Spiker yüksək bal toplayan abituriyentlərlə görüşdü

0
18

Milli Məclisin Sədri Sahibə Qafarova Şəmkir rayonundan ali məktəblərə qəbul imtahanında yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüş keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova deputat seçildiyi Şəmkir rayonundan ali təhsil müəssisələrinə cari ildə keçirilmiş qəbul imtahanında yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüş keçirib. Abituriyentləri əldə etdikləri uğurlu nəticələr münasibətilə təbrik edən Milli Məclisin Sədri qeyd edib ki, müdavimlərin əldə etdikləri bu yüksək nailiyyətlər Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, təhsil sahəsində reallaşdırılan tədbirlərin parlaq nəticələridir. “Bu nailiyyət həmçinin sizin illərlə çəkdiyiniz əziyyətin, əzmkarlığınızın nümunəsidir. Eyni zamanda, sizin yaxşı təhsil almağınız, ali məktəblərə qəbul olunmağınız üçün zəhməti olan, sizə qayğı göstərən, sizi öyrədən müəllimlərinizin əməyinin bəhrəsidir. Təbii ki, valideynləriniz maddi və mənəvi olaraq fədakarlıqlar ediblər və düşünürəm ki, bu nailiyyətinizdən haqlı olaraq qürur hissi keçirirlər”. Sahibə Qafarova vurğulayıb ki, müasir dövrdə hər bir ölkənin və xalqın inkişafı bir sıra mühüm amillərlə yanaşı, gənclərin ümumi inkişaf səviyyəsindən asılıdır və gənclər cəmiyyətin fəal təbəqəsidir: “Gənclərimiz fəaldırlar, dəyişən dünyanın yeni çağırışları ilə ayaqlaşmağa qadirdirlər. Möhtərəm Prezidentimiz İlham Əliyev də hər zaman çıxışlarında gənclərimizin rolunu çox yüksək qiymətləndirir. Ölkəmizdə gənclərə geniş imkanlar yaradılır, onlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Gənclərlə bağlı davamlı olaraq dövlət proqramları həyata keçirilir. Gənc nəslin yaxşı təhsil alması üçün yüksək səviyyədə imkanlar təmin edilir. Bu gün gənclər yüksək vəzifələrə təyin edilir. Sevinirəm ki, Şəmkir rayonunda da gənclərimiz həyatın ən müxtəlif sahələrində fəallıq göstərir, rayonda həyata keçirilən işlərə dəstək verirlər”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin