“Asteroid”

0
77

Medonline.az gənc yazar Alim Əliyevin yeni “Asteroid” əsərini təqdim edir:

Beton binaların arasında həyatına davam edən səkilərin üzərində irəliləyirəm. Yolları işıqlandıran yol dirəkləri və binalardan yansıyan işıqlar aydan əks olunan günəş şüalarını gizlədir. Ayın işıq saçmadığını, sadəcə bir güzgü vəzifəsini həyata keçirdiyini uşaqlıqda astronomiya dərgisində oxumuşdum. Eynən yüz illərlə hökmranlıq edən dinozavr nəslinin bir asteroidlə bitməsini, ulduzlardan gələn işılqarın keçmişdən gəlməyini və dünyamızın sadəcə bir toz zərrəciyi boyda olduğunu öyrəndiyim kimi. Toz zərrəsinin üzərində yaşamağımıza baxmayaraq, bu aclıq mənə Yupiter boyda dərd kimi gəlir. Əslində, hazırda tox kimiyəm. Bir neçə saat əvvəl tanımadığım birinin dəstəyi sayəsində bu gecəni ac keçirmədim. Hərdən dediklərimi həqiqətən dinləyib mənə dəstək olan insanlar gördükdə sevinirəm. Lakin kiməsə möhtac olmaq, kimdənsə qarşılıqsız birşey istəmək qəlbimə mismar kimi batır. Nəsə istəmək üçün uzatdığım əllərimə hər dəfə qəpik dəydikdə sanki oğurluq etdiyi üçün əlinə dəmir xatkeş dəyən uşağın hiss etdiklərini hiss edirəm. Hərçənd, başqa çarəm yoxdur. Aclığım əlləri ilə möhkəmcə qürurumu boğur.
Hər gün belə bəxtəvər olmuram. Adətən insanlardan birşey istədikdə varlığımdan xəbərsiz kimi davranırlar. Sanki yanımdan ötüb keçərkən gözləri mənim ya ağac , ya da yol dirəyi olduğum siqnalını beyinlərinə ötürür.
Keçən dəfə gəzdiyim küçədə qocalmış, arıqlamış bir itlə qarşılaşdım. Sığallamaq üçün yanına yaxınlaşarkən yerdə parıldayan əlli qəpik gözlərimdən qaça bilmədi. Yazıq it, nə etsin, qəddar insanların pulunu, dilini bilmir. Bəlkə də qəpiyi görmüşdü , ancaq mənim kimi ac-yalavac ətrafa boylanmaqla kifayətlənmişdi. Yerdən tapdığım qəpiklə bir çörək alıb, necə deyərlər qardaş payı kimi; yəni, bərbar bölüşdüm. Nə artıq oldu, nə əskik.
Üzünə baxdıqda təbəssüm etdiyini görə bilirdim.
Bir iki gün sonra artıq it yerində deyildi. Deyəsən, qara millət küçələrində ağılından pis fikir keçməyən canlıları görmək istəmirlər. Əgər məni də aparıb, haradasa öldürüb , insanlara da “qayğısına qalırıq” kimi bir cəfəngiyat uydurmaq kimi seçimləri olsa idi, gözlərini qırpmadan edərdilər. Hər dəfə yeni üzlərə baxarkən insanların gözündə qatil baxışı görürəm. Salamlarında soyuqluq, etdiklərində minnət görürəm. Canımdakı xəstəliyin sürətlənməsi və məni bu qəddarların ixtiyarına buraxmaması üçün inandığım tanrıma yalvarıram, amma dediklərimi sadəcə özüm eşidirəm. Görəsən, inanaraq yaratdığım öz yaratdığına inanırmı?
Yoxsa, var olmağıma inanan sadəcə özüməm? Yəqin mən də bir ulduzam və söndükdən sonra insanların gözündə parlayacam. Ya da, nəbilim…

“Yenə qəpik tapmışam küçədəki qoca, it..
Tanrım, nə vaxt gələcək mənimçün asteroid?”

Müəllif: Alim Əliyev

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin