Şəhid qardaşımın Vətən sevgisi…

0
240

 

 

Allah, Vətən, xalq yolunda ölümünü göz altına alaraq özünü fəda edən, qəhrəmanlığı ilə
yaddaşlara həkk olunan seçilmiş insanlar hörmətlə anılmağa layiqdirlər. Müqəddəs və şərəfli bir məqam olan şəhidlik zirvəsinə yüksələ bilən belə igidlər həmişə xatirələrdə yaşayırlar. Öz qanı ilə hər qarış torpağımızda silinməyən iz qoyan şəhidlərimizin ülvi adı qəlbimizdən heç zaman silinməyəcək! Qədirbilən xalqımız heç zaman şəhidlərimizi unutmur və unutmayacaq da!
Müstəqilliyimiz, ərazi bütövlüyümüz və xalqımızın xoşbəxt gələcəyi yolunda şəhadət şərbətini içən nur üzlü şəhidlərimizi gələcək nəsillərimizə tanıtmaq, övladlarımızın vətənpərvər ruhda böyüməsinə səbəb olacaq işlərin təşkili hər bir vətəndaşın, eləcə də, fəaliyyət göstərən hər bir qurumun qarşısına qoyduğu ən vacib məqsədi olmalıdır!
Şəhidlərimizi daim hörmətlə yad edən, onların xatirəsini əziz tutaraq ailələrini diqqətdə
saxlayan belə qurumlardan da biri Respublikamızda uğurla fəaliyyət göstərən, həyata keçirdiyi  unikal layihələri ilə Vətənimizə şərəflə xidmət edən Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətidir. Cəmiyyət təsis edildiyi gündən, bu günə qədər dövlətimizin və xalqımızın yanında olmaqla bərabər, bu müqəddəs vəzifəni də layiqincə yerinə yetirmişdir. Cəmiyyətin sədri keçmiş döyüşçü, Prezident təqaüdçüsü və fəal ictimai-siyasi şəxs olan cənab Müşfiq Əliyevdir. O, öz fəaliyyətində dövlətimizin bu istiqamətdə apardığı çox uğurlu, nəticə etibarı ilə digər dövlətlərə nümunə olacaq dərin siyasi xətti cəmiyyətin daxili iş prinsiplərində tətbiq edərək onu sayılıb-seçilən Qeyri Hökumət Təşkilatı kimi formalaşdırmışdır. Müşfiq müəllimin şəxsi təşəbbüsü ilə reallaşan, Respublikamızın hər yerini əhatə edən şəhidlərimizin təbliği işi bu gün də davam etməkdədir. Hal-hazırda Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsində də bu proses məqsədyönlü şəkildə icra edilməkdədir. Bu işlərin yerdə düzgün təşkil edilməsində Beyləqan rayon rəhbərliyinin də əməyi danılmazdır. Məhz, onların yaratdığı münbit şərait nəticəsində cəmiyyətin şəhidləri təbliğ etmə məsələsi lazımi səviyyədə həyata keçirilir, eləcə də, digər layihə və tədbirlərin baş turmasına köməklik göstərilir. Hörmətli həmvətənlər, bu növbəti yazımı da, xalqımızın qəhrəman övladlarından biri, yüksək hörmətə layiq, məlum aprel döyüşlərində öz şücaəti ilə dillərdə əzbər olan, Beyləqan rayonunun Dünyamalılar kəndində dünyaya göz açmış şəhid qardaşım Məhəbbət Ədalət oğlu Mirzəyevin əziz xatirəsinə həsr edirəm. Haqqında söhbət açacağım Məhəbbət barəsində demək olar ki, hər kəsin məlumatı var, amma mən də öz növbəmdə bir vətəndaş kimi ürəyimdən keçən fikirləri sizinlə bölüşmək istədim.

 

Məhəbbət Mirzəyevin keçdiyi həyat yolu qısa, şərəfli, gələcək nəsillərimizə örnək olacaq
və yalnız seçilmiş insanların gedə biləcəyi bir yoldur. Düşünürəm ki, Məhəbbət Allahın ən
sevimli bəndələrindən biri idi. Onda mərdlik, səmimiyyət, ləyaqət, düzgünlük, Vətəninə,
bayrağına bağlılıq və əsl kişilərə məxsus digər xüsusiyyətlərin hamısı öz əksini tapmışdı.
Qəlbində dövlətinə, torpağına, xalqına, İlahi məhəbbət, tükənməz bir sevgi var idi şəhid
qardaşımın. Elə, bu səbəbdən də tale onu uşaqlıq arzusuna-hərbçi olmaq arzusuna
qovuşdurmuşdu. Həqiqi hərbi xidmət keçərək dövlətinə vətəndaşlıq borcunu verməsinə
baxmayaraq, yenidən ordumuza müddətdən artıq xidmətə geri dönməsi, ürəyində sonsuz Vətən eşqinin olmasından xəbər verirdi. Xidmət zamanı digər əsgərlərdən fərqləndiyinə görə yuxarı komandanlıq tərəfindən dəfələrlə təltif olunmuş, müxtəlif mükafatlara layiq görülmüşdür. Məhəbbətin xüsusi istedada malik olduğunu görən hərbi hissə rəhbərliyi dövlət proqramına uyğun olaraq onu respublikamızın müxtəlif yerlərində xidmətdə olan az sayda xüsusi təyinatlı əsgərlərimizlə birgə Çin Xalq Respublikasına xüsusi təlim keçmək üçün yola saldı. Qərib ölkədə digər əsgərlərimiz kimi, Məhəbbət də doğma Azərbaycanımızı ləyaqətlə təmsil edir, tapşırıqları vaxtında və nöqsansız yerinə yetirirdi. Hətta, kursda snayper atıcılığının sirlərinə də yiyələnir. O, xüsusilə də, kəskin nişançı kimi təlimə rəhbərlik edən əcnəbi zabitlərin diqqətini çəkməyi bacarmışdı. Məhəbbət Mirzəyev, həm də, uşu idman növü iə də məşğul idi. Onun bu idman növündə bir çox uğurları olmuş, hətta dünyanın hər yerindən gəlib kursda təlim keçən idmançılar arasında ikincilik qazanaraq, Respublikamıza medal və kubokla dönmüşdür. Dünyanın ən ağır sınaqlarından sayılan Çin hərbi təlimlərində Məhəbbət digər yoldaşlarına nümunə oldu. Təlimin sonunda Çin Xalq Respublikasının müdafiə nazirinin cəmi üç nəfərin layiq bilindiyi birincilik diplomunun birini də, məhz Məhəbbət Mirzəyevə təqdim etməsi ona verilən ən böyük qiymət idi. Təlimləri uğurla başa vuran Məhəbbət doğma Vətənə qayıdır və yaxınlarının əhatəsində qısa bir müddət ərzində məzuniyyətdə olur. Həmin gecə Ədalət kişinin evində ailə üzvlərinin
bəlkə də, ən xoşbəxt günü idi. Pərvanə ananın həsrətlə yolunu gözlədiyı əziz övladı artıq yanında idi. Allah dualarını qəbul etmişdi, oğlu sağ-salamat evə qayıtmışdı. Beləcə, günlər bir-birini əvəz edir və xidmətə qayıtmaq zamanı gəlir. Məzuniyyətini başa vuran Məhəbbət xidmətini davam etdirmək üçün yenidən hərbi hissəyə yollanır. Çox keçməmiş, düşmən yenidən atəşkəsi pozur və tarixə dörd günlük müharibə kimi daxil olan aprel döyüşləri başlayır. Əslində, düşməndən qisas almaq üçün belə bir fürsəti Məhəbbət çoxdan gözləyirdi. Böyük bir həvəslə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə atılan qəhrəmanımız ardıcıl olaraq düşmənə sarsıdıcı zərbələr vurmuş, canlı qüvvəsini məhv etmişdir. Eloğlumuz təlim zamanı öyrəndiklərini düşmən üzərində tətbiq etməklə, onları qorxuya salmışdı. Tarixi torpaqlarımız olan, lakin müvəqqəti olaraq düşmən əsarətində qalan yerlərdə qurulan düşmən səngərlərində qanlı döyüşlər gedirdi. Üstünlük, təbii ki, Azərbaycan Silahlı Qüvvələrində idi. Ordumuzda hər kəsdən öndə gedən Xüsusi Təyinatlı Qüvvələrimizin əsgərləri misilsiz qəhrəmanlıq göstərərək Vətənimizin azadlığı uğrunda canlarından keçməyə hazır olduqlarını bir daha nümayiş etdirirdilər. Məhəbbət Mirzəyev də məhz, belə qorxmaz, qeyrətli oğullarla bir yerdə, düşmənlə üz-üzə idi. Məhəbbətin olduğu qrupa qarşı tərəfdə yaralı hərbçimizin olması ilə bağlı məlumat gəlir və həmin an Məhəbbət vaxt itirmədən yaralı zabit yoldaşının düşmən əlinə keçməməsi üçün onun arxasınca gedir. Bu hərbçi isə, hər kəsin yaxşı tanıdığı Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Murad Mirzəyev idi. Təəssüflər olsun ki, onu ərazidən çıxaranda Məhəbbət düşmən tərəfindən vurulur. O, göstərdiyi bu igidliyi ilə öz adını Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazdırdı.
Hər iki qəhrəmanımız çoxlu qan itirdiyinə görə döyüş meydanında şəhidlik zirvəsinə yüksəlir. Aprel döyüşlərində “Sonunu düşünən qəhrəman ola bilməz” deyimi Məhəbbətin timsalında öz təsdiqini tapmışdı. Bəli, Məhəbbət ölümünün qaçılmaz olduğunu bilərək, sonunu düşünmədən şəhid olmuş, öz hərəkəti ilə unudulmaz qəhrəman olduğunu sübut etmişdir. Məhəbbət Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, cənab Müşfiq Əliyev misilsiz qəhrəmanlıq göstərən belə vətən övladlarının adının əbədiləşdirilməsi məqsədilə aidiyyatı dövlət qurumlarına müraciətlər etmiş və bu proses ardıcıl şəkildə davam etməkdədir.
Onu da qeyd edim ki, müqəddəs borcunu ləyaqətlə yerinə yetirən cəmiyyət sədri bu
məsələləri daim öz nəzarətində saxlayır.
Xüsusilə vurğulamaq istərdim ki, Beyləqan rayon rəhbərliyi şəhid Məhəbbət Mirzəyevin
ailəsi də daxil olmaqla, digər şəhid ailələrinin və imtiyazlı şəxslərin problemlərini daim diqqət mərkəzində saxlayır. Zərurət yarandığı zaman, onlara maddi və mənəvi dəstək göstərilir. Bu alqışlara layiq əməli iş isə, bütün Beyləqan rayon ictimaiyyəti tərəfindən müsbət qarşılanır.
Bu cür addımların atılmasında isə əsas məqsəd hər kəsə məlumdur: vətənpərvərliyin
təbliği, qan yaddaşımızın gələcək nəsillərə ötürülməsi və şəhid ailələrinə az da olsa təsəlli
vermək!
Şəhidimizin ailəsini yaxından tanıyan bir şəxs kimi əminliklə deyə bilərəm ki, Məhəbbət çox gözəl bir ailədə tərbiyə almış, böyüyüb boya-başa çatmışdır. Valideynlərinin bizə olan
səmimi, isti münasibəti və qonaqpərvərliyi ailəmizlə şəhid ailəsi arasında körpü yaratmışdır.
Şəhidimizlə sağlığında şəxsi münasibətimin olmadığına baxmayaraq, hər dəfə o evə gedəndə, onun otağına keçir, özümü onunla söhbət edən xoşbəxt bir insan kimi təsəvvür edirəm. Müqəddəs ruhunun mənimlə bir yerdə olduğunu hiss edir, təsəlli tapır, rahat oluram. Kövrək xatirələrlə dolu olan bu kiçik otaq xəyallarımı çox uzaqlara aparır, dövlətimizin müstəqilliyi, Vətənimizin bütövlüyü və xalqımızın azadlığı uğrunda şəhid olan digər qardaşlarımızı da dönə-dönə mənə xatırladır.
Hər görüşəndə göz yaşlarını məndən gizlətməyə çalışan, övlad nisgilli Pərvanə ananın qəhər boğan zəif səsini, Məhəbbət kimi mərd oğul itirən Ədalət atanın mehriban münasibətini heç zaman unutmaram!
Bütün arzuları yarımçıq qalan, ürəyi Vətəni ilə bir döyünən, sevənlərini ömürlük intizarda
saxlayan Məhəbbət qardaşıma Uca Allahdan rəhmət, ailə üzvlərinə isə, səbr diləyirəm.
Məhəbbət haqqında nə qədər yazsaq, nə qədər danışsaq da, təbii ki, yenə də azdır.
Doğma Vətəni naminə canından, qanından keçən, torpağının bütövlüyü, dövlətinin
müstəqilliyi uğrunda şəhid olmağı özünə şərəf bilən belə igidləri hər birimiz yaxından tanımalı, onların keçdiyi şərəfli həyat yolundan özümüzə ibrət götürməliyik. Bu gün isə, şəhidlərimizin adını anmaq, xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək və ailələrini ziyarət etmək hər birimizin üzərinə düşən ən müqəddəs vəzifə olmalıdır!
Şəhidlik ən yüksək zirvədir! Bu zirvəyə, yalnız vətənini canından artıq sevənlər yüksələ
bilirlər!

Vətənimizin azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin!!! Yekunda, şəhidlərimizin tanıdılması və təbliği işinin təşkilində bizə göstərilən səmimi diqqətə görə, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, cənab Müşfiq Əliyevə, Beyləqan rayon rəhbərliyinə və zəhməti keçən digər şəxslərə xüsusi təşəkkürümü bildirirəm!
Sabit Vaqif oğlu Mehdiyev.
YAP Beyləqan rayon təşkilatında məsləhətçi.
Azərbaycan Respublikası Şəhid Ailələrinə
“Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri

Beyləqan rayonu, şəhid Rizvan Nəsirov adına Əlinəzərli kənd 1 saylı tam orta məktəbin
10-cu sinif şagirdi Nəsirli Nurcan Nizami qızının igid əsgərlərimizə həsr etdiyi şerini sizə təqdim edirik:

Azərbaycan əsgəri
Vətənin keşiyində,
Hər bir əmrə amadə.
Yorulmadan dayanan
Büdrəmə heç bir zaman
Qoru bizim elləri.
Azərbaycan əsgəri!
* * * * * * * * * * * * *
Sənin qüdrətinlə biz,
Cəsarət toplayırıq.
Sənin əqidənlə biz,
Bu yurddan güc alırıq.
Qoru bizim elləri.
Azərbaycan əsgəri!
* * * * * * * * * * * * *
Zirvələrə ucaldır,
Bu üçrəngli bayrağı.
Vətən səni çağırır,
Azad et Qarabağı!
Qoru bizim elləri.
Azərbaycan əsgəri!

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin