şəbə­kəsinin tibbə tətbiqini maksimum sürətləndirmək lazımdır.

Azərbaycanda 5G şəbəkəsinin planlaşdırılması haqqında

Əvvəlki nəsillərdən fərqli olaraq 5G şəbəkələrinin ölkədə qurulmasını yalnız ölkəmizdəki mobil operatorlara (Azərcel, Bakcel, Nar və s.) həvalə etmək olmaz, xüsusi strateji əhəmiyyət kəsb etdiyindən bu şəbəkənin qurulmasını və idarə edilməsini dövlət tam nəzarətə götürməlidir. Çünki bu şəbəkə üzərindən bir çox strateji sahələrin fəaliyyətləri həyata keçiriləcək, məsələn, ölkənin tibbi fəaliyyəti 5G texnologiyası əsasında fəaiyyətini genişləndirəcək. Bu baxımdan Azərbaycan höküməti tam dövlətin nəzarətində olan milli mobil rabitə operatoru yaratmalıdır. Onu da qeyd edim ki, 5G şəbəkələrinin ölkəmizdə qurulması üçün də müəyyən resurslar da, baza da vardır. Çünki 5G şəbəkələrinin əsaslanaraq fəaliyyət göstərəcəyi komponentlərdən biri də ölkədə lazımı etibarlı İT infrastrukturunun və xüsusəndə bulud infrastrukturunun mövcudluğudur.

Azərbaycanda isə cənab prezidentimiz İlham Əliyevin İT sahəsində uğurlu və uzaq görən siyasəti nəticəsində bu baza müəyyən qədər yaradılmışdır. Azərbaycan Respublikasında dövlət idarəçiliyində operativliyin və səmərəliliyin artırılması məqsədilə “Elektron hökumət”in formalaşması artıq təmin olunmuşdur. Hazırda dövlət qurumları informasiya sistemləri və ehtiyatlarından, onlar əsasında yaradılan elektron xidmətlərdən geniş istifadə edirlər. Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycan Respublikasının TIER III səviyyəli, ISO 20000 və ISO 27001 standartlarına uyğun Data Mərkəzi yaradılmış və fəaliyyəti təmin edilmişdir.

Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə Azərbaycanda “Hökumət buludu” (G-cloud) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin (bundan sonra – Data Mərkəzi) infrastrukturunda yaradılmışdır.

5G texnologiyalarına tam və ya qismən sahiblənmiş ölkə dünya idaəçiliyinə sahib olacaq, məhz buna görədə dünyada bu sahədə ABŞ və Çin arasında çox qızğın mübarızə gedir.

Çin dövləti üçün əsas strateji hədəf 5G texnologiyalarını uğurla yekunlaş­dırmaq və bu texnologiyaların standartlarını və qurğularını dünyaya satmaqdır. Bu hədəfin fonunda koronovirusla mübarizə ikinci dərəcəlidir. Həm də ona görə ki, 5G texnologiyalarınin tətbiqləri Çində koronovirusla mübarizədə uğurla qalib gəlməkdə kifayyət qədər rol oynamışdır.

Çünki 5G texnologiyalarının yaradılması dünyada yeni mərhələnin başlanğı­cını qoyacaq. 5G cəmiyyətimizdə bütün sahələrdə çox şeyi dəyişəcək, çox saylı inkişafın əsasını qoyacaq və ümumiyyətlə yeni dünya düzəni yaradacaqdır.

Natiq Quliyev

Fizika-riyaziyyat elmləri namizədi, dosent

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin