“Türkiyənin Azərbaycanda hərbi baza yaratması…” – Zahid Oruc detalları açdı

0
15

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

 

 

müsahibəni təqdim edirik:

– Zahid müəllim, rəsmi Bakı Rusiyanın Ermənistanı silahlandırması barədə cavabın bizi qane etmədiyini bəyan etdi. Sizcə məsələdə tam aydınlaşmayan tərəflər nədən ibarət idi?

– Bu məsələ iki dövlət rəhbəri arasında telefon danışığında da müzakirə edildi. Nəticə o anlama gəlir ki, Ali Baş komandanın masası üzərinə qoyulmuş məxfi informasiyalar bəlkə də cəmiyyətin bilgilərindən qat-qat çoxdur. Bu, yalnız təyyarələrlə konkret müəyyən yüklərin daşınmasından da bir az irəli gedən informasiyalardır. Ardınca Rusiya Müdafiə naziri Sergey Şoyqunun Bakıya səfəri zamanı dilə gətirdiyi məsələ və izahlarla rəsmi Bakının qane olmadığı fikirləri səsləndi.

Amma digər yandan Ermənistandakı Gümrü hərbi bazasında raketlərin, müasir silahların, pilotsuz uçuş aparatlarının təyinatı və hədəflərinin hansı dövlət olduğu və kimə yönəldiyi sualları ortaya çıxır. Bu məsələlər indiki dövrdə regionda başlanan böyük bir hərəkətlənmənin fonunda Azərbaycanı həddindən artıq qayğılandırır və narahat edir. Ona görə ki, bu gün Ermənistan Azərbaycan sərhədlərində təxribata əl atır. Eyni zamanda iki dövlət arasında sərhədlər də şərti bir xarakter daşıyır. Çünki 90-cı illərdən sonra iki dövlət arasındakı münasibətlər bəlli bir müharibə səviyyəsində olduğuna görə delimitasiya xətlərinin razılaşdırılması baş verməyib. Lakin bununla bərabər bizim üçün cəbhənin hər bir xətti Qarabağ savaşı meydanıdır.

Şübhəsiz ki, Azərbaycan maksimum dərəcədə elə bir siyasət yürüdür ki, Ermənistanın istəyi ilə 3-cü, 4-cü dövlətlər bu prosesə qoşulmasın. Bundan ötrü bütün zəruri tədbirlər görülür. Ölkəmiz ötən 10 illər ərzində istər İrana, istərsə də Rusiyaya, o cümlədən Gürcüstana münasibətdə beynəlxalq hüquqda yeri olan ən mühüm münasibətləri qoruyub saxlayıb. Xüsusilə də, əsas siyasəti müəyyənləşdirən regional güclərin əleyhinə hər hansı iqtisadi-siyasi addımlar atılmayıb. Bu, çox böyük qiymətə layiqdir.

– Ermənistanın silahlandırılması fonunda müharibənin olacağını proqnozlaşdırmaq mümkündür?

– Real mənəzərə ondan ibarətdir ki, bir neçə qitədə dövlətləarası gərginliklər son hərbi fazaya daşınmaq mərhələsini yaşayır. Qafqazda isə hadisələr 90-cı illərdən bu yana müxtəlif zamanlarda nümayiş edilib. Çünki Qafqazda atəş səsləri hələ də kəsməyib. Faktiki olaraq imzalanan hər hansı bir razılaşmalar formal xarakter daşıyıb. Toqquşmalar isə bir qədər lokal miqyasda baş verib. Bir neçə dövlətin qarşılıqlı savaşı – Yaxın Şərq, Afrika, Liviyada və başqa silahlı hərbi cəbhələrdəki toqquşmalar kimi beynəlmiləl xarakter daşıyan səviyyədə olmayıb. Azərbaycan rəhbərliyi ötən illər ərzində torpaqlarımız uğrunda savaş istəyini bəyan edəndə, ciddi hərbi iqtisadi-siyasi tələblərini irəli sürəndə qətiyyən daha çox dövlətin bu prosesə qoşulması və regional müharibə səciyyəsi daşıması kimi bir kurs yürütməyib.

Bu, əslində çox qiymətləndiriləcək bir məqamdır. Əksinə ölkəmiz bölgəyə sülh ixracında maraqlı olub. Məgər transmilli layihələr Qafqazlar üçün nə mənaya gəlir? Həmçinin mədəni, humanitar forumlar da eyni məqsədlidir. Hətta idman tədbirlərinin də mənası, əsas hədəfi məhz regionda sülhün formalaşmasına, qalıcılığına yönəlib. Bunu Ermənistan haqqında demək mümkün deyil. Onlarda daxili siyasi hadisə kimi təzahür edən hakimiyyət dəyişikliyi nəticədə bölgəsəl bir toqquşma yaradır. Çünki onlar bunu anti-Rusiya inqilabı kimi həyata keçirmişdilər. Amma son anda Paşinyan reallığı dərk etdi ki, bu, onun üçün siyasi intihara bərabər ola bilər. Reallıqda isə müharibə ehtimallarının güclənməsi gerçək faktlara əsaslanır. Azərbaycan hərbi təlimlərinin intensivliyini qat-qat artırıb.

Burada qardaş Türkiyənin hərbi qüvvələrinin daha çox sayda fərqli texnika və texnologiyalarla iştirakı özünü daha qabarıq göstərir. Amma yenə də vurğulanmalıdır ki, Azərbaycan hər hansı bir dövlətlə münasibəti 3-cü qüvvələrin əleyhinə yönəltmir. Regionun geopolitikasını və iqtisadiyyatını, hərbi təhlükəsizlik məkanını götürmək iddiası yoxdur. Eyni zamanda digər dövlət əleyhinə cəbhə açmaq, klassik müharibələr seriyasını işə salmaq kimi ideyalar da bölüşülmür. Bu, çox önəmli bir məsələdir.

 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin